Modern.az

"Anam İdrakla ailə qurmağıma qarşı idi, indi onu öz oğullarından çox istəyir" - Jurnalist xanımı ilə MÜSAHİBƏ

Müsahibə

18 May 2022, 14:35

Modern.az saytında “Jurnalistin həyat yoldaşı” rubrikası ikinci yazını təqdim edir.  Adından da göründüyü kimi, müsahiblərimiz öz qələmi ilə sayılıb-seçilən, mətbuatda sözünü deməyi bacaran jurnalist həmkarlarımızın xanımlarıdır.

Budəfə ki, təqdimatımız uzun müddətdir Norveçdə məskunlaşmış, bu ölkənin İctimai Televiziya və Radio Yayımı Şirkəti ilə əməkdaşlıq edən azərbaycanlı jurnalist İdrak Abbasovun həyat yoldaşı Yeganə Abbasovadır.


Yeganə Abbasova ilə söhbəti təqdim edirik:
 

- Yeganə xanım, öncə istərdik özünüz haqda oxucularımıza qısa məlumat verəsiniz…

- Mən Yeganə Abbasova, 1982-ci ildə Özbəkistanın Gülüstan şəhərində azərbaycanlı ailəsində anadan olmuşam. Sonra ailəmlə birgə Azərbaycana köçmüşəm, indi də Norveçdə yaşayıram.


- Norveçə köçməyiniz necə baş verdi?
 

- Həyat yoldaşım İdrak Abbasov Azərbaycanda tənqidi jurnalistikanın nümayəndəsi idi və bu səbəbdən beynəlxaq media ilə də sıx əməkdaşlıq edirdi, çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar da alıb. Açığı,  Azərbaycandan getmək fikrimiz yox idi, amma Norveçə gəlməyimiz üçün çox gözəl bir şans yarandı. Yoldaşım  beynəlxalq İCORN təşkilatının “Azad şəhər” layihəsinin qalibi oldu və biz Norveçə dəvət edildik. Beləcə,  Azərbaycanı tərk etdik...
Bu iki illik bir layihə idi və həmin proje bitməmiş İdrak da, mən də Norveç dilini dili öyrənmişdik və işləyirdik. Buna görə də çox rahatlıqla ölkədə qalmaq icazəsini artıraraq, Norveçdə qalası olduq.

- Vətəndən uzaqda yaşamaq bəzilərinə asan gəlir, çoxları elə bilir ki, pul xəzəl kimi küçəyə tökülüb, yığşıdırmaq lazımdı. Amma jurnalist olaraq bilirik ki, xaricdə hər şeyi sənə “nimçədə hazır” vermirlər. Yəqin ki, Norveçə gələrkən ilk vaxtlar sizin ailənin də çətinlikləri az olmayıb. Bu barədə nə deyə bilərsiniz?
 

- Vallah, bu çox ağır dərddir. Vaxtı ilə Moskvadakı səfirimiz Polad Bülbüloğlunun Azərbaycandan gələn zənglərlə bağlı sosial şəbəkələrdə bir səsyazması yayılmışdı və mən də onu o zaman qınamışdım. Ancaq Polad müəllimin taleyini sonra özümüz yaşamağa başladıq.
Biz Azərbaycanda yaşayanda əsasən İdrak işləyirdi, mən də ona bir az kömək edərdim. Heç uşaqpulu da, hətta uşaqlar anadan olanda dövlətin ayırdığı birdəfəlik yardımı da almamışdıq.

Norveçdə 13 yaşından yuxarı hamı işləyir, işləməsəniz yaşaya bilməzsiniz. Burada mən də, İdrak da, 17 yaşlı qızımız və 15 yaşlı oğlumuz da işləyir. Norveç çox bahalı yerdir, ev kirayəsi, komunal xidmətlər, ərzaq malları çox bahadır, ailədə hamı işləməsə, dolanmaq ağır olar.

Biz də bura təzə gələndə çətinliklərimiz çox oldu. Qiymətlər bizi şoka salmışdı. Təsəvvür edin ki, Azərbaycanda 20-30 qəpiyə çörək alan adam birdən-birə çörəyə 6-7 manat verir və sözsüz ki, bu şok effekti yaradır. Üstəlik maddi gəlirimiz də yalnız İdrakın işlədiyi layihədən idi. Çarəni isə ayda bir dəfə İsveçə gedib orada bazarlıq etməkdə tapmışdıq. Çünki orada qiymətlər bizdən 2-3 dəfə ucuz idi.

Amma ən böyük dərd Azərbaycanda olan qohum-əqrəba, dost-tanış və heç tanımadıqlarımızla bağlı idi. Hamı elə bilirdi ki, Norveçə gələn kimi "yağ-bal içində üzürük", bizdən pul istəyirdilər. Şükür, baxırıq ki, ev-eşikləri qaydasında, əyin-başları da pis deyil, amma yenə bizdən pul istəyirdilər.
Yaxın ailə üzvlərimizdən başqa kimsə inanmır ki, bizə burada qızıl nimçədə heç nə verilmir. Sözsüz ki, Azərbaycanda olanda da istər İdrak, istərsə də mən valideynlərimizə hər zaman dəstək vermişik, onlara yardım etmişik, indi də edirik və bu, bizim mənəvi borcumuzdur. Arada bəzi tələbələrə də yardım edirik, amma hər maddiyat umana istəsək də yardım etməyə imkanımız yoxdur.
 

- Hansısa bir işdə çalşırsınız?
 

- Uşaq bağçasında tərbiyəçi işləyirəm, yaşadığımız şəhərin qəzeti olan “Bø Blad” qəzeti üçün də arada yazıram. Üstəlik uşaq və gənclərlə iş üzrə təhsil də alıram.
 

- Norveç təhsili ilə Azərbaycan təhsilini necə müqayisə etmək olar?
 

- Müqayisəedilməz dərəcədə fərqlidir. Burada tədris bir neçə mərhələdən ibarətdir. 1-7-ci siniflərdə ümumiyyətlə uşaqlara bilik üzrə qiymət vermirlər, imtahan-filan yoxdur, şənbə-bazar isə uşaqlar kitabları da məktəbdə qoyurlar ki, istirahət etsinlər. Burada məktəbdə gündəm, praktik məsələlər öyrədilir. Şeir əzbərləmək, qalın-qalın tarix, coğrafiya və s. kitabları oxumağa ehtiyac görmürlər, amma riaziyyat, informasiya texnologiyaları çox yüksək səviyyədə öyrədilir. Sonra isə gənclər 8-10-cu sinifdən məktəbə başlayır, burada artıq imtahanlar və qiymət də var. Şagirdlər profillər üzrə müəyyən edilir və onların profillərinə uyğun tədrisi aparılır. Daha sonra isə lisey gəlir və bu mərhələ də 2 və ya 3 il ola bilər. Liseydən sonra isə ali təhsil gəlir.
Norveçdə təhsil çox azaddır, şagirdlərlə şəxsiyyət, azad insan kimi davranılır.

- Sosial şəbəkədə aktivsiniz, mütəmadi paylaşımlarınız olur.  Bəs Norveç cəmiyyətində aktivliyiniz necədir? Sizi Norveç cəmiyyətinə inteqrasiya olunmuş azərbaycanlı hesab edə bilərik?
 

- Sözsüz ki, dil bilməsən nə işin, nə də təhsil olar. Mən isə artıq həm işləyir, həm də təhsil alıram. Dil səviyyəm də təxminən Azərbacan dili səviyyəsinə bərabərdir. Yəni, Norveç cəmiyyətində də fəalam, hətta şəhərimizin meri belə rəfiqəmdir, buradakı dost-tanışlarımızın 99 faizi məhz norveçlilərdir.

- Bir qədər yerli insanlarla münasibətinizdən bəhs edərdiniz… Azərbaycanlılarla müqayisədə norveçlilər soyuqqanlı insanlar hesab olunurlar. Yerlilər arasında ailəvi münasibət qurduğunuz insanlar varmı, yoxsa daha çox oradakı soydaşlarımızla dostluq edirsiniz?
 

- Dostalarımız və tanışlarımız əsasən norveçlilərdir. Düzdür, norveçlilər çox soyuqdurlar və üstəlik gəlmələrdən qorxurlar, onlarla ünsiyyətdən çəkinirlər. Amma səni tanıyandan sonra norveçli kimi dost heç yerdə tapa bilməzsən. Ailəvi dostlarımız da əsasən norveçlilərdir, bir-birimizə qonaq da gedib-gəlirik, tətilə də, gəzintiyə də bərabər çıxırıq.
Bizim şəhərdə azərbaycanlı ümümiyyətlə yaşamır, amma başqa şəhərlərdə yaşayan bir neçə azərbaycanlı ailə ilə də ailəvi dostluq edirik.
Üstəlik iki ay idi ki, bir ukraynalı ailəni öz evimizdə saxlayırdıq, ana və iki uşaq idilər. Onlar da bizim köhnə dostlarımız idi, müharibədən sonra biz onları qəbul etdik və onlara bir-neçə gün əvvəl qaçqın statusu verib ev ayırdılar.
 

- Bildiyimizə görə, dörd övladınız var, kiçik oğlunuz da Norveçdə dünyaya gəlib. Hamınız Norveç vətəndaşlığı ala bilmisiniz?
 


- Burada doğulmağından asılı olmayaraq uşaq valideynin vətəndaşı olduğu ölkənin vətəndaşı sayılır. Yəni, kiçik oğlum Simurq anadan olandan Azərbaycan vətəndaşıdır. Uşaqlar 5, böyüklər isə 7 ildən sonra Norveç vətəndaşlığına baş vura bilərlər. Üstəlik böyüklər dili bilməli, özü-özünü dolandırmalı, sosial yardım almamalı və illik gəliri təxminən 40 min AZN-dən çox olmalıdır ki, Norveç vətəndaşlığını alsın. Biz heç vaxt sosial yardım almamışıq və şükür ki, hər zaman işimiz olub. Bu il Norveçə köçməyimizin 7 ili tamam olan kimi rahatlıqla vətəndaşlıq da aldıq. İndi hamımız həm də Norveç vətəndaşıyıq.

- Övladlarınız barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi, kim harda oxuyur, kim harda işləyir? Onlarla bağlı planlarınız nədir?
 

- Böyük qızımız 17 yaşındadır, liseydə media və komunikasiya üzrə ikinci kursda oxuyur, üstəlik üzgüçülük üzrə təlimçi, futbol üzrə beynəlxalq səviyyəli hakimdir və yay tətilində də şəhərimizdəki Agua-Parkda xilasedici işləyir. Gələcəkdə jurnalist və ya vəkil olmaq istəyir.
15 yaşlı böyük oğlumuz bu il gənclər məktəbini və ya 10-cu sinifi bitirir, polis olmaq istəyir, o da Agua-Parkda yayda xilasedici işləyəcək. Üstəlik "Skarpheden" futbol klubunda professional futbolçudur, yaxın günlərdə Danimarkaya kubok yarışına gedəcəklər.
Ortancıl oğlumuz 7-ci sinifi bitirəcək və rəssamlıq məktəbinə gedir. Qarabağ müharibəsi ərəfəsində öz vəsaiti ilə Norveç dilində “Nagorno Kharabakh” adlı kitab yazıb və bu kitab satışda və Norveçin kitabxanalarında da var. Üstəlik, Oslodakı Nizami Gəncəvi adına Azərbaycan məktəbində də oxuyur, xeyli rəsm əsərləri də var. Yaxın gələcəkdə Osloda rəsmlərinin sərgisi təşkil olacaq. İndi də Azərbaycanla bağlı yeni bir kitab yazır. Gələcəkdə siyasətçi olmaq istəyir.
Norveçdə doğulan kiçik oğlumuz isə birinci sinifi bitirəcək və hələlik ən böyük arzusu Şuşaya getməkdir.



- Qeyd etdiniz ki, Norveç çox bahalı ölkə hesab olunur. Sirr deyilsə, ailənizin indiki dolanışığı necədir, övladlarınızın təminatını qarşılaya bilirsinizmi? Eviniz, maşınınız varmı?

- Bəli, Norveç çox bahalı ölkədir və hamı işləməlidir. Şükür, indi pis dolanmırıq, çünki hamımız işləyirik. Hətta dediyim kimi, ukraynalı bir ailəni də evimizdə 2 ay saxlaya bildik. Azərbacandakı ailələrimizə, ehtiyacı olanlara, şəhid ailələrinə də mütəmadi kömək edirik. Maşınımız Norveçə gələndən 3 gün sonra olub və indi də varımızdır, amma hələ ev almamışıq. Qismət olsa, bu il onu da alarıq.
 

- Bu günlərdə həyat yoldaşınız İdrak bəylə evliliyinizinin yubiley yaşını qeyd etdiniz. Deyəsən 20 ildir bir yerdəsiniz. Tanışlığınız, evlənməyiniz necə baş verib?
 

- Atamgil Bakının Nardaran qəsəbəsində yaşayır. 2000-ci illərin əvvəllərində qəsəbəmizdə tez-tez mitinqlər keçirilirdii. İdrak da həmin aksiyalarda jurnalist kimi iştirak edirdi. Bir dəfə orada çox qarmaqarışıqlıq yarandı, atışma da oldu. Həmin vaxt polis aksiyanı izləyən jurnalistlərin çəkilişlərini alıb silirdi. Mən İdraka çəkilişlərini xilas etməyə kömək göstərdim. Beləcə dostluğumuz başladı.

Bir müddət dostluq elədik, sonra gecələr telefonda uzun-uzun danışırdıq və bilirdim ki, o da mənə aşiq olub, amma uzun müddət etiraf etməyə çəkinirdik. Bir gün dəniz kənarına gəzməyə getdik və nəhayət etiraf baş verdi. Sonra İdrak atamın da çox xoşuna gəldi, amma anamın mənimlə bağlı başqa planları var idi. Rusiyada yaşayan, üzünü görmədiyim bir qohumu ilə evlənməyimi arzulayırdı. Amma sonra anam da daşı ətəyindən tökdü. İndi isə anam öz oğullarından çox İdrakı istəyir. 
 


- Onu həm ər və ailə başçısı, həm də bir insan kimi necə xarakterizə edərdiniz?

- 20 il keçsə də, seçimimdə qətiyyən yanılmadığımı hər an bilirəm. İdrak heç bir zaman özünü ailənin ağası və ya başçısı kimi aparmır, o, ilk gündə olduğu kimi sevgilim, ən yaxın dostum, sirdaşım və ən nəhayət həyat yoldaşımdır. İdrak çox nəcib, tərbiyəli, mədəni bir insandır. Hələ ki yanımızda ağzından hətta düşmənin ünvanına belə bir təhqir-söyüş çıxarmayıb. O, işdən tez gəlsə yeməkləri hazırlayar, evi-eşiyi yığışdırar və sözsüz ki, masamın üstündən gülü də heç zaman əskik etməz. Xoşbəxtlikdən bizim zövqlərimiz və hobbilərimiz də eynidir.
 

- Bəs həyat yoldaşınızı jurnalist kimi necə qiymətləndirirsiniz?
 

- İdrak dünya səviyyəsində tanınan azərbaycanlı jurnalistlərdən biridir. Qısa müddətə dil öyrənib Norevç mediasında işləməyə başladı və hazırda Norveç mediasında çalışan yeganə azərbaycanlıdır. İdrak Norveçin İctimai Teleradio Şirkətində işləyir, Norveç Jurnalistlər Birliyi və Norveç PEN-in üzvüdür. Yəni sözünü demiş və indi də deyən bir jurnalist haqqında bundan daha artıq nə söyləmək olar?..

- İdrak bəy bir dəfə bizim saytımıza açıqlamasında Norveçə sizin məsləhətinizlə köçdüyünüzü demişdi. O, sizin məsləhətlərinizə tez-tezmi əməl edir?

- İdrak çox ağıllı insandır və sözsüz ki, o, özü də hansısa məsələdə qərar qəbul edə bilər. Demək olar ki, biz istənilən xırda məişət məsələsindən tutmuş böyük işlərə qədər hər şeyi məsləhət edirik və sonunda nəticə belə olur ki, bu, mənim məsləhətimlə oldu. Elə bilirəm ki, biz elə eyni qərar qəbul edirik.
Bəli, İdrak Norveçlə bağlı qərara gələ bilmirdi. Yad və soyuq bir ölkəyə köçmək, yeni bir həyata başlamaqdan çox qorxurdu və sözsüz ki, bu iş mənim tövsiyəm və məsləhətimlə gerçəkləşdi. Azərbaycan mentalitetinə görə evin kişisi hər məsələdə və belə ağır qərarları qəbul etməkdə tək saxlanılır. Mən isə əzizimi yalnız bu yükün altında saxlamaq istəmədim və ona dəstək oldum.



- Hər bir qadın kişinin həyatında böyük rol oynayır. Siz İdrak bəyin həyatında daha nələri dəyişmisiniz? 


- Əslində Azərbaycan reallıqlarında bu o qədər də inandırıcı deyil, daha çox kişi qadının həyatında böyük rol oynayır. Özümüzün də tanıdığımız o qədər hətta demokrat, azadlıqsevər kişilər olub ki, nəslini davam etmək və ev xidmətçisi vəzifəsini icra etmək üçün biri ilə evlənib və qadının bütün azadlıqlarını əlindən alıb.
Biz ailə qurandan sonra Facebbok yeni açılmışdı və o zaman sosial şəbəkələri demirəm, hətta kompüter arxasında oturan xanımlara əxlaqsız kimi baxılırdı. Yəqin ki, ölkəmizdə hələ də belə mağara adamları qalmaqdadır. Amma İdrak özü mənim üçün Facebook hesabı açdı. Hələ bir dəfə görmədim ki, telefonumu götürüb orada eşələnsin və ya sosial şəbəkələrdəki hesablarıma baxsın. Yəni, həyatımızda hər nə baş verirsə,  qarşılıqlı dəstəklə, qarşılıqlı anlaşma ilə olur. 

- Necə düşünürsünüz, İdrak Abbasov jurnalist olmasaydı, başqa hansı peşədə özünü doğrulda bilərdi?


- Məncə elə öz yerindədir. Amma psixoloq da və ya yaxşı pedaqoq da ola bilərdi.


- Təbii ki, hər bir ailədə söz-söhbət də olur… İdrak bəylə münasibətləriniz gərginləşəndə - arada “müharibə” düşəndə, ilk “sülh bağlayan” kim olur?
 


- İnanmazsınız, amma hələ ki ailəmizdə heç bir söz-söhbət olmayıb, ən xırda inciklik də yaşanmayıb. Aramızda elə bir mövzu yoxdur ki, konfliktə səbəb olsun. Məncə, konflikt adətən ortalıqda hanısa sədlər, pərdələr, sirr olanda yaşanır. Bizdə isə bunlar yoxdur.

- Səhv etmirəmsə, həyat yoldaşınız sosial şəbəkədə yazmışdı ki, Norveçdə ən təhlükəli əməl qadına şiddət etmək sayılır. Yəni bunu edən kişiləri böyük cəza gözləyir. Yarızarafat-yarıciddi bundan çox qorxduğunu qeyd etmişdi. Norveçdə belə hallar olur?

- Qadına şiddət dünyanın hər yerində var, burada da olur. Qadını öldürən qısqanc ərlərdən tutmuş, içkili ərlərə qədər var. Amma burada ailədə qadınlar çox azaddır. Çünki Norveçdə analar qızlarını ərə vermək üçün böyütmürlər, azad vətəndaş kimi böyüdürlər. Ən əsas azadlıq isə iqtisadi azadlıqdan keçir. Burada ali savad alanların da çoxu qadınlardır və qadınlara çoxsaylı hüquqlar tanınır.


- Yəqin ki, Vətən üçün darıxırsınız. Belə hallarda ailə olaraq nə edirsiniz?
 

- Sözsüz, darıxırq. İnşallah, yaxın gələcəkdə Azərbaycana tətilə getmək fikrimiz var. Amma buradakı işlər və planlar bir az arzumuzun gerçəkləşməsini zorlayır. İki il idi ki pandemiya yaşanırdı, indi də yay tətilini gərək elə planlayaq ki, gedib-gəlmək bütün ailə üzvlərinin planları ilə uzlaşsın.


- Xaricə köçən bir çox azərbaycanlılar deyirlər ki, qocalanda geri qayıdıb ömrünün sonlarını Vətəndə keçirməyi düşünürlər. Sizin də belə planınız var?


- Əvvəla Allah bizə uzun ömür və can sağlığı versin ki, qocalıq dövrünü də yaşayaq. Pensiya yaşımıza çatandan sonra dünya səyahətinə çıxmaq arzumuz var. Azərbaycanı da kəndbəkənd gəzmək fikrimiz var. Dünya səyahətinə “bobil” deyilən “ev maşın” var - onunla çıxmaq haqqında düşünürük. Qismət olsa, o yaşa çatsaq,  quru pensiyasmız dünyanın hər yerini həmin maşınla gəzməyə bizə bəs edər. Çünki Norveçdə 20 il işləyəndən sonra əmək haqqının 80 faizi mislində pensiya ala bilərsən və bu çox böyük məbləğ edir. Yəni nə qədər taqətimiz olsa, gəzə biləcəyik. Lap qocalıq yaşına qədər yaşasaq, o zaman bir az da nəvə-nəticələrimizə vaxt sərf edərik və paralel olaraq sağlamlıq durumu imkan versə, yenə səyahət edərik. Axı biz yüz dəfə dünyaya gəlmirik ki, hansısa konkret bir ünvana özünüzü pərçimləyib son günlərimizi sayaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu