Modern.az

Prezident təqaüdçüsü: "Təhsilimi xaricdə davam etdirmək istəyirəm" - MÜSAHİBƏ

Prezident təqaüdçüsü:

Müsahibə

27 Aprel 2022, 09:20

2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb. 


Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb. 


Bu tələbələr 250 manat Prezident təqaüdü alırlar.


Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq. 


Kamil Əfəndiyev Əsgər Veysəlov adına Cəbrayıl rayon Sirik kənd tam orta məktəbinin məzundur. O, qəbul imtahanları zamanı 692.5 bal toplayıb. Hazırda Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali təhsil alır.


O, uğur hekayəsini Modern.az-a danışıb.


- Kamil, neçə yaşında qərar verdin ki, həkim olacaqsan?


- Təxminən 7-8-ci siniflərdə biologiya və kimya fənlərinə marağım olduğunu sezdim. Bu maraq artdıqda isə 4-cü qrupu seçməyi qərara aldım. Daha sonra həm özüm istədiyimdən, həm də həkimliyin çox şərəfli bir peşə olduğunu bildiyim üçün qarşıma məqsəd qoyub çalışdım. Məqsədimə də nail oldum.
 

- Ali məktəbə necə hazırlaşırdın? Valideynlərinin dərs çalışmağın üçün hər hansı bir tələbi olurdumu?


- Ali məktəbə hazırlaşarkən çoxlu testlər işləyir, dərslərimi vaxtında yerinə yetirir, daim yeni nə isə öyrənməyə çalışır və biliklərimi daha da möhkəmləndirirdim. Bu vaxt ərzində bəzi fənlərdən repititor yanına da gedirdim. Həm onlara, həm də məktəb müəllimlərimə lazımi biliklərə yiyələnməkdə mənə kömək etdikləri üçün təşəkkürümü bildirirəm.

Valideynlərim vaxtında dərslərimi yerinə yetirdiyim üçün məndən dərs oxumağımı tələb etmirdilər, lakin hər zaman mənimlə maraqlanır, dərslərimin necə olduğunu soruşurdular. Bəzi vaxtlar öz məsləhətlərini verir, oxumağımın, savadlı olmağımın həm özümə, həm də ölkəmizin gələcəyinə faydalı olacağını deyir, uğur qazanmağım üçün daim əllərindən gələni edirdilər. Buna görə valideynlərimə də təşəkkür edirəm.


- Dərslərin çoxluğundan asudə vaxt tapırdınmı? Boş vaxtların olanda necə dəyərləndirirdin?
 

- Boş vaxtlarımda əsasən gəzirdim, hava alırdım. Zehni yorğunluğumu atmağa çalışırdım. Bəzən də futbol və videooyunlar oynayırdım.
 

- Kamil, ailən həkim olma istəyini necə qarşılamışdı?
 

- Həkim olmaq istəyimi çox müsbət qarşıladılar. Valideynlərim və babam həmişə ailəmizdə bir nəfərin həkim olmağını istəyirdilər. Onlar da bu peşənin necə vacib olduğunu bilirlər.


- Gələcəkdə həkimliyin hansı sahəsi üzrə ixtisaslaşmaq istəyirsən? Xüsusi bir səbəbi var?


- Xüsusi bir sahə seçməmişəm. Yəqin ki, bir neçə il sonra hər bir sahəni ayrı-ayrılıqda dərindən öyrənməyə başlayanda marağımın hansı yöndə olduğunu biləcəm.


- Hər gəncin arzusudur ali məktəbə daxil olsun. Bəs o xəyalların gərçək olması necə bir hissdir?
 

- Xəyallarımın gerçək olması məni çox sevindirdi. Neçə il məqsədə çatmaq üçün əziyyət çəkib, sonra bunun nəticəsini görmək məni şad etdi.
 

- Gənclər təhsillərini xaricdə davam etdirməyə üstünlük verirlər. Sənin də belə bir arzun var?
 

- Mən də o gənclərdən biriyəm. Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi çox istəyirəm.
 

- Ailənizdə səndən başqa ali təhsil alan bacı-qardaşın var?


- Qardaşım 2-ci kurs tələbəsidir. Bakı Dövlət Universitetinin İqtisadiyyat və beynəlxalq münasibətlər fakültəsində ali təhsil alır.
 

- Bəs, prezident təqaüdçüsü olacağını düşünmüşdün?
 

- Ali məktəbə prezident təqaüdü almaq məqsədi ilə hazırlaşmamışdım. Amma təqaüdçü olduğuma görə həm özüm, həm də valideynlərim mənim adıma sevinir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu