Modern.az

BİZİMKİLƏR: “Qənirə Paşayeva kimi jurnalist olmağı arzulayırdım” - Tanınmış aparıcı ilə MÜSAHİBƏ

BİZİMKİLƏR: “Qənirə Paşayeva kimi jurnalist olmağı arzulayırdım” - Tanınmış aparıcı ilə MÜSAHİBƏ

Müsahibə

25 Aprel 2022, 11:27

Aytəkin Mərdanova: “Başqa kanallardan iş təklifləri gəlir, getmək istəmirəm”

“Bəzən mənim bəyəndiyim sənətçini tamaşaçı sevmir”

Modern.az saytı “Bizimkilər” rubrikasına davam edir. Bu rubrikada özümüzünkülərlə – jurnalist həmkarlarımızla sizi daha yaxından tanış edirik. Budəfəki həmsöhbətimiz hazırda Xəzər TV-nin tanınmış aparıcısı, çoxumuzun “Evdəkilərə salam” verilişindən tanıdığı, hazırda "Bağ havası"na da aparıcılıq edən Aytəkin Mərdanovadır.

Aytəkin Mərdanova 27 sentyabr 1985-ci ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Bakı şəhərində 283 saylı orta məktəbi bitirən tanınmış aparıcı, elə həmin ildə Bakı Dövlət Universitetinin jurnalistika ixtisasında ali təhsil almağa başlayıb. 2006-cı ildə məzun olan teleaparıcı may ayından dekabra qədər "Mərkəz" qəzetində jurnalist-müxbir kimi fəaliyyət göstərib. 2007-ci ildən 2012-ci ilə qədər "Space" televiziyasında, daha sonra ATV kanalında aparıcı və redaktor kimi çalışıb. 2014-cü ildən indiyədək "Xəzər" televiziyasında fəaliyyət göstərir.

Aytəkin Mərdanova ilə söhbəti təqdim edirik:

- Aytəkin, xanım jurnalistika sahəsinə marağınız necə yaranıb? İstərdim söhbətimizə jurnalistikaya gəlişinizdən başlayaq...

- Jurnalistikaya marağım hələ məktəbdə oxuyan zamanlardan var idi. Həmişə ANS TV-yə baxırdım və Qənirə Paşayevanı çox xoşlayırdım. Onun Prezidentlə görüşü məndə bu sahəyə maraq oyadırdı. Öz-özümə deyirdim ki, mən də gələcəkdə Qənirə xanım kimi jurnalist olacam. Mənim Ana dili və ədəbiyyat müəllimim var idi, həmişə deyirdi ki, qoçaq qızsan, səndən yaxşı jurnalist çıxar. Elə oldu ki, 2002-ci ildə orta məktəbi bitirdim və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. Artıq arzumun bir hissəsi reallaşdı. Düşünürdüm ki, irəli addımlamalıyam, jurnalist kurslarına gedirdim ki, özümü daha da təkmilləşdirim.

- Jurnalistikaya qəzetdən başlamısınız. İndi TV-də çalışırsınız. Qəzetlə televiziya arasında fərqi necə izah edərdiniz?

- Mən qəzetdə çox az işləmişəm. 2006-cı ildə universiteti bitirdikdən sonra 3 ay yazılı mətbuatda çalışdım. Sonra 2007-ci ilin yanvarından "Space" telekanalında müxbir kimi işə başladım. Düşünürəm ki, bu sahəyə müxbirlikdən başlamalısan. Daha sonra xarici görkəmin yaxşı olarsa aparıcı, yazı qabiliyyətin yaxşıdırsa, redaktor ola bilərsən. Baxmayaq ki, yazılı mətbuatla başlamışam jurnalistikaya, amma, mən həmişə televiziyada olmaq istəmişəm.

- “Space”, ATV, “Xəzər” TV-də yayımlanan verilişlərin bəzilərində redaktor, bəzilərində aparıcı olmusunuz. Bilmək istərdik, aparıcı olmaq daha çətindir, yoxsa redaktor?

- "Xəzər" TV işlədiyim üçüncü televiziya kanalıdır. Hər ikisi çətindir. Düşünürəm ki, birmənalı olaraq, televiziya anlayışı, yazı qabiliyyəti, ixtisası jurnalist olmayan adam redaktor işləyə bilməz. Aparıcı üçün xarici görünüş, danışıq qabiliyyəti, səs tembri önəmlidir. Eyni zamanda, hər aparıcının müəyyən bilik səviyyəsi olmalıdır. Məncə, mən həm xarici görünüşümlə, həm də aparıcılıq qabiliyyətimlə özümü tamaşaçılara sevdirməyi bacarmışam.

- Bəs çalışdığınız telekanalların arasında sizin üçün ən yaddaqalanı hansıdır?

- Mənim üçün başlanğıc "Space" TV olub. Ora mənim üçün həm məktəb, həm də ilk çalışdığım yer olaraq əzizdir, doğmadır. 3 il ATV kanalında işləmişəm. Artıq 8 ildir "Xəzər" TV-dəyəm. Səmimi deyəcəm ki, mənim ən sevdiyim kanal "Xəzər"di. Yaxşı ki, elə buradayam. Mənə başqa kanallardan da iş təklifi gəlir. Amma nə qədər ki, bura mənə rahatdır, iş yerimi dəyişmək istəmirəm. Çox fərqi olmayan əməkhaqqı belə təklif etsələr, mən "Xəzər" TV-ni dəyişmərəm. Nə vaxtsa mənimlə işləmək istəməsələr, onda təbii ki, digər media qurumları ilə əməkdaşlıq edərəm. Mən jurnalistəm, aparıcıyam, televiziya işçisiyəm. Aparıcı üçün əsas olan, efirdir.

- Hazırkı tamaşaçını əyləndirmək, ona maraqlı və fərqli kontent təqdim etmək bir az qəlizdir. Sizcə, tamaşaçı baxdığı verilişlərdən nə istəyir?

- İndi tamaşaçılar əyləncəli, musiqlili verilişlərə baxmağı daha çox üstün tutur. Bir də hər tamaşaçının fərqli zövqü olur. Bəzən olur ki, mənim izlədiyim, dinlədiyim şəxsi tamaşaçı sevmir. Ona görə də məcbursan ki, tamaşaçı ilə ayaqlaşasan.

- Layihələrinizin çoxunda tanınmış sənət nümayəndələri ilə bir yerdə olursunuz. Onların kaprizləri sizi yormur ki? Verilişinizə çəkilməkdən imtina edən sənətçilər olurmu? Varsa, kimlərdi?

- Əlbəttə, elə sənətçilər var ki, verilişə gəlmək istəmir. Biz də onların istəklərinə hörmətlə yanaşırıq. Çünki bizim verilişlər elədir ki, sənətçilərlə şəxsi münasibət böyük önəm daşıyır. Gələnlər də sağ olsun, gəlməyənlər də. Əsas odur ki, mənim yeddi ildir ki, Xəzər TV-də "Evdəkilərə salam" verilişim gedir. Heç bir həftə də təkrar buraxılış yayımlanmayıb və qonaqlarla problem olmayıb.

- Bəzən ən yaxşı layihənin belə ömrü çox uzun olmur. Tamaşaçı yenilik axtarır. Sizcə, hazırkı verilişinizin ömrü nə qədər çəkəcək?

- Hazırda iki verilişim var. "Bağ havası" və "Evdəkilərə salam". Verilişin nə qədər çəkəcəyinə biz yox, rəhbərlik qərar verir.

- Bilmək olarmı “Bağ havası” verilişinin çəkildiyi bağ kimindir?

- "Bağ havası" verilişini çəkdiyimiz bağ sadə vətəndaşındır. Biz oranı icarəyə götürmüşük. Sahibinin kim olduğu ilə bağlı dərin məlumatım yoxdur.

- Ailəlisiniz, iki övladınız var. Bir xanım üçün həm ailə, həm də iş çətin deyilmi?

- Bir qız, bir oğul övladım var. Mənim üçün heç vaxt çətin olmayıb. Çünki, mənə elə övladlarım dünyaya gələn gündən anam kömək edib, uşaqlara anam baxıb. Anamın sayəsində evlə iş arasında heç vaxt problem yaşamamışam.

- Jurnalist olaraq bəyənib, izlədiyiniz imza varmı?

- Əlbəttə, bizim də ekranda gördüyümüz, imzasını bəyəndiniz jurnalistlər olub. Elə adını çəkdiyim Qənirə Paşayeva, Orxan Fikrətoğlu, Nailə İslamzadəni həm müəllif-aparıcı, həm də televiziya işçisi olaraq çox bəyənirəm.

- Aytəkin xanım, hər telekanalın fərqlənən aparıcıları olur – onlara bəzən “TV-lərin siması” da deyirlər. Siz hazırda telekanalların simaları olaraq kimləri görürsünüz? Mümkünsə adlar çəkərdiniz…

- Hazırda hər hansı kanalın simasının kim olduğunu demək çətindir.

- Jurnalist olmasaydınız, başqa hansı sahədə işləyə bilərdiniz?

- Jurnalist olmasaydım, tanınmış aktrisa olmaq istəyirdim. Yenə də incəsənət sahəsini seçərdim.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?