Modern.az

Kəlbəcərin İstisuyu neftdən də dəyərlidir - MÜSAHİBƏ (VİDEO)

Kəlbəcərin İstisuyu neftdən də dəyərlidir - MÜSAHİBƏ (VİDEO)

Müsahibə

27 İyun 2022, 17:10

30 ilə yaxın işğal altında qalan Kəlbəcər bu gün də Azərbaycanın ən dilbər guşələrindən biridir. Buradakı yeraltı və yerüstü sərvətlərimiz illərlə erməni vandalları tərəfindən istismar olunaraq talanıb. 44 günlük müharibə nəticəsində Azərbaycan öz sərvətlərini də düşmən əsarətindən azad edərək, onları əsl sahiblərinə qaytarıb.  Artıq işğal, müharibə dövrü geridə qalır. İndi bütün diqqətlər doğma Qarabağımızın yenidən qurulması işlərinə yönəlib.  

 

Böyük Qayıdış ərəfəsində Kəlbəcərin “İstisu” sanatoriyasının tikintisinə başlanılıb. Ötən gün Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.  Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verib.

 

Bildirilib ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

 

Bundan əlavə, diqqətə çatdırılıb ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.

 

Kəlbəcərin İstisuyu nəinki ölkəmizdə, hətta regionda dillər əzbəridir. Bu suyun faydaları saymaqla bitməz. Hətta sovetlər dövründə istisuyun istismarına xüsusi diqqət yetirilib. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilib. Burada hər il 50 min nəfər müalicə olunub və istirahət edib. 

 

1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutğun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra sanatoriya tamamilə dağıdılıb. Düz 29 ildən sonra İstisu sanatoriyasının yenidən qurumasına start verilib. 

 

Sovet dönəmində bir çox azərbaycanlı mühəndis bu sanatoriyada çalışıb. Onlardan biri peşəkar mühəndis-mexanik Məmməd Hacıyev olub. 

 

Onunla söhbətimiz zamanı Kəlbəcərin azad olunması, qayıdış prosesi, yeni inşa olunacaq İstisu sanatoriyasının ölkəmiz üçün turizm əhəmiyyəti və digər maraq doğuran mövzulardan danışdıq..

 

Məmməd Hacıyevin Modern.az-a müsahibəsini təqdim edirik:

 

- Kəlbəcərin işğaldan azad edilməsi xəbərinə necə reaksiya verdiniz? Əvvəlcə, bununla bağlı təəssüratlarınızı bilmək istərdik...

 

- Kəlbəcərin azad edilmə xəbərini eşidəndə sevincimdən oynadım, atıldım-düşdüm. İnanın hələ bu qədər sevincli xəbər almamışdım. Həyatımın ən sevincli xəbəri oldu.

 

- Kəlbəcərə ilk ziyarərətinizdə nələri etməyi planlaşdırırsınız?

 

- Ata-anamın qəbrini ziyarət etmək, kəndimizi gəzmək, işlədiyim zavoda baş çəkmək istəyirəm. O zavodda işləyən yoldaşlarımla hələ də əlaqəm var. Gəncədə, Mingəçevirdə olan yoldaşlar da Kəlbəcəri gedib gəziblər. Mən isə hələ getməmişəm. Ömrüm vəfa etsə gedəcəm.

 

- Doğma yurdunuza qayıtmağa hazırsınızmı?

 

- Bu dəqiqə icazə verilsə, gedib orada yaşayaram. Mən Xırdalanda yaşayıram və həmişə dincəlmək üçün şimal zonasına - Quba və Qusara gedirəm. Daha oralara da marağım yoxdur. İcazə versələr, elə öz doğma yurduma gedərəm. 

 

- Ötən gün cənab Prezidentin Kəlbəcərə səfəri oldu. Yəqin ki, siz də izlədiniz. Səfər zamanı mühüm açıqlamalar oldu...

 

- Prezident Kəlbəcərin böyük potensialını gördü və bunu yüksək qiymətləndirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz 44 gündə ərazilərimizi işğaldan azad edib. Digər ərazilərlə yanaşı Kəlbəcərin də dirçəldilməsi istiqamətində işlər görülür. Eyni zamanda azad olunmuş ərazilərin inkişafı üçün investisiyaların qoyulmasına çalışılır.  “İstisu” sanatoriyasının təməlinin qoyulmasını görəndə fərəhləndim, keçmiş çağlar yadıma düşdü. Bu yaşımda belə orada işləməyə hazıram. 

 

- Göründüyü kimi, artıq Kəlbəcər dirçəlir və tezliklə regionun turizm mərkəzinə çevriləcək. Bu baxımdan “İstisu” sanatoriyası xüsusi əhəmiyyətə malikdir...

 

- Kəlbəcər Allahın bizə bəxş etdiyi nemətdir. Buranın altı da, üstü də sərvətlə zəngindir. Kəlbəcərin mineral su ehtiyatları dünyada məşhurdur. Mən uzun illər “İstisu”da işləmişəm. Bir neçə səmərəli təkliflər vermişəm. Hətta deyərdim ki, Kəlbəcərin istisuyu neftdən də dəyərlidir. Bunu tam əminliklə deyirəm. Hazırda ən bahalı benzinin bir litri 1.70 qəpikdir. Həm də neft tükənən sərvətdir, su isə tükənməzdir. İstisu mineral suları 1138-ci ildən axır. Hələ də tükənmir. Ora böyük kapital ayırıb xalqımızın, dövlətimizin istifadəsinə vermək lazımdır. 

 

- Bəs, ümumilikdə Kəlbəcərin turizm potensialını necə dəyərləndirirsiniz?

 

- Hazırda Kəlbəcərdə quruculuq işləri sürətlə həyata keçirilir. Orada böyük tunellər çəkilir. Yol infrastrukturu bərpa olunur. Sanatoriya və digər müəssisələr tikilir ki, bu da Kəlbəcərin dirçəlməsinə səbəb olacaq. Quruculuq işlərinin belə möhtəşəm formada həyata keçirilməsi turizm sektorunun canlanmasına gətirib çıxaracaq. Kəlbəcərin həm də təbii gözəlliyini nəzərə alsaq, buna heç bir şübhə yoxdur. İşlər tam başa çatandan sonra Kəlbəcər turizm mərkəzi kimi dünyada tanınacaq. 

 

- Kəlbəcərin strateji əhəmiyyəti barədə nə deyə bilərsiniz?

 

- İndi yeni hərbi hissələr tikilir. Bundan əvvəl də hərbi hissələr olub. Çünki Laçın və Kəlbəcər rayonları əsas hərbi strateji bölgələrimizdir. Məhz buna görə mənfur düşmənlərimiz bu əraziləri əldən vermək istəmirdi. Ancaq müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz tarixi torpaqlarımızı işğaldan azad etdi. Bundan sonra  əsas vəzifəmiz torpaqlarımızı qorumaqdır. Mənfur düşmənə bir daha icazə vermərik ki, torpaqlarımıza ayaq qoysunlar. Kəlbəcər və digər ərazilər əbədi bizim olacaq, heç kimin buna şübhəsi olmasın.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi