Modern.az

Masallıdan Silikon Vadisinə - “Google”da işləyən Rəhimin UĞUR HEKAYƏSİ

Masallıdan Silikon Vadisinə - “Google”da işləyən Rəhimin UĞUR HEKAYƏSİ

Müsahibə

2 Aprel 2022, 11:43

Azərbaycanlı gənc Rəhim Rəhimli dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti olan “Google”da işə başlayıb. 2013-cü ildə 680 balla Bakı Ali Neft Məktəbinə qəbul olan Rəhim Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını Fərqlənmə diplomu ilə və ixtisas birincisi olaraq bitirib. O, Prezident təqaüdçüsü olub.

 

Dünyanın nüfuzlu şirkətlərindən birində çalışan Rəhim Rəhimli Modern.az-a müsahibəsində “Google”a qədər uzanan təhsil və iş həyatından söz açıb. Müsahibəni təqdim edirik:

 

- Əvvəlcə sizi yaxından tanımaq istərdik. Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

 

- 1995-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuşam. Məktəb illərimin əksər hissəsi Rusiyanın Arxangelsk vilayətində, kosmodrom Pleseçkdə keçib. 8-9-cu sinifləri Bakıda 291 saylı “Araz” ekologiya liseyində, 10-11-ci sinifləri isə Akademik Zərifə Əliyeva adına liseydə oxumuşam. Bu təhsil ocaqları elmə və əlavə araşdırma qabiliyyətimə çox təsir edib. Xüsusilə Zərifə Əliyeva adına liseydə məni həm müəllimlər, həm də şagirdlər dərsdən əlavə yarışmalara, məşğələlərə qatılmaqda çox həvəsləndiriblər. Elə proqramlaşdırmaya olan marağım da burdakı sinif yoldaşlarımın və texniki fənlər üzrə güclü müəllimlərin sahəsində yarandı.

 

Liseyi gümüş medalla bitirib TQDK ( indi – DİM red.) imtahanında 680 bal toplayaraq Bakı Ali Neft Məktəbinə prezident təqaüdü ilə qəbul oldum. Buradakı elm və mühəndislik ruhu, peşəkar müəllimlər, yüksək intizamlı mühit və yenə də çox zəkalı qrup yoldaşlarım mənim bu sahəyə olan həvəsimi biraz da artırdı. 

 

BANM-da proqramlaşdırma dərslərini aldıqdan sonra “Microsoft İmagine Cup” yarışmasında qrup yoldaşlarımla ikinci yeri qazandıq. Universitetin rəhbərliyi və müəllim kollektivi bir neçə dəfə Gürcüstanda keçirilən ACM beynəlxalq proqramlaşdırma olimpiadalarına qatılmağıma böyük dəstək oldular. Həmçinin, BANM-ın son kurslarında Yunanıstanın Afina şəhərində Erasmus proqramı çərçivəsində 2 semestr təhsil alıb, süni intellekt üzrə diplom işi yazdım.

 

İT sahəsinə olan marağım məni hər zaman yeni zirvələrə doğru addım atmağa məcbur edir. Ali məktəbi bitirdikdən sonra MİT universitetinin Bakıda təşkil etdiyi Global Startup Labs adlı 2 aylıq proqrama qatıldım və oradakı komandam ilə Dataforest startup ilə birinci olduq.

 

- “Proseslərin avtomatlaşdırma mühəndisliyi” ixtisasını bitirmisiniz. Bu sahəyə marağınız necə yarandı?

 

- Riyaziyyatçılar ailəsində böyümüşəm və valideynlərim hər zaman riyaziyyat, fizika elmlərinə xüsusi qayğı ilə yanaşmağı tövsiyə ediblər. İlk personal kompüterlər çıxanda onlardan israrla xahiş edirdim ki, birini mənə alsınlar. Riyaziyyatda yaxşı qiymətlər aldıqdan sonra 2004-cü ildə ilk kompüterimə sahib oldum. İT sahəsinə həvəsim buradan yarandı və bayaq qeyd etdiyim kimi məktəb və universitet illərindəki mühitdə daha da dərinləşdi. Universitet seçimi zamanı birmənalı olaraq BANM-da oxumaq istəyirdim və o zaman oradakı ixtisaslardan mənə ən yaxını olan avtomatlaşdırma mühəndisliyini seçdim.

 

- “Google”a qədər uzanan yolunuz necə keçib? Necə oldu ki, məşhur şirkətdən iş təklifi aldınız?

 

- Artıq 2-3-cü kursda təhsil alarkən universitetdə təcrübə proqramları başlamışdı və elə bu zaman mən yerli şirkətlərin birində Android proqramçı olaraq işləməyə başladım. Burada çox savadlı və peşəkar layihə rəhbərimlə birlikdə “Google Play” üçün bir neçə fərqli app-lər (tətbiqetmələr) hazırladıq. Kifayət qədər uğurlu olan bu proqramlar mənim “Google” şirkətinə olan marağımı artırdı. Universiteti bitirdikdən sonra Avropada bir neçə magistratura proqramına qəbul olmuşdum, lakin 5 il təhsildən sonra bir az praktiki təcrübə qazanmaq istəyirdim.

 

Həmin vaxt Bakıda yerləşən bankların birində rəqəmsal bankçılıq yaratmaq məqsədilə yeni Digital Lab qurulmuşdu. Burada çox peşəkar kollektiv və İBM, McKinsey şirkətlərinin əməkdaşları ilə bir il yanaşı işlədikdən sonra ABŞ-ın EPAM şirkətinə müraciət etdim və müsahibədən uğurla keçdim. EPAM bir vendor şirkətdir və digər şirkətlərlə əməkdaşlıq edir, elə onun vasitəsilə Avropa və Amerikanın bir neçə böyük şirkətlərində (Expedia Group, Wolters Kluwer) və startaplarında (Bolt, Sentryc) proqramçı mühəndis (software engineer) olaraq Belarus, Almaniya və Estoniyada təcrübə qazandım. Burada olduğum zaman “Google” şirkətində iş imkanı yarandı, müraciət etdim, uzun-uzadı alqoritm və data strukturlar üzrə müsahibələrdən sonra işə qəbul oldum.

 

- İşə qəbul xəbərini alanda hansı hisləri keçirdiniz? Xəbəri ilk kiminlə bölüşdünüz?

 

- Xəbəri alanda Estoniyanın Tallin şəhərində idim və sevincimizdən həyat yoldaşımla bir neçə dəqiqə qışqırdıq. Təbii ki, bu xəbəri ilk dəfə bütün uğurlarımda böyük payı olan anamla və ailəmlə paylaşdım, çox həyəcanlı anlar idi. Uşaqlıq arzularımın birinin həyata keçməsinə inanmırdım və bir neçə gün xəbər mənə çatmırdı.

 

- Oradakı işiniz nədən ibarətdir? İlk iş günü necə keçdi?

 

- Artıq 3 aydır burada (Silicon Valley, California, ABŞ) “Google Cloud” komandasında çalışıram. İşimin əksəriyyəti software development - proqram təminatının yaradılmasından və sazlanmasından ibarətdir. İlk iş günüm COVID-19 pandemiyası ilə əlaqədar ofislər bağlı olduğu üçün məsafədən oldu. Lakin yavaş-yavaş bütün ofislərə geridönüş kampaniyası başladı. “Google”da çox fərqli yüngül mühit var, digər əməkdaşlar kommunikasiyaya və yardım etməyə çox açıqdırlar. İlk baxışdan görünən odur ki, data driven şirktətdir, yəni əksər və hətta deyərdim bütün qərarların arxasında data (məlumat) dayanır.

 

- Bəs, gələcək planlarınız nədən ibarətdir?

 

- İstəyərdim ki, ölkəmizdə, eləcə də dünyada qlobal olan problemlərin birini həll etməkdə töhfə verim və gördüyüm işlərin bəhrəsi cəmiyyətimizə faydalı olsun. Planım həyatım boyu mənə dəstək olan və təhsil verən insanların zəhmətini yerdə qoymamaqdır.

 

İmkandan istifadə edib ailəmi, yaxın dostlarımı, bütün məktəb müəllimlərimi, universitet professorlarını və rəhbərliyini, peşəkar karyeramda rol oynayan kolleqalarımı salamlayıram və onlara dərin minnətdarlığımı bildirirəm. Mənim qazandığım uğur həm də onların uğurudur.

 

 

Fatma Abdulla

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok