Modern.az

“Bizi Nizaminin “Leyli və Məcnun”u birləşdirir” - Səfirlə MÜSAHİBƏ

“Bizi Nizaminin “Leyli və Məcnun”u birləşdirir” - Səfirlə MÜSAHİBƏ

10 İyun 2022, 10:40

“Biz tərəfsizik, müharibənin olmasını istəmirik”

 

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyr Modern.az-ın “Səfirlə söhbət” rublikasının qonağı olub.


Onunla söhbəti təqdim edirik:

 

-   Cənab səfir, bir neçə ildir ki, Səudiyyə Ərəbistanı Krallığını ölkəmizdə təmsil edirsiniz. Hazırki dönəmdə Azərbaycan Səudiyyə Ərəbistanı əlaqələrini necə qiymətləndirirsiniz?

 

-  Səudiyyə Ərəbistanı - Azərbaycan münasibətləri ən çox seçilən əlaqələrdəndir və bu əlaqələr qardaş Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi vaxtdan başlayıb. Hər iki rəhbərliyin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə siyasi təmasların möhkəm və sabitlik səviyyəsinə təsir edən xüsusi əlaqələri var, biz beynəlxalq təşkilatlarda da qarşılıqlı dəstəyi görürük. Bütün bunlarla yanaşı, iki qardaş xalqı birləşdirən əlaqələr də var ki, bu da turizm, siyasi, iqtisadi və maliyyə sahələrinə müsbət təsir göstərir.

 

Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasında münasibətlərin möhkəmlənməsinə töhfə verən bir sıra sazişlər və anlaşma memorandumları bağlanır. Həmçinin hər iki ölkənin bazarlarında mühüm və nüfuzlu investisiya layihələri var.


Son dörd il ərzində hökumətlər arasında çox yüksək səviyyədə səfərlər olub, bu səfərlər vasitəsilə münasibətlər, qardaşlıq əlaqələri güclənib. Siyasi koordinasiya iki ölkəni əlaqələndirib və vahid qərarlar şəklində bir araya gətirib. Bütün bunlar hər iki ölkəyə və onların xalqlarına xidmət etmək məqsədi daşıyır.

 

 

- Azərbaycanla Səudiyyə Ərəbistanı hər ikisi neft ölkəsidir. Bəs ölkələrimizin qeyri-neft sektoru sahəsində münasibətləri hansı səviyyədədir?

 

-  Səudiyyə Ərəbistanı Krallığı neft sahəsində dünyanın aparıcı ölkələrindən biridir, çünki bu ölkə qaz və neft sahəsində də aydın mövqeyə malikdir. İki ölkə neftin qiymətinin, sabitliyinin koordinasiyasında OPEC və OPEC+ təşkilatları vasitəsilə mühüm rol oynayır. Hər iki ölkə bu vacib sahədə həmişə bir yerdə olub. Bu yaxın əlaqələrə əsaslanaraq, Krallıq Azərbaycan Respublikası ilə özəl və ictimai sahədə sənədlərə imza atıb. 

 

İqtisadi və investisiya sahələrini dəstəkləmək məqsədilə son inkişaflara misal olaraq Abşeron rayonunda bərpa olunan enerji mərkəzi yaradılıb və Xəzər dənizi regionunda bərpa olunan enerji bloklarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda hər iki qardaş ölkə orta və kiçik şirkətləri dəstəkləyir.

 

- Səudiyyə Ərəbistanı Azərbaycanda eyni zamanda təhsil sahəsində layihələr həyata keçiribmi?

 

- Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Ərəb Dili Mərkəzi ilə Bakı Avrasiya Universiteti arasında tərəfdaşlıq mövcuddur. Bu mərkəz ərəb dilini öyrətmək və hər iki dildə kitabların tərcüməsinə kömək etmək məqsədilə universitetə bir çox sahələrdə dəstək verir. Bu da həm Səudiyyə, həm də Azərbaycan mədəniyyətlərinə xidmət etmək üçün vacibdir. 

 


- Bildiyimiz kimi, son illərdə Səudiyyə Ərəbistanı vətəndaşlarının ən çox səyahət etdiyi ölkələrdən biri də Azərbaycandır. Ölkəmizə gələn turistlərin sayında artım varmı? 

 

-  Səudiyyə Ərəbistanının turizmi əvvəlki illərdə artmışdır ki, bu da Səudiyyə və Azərbaycan aviaşirkətləri üçün birbaşa uçuşları asanlaşdırmaq və turizmə müvafiq şərait yaratmaqla iki səlahiyyətli orqanın davamlı dəstəyi ilə həyata keçirilir. 2019-cu ildə Azərbaycana gələn səudiyyəli turistlərin sayı pandemiyadan əvvəl təxminən 113 000-ə çatıb. 2022-ci ilin birinci rübündə Səudiyyə Ərəbistanı turizmində artım 20,4 faiz təşkil edib.

 

- Cənab səfir, artıq bir neçə ildir Azərbaycanda fəaliyyət göstərirsiniz. Bu illər ərzində hansı bölgələrimizdə olmusunuz? Təəssüratlarını bilmək istərdik...

 

-   Demək olar ki, Azərbaycanın əksər şəhərlərində, o cümlədən Şəki, Qəbələ, Gəncə, Balakən, Zaqatala, Qax, Quba, Qusar, Füzuli və başqa gözəl şəhərlərdə olmuşam. Bunların əksəriyyəti səfirliklə Şəhər İcra Hakimiyyətinin başçıları və oradakı səlahiyyətli şəxslər arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə rəsmi səfərlər olub. Bundan əlavə, ən əsası Şuşa və gözəl Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərində, demək olar ki, bütün şəhər və kəndlərində olmuşam.

 

-  Bəs ölkələrimiz arasında hansı fərqləri müşahidə etmisiniz?

 

-  Mədəniyyətlərimiz arasında demək olar ki, heç bir əsaslı fərq yoxdur, çünki hər iki ölkə iki görkəmli liderliyə, bir dinə və eyni mədəniyyətə malikdir. İkitərəfli, plüral siyasi mövqeləri sabitdir və hər iki ölkənin yerləşməsinin əhəmiyyəti, qlobal rolu həm regionda, həm də dünyada həlledicidir. 

 

Bundan başqa, iki ölkəni bir mədəniyyətin birləşdirdiyinə ən yaxşı sübut Azərbaycanın böyük şairi Nizami Gəncəvinin Ərəbistan yarımadasında (Səudiyyə Ərəbistanı) cərəyan etmiş hadisələr barədə əvəzsiz “Leyli və Məcnun” əsərini yazmasıdır.


Qeyd edək ki, şair yerli bölgədə olmayan bir əhvalatdan danışıb. Bundan başqa, əsərində hekayənin cərəyan etdiyi bölgə ilə mədəni əlaqəyə maraq göstərir.

 


 

- Səudiyyə Ərəbistanının Cənubi Qafqazda birgə layihələri varmı?


-  Səudiyyə şirkətləri vasitəsilə Qafqaz regionunda ölkəmizin müxtəlif investisiyaları var. Xüsusilə Azərbaycana gəlincə, Krallığın enerji sahəsindən başqa bir sıra sahələrə sərmayə qoyan “Aramco” və “Acwapower” kimi şirkətlərinin rəsmi ofisləri var. Krallığın Azərbaycanda investisiyaları olan orta və kiçik şirkətlər də mövcuddur.

 

- Sonda dünyanın gündəmində olan bir məsələyə də diqqət çəkmək istərdik. Səudiyyə Ərəbistanının Rusiya ilə Ukrayna müharibəsinə münasibəti necədir?

 

-  Krallıq ölkələr və qitələr arasında müharibələrin olmasını istəmir və bu məsələdə tərəfsiz qalır. İlk növbədə xalqların xeyrinə iki ölkə arasında sülhün bərqərar olacağına ümid edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı