Modern.az

Eyni anda 3 xarici universitetin diplomunu alacaq Eyvazın uğur yolu - MÜSAHİBƏ

Eyni anda 3 xarici universitetin diplomunu alacaq Eyvazın uğur yolu - MÜSAHİBƏ

Müsahibə

15 Aprel 2022, 09:50

Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr pilləsini bitirməyə hazırlaşan Eyvaz Əhmədzadə birdən-birə Avropanın üç universitetinə qəbul olunub. 

Belə ki, o, "Erasmus Mundus" Birgə Magistr dərəcəsinin bir hissəsi olan Yaşıl şəbəkə və bulud hesablamaları texnologiyaları ixtisası üzrə təhsil təqaüdünü qazanıb. 

Eyvaz Əhmədzadə təhsil yolunda qazandığı bu uğurun sirrini Modern.az-la bölüşüb. 

UFAZ-ın məzunu ilə müsahibəni təqdim edirik: 

- Eyvaz bəy, ilk olaraq özünüz haqda məlumat istəyirik. 

- Mən Eyvaz Əhmədzadə, 2001-ci ildə Bakı şəhərində anadan olmuşam və paytaxtdada boya-başa çatmışam. 2018-ci ildə 308 saylı tam orta məktəbi bitirib Azərbaycan-Fransız Universitetinə (UFAZ) daxil olmuşam. Hazırda həmin universitetdə kompüter elmləri ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Bundan başqa, bir innovativ startup layihəsində proqram təminatçısı kimi fəaliyyət göstərirəm. 

- Nə üçün UFAZ-ı seçmişdiniz? 

- UFAZ-a 645 balla daxil olmuşam. Bu universiteti seçməyimin əsas səbəbləri ikili diplom proqramının olması, təhsilin ingilis dilində keçirilməyi ilə yanaşı, fransız dili biliklərinə yiyələnmə imkanının olması və ümumilikdə təhsilin keyfiyyəti ilə bağlıdır. 

- Xaricdə ali təhsil almaq istəyi nədən irəli gəlir? 

- Universitetə ilk daxil olanda xaricdə təhsillə bağlı heç bir planım yox idi. Əsas məqsədim yaxşı qiymətlərlə məzun olaraq, bir iş tapıb işləmək idi. Daha sonra, bir neçə qlobal layihələrdə iştirak etdim və orada qazandığım təcrübələr bütün fikirlərimi dəyişdi. Artıq hər bir fərdin nəinki ölkə, hətta dünya səviyyəsində bir fərq yaratmaq gücündə olduğunu və buna doğrudan da ehtiyac duyduğumu anladım. Bu məqsədə çatmaq üçün, xaricdə ali təhsil almağı və inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanmağı seçdim. 
Mənim üçün yəqin ki, ən böyük səbəb qəbul olunduğum ixtisasın hazırda Azərbaycanda tədris olunmamasıdır. Eyni zamanda, ölkəmizin texnologiya sahəsində yeni inkişaf etməyə başladığını da nəzərə alsaq, xarici praktikadan yararlanaraq onu özümüz üçün tətbiq etməyin ən doğru qərar olduğu qənaətindəyəm. 



- Sizin kimi xaricdə təhsil almaq istəyən gənclər çoxdur. Bu barədə nə deyə bilərsiniz? 

- Düşünürəm ki, bu qərar hər kəsin öz seçimi ilə bağlıdır və bu seçimdə bir neçə faktor rol oynayır. Kimisi təhsilin keyfiyyətinə görə, kimisi xarici mühitdə yaşamağa görə, kimisi isə karyera şansları və inkişaf məsələlərinə görə xaricdə oxumağı seçir. Ona görə də, bu sualın bir “doğru cavabı" yoxdur. Hər bir halda, tələbələrimizin inkişaf etmiş ölkələrdə təhsil alaraq, biliklərini artırmalarını müsbət hal kimi qəbul etmək olar. 

- Müşahidələr göstərir ki, xaricdə ali təhsil almağa yollanan əksər tələbələr sonradan geri dönməyərək, orada qalıb karyera qurmağa başlayırlar. Bu nələrlə bağlıdır? 

- Qeyd etdiyim kimi, əksər hallarda, bu şəxsi seçim olur. Bəzən gənclər xaricdə karyera qurmaqla özlərinə və ölkəyə daha çox xeyir verirlər, nəinki burada. 

- Siz necə, ali təhsil aldıqdan sonra ölkəyə geri dönməyi düşünürsüz? 

- Məncə, ölkəyə qayıtmaq haqqında danışmaq hələ tezdir və bunu zaman göstərəcək. Dəqiqdir ki, qayıdıb-qayıtmamağımdan asılı olmayaraq, ölkəmi həmişə və hər yerdə yaxşı təmsil etməyə çalışacağam. Məndən sonra gələn bütün gənclərə də dəstək olacağam. 

- Eyvaz bəy, təhsil alacağınız üç universitetə də müraciət edən zaman hamısına qəbul olunacağınızı düşünmüşdünüz? 

- Qəbul olduğum proqramdan başqa, bir neçə başqa universitetlərə və proqramlara da müraciət etmişdim. Amma ən çox sevdiyim və ən çox qəbul olunmaq istədiyim ixtisas da məhz bu proqram idi. Buna görə də, bəlkə də özümdən aslı olmayaraq bu proqram üçün daha çox vaxt və enerji sərf etmişdim və qəbul olunacağıma, ən azından inanırdım və ümid edirdim. 
 


- İndi necə olacaq, hər 3 universitetin diplomunu eyni anda alacaqsız? 

- Mən "Erasmus Mundus" Birgə Magistr proqramının qalibi olmuşam. Bu proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir təqaüd proqramıdır. Hər il bu proqrama bütün dünyadan tələbələr müraciət edir və rəqabətli seçim mərhələlərindən sonra bu tələbələrin az hissəsi Avropanın bir neçə universitetində eyni anda təqaüdlə təhsil almaq şansı qazanır. Mən də növbəti 2 il ərzində, hər semestr bir universitetdə olmaqla, Fransadakı "Lotaringiya", Böyük Britaniyadakı "Lids Beckett" və İsveçdəki "Lulea of Technology" universitetlərində təhsil alacağam. Bundan başqa, 3 digər Avropa ölkəsində 2 yay məktəbində iştirak edib magistr dissertasiyası hazırlayacağam. Nəticədə 6 ölkədə təhsil almaqla 3 universitetin diplomuna yiyələnəcəyəm. 

- Təhsil alacağınız ixtisas barədə də məlumat verərdiniz...

- İxtisasım "Yaşıl şəbəkə və bulud hesablama texnologiyaları"dır və bugünlərdə, bütün dünya üçün böyük əhəmiyyət daşıyan bir mövzunu əhatə edir. İxtisasımın əsas məqsədi texnologiyanın daha davamlı və səmərəli istifadəsinə nail olmaqdır. Belə ki, ABŞ-da Ətraf Mühitin Mühafizəsi Agentliyinin təqdim etdiyi statistikaya əsasən, 1970-ci ildən etibarən havaya buraxılan karbon emissiyalarının miqdarı 90% artıb və bu o deməkdir ki, artıq planetimizdə hər kəsin bu məsələnin həll olunmasında bir rolu var. Eləcə də texnologiya sahəsində olan insanlar kimi bu mövzuya çox ciddi yanaşmalıyıq. Bu səbəbdən belə bir ixtisas seçdim. İxtisasım BMT-nin 17 davamlı inkişaf məqsədindən 10-nunu özündə birləşdirir. 

- Qibtə olunacaq bir nailiyyətə imza atmısınız. Bu uğurlarınızı nəyə borclusuz?  

- Yəqin ki, uğur qazanmaq üçün müəyyən olunan bir yol yoxdur. Bir neçə insan eyni məqsədə fərqli cür çata bilər. Əsas olan, ağıllı çalışmaq, nizam-intizamlı olmaq və yolundan dönməməkdir.

- İmtahanlara necə hazırlaşırdınız, hazırlıq kurslarına gedirdinizmi? Ümumi olaraq, hansı fənlərdən imtahan vermisiniz? 

- Seçim prosesi iki mərhələdən ibarət idi. CV, universitet qiymətləri, kənar fəaliyyətlər, iş təcrübəsi, dil biliyi və s. kimi faktorlar üzrə ən uyğun namizədlərin seçilməsi və müsahibə. Müsahibə zamanı mən öz dissertasiya mövzumu təqdim etdim və böyük maraqla qarşılandı. Dissertasiyamın mövzusu kompüter proqramlarının işə salınması nəticəsində havaya buraxılan zəhərli qazların miqdarının öncədən təxmin olunması barədədir. 



- Həm tələbəsiniz, həm də magistr təhsili üçün xarici universitetlərə imtahan vermisiniz. Boş vaxtınız olurmu və onu necə dəyərləndirirsiniz? 


- Boş vaxtlar, əlbəttə ki, olurdu. Mən belə zamanları sosiallaşmağa, dostlarımla və ailəmlə vaxt keçirməyə,  gitarada ifa etməyi öyrənməyə sərf edirdim. 

- Yəqin ki, bu uğur yolunda ailəniz də yanınızda olub...

- Anam və atam ali təhsillidirlər, bacım isə hazırda Tibb Universitetində təhsil alır. Sözsüz ki, ailəmin mənəvi dəstəyi danılmazdır. Artıq bir ilə yaxındır işlədiyim üçün maddi olaraq ailəmə çox da problem yaşatmıram. 

- Son olaraq, gənclərə, xaricdə təhsil almaq istəyənlərə nə kimi məsləhətiniz var? 

-Əgər bütün gənclərdən söhbət gedirsə, yəqin ki, əsas məsləhətim qarşılarına qısa və aydın məqsədlər qoyaraq onlara çatmaq və həmişə özlərinə faydalı işlərlə məşğul olmaqdır. “Amazon” şirkətinin 14 liderlik prinsiplərindən birində deyildiyi kimi: “Yaratdıqlarınız istifadə etdiklərinizdən daha çox olsun və həmişə tapdığınız şeyləri daha yaxşı bir vəziyyətdə tərk edin”.

Xaricdə təhsil almaq istəyən gənclərə əsas məsləhətim, həmişə fəal olmaq və universitetdənkənar fəaliyyətlərdə aktiv iştirak etmələridir. Sosial olmaq və liderlik bacarıqlarını inkişaf etdirmək çox önəmlidir. Bundan başqa, ixtisas üzrə təcrübə proqramları və iş təcrübəsi sizə müraciətiniz zamanı üstünlük yaradacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir