Modern.az

Azərbaycana sığınan ukraynalılar: Onlara niyə qaçqın statusu verilmir? - MÜSAHİBƏ

Azərbaycana sığınan ukraynalılar: Onlara niyə qaçqın statusu verilmir? - MÜSAHİBƏ

20 May 2022, 09:14

8000-dən çox ukraynalı Azərbaycanda məskunlaşıb

 

Nazirliklər yanında ictimai şura sədrlərilə silsilə müsahibələrimiz davam edir. Modern.az-ın növbəti müsahibi Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovdur. Onunla birlikdə təmsil etdiyi qurumun fəaliyyəti, eləcə də ölkədə miqrasiya sistemindəki neqativlər, narazılıqlar, həmçinin ictimaiyyəti maraqlandıran suallara cavab tapmağa çalışdıq.

 

Azər Allahverənovla müsahibəni təqdim edirik:

 

- Azər müəllim, öncə rəhbərlik etdiyiniz İctimai Şuranın fəaliyyətindən danışaq. İndiyədək hansı işləri görmüsünüz, hansı problemlərin həllinə nail ola bilmisiniz?


- Bildiyimiz kimi, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura 2015-ci ildən fəaliyyətinə başlayıb. Artıq 7 ildir İctimai Şura mövcuddur. Buna görə də, indiyə kimi Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın xətti ilə nail olunmuş nəticələrlə bağlı saatlarla danışmaq olar. Bu 7 il ərzində İctimai Şuranın xətti ilə onlarla tədbir həyata keçirilir. Seminarlar, təlimlər, maarifləndirmə işləri, məlumat kampaniyaları həyata keçirilir. Hər ilin statistikasını üst-üstə yığanda yüzlərlə miqranta zəruri dəstəklər göstərilib. Bu dəstəklər müxtəlif səpkidə olub.  Hüquqi yardımlar, əmək fəaliyyəti ilə bağlı yardımlar, müvəqqəti və daimi yaşama icazələri ilə bağlı zəruri  tövsiyələrimiz olub.

 

Bundan başqa, vətəndaşlıq məsuliyyətinin tanınması, vətəndaşsızlıq halının aradan qaldırılması kimi işlər görülüb. İctimai Şuranın nəzdində 8 işçi qrupu fəaliyyət göstərir. Burada qeyri-qanuni miqrasiya ilə bağlı, qanunvericilik məsələləri ilə bağlı işçi qrupları var, reinteqrasiya məsələləri ilə, hətta mən sizə deyim ki, məcburi köçkünlər də daxili miqrantlar hesab olunur ki, bununla da əlaqədar işçi qrupu çalışır. Bu işçi qruplar səmərəli şəkildə fəaliyyət göstərirlər. 10-dan çox qeyri-hökumət təşkilatı mövcuddur. Bunlar hər il qəbul etdiyimiz fəaliyyət planlarını həyata keçirirlər. Təxminən 34-35 səhifə olan fəaliyyət planında məlumatlandırma, təlim proqramları əks olunub. Onların içərisində hətta monitorinqlər də qeyd olunub. Yəni İctimai Şura dövlətin miqrasiya xidmətinə zəruri dəstək göstərilməsinə çalışır. Dövlət Miqrasiya Xidməti ilə vətəndaşlar, xüsusilə də miqrant kateqoriyasından olan insanlar arasında intensiv və effektiv kommunikasiya əlaqələrinin qurulması istiqamətində işlər həyata keçirilib. Biz bu məqsədlərə çatmışıq.

 

Bundan sonrakı fəaliyyətlərimiz indiyədək gördüyümüz işlərin daha da təkmilləşməsinə yönələcək. Eyni zamanda, QHT-lərin DMX-nin həyata keçirdiyi fəaliyyətlər üzərində ictimai nəzarətin təşkil olunması üçün bacarıqlarının artırılması məqsədini qarşıya məqsəd qoymuşuq. Hazırda hər həftə bizim ictimai müzakirələrimiz gedir, QHT-lərlə görüşlərimiz keçirilir.

 

Məsələn, keçən həftə biləvasitə Azərbaycan ərazisində uzunmüddətli yaşayan şəxslərlə görüş keçirilib. Bundan qabaq Ukraynadan Azərbaycana gəlib, burada yerləşən Ukrayna vətəndaşları ilə görüşmüşük. Onların gündəlik proplemləri ilə  yaxından tanış olmuşuq. Onların ehtiyaclarını dəyərləndirib, aidiyyəti üzrə yönləndirmişik. Bunu həm dövlət orqanları qarşısında vəsatətlə çıxış etməklə, beynəlxalq təşkilatlar qarşısında, hətta yerli QHT-lər qarşısında bu məsələni qaldırmaqla etmişik. Yerli QHT-lər bu prosesə bilavasitə dəstək ola bilirlər. Kifayət qədər çoxşaxəli fəaliyyət həyata keçiririk. Elə bir sahə deyə bilmərik ki, o sahədə Dövlət Miqrasiya Xidməti  yanında İctimai Şuranın fəaliyyəti hiss olunmasın. Miqrasiya sahəsinə aid hansı problem varsa, o məsələ birbaşa İctimai Şuranın nəzarəti altındadır.

 

Dövlət Miqrasiya Xidmətinə müəyyən təkliflər veririk. O təkliflərin də bir qismi qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Əksər təkliflərimiz DMX tərəfindən dəyərləndirilir və qəbul edilir. Faiz nisbətilə desəm, 7 il ərzində bizim təkliflərimizin 97 faizi həyata keçirilib. Bu gün elə fəaliyyətlər var ki, DMX onlar barədə ən yüksək tribunalardan çıxış edir. O layihələr beynəlxalq aləmdə müsbət qarşılanır. Həmin layihələr zamanında İctimai Şura tərəfindən DMX qarşısında qaldırılan məsələlərin dəyərləndirilməsinin nəticəsidir.

 

- Fəaliyyətinizlə bağlı xeyli müsbət məqamları qeyd etdiniz. Gəlin etiraf edək ki, digər müstəvilərdə olduğu kimi miqrasiya sahəsində də müəyyən qədər həllini gözləyən problemlər var. Vətəndaşlar daha çox hansı problem və şikayətlərlə əlaqədar sizə müraciət edirlər. Bu barədə fikirlərinizi bilmək istərdik...

 

- Nəzərə alsaq ki, Azərbaycanda 2020-ci ilin martın 1-dən karantin rejimi təqdim olunmağa başladı. Bir çox ölkələrə gediş-gəlişə dövlət tərəfindən məhdudiyyətlər tətbiq edildi. Bu səbəbdən miqrantları narahat edən bir çox məqamlar yarandı. Onların ölkə ərazisində qalması, statusun leqallaşdırılması, vaksinasiyası kimi məsələləri qeydə edə bilərik. Bununla bağlı biz onlara hüquqi məsləhətlər verdik. Aidiyyatı strukturlar qarşısında məsələləri qaldırdıq ki, beynəlxalq standartlara uyğun olaraq vaksinasiya prosesinə cəlb olunması həyata keçirilsin. Əcnəbilərin statuslarının leqallaşdırılması ilə bağlı zəruri təkliflər verdik. Statusunun müddəti bitmiş şəxslərin ölkədə olma və qalma müddətinin artırılması ilə bağlı işlər elektron qaydada həyata keçirilməyə başladı. Əslində miqrantların problemlərinin yaranması sərhədlərin bağlanması ilə bağlı idi. Nəticədə bir çox insanlara zəruri dəstəklər göstərilməli idi. İctimai Şura özünün tərəfdaşlarının köməyi ilə bu məsələnin həllinə nail oldu.

 

Vətəndaşları narahat edən digər məqam quru sərhədlərinin açılmaması ilə bağlıdır. Bununla əlaqədar çoxsaylı müraciətlər edilir. Ölkəni quru yolu ilə tərk etmək istəyən miqrantlar var. Onlar mövcud şəraitlə bağlı ölkədən çıxa bilmirlər. Daha sonra Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan arasında sərhədlər qismən açılmağa başlandı. Ancaq 1 iyula qədər karantin rejimi mövcuddur deyə, hələlik quru sərhədlər üzərindən miqrasiya mübadiləsi intensiv xarakter almır.

 

Bizə daxil olan digər müraciətlər Türkiyədə sənədsiz yaşayan vətəndaşlarımızdan olur. Minlərlə vətəndaşımız Türkiyədə, xüsusilə də İstanbulda sənədsiz yaşayır. Onların uşaqları təhsil almır, özlərinin müəyyən problemləri var. Bu məsələ ilə bağlı biz dövlət qurumlarına təkliflərimizi veririk, müəyyən işlər görürük.

 

- Bildiyiniz kimi, indi bütün dünyanın diqqəti Ukraynaya yönəlib. Müharibə ilə əlaqədar milyonlarla ukraynalı ölkəni tərk edərək, qaçqın vəziyyətinə düşüb. Ukrayna vətəndaşları Azərbaycana sığınmaq üçün müraciət edirlərmi? 

 

- Qaçqın dedikdə, ölkə ərazisində sığınacaq axtaran miqrantlara belə status verilir. Bu, BMT-nin mandatı altında olan statusdur. Bu statusda olan şəxslərin sayı təxminən 1800-dən bir qədər artıqdır. Bunlar əsasən Əfqanıstandan, Çeçenistandan gələn şəxslərdir. Onların arasında Suriya və İrandan olan şəxslər də var. Digər tərəfdən səhv etmirəmsə 76 nəfər qaçqın statusunda olan xarici ölkə vətəndaşı qeydə alınıb. Bunlar əsasən İran və Əfqanıstandan olanlardır.

 

- Azərbaycanda ukraynlılara qaçqın statusu verilirmi? Verilmirsə səbəb nədir?

 

- Ukraynadan və digər silahlı münaqişə olan ərazilərdən qaçıb gəlmiş şəxslər hələlik qaçqın statusu ilə təmin olunmayıblar. 8000-dən çox ukraynalı Azərbaycanda məskunlaşıb. Onların yarısından bir qədər çoxu 24 fevraldan sonra Azərbaycana gələnlərdir. Qanunvericilik icazə verir ki, onlar 90 gün Azərbaycan ərazisində məskunlaşsınlar. Bu müddət onlar ölkədən getmədiyi təqdirdə avtomatlaşdırılmış şəkildə uzadılır. 

 

Onların içində bir qrup şəxs var ki, qaçqın stausu ilə bağlı Azərbaycana müraciət edib. Müraciətlər hazırda araşdırılır. Məndə olan son məlumata görə, qaçqın statusu almaq üçün müraciət edənlərin sayı 9 nəfərdir. Onlar barədə qərar iki ay araşdırma müddəti bitdikdən sonra veriləcək.

 

Daha çox Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, İran vətəndaşları vətəndaşlıqla bağlı, qaçqın statusu və əmək fəaliyyəti ilə əlaqədar bizə müraciət edirlər.
 

- Bəs, İctimai Şura olaraq, Azərbaycanda qaçqın statusu alan şəxsləri ziyarət edirsinizmi? Onların problemləri ilə maraqlanırsınızmı?


- Təbii ki. Qaçqın statusu almış şəxsləri nəinki ziyarət edirik, biz onlarla intensiv şəkildə təmasdayıq. Hətta iki il ərzində bizə iki müraciət olub. Biri İrandan olan qaçqın statuslu əcnəbi, digəri isə Əfqanıstandan Azərbaycan gəlib, burada uzunmüddətli yaşayan şəxslə bağlıdır. Hətta bizə Livandan da müraciət daxil olub. Biz fərdi qaydada hər bir müraciətə baxırıq. Onlara zəruri məsləhətlər veririk. Müraciətlər adətən vətəndaşlığın alınması ilə bağlı olur. Biz onlara zəruri məsləhətlər veririk. Bütün müraciətlər qeydiyyata alınır. Məsələn, ölkə ərazində yaşayan bir iranlı tələbə müvəqqəti yaşamaq sənədi alıb və indi əmək fəaliyyəti ilə məşğul olmaq istəyir. Bunun üçün məlumdur ki, əgər bura tələbə vizası ilə gəlibsə, o müvəqqəti qeydiyyatdan keçə bilir, lakin onun əmək fəaliyyəti ilə məşğul olmasında problemlər yaranır. Yalnız tipik sahələrdə, yəni qeyri-dərs saatlarında əmək fəaliyyəti ilə məşğul olması mümkündür. Yəni belə məsələlərdə də bizə müraciət daxil olur. Biz də onlara zəruri məsləhətlər veririk. Lazım gələrsə, sənədlərin hazırlanmasında, ərizələrin təqdim olunmasında hüquqşünaslarımız onlara dəstək olur. 

 

- Vətəndaşlıqla bağlı müraciətlərdən bəhs etdiniz. Yəqin ki, məlumatınız var, qardaş ölkə Türkiyədə vətəndaşlıq almaq üçün 400 min dollar dəyərində mülk almaq və onu üç il müddətində satmamaq şərti qoyulub. Bizdə belə tərcübənin tətbiqi nəzərdə tutulurmu?


- Qanunvericiliyə əsasən daimi və ya müvəqqəti yaşamaq üçün müraciət edən şəxslər, eyni zamanda 5 il fasiləsiz ölkə ərazisində yaşayan şəxslər vətəndaşlıq üçün müraciət edə bilir. Bizdə çox liberal, hüquqi yanaşma sərgilənir. Başqa ölkələrdə vətəndaşlıqla bağlı şərtlər daha sərtdir. Bizdə fərqli yanaşma mövcuddur. Çox zaman Türkiyə və Böyük Britaniya üsulu gündəmə gəlir. Ancaq biz maraqlıyıq ki, Azərbaycan vətəndaşı olmaq istəyən şəxs təkcə 500 min manat məbləğində vəsait yatırmış olmasın, eyni zamanda, cəmiyyətə tam inteqrasiya olunsun. İndi elə bir zərurət yoxdur ki, biz onların daha intensiv vətəndaşlıq almasına əlavə imkanlar yaradaq. Ümumiyyətlə, vətəndaşlıq üçün müraciət olunanda biz soruşuruq ki, daimi yaşamaq üçün sənəd almısan, problemsiz əmək fəaliyyəti ilə məşğul ola bilərsən, bir vətəndaşlığın olmadan digər hüquqlardan yararlana bilərsən, bəs nə üçün məhz vətəndaşlıq istəyirsən? Həmin insanlar bunu belə əsaslandırır ki, başqa ölkəyə Azərbaycan vətəndaşı kimi getmək istəyir. Eyni zamanda, vətəndaşlığın ona hansı imkanlar yaratdığından bəhs edir. Belə olan halda şəxsin müraciətinə baxılır və müsbət həll olunur.


- Pandemiyadan sonra Azərbaycandan deportasiya edilənlər olubmu? 


- Pandemiya dövrü başlayandan ölkədən məcburi çıxarılma dayandırılıb. Pandemiyadan əvvəl öz ölkələrinə göndərilənlər əsasən Azərbaycanın miqrasiya mübadiləsi olan ölkələrin vətəndaşları olub. Yəni daha çox qonşu ölkələrə deportasiya edilənlər olub. Elələri də olub ki, üçüncü ölkədən Azərbaycana gəlib və bundan sonra həmin üçüncü ölkəyə deport edilib. Mütləq deyil ki, öz ölkəsinə çıxarılsın. Ancaq yenə deyirəm, son iki ildə belə hallar baş verməyib.


- Bəzən mətbuatda ölkəmizə sığınan miqrantların əməyindən sui-istifadə hallarına yol verilməsi ilə bağlı xəbərlərə rast gəlirik. Belə xoşagəlməz durum barədə nə deyə bilərsiniz?

 

-10-15 il əvvəl Azərbaycanla bağlı belə iddialar gündəmə gəlmişdi. Zaman-zaman bu cür fikirlər müəyyən dairələrdə dolaşır. Yeri gəlmişkən qeyd edim ki, biz müraciət görən kimi dərhal reaksiya veririk. Zəruri addım atıb, həmin şəxsin hüquqlarını müdafiə edirik. Təbii ki, DMX, Əmək Müfəttişliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin digər qurumları, DİN-in qeyri-qanuni miqrasiya ilə məşğul olan müvafiq qurumu əlaqələndirilmiş şəkildə bu istiqamətdə zaman-zaman tədbirlər həyata keçirirlər. Biz maarifləndirici tədbirləri görürük. Şəxsən İctimai Şuraya belə halın olması barədə müraciət edilməyib. 
 

- Belə fikirlər də səsləndirilir ki, ictimai şuralar təmsil olunduqları qurumların müdafiəçiləri rolunda çıxış edir. Xüsusilə media ilə təmaslarda bu kimi məqamlar daha çox özünü biruzə verir. 

 

- Mən düşünürəm ki, bizim Şuranın media ilə əlaqələri yaxşıdır. Aşağı-yuxarı əməkdaşlıq etdiyimiz 10-dan çox xəbər saytı var. Biz o saytlar vasitəsilə informasiyaları bölüşürük. Digər tərəfdən bizim özümüzün PR yanaşmamız var. Bir neçə saytla yaxından əməkdaşlıq etdiyimiz üçün bizim informasiyalar geniş auditoriyaya çatdırılır. Əsasən də miqrantlara çatdırılır. Ümumilikdə zəruri informasiyaların, yeniliklərin miqrantlara çatdırılması media vasitəsi ilə həyata keçirilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu