Modern.az

“Ermənistan bilsə ki, zərrə qədər çıxış yolu var, sülhə razılaşmaz” - Deputatla MÜSAHİBƏ

“Ermənistan bilsə ki, zərrə qədər çıxış yolu var, sülhə razılaşmaz” - Deputatla MÜSAHİBƏ

Müsahibə

12 Aprel 2022, 15:00

Aqil Məmmədov: “Həm Qərb, həm də Rusiya erməniləri başa salmağa çalışır ki, başqa yolu yoxdur”


123 saylı seçki dairəsinin Milli Məclisdəki deputatı, Kəlbəcər rayonunun sabiq icra başçısı Aqil Məmmədov Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- Aqil müəllim, aprelin 8-də Kəlbəcərdə törədilmiş Ağdaban faciəsinin 30-cu ildönümü idi. Bununla əlaqədar böyük bir tədbir də keçirildi. Bu soyqırımını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilmişikmi?


- Biz 28 il Ağdaban faciəsinin qurbanlarını ruh düşkünlüyü ilə yad etmişik. Nə qədər çətin olsa da, faciəni unutdurmamaq üçün müxtəlif tədbirlər keçirmişik. Soyqırımını dünyaya tanıtmaq, faciə qurbanlarının xatirəsini yaşatmaq üçün kitablar yazılıb, filmlər çəkilib, bukletlər hazırlanıb. Azərbaycanın başına hansı müsibətlər gətirilib, ermənilər hansı xislətin sahibi olublar, bunları göstərməyə çalışmışıq.

Neyləyək ki, dünyanın gözü hələ ki kor, qulaqları kardı...

Artıq 2 ildir ki, faciə qurbanlarını qalib ölkənin vətəndaşları kimi yad edirik. Kəlbəcəri və bütün Qarabağı işğaldan azad etdiyimizə görə, başıdik gəzə bilirik.
Bu dəfə Ağdaban soyqırımı ilə bağlı daha geniş və əhatəli anım tədbiri keçirmək məsləhət olmuşdu. Müxtəlif sahələrdə çalışan ziyalılarımız tədbirə dəvət edilmişdilər, tərkib zəngin idi, gələnlər çox idi. Ağdaban sakinləri də tədbirə qatılmışdılar. Kəlbəcərlilərin, hadisə şahidlərinin fikirlərindən ibarət sənədli film də hazırlanmışdı.


- Başımıza gətirilən faciələri faktlar da unutdurmağa imkan vermir. Əvvəl Kəlbəcərdə Başlıbel faciəsinin qurbanlarının qalıqları, kütləvi məzarlıq tapıldı. Sonra isə Xocalının Fərrux kəndində insan qalıqları aşkarlandı. Bu faktlardan Qarabağ həqiqətlərini dünyaya çatdırmaq baxımından necə istifadə etmək olar?



- Birinci Qarabağ müharibəsində 4 min azərbaycanlı itkin düşüb, onların taleyindən bu gün də xəbər-ətər yoxdur. Qarabağda aşkarlanan məzarlıqlar sübut edir ki, ermənilərin törətdikləri dəhşətlərin miqyası qat-qat böyükdür.

İkili standartlar qalmaqdadır. Biz erməni vandallarının törətdiyi cinayətlərin hamısının şahidiyik. Xarici media nümayəndələri, beynəlxalq təmsilçilər, diplomatlar, rəsmilər və s. hamısı burada olan vəhşilikləri bilirlər. Amma heç bir reaksiya vermirlər. Torpaqlarımızın 20 faizi 30 ilə yaxın müddətdə işğal altında oldu, bu, dünyanı maraqlandırmadı. Ən nüfuzlu beynəlxalq təşkilat sayılan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi, heç biri yerinə yetirilmədi. Bunlar hamısı düzgün münasibətin formalaşmamasından irəli gəlir.

Rusiya-Ukrayna müharibəsi, Ermənistanın illər uzunu davam edən torpaq iddiası, anti-Azərbaycan, antitürk siyasəti bu gün də davam edir. Dünya ictimaiyyəti buna birmənalı yox deməlidir. Faktlar, hadisələr göz qabağındadır. Amma düzgün qiymət verilmir.

Cənab prezidentin vurğuladığı kimi - özümüz öz problemimizi həll etməli, bütün dünyaya sübut etməliyik ki, günahkar kimdir, günahsız yerə haqsızlıq görən kimdir.
 

- Sizcə faciə qurbanlarını anmaq üçün həmin ərazilərdə abidə yaradılmalıdır?
 

- Qarabağda anım komplekslərinin yaradılması vacibdir. Bu gün Birinci Qarabağ müharibəsi zamanı həyatını itirən şəxslərin, o cümlədən Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirə abidələri olmalıdır. Soyqırımları törədilən ərazilərdə komplekslər yaradılmalı və orada məlumatlar əks edilməlidir ki, gələcək nəsil üçün məlumat bazası rolunu oynaya bilsin. Mən hesab edirəm ki, torpaqlarımız bərpa olunduqca, Qarabağ yenidən qurulduqca, buna xüsusi diqqət ediləcək.
 

- Hazırda əsas müzakirə mövzusu regionda sülhün təmin edilməsidir. Aprelin 6-da keçirilən Brüssel görüşü zamanı sülh müqaviləsinin hazırlanması üçün razılıq əldə edildi. Sizcə, ermənilər sülhə razılaşacaq?
 

- Brüsseldə keçirilən üçtərəfli görüş Azərbaycanın marağına uyğun nəticələndi. Müvafiq sənədlərin hazırlanması, imzalanması razılaşdırıldı. Delimitasiya və demarkasiya, o cümlədən regionda sülhün təmin edilməsi üçün müvafiq sənədlərin hazırlanması razılaşdırılıb.

Ermənilərin sülhə razı olmaqdan başqa çıxış yolu yoxdur. Avropa İttifaqının rəhbəri Şarl Mişelin təklifindən öncə bu məsələdə Rusiya da vasitəçilik etməyə çalışmışdı. Həm Qərb, həm də Rusiya Ermənistanı başa salmağa çalışır ki, başqa yolu yoxdur.

30 ilə yaxın torpaqlarımızı işğal altında saxladılar, baxın görək, orada hansı faydalı iş gördülər? Dağıdıb viran qoymaqdan başqa heç bir şey edə bilmədilər. Artıq torpaqların sahibi qayıdıb və qayıdan kimi də planlı şəkildə ərazilərimizin bərpasına başlandı, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçirilir. Torpaq sahibi belə olar!

Vətən müharibəsindəki məğlubiyyətdən sonra ermənilər düşünürdülər ki, Azərbaycan ən azı “Zəngəzur dəhlizi” üçün onlara ağız açacaq. Amma bu belə olmadı, Naxçıvanla quru əlaqəsinin yaradılması üçün alternativ tapıldı, İranla müqavilə imzalanıb, İran ərazisindən keçməklə yol çəkilməsi razılaşdırıldı. Yaxın zamanda bu yolun çəkilişinə başlanılacaq.

“Zəngəzur dəhlizi” məsələsi də ermənilərin əlindən çıxdı və ona görə, İrəvana başqa yol qalmadı.



- Uzun müddət Qarabağda ermənilərə yaxın ərazilərdə yaşamısınız. Onların xislətinə bələdsiniz. Necə hesab edirsiniz, Qarabağ erməniləri ilə dinc, yanaşı yaşamağımız mümkündür?


- Biz əgər dövlət olaraq Ermənistanla qonşuyuqsa, anlamalıyıq, qonşu kimi yaşamaqdan başqa çarə yoxdur. Necə ki, bu dövlətlər mövcuddur, normal şəraitdə qonşuluq siyasəti aparılmalıdır.

 

Ölkə başçısı vurğuladı ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcək, Azərbaycan qanunlarına baş əyəcəklərsə, onların təhlükəsizliyi təmin ediləcək, sosial şəraitinin yaxşılaşdırılması üçün lazımi addım atılacaq.


- Bəs xalq? Başımıza gətirilən faciələrdən sonra bunu qəbul etmək mümkündür?


- Biz faciələri unutmamalıyıq. Ölkə başçısı da dəfələrlə vurğulayıb ki, normal qonşuluq münasibəti qursaq da, gələcək nəsil Azərbaycan xalqının yaşadıqlarını unutmayacaq. Bu gün Azərbaycan nə diktə edirsə, Ermənistan məcburən bunu yerinə yetirməlidir. Ermənistan bilsə ki, zərrə qədər çıxış yolu var, sülhə razılaşmaz.


- Azad ediləndən sonra Kəlbəcərə bir neçə dəfə səfər etmisiniz. Azad Kəlbəcəri necə gördünüz?


- İlk dəfə 2021-ci il yanvarın 10-da Kəlbəcərə getmişəm. Razılıq alındıqdan sonra, qısa tərkiblə, təhlükəsizlik təmin edilməklə səfər etdik. Orada 3 gün 2 gecə qaldıq. Kəlbəcər şəhərini, ətraf kəndləri polislərimizin müşayiəti ilə gəzdik. Doğulduğum Ağdaban kəndinə də getdim. Kəndin tarixi yolu işləmirdi, ona görə, məcburən Qozlu körpü və Çapar istiqamətində olan yoldan istifadə etdik.

Mən gözümü Ağdabanda açmışam. Uşaqlıq, gənclik dövrüm o kənddə keçib, orada işləmişəm. Uşağın yadından heç nə çıxmır. Hansı hissləri keçirdiyimi ifadə etməyə çox çətinlik çəkirəm.

Bizim görüb, gəldiyimiz kənd yox idi. Biz orada yaşayanda kəndimiz abad, təbiəti cənnət idi. Qayıdanda gördüklərimiz isə çox üzücü mənzərəydi. Kənddə dolaşanda kimin evi haradadır, onu müəyyənləşdirmək belə mümkün deyildi. Çünki ağaclar böyümüş, evlər talan edilmişdi, hər şeyi söküb aparıblar. Divarların arasında ağaclar, kol-kos bitib.

Torpağımıza 30 il sonra qədəm basdığımıza sevinirik. Amma bizim gördüyümüz, yaşadığımız Kəlbəcəri ermənilər viran qoymuşdu.

Mən Dədə Şəmşirin məzarını ziyarət etdim, babam şair Qurbanın qəbrini ziyarət etdim. Vəhşiliklər qəbirstanlıqlarda da özünü göstərirdi. Günahsız insanların qəbrini də rahat buraxmamışdılar. Düşünün, bir qəbir daşı qoyulub, onun altında illər öncə dünyasını dəyişmiş insanın sümükləri var. Onu niyə eşib-dağıdasan ki? Ermənilərin vəhşilikləri bəşər tarixində görünməyib.

Mən Kəlbəcərdən qayıdanda anam üçün torpaq götürdüm, meyvə dərdim, turş su gətirdim. Anamın 86 yaşı var, istədim 30 il sonra heç olmasa turş sudan dadsın. Bəlkə o yerləri yenidən görməyə ömür vəfa etmədi...
 


- Özü Kəlbəcərə getmək istəyir?

 

- Əlbəttə, kim istəməz ki?! Bu gün Kəlbəcərin yaşlı nümayəndələri müraciət edirlər ki, torpağımıza ayaq basmaq istəyirik. Amma təhlükəsizlik baxımından hələlik bu, mümkün deyil.
 

- Bəlkə bərpa edilməmiş aparmayasınız... Ürəyi dözməz axı, Kəlbəcəri o halda görməyə...
 

- Haqlısınız. Mən özüm də getdim, necə hislərlə qayıtdım, bir Allah bilir. Gecə qayıtmışdıq Gəncəyə, səhər oyananda bir saat özümə gələ bilmədim. 29 ildən sonra Kəlbəcərdə keçən 3 günüm yuxu kimi gəlirdi.

- Uşaqlığınız, gəncliyiniz Kəlbəcərdə keçib. Bəzən kənd uşaqları gəzib-dolaşdığı yerlərdə öz adını hansısa ağacın, ya da qayanın üstünə yazmağı xoşlayır. Bəs siz necə?  Kəlbəcərə gedəndə adınızı, uşaqlığınızı həmin yerlərdə axtara bilmisiniz?


- Kəlbəcərə gedəndə dağı-daşı tanıdım, kəndin ətrafındakı meşə yerindəydi. Daha çox vəhşiləşmiş təbiətlə rastlaşdıq. Mən uşaqkən, o meşədə uşaqlıq dostlarımla birlikdə nəhəng ağaclara öz adımızı yazmışdıq. Həmin ərazilərə tam gedə bilmədik, bəlkə də izimiz hələ qalırdı...
 

- Kəlbəcərlilər yaradıcıdırlar... Sizin də nəslinizdə məşhur şairlər, aşıqlar olub. Babanız Ağdabanlı Qurban, əminiz Aşıq Şəmşir... Siz də şeir yaza, saz çala bilirsiniz?


- Desəm ki, tez-tez şeir yazıram, yalan olar. Amma hərdən ürəyimdən gəlir, misralar süzülür. Amma sazı yaxşı ifa edirəm. Sazım var, ən çox tək olanda xoşlayıram ki, bir neçə hava çalım.


- Hansı mövzularda şeir yazmısınız?
 

- 1990-cı ildə 20 Yanvar faciəsindən sonra, Azərbaycanda qarışıqlıq idi. Bilirsiniz, Birinci Qarabağ müharibəsi başlamışdı. Çox çətin dövr idi. Azərbaycanın güclü lideri yox idi. Vətənimin o vəziyyətinə həsr etdiyim 3-4 bəndlik şeirim var idi. Təxminən “bu xalqın qəhrəmanları olub, çıxsın ortaya” kimi çağırış mövzusunda yazmışdım. İndi unutmuşam şeirimi...
 


- O dövrdə Ulu öndər Heydər Əliyevin liderlik missiyasını üzərinə götürəcəyini düşünürdünüz?

 

- Heydər Əliyevlə bağlı fikir bizdə uşaqlıqdan formalaşmışdı. Ulu öndər 1969-cu ildə hakimiyyətə gəlib. Mənim o zaman 9 yaşım var idi. Həmin dövrdən bir neçə il sonra Heydər Əliyevi tanımışam. O zamanlar evimizdə televizor olmayıb, tək-tük evlərdə radio var idi. Bir gün dərsdən evə gələndə böyük qardaşımla bir az tutaşdıq, səs-küy saldıq. Anam bizi danladı ki, görmürsünüz radioda kim danışır, niyə səs edirsiniz?! Bir az keçəndən sonra anamdan soruşdum ki, radioda danışan kişi kimdir? Dedi padşahımız, Heydər Əliyevdir. Onda ölkə rəhbəri danışanda hər kəs susardı, lideri dinləyərdi. O zamandan bəri Ulu öndərə qarşı diqqətim artdı.

Azərbaycan müstəqillik əldə edəndən sonra Heydər Əliyevin gördüyü işlər isə göz qabağındadır. Onun xidmətləri danılmazdır.


- Aqil müəllim, deputat seçilməzdən əvvəl icra başçısı idiniz. Hansı çətindir, icra başçısı olmaq, yoxsa deputat? 


- Məsuliyyətli adam üçün hər işin öz çətinliyi, məsuliyyəti var. Bunu dərk edən adam bilir. Məcburi köçkün rayonuna başçılıq etməyin çətinliyi çoxdur. Kəlbəcərlilər 56 rayonun 1000-dən artıq yaşayış məntəqəsində məskunlaşıblar. Bu gün də o çətinliyi hiss edirik.


- Bilmək olarmı, seçicilər sizdən ən çox nə istəyir?


- Ən çox həyat şəraitinin yaxşılaşdırılması, yaşayışın normallaşması və işlə bağlı müraciətlər olur. Dövlət bu istiqamətdə çox işlər görür. Amma 1 milyona yaxın qaçqın-köçkün üçün bu,  bəzən yetərli olmaya bilər. Sakinlərimiz tezliklə öz ata-baba yurduna qayıtmağı gözləyirlər.

Kəlbəcərin 80 minə yaxın əhalisi var. O insanlara demək olmaz ki, mənim qəbul günüm filan gündür. Tutaq ki, uzaq bir rayonda yaşayan kəlbəcərli Gəncəyə qəbula gəlir. Ona deyə bilərəm ki, get filan gün gəl? Bu mənim təbiətimə, iş prinsipimə uyğun deyil.



- Nə vaxtsa həmişəlik dədə-baba torpağınıza qayıtmağı, daimi olaraq orada yaşamağı düşünürsünüzmü?


- Əlbəttə. Biz Ağdabana gedəndə sülhməramlıların komandirini çağırdım. Dedim, Andrey (adı Andrey idi), o evi görürsən, bax, mən orada doğulmuşam. İndi görürsən nə vəziyyətdədir? Andreyə evimi göstərməkdə məqsədim o idi ki, rus da olsa, bizim nələr yaşadığımızı bilsin, duysun.

Mənim atam zəhmətkeş insan olub. Evimizi öz əlləri ilə tikmişdi. Onun da yaradıcılığı var idi. Bir kitabını çap etmişik, birini də hazırlayırıq. Mən nə qədər daşürəkli olaram ki, atamın tikdiyi evi bərpa edib, içində yaşamayım?! Dövlət azad edilmiş ərazilərdə tikinti və bərpa işini üzərinə götürür, amma özü bunu etmək istəyən, dövləti bu xərcdən azad etmək istəyən şəxslərə də şərait yaradıla bilər.
 

- Bəlkə ora köçəndə Kəlbəcərdən ilham alıb, yenidən yazmağa da başlayarsınız...


- Məqam gələrsə, bəlkə də beynin yaradıcı hissəsi bir daha oyandı. 
 

- Aqil müəllim, tərcümeyi-halınızda sizin vaxtilə məşqçi işlədiyiniz yazılıb. İdmanın hansı sahəsi üzrə məşqçilik edirdiniz?
 

- Mən Bədən Tərbiyəsi və İdman Akademiyasında oxumuşam. İlk ali təhsili orada almışam. O zaman iki ixtisas var idi, idmançılar yetişdirirdilər və idman müəllimləri hazırlayırdılar. Mən idman növü olaraq, yüngül atletikanı seçmişdim. Bu, çoxşaxəli bir idman növüdür. Akademiyanı bitirəndən sonra az müddətdə müəllim, məşqçi-müəllim işlədim. Həmkarlar İttifaqının könüllü bədən tərbiyə və idman cəmiyyətində işləmişdim, rayonun İdman Komitəsinin sədri işlədim və bu müddətdə imkan daxilində şagirdlərə biliklərimi öyrətməyə çalışdım. Tələbkar idim, amma orada idmanla məşğul olmaq üçün şərait də yaratmışdım.
 


- İdman sahəsindən niyə uzaqlaşdınız?

 

- İdman Komitəsinin sədri işləyəndə İcra hakimiyyətinə dəvət olundum. O zamankı İctimai-siyasi şöbədə referent kimi işə başlayandan bir müddət sonra birinci müavinliyə layiq görüldüm. Daha sonra isə icra başçısı təyin edildim. Başçı kimi fəaliyyətim 7 il oldu və deputat seçildim. İdman sahəsindən uzaqlaşsam da, bu gün də idmanla məşğul oluram, həvəskar şəkildə idmana davam edirəm.
 

- Kəlbəcər böyük rayondur, yəqin ki, tez-tez toy mərasimlərinə dəvət alırsınız, yas yerlərinə gedirsiniz... Həm vaxt, həm də maddiyyat baxımından bunları çatdıra bilirsiniz?
 

- Nə qədər çalışsaq da, bütün məclislərdə iştirak etmək vaxt və fiziki baxımdan qeyri-mümkündür. Amma imkan daxilində mütləq dəvət aldığım, eşitdiyim, bildiyim yerlərə gedirəm. İnsan hər şeyi büdcəsinə uyğun formalaşdırmalıdır. Büdcədən artıq nə isə etmək yalan olar. Ona görə, işimizi də büdcəmizə uyğun qurmağa çalışırıq.


- Övladlarınız nə işlə məşğuldurlar?
 

- İki övladım var, biri qız, biri oğlan. Qızım ailəlidir. Dörd övladı var. Allah hər kəsə nəvə qismət etsin. Qızım məktəbdə işləyir, yoldaşı da çalışır, ailələrini dolandırırlar.

Oğlum isə Türkiyədə oxuyub, həm bakalavr, həm magistratura pilləsini orada bitirib. Vətənə borcunu yerinə yetirib. Hazırda işsizdir, iş axtarır. İctimai vəzifələrdə çox olub, belə işləri görməyi xoşlayır. İndi bir neçə yerə sənədlərini təqdim edib, işini özü tapmaq istəyir. Bu mənə də xoş gəlir.
 

- Hansı sahə üzrə davam etməyi düşünür?
 

- Diplomatiya sahəsi üzrə ali təhsil alıb. Xarici İşlər Nazirliyi xəttində işləmək istəyir. Bunun üçün imtahanlara hazırlaşır. Mədəniyyət sahəsinə də çox maraqlıdır. Oxuduğu müddətdə Türkiyədə romanı çap edilmişdi, şeir də yazır. Maraqlı düşüncələri var, humanistdir.
 

- Bu dövrdə deputatın oğlunun işsiz olması təəccüblüdür...
 

- Bəzən mənə işlə bağlı müraciət edirlər. Xüsusilə, ali təhsillilərə deyirəm ki, bu gün dövlət hər cür şərait yaradıb. Biliyinə güvənən hər bir gəncin qarşısında “yaşıl işıq” yanır. Oğlumu da nümunə çəkirəm ki, özü iş tapmağa çalışır. İstəyir ki, öz biliyi ilə imtahan verib qabağa getsin. 3 diplomu var, gələcəkdə işini qura biləcəyinə inanıram.



- Aqil müəllim, indi dünyanın əsas gündəmi Rusiya-Ukrayna müharibəsidir. Sizin bu münaqişə ilə bağlı qənaətləriniz nələrdi?

 

- Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə strateji tərəfdaş kimi münasibətlər qurub. Biz istəməzdik ki, özümüz də yaşadığımız müharibəni hansısa xalqa arzulayaq. Sülhün tərəfdarıyıq. Aldığımız məlumatlara görə, Ukraynada vəziyyət gərgindir, dinc sakinlər ölür, uşaqlar, yaşlılar müharibə qurbanı olur. Biz bunu təbii ki, pisləyirik.

İkili yanaşmalara son qoymaq lazımdır. Dünya dövlətləri haqqın, ədalətin tərəfində olmalıdır. Belə olarsa, gələcək müharibələrdən də hardasa sığortalanmaq olar. Danışıqlar masası ətrafında problem həll edilə bilərdi.

NATO deyir ki, Rusiya ərazisini genişləndirib, Avropa ərazisinə daxil olur, Rusiya isə sərhədlərində NATO qoşunlarının yerləşdirilməsinə etirazını bildirir. Bu münaqişədə zərər çəkən isə Ukrayna dövləti və ukraynalılar oldu.

Türkiyə vasitəçilik edərək, müharibənin dayandırılmasına çalışır. Ümid edək ki, sülh bərqərar olacaq.
 

- Oxucularımıza əlavə sözünüz varmı?
 

- Mən bütün vətəndaşlarımıza demək istəyərdim ki, hadisələri düzgün qiymətləndirsinlər. Azərbaycanın başına gətirilənləri unutmasınlar. Ölkəmizin bu vəziyyətə gəlməsində çəkilən əziyyəti yaxşı anlasınlar. Birliyimizi qorusunlar. Birlik olmaq üçün hər bir vətəndaş əlindən gələni etməlidir. Hər bir vətəndaş – fəhlə, ziyalı, mətbuat işçisi, müəllim, həkim, siyasətçi vətəndaşlarımızı düzgün istiqamətləndirməyə çalışmalıdır. Haqqı-ədaləti deməkdən çəkinməməliyik. Görülən işləri danmaq olmaz.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir