Modern.az

“İçərişəhərdə yaşamaqla özümü imtiyazlı hiss edirəm” – Səfirlə SÖHBƏT

“İçərişəhərdə yaşamaqla özümü imtiyazlı hiss edirəm” – Səfirlə SÖHBƏT

Müsahibə

13 Aprel 2022, 13:00

Diplomat: “Həftəsonları Bakı bulvarına gəzməyə gedirəm”

“Rusiya və Ukrayna müraciət etsə, İsveçrə danışıqlarda vasitəçi ola bilər”

İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistanda  fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Modern.az-ın “Səfirlə söhbət” rublikasının qonağıdır. Onunla müsahibəni təqdim edirik:

- Xanım səfir, Azərbaycan və İsveçrə arasında əlaqələri necə qiymətləndirirsiniz? Sizin səfir olduğunuz müddətdə hansı istiqamətdə irəliləyiş əldə olunub?

- Azərbaycanla İsveçrə arasında ikitərəfli əlaqələr çox yaxşıdır və geniş sahələri əhatə edir. İki ölkə arasında siyasi və iqtisadi münasibətlərlə yanaşı, idman və mədəniyyət kimi sahələrdə də əməkdaşlığı qeyd etmək olar. İsveçrə 20 ildən artıqdır ki, Azərbaycanla əməkdaşlıq edir. Cənubi Qafqazda 2022-2025-ci illər üzrə yeni Əməkdaşlıq Proqramı 2021-ci ilin dekabrında başlayıb. Azərbaycanda onun əsas hədəfləri dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, eyni zamanda qadınların iqtisadi cəhətdən gücləndirilməsi ilə bağlıdır. 2022 iki ölkə üçün də xüsusi bir ildir. Belə ki, İsveçrə ilə Azərbaycan arasında diplomatik  münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu il həm də bizim Beynəlxalq Valyuta Fondu və Dünya Bankındakı birgə seçki qrupunda olmağımızın 30 illiyidir.

- İsveçrə cinayət səviyyəsi, iş şəraiti, insanların rifahı və xoşbəxtliyi kimi meyarlara görə dünyanın ən yaxşı ölkələri sırasındadır. Sizcə, bu qədər yaxşı nəticə göstərməyinizin təməlində nələr durur?

- İsveçrə bu ilin mart ayında dərc edilən “Dünya Xoşbəxtlik Hesabatında” 4-cü sıradadır. Bu, bizim üçün çox yaxşı nəticədir. Baxmayaraq ki, xoşbəxtliyi ölçmək çətindir, çünki, hər kəs onu fərqli müəyyən edir. İsveçrənin bu cür sıralamalarda əldə etdiyi nəticələr bir çox fərqli faktorları əks etdirir. Buraya yüksək səviyyədə iqtisadi inkişaf və sosial təhlükəsizlik sistemi də daxildir. Unutmayaq ki, İsveçrə keçmişdə heç də hər zaman bu səviyyədə firavanlıq həddində olmayıb. Bu uzun dövrü tələb edən intibahın nəticəsidir.

 

- Artıq bir neçə ildir ki, Azərbaycanda səfir olaraq fəaliyyət göstərirsiniz. İqamətgahınız Bakının tarixi yerlərindən birində - İçərişəhərdə yerləşir. Boş vaxtınızda Bakının gözəl yerlərini gəzmək şansınız olurmu, daha çox hara xoşunuza gəlir?

- Gözəl Şirvanşahlar sarayının fonunda, zəngin tarixə malik İçərişəhərdə yaşamaqla özümü imtiyazlı hiss edirəm. Bakıda İçərişəhərdən elə də uzaq olmayan Fəvvarələr Meydanını, daha müasir binalarla birgə mövcud olan və unikal mənzərə yaradan müxtəlif növ memarlıq nümunələrini kəşf etməyi xoşlayıram. Ümumiyyətlə, şəhərdə piyada gəzməyə üstünlük verirəm. Həftəsonları tez-tez bulvarda piyada gəzməyə gedirəm.

- Azərbaycanla yanaşı Türkmənistanda da səfir kimi fəaliyyət göstərirsiniz. Bu sizin üçün çətin deyil ki?

- Həqiqətən, İsveçrənin Bakıdakı səfirliyi Azərbaycan Respublikası və Türkmənistanla əlaqələrin inkişaf etdirilməsi ilə məşğuldur. COVID-19 pandemiyasının səyahətləri çətinləşdirməsindən öncə, 2019-cu ildə Türkmənistana iki dəfə səfər etmək imkanım olub. Azərbaycan və Türkmənistan hər ikisi Xəzəryanı ölkədir. Hər iki ölkə neft və qaz resurslarından bəhrələnir. Lakin, hər bir ölkənin öz tarixi və xüsusiyyətləri var. Mənim üçün mədəniyyət və xalqların ənənələri ilə birlikdə digər ölkələr barədə öyrənmək diplomat işini daha da maraqlı edir.

- Son illərdə İsveçrə rüşvətlə mübarizədə fəal ölkələr arasında üçüncü sırada yer alıb. Maraqlıdır, bu nəticəni necə əldə etmisiniz? Uğur sirrinizi bilmək olar?

- İsveçrə korrupsiya ilə mübarizədə fəal rol oynayır. “Transparency İnternational” təşkilatının “Korrupsiyanın Qavranılması İndeksi”nin 20 ildən artıq dövrdə fəaliyyəti zamanı İsveçrə ilk onluqda qalır və rüşvətin qadağan olunmasını fəal həyata keçirir. Bunun nəticəsidir ki, İsveçrə şirkətləri etika və uyğunluq proqramlarını gücləndirirlər. Təmiz reputasiya sayəsində onlar rüşvət tələblərinə daha az məruz qalırlar.

İsveçrə korrupsiyaya qarşı mübarizəyə dair müxtəlif beynəlxalq razılaşmaları ratifikasiya edib və 2020-ci ildə anti-korrupsiya strategiyasını qəbul edib. Bu strategiya korrupsiyanın qarşının alınmasına böyük diqqət yetirir.

- Azərbaycan və İsveçrə arasında hansı oxşar və fərqli cəhətlər var? Bununla bağlı fikirlərinizi öyrənmək istərdik…

-  Qeyd etdiyim ki, hər bir ölkənin öz tarixi və xüsusiyyətləri var. İsveçrə müxtəlif dilə, mədəniyyətə və inanca məxsus icmaların sülh içində birgə yaşadığı ölkədir. Bilirəm ki, Azərbaycan da multikulturalizmlə fəxr edir. İsveçrədə bizim dörd milli dilimiz var: alman, fransız, italyan və roman. Üstəlik, İsveçrə Avropada xarici sakinlərin ən yüksək nisbətinə malikdir. Əhalinin təqribən 25%-i ölkəmizin multikultural xarakterini müəyyən edir.

- Tam demokratiya ilə idarə olunan ölkə anlayışı sizin üçün nə deməkdir?

- Birbaşa demokratiya İsveçrə siyasi sisteminin xüsusiyyətlərindən biridir. Buna İsveçrə parlamentinin qəbul etdiyi qərarlara münasibət bildirmək, Federal Konstitusiyaya dəyişikliklər təklif etmək imkanı verir. Müvafiq olaraq 1874 və 1891-ci illərdə iki əsas alət, yəni referendum və təşəbbüslər Federal Konstitusiyaya daxil edildikdən bəri bu sistem uzun tarixi yolun nəticəsidir.

 

- Cenevrə dünyada siyasi görüşlərin məkanı olaraq bilinir. Sizcə, görüş və danışıqlar üçün bu şəhərin seçilməsinin xüsusi özəlliyi nədir?

- Həqiqətən də, Cenevrə bir sıra vacib beynəlxalq görüşlərə ev sahibliyi edib. Ötən ilin iyun ayında ABŞ-Rusiya sammiti bunlardan biridir. Cenevrə, həmçinin BMT-nin Avropa mənzil qərargahının, həmçinin bir çox beynəlxalq qeyri-hökumət təşkilatlarının ev sahibidir. İsveçrənin neytrallığı, yəni heç bir silahlı münaqişələrdə iştirak etməmək öhdəliyi və onun humanitar ənənələri beynəlxalq Cenevrənin yaranmasında vacib rol oynayan amillərdir.

- Neytral statusu və humanitar ənənələri ilə seçilən İsveçrə Moskva-Kiyev danışıqlarına ev sahibliyi edə bilərmi?

- Münaqişə tərəflərindən müraciət olduğu halda İsveçrə yaxşı xidmətini təklif etməyə hazırdır. Buraya ev sahibliyi ilə yanaşı, danışıqlar və görüşlər üçün vasitəçilik rolu da aiddir. Tərəflər istədiyi müddətdə iki ölkə arasında danışıqlar İsveçrədə ola bilər.

- Bəs İsveçrə Qarabağın bərpasında iştirak edəcəkmi, bunun üçün hansısa addımlar atılıb?

- 2021-ci ilin dekabrında 2022-2025-ci illər üzrə Cənubi Qafqaz Regionu üçün İsveçrə Əməkdaşlıq proqramı başlayıb. Azərbaycanda İsveçrənin beynəlxalq əməkdaşlığı iqtisadi inkişaf sahəsində layihələrə diqqət ayırır. Belə layihələri İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) maliyyələşdirir və layihələr Azərbaycanın nazirlikləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihələr coğrafi cəhətdən xüsusi regionlarla məhdudlaşmır. Belə ki, bütün ölkəyə səmərə gətirmək məqsədi daşıyır. Məqsədi dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılmasıdır.

- Futbol üzrə İsveçrə milli komandası Avropa çempionatının qrup mərhələsinin iki oyununu Bakıda keçirmişdi. Azərbaycanın paytaxtındakı oyunlar gözləntilərinizi doğrultdumu?

-Bəli, bizim milli futbol komandamızın 2021-ci ilin iyununda “AVRO-2020”nin iki oyununu Bakı Olimpiya Stadionunda məmnuniyyətlə izlədik. Biz, həmçinin COVID-19-la əlaqələr səfər məhdudiyyətlərinə rəğmən Bakıya gəlməyi bacaran bir neçə yüz isveçrəli futbol fanatları salamlamaqdan şad olduq.

Qeyd olunduğu kimi, insanlar arasında mübadilə dövlətlər arasında münasibətlərin vacib komponentidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok