Modern.az

"Bütün insanlar səhv edir" - Qırğızıstanın devrilmiş prezidenti Əsgər Akayevlə MÜSAHİBƏ

Müsahibə

1 İyul 2022, 13:02

Qırğızıstanın ilk prezidenti Əsgər Akayev bu günlərdə Qazaxıstana səfər edib, Almatı və Nur-Sultan şəhərlərini gəzib.

Hazırda Qazaxıstanda olan Ə.Akayev “Tengrinews.kz” saytına müsahibə verib. O, prezidentlik dövründə yol verdiyi səhvlərdən və bu gün cərəyan edən proseslərdən və digər məsələlərdən danışıb.

Modern.az saytı eks-prezidentlə müsahibəni tərcümə edərək, kiçik ixtisarla oxucuların diqqətinə çatdırır.

Arayış: Əsgər Akayev 1944-cü il noyabrın 10-da Qırğızıstanın Çuy vilayətinin Kemin rayonunun Qızıl-Bayrak kəndində anadan olub. Əmək fəaliyyətinə 1961-ci ildə Bişkekdəki "Frunzemaş" zavodunda mexanik kimi başlayıb. 1990-cı il oktyabrın 27-də Qırğızıstan parlamenti növbədənkənar iclasında Əsgər Akayevi ölkə prezidenti seçib. 1991-ci ilin oktyabrında (seçkilərdə) və 1994-cü ilin yanvarında (referendumda) prezidentin səlahiyyətləri bir daha təsdiq edilib.

 

1995 və 2000-ci illərdə Əsgər Akayev yenidən Qırğızıstan prezidenti seçilib. 2003-cü ildə referendumda onun prezident səlahiyyətləri yenidən təsdiq edilib.

 

24 mart 2005-ci ildə Ə.Akayev “Tülpan inqilabı” adı almış etirazlar nəticəsində devrilib və o, Qırğızıstandan Rusiyaya qaçıb. Əsgər Akayev 2005-ci ildən bu günə kimi Lomonosov adına Moskva Dövlət Universitetində elmi işçi olaraq çalışır.
 

- Əsgər Akayeviç, siz 16 ildən sonra ilk dəfə Qırğızıstana gəlmisiniz. İndiki hakimiyyət tərəfindən sizə qarşı hər hansı iddia varmı?
 

- İndiki hakimiyyət tərəfindən mənə qarşı heç bir iddia yoxdur. Ancaq keçmişdə belə idilər.

 

2021-ci ilin yazında hazırkı prezident Sadır Japarov mənə zəng edib dedi ki, “Əsgər Akayeviç, keçmişdə sizə qarşı bəzi iddialar olub, mən onlarla tanış olmuşam, hamısı uydurma ittihamlardı. Sizin üçün Vətənə yol açıqdır və ədalətə zəmanət verirəm”.

 

Prezident özü zəng etdiyindən mən cavab verdim: “İndi bilet alıb, sabah uçuram”.

 

Gəldim, bir həftə Qırğızıstanda qaldım. Bütün iddialar üzərimdən silindi. Analiz etdilər, yoxladılar, sonra ikinci dəfə gəldim... İndi sərbəst şəkildə vətənimə gələ bilirəm.
 

- Sizi “Kumtor”la bağlı axtarışa vermişdilər?
 

– Bəli, iddialar əsasən “Kumtor” (Mərkəzi Asiyanın ən böyük yüksək dağ qızıl yatağı) ilə bağlı idi. Amma hamısı qondarma iddialar idi.

 

Əslində, “Kumtor”un təşəbbüskarı mən olmuşam. Qızıl adətən iqtisadi artıma xidmət etmir. Qızıl ehtiyatı maliyyə sisteminin və valyutanın sabitliyini qorumaq üçün tələb olunur. 1993-cü ildə valyutanı ilk dəfə biz dövriyyəyə buraxdıq, bəs onu necə dəstəkləmək olar? Bizim bir sentimiz, ümumiyyətlə, beynəlxalq valyutamız yox idi. Buna görə ehtiyat nüsxəsini çıxarmaq lazım idi. Qırğızıstanda qonşularınkı kimi neft, qaz yoxdur.

 

Milli valyutanı dəstəkləmək üçün qızıl ehtiyatımız olmalı idi. Ona görə də 1990-cı illərdə biz məcburən onu yaratmağa cəhd etdik və buna nail olduq, baxmayaraq ki, yatağn istismarı üçün investor tapmaq çox çətin idi.

 

Qızılın, neftin, qazın qiymətləri həmişə tsiklik olaraq dəyişir. 1990-cı illərdə neft və qızılın qiyməti aşağı idi. Ancaq 2000-ci illərin əvvəllərindən etibarən onlar yüksəldi. İndi neft və qızıl qiymətləri bu onilliyin qalan hissəsi üçün yaxşı olacaq və sonra yenidən tənəzzül olacaq. Mən prezident olanda qızılın qiyməti çox aşağı idi.
 

Bir misal çəkim: 1990-cı illərdə, on il ərzində beynəlxalq birjalarda qızılın orta qiyməti bir unsiya üçün təqribən 350 dollar, çətin şəraitdə bu yüksəklikdə yerləşən “Kumtor”da qızılın çıxarılmasının dəyəri isə 300 dollar idi...

 

Ona görə də heç bir investor razılaşmadı. Onda mən Kanada hökumətindən dəstək istədim... Biz bir Kanada şirkəti tapdıq, əslində o zərərlə işləyirdi. Amma bütün qızıl hasilatı şirkətləri xəbərdar idilər ki, orada böyük qızıl ehtiyatı var.

 

Mən prezident olduğum müddətdə qızıldan nə Kanada şirkəti, nə də Qırğızıstan üçün böyük dividendlər oldu. 2000-ci illərin əvvəllərində neftin qiymətləri qalxdı, 2005-ci ildən isə qızılın qiyməti qalxdı. Bu gün qızılın unsiyası təxminən 2000 dollardır, yəni böyük qazanc əldə edirlər.

 

Qızıl 2005-ci ildən Qırğızıstana və iqtisadiyyata işləməyə başladı, mənim prezidentliyimdən sonra ölkəyə qazanc axdı... Bütün işləri mən gördüyüm halda tənqid olundum.
 

- İndi sizə qarşı bütün ittihamlar silinib?
 

- Bəli. Heç bir əsas olmadığı üçün bütün ittihamlar üzərimdən götürüldü.

 

Hesab edirəm ki, hazırkı prezident “Kumtor”u almaqla düzgün iş görüb. Çünki ilk vaxtlar əsas razılaşmada deyilirdi ki, 10 il uğurlu fəaliyyət göstərdikdən və yaxşı rentabelliyə çatdıqdan sonra Kanada şirkəti layihəni tam həcmdə respublikaya qaytaracaq. Amma sonrakı liderlərin dövründə bu baş vermədi.

 

Bu şirkətin ilk 10 ilinin bütün incəliklərini bildiyim üçün onlara kömək etdim. Prezident Sadır Jarapova minnətdaram ki, o, müsahibələrinin birində demişdi: “Mən və Əsgər Akayev bütün iddiaları aradan qaldırdıq, üstəlik, o, gəlib bizə ifadəsi ilə kömək etdi”.


- Əsgər Akayeviç, Sadır Japarov sizdə hansı təəssürat yaratdı?

 

- Yaxşı. O, konstruktiv, pozitiv insandır, Qırğızıstanın iqtisadiyyatını birtəhər irəli aparmaq istəyir, məhz bu məqsədlə “Kumtor”u götürüb. İndi böyük elektrik stansiyası tikməyə başlayırlar, çünki Qırğızıstanın onsuz da enerji gücü yoxdur. Biz bir vaxtlar ixracatçı idik, hətta 90-cı illərdə, 2000-ci illərin əvvəllərində Qazaxıstana, Özbəkistana elektrik enerjisi ixrac edirdik... Bu gün isə Qırğızıstan idxalçıya çevrilib. Əksinə, elektrik enerjisi çatışmır. Ona görə də elektrik stansiyasının tikintisi çox vacibdir.

 

Paralellik aparmaq istəyirəm. Qazaxıstanda tarixi referendum keçirildi və hakimiyyətin forması super-prezidentlikdən prezidentlik-parlamentliyə qədər dəyişdi, liberallaşdı. Parlament seçkiləri daha demokratik olacaq, xalqdan birbaşa seçkilər vasitəsilə yeni qüvvələrin axınına yol açıqdır və bu, çox gözəldir.

 

Qırğızıstanda isə 10 il əvvəl səhv etdilər - dərhal parlament idarəetmə formasına keçdilər. İndi heç bir Mərkəzi Asiya respublikası hələ parlament forması üçün yetişməyib.

 

Baxın İsveçrəyə, oradakı prezidentləri heç kim tanımır. Orada parlament idarə edir, prezidentlər hər il dəyişir. Sizin bir prezidentin adını xatırlamağa vaxtınız yoxdur, başqası gəlir. Amma prinsipcə hər şey saat mexanizmi kimi işləyir, çünki orada bunun formalaşması 500 il çəkdi, bizdə isə anarxiya başladı.

 

Ona görə də Sadır Jarapovun konstitusiya islahatı aparmasını düzgün hesab edirəm. Qırğızıstan soldan mərkəzə, prezident-parlament üsul-idarəsinə keçdi... Qazaxıstanda isə sağdan ortaya keçid edildi.

- Bütün olanlara rəğmən vətənə gələ bildiniz, Qırğızıstanda qalmaq istəyiniz varmı?
 

– Təbii ki, Qırğızıstana qayıtmaq məqsədim var, axı mən artıq kifayət qədər yaşlanmışam. İnsanlar yaşlaşanda istəyirlər ki, dünyadan köçərkən doğma yerlərində dəfn olunsunlar.

 

Amma yaradıcı qüvvələr olduğu halda, mən işləmək istəyirəm, çünki mən Moskva Dövlət Universitetinin alimlər komandasına çox yaxşı inteqrasiya etmişəm. Həqiqi elmi nəticələr əldə etmək üçün isə güclü insanların yanında işləmək lazımdır.

 

Belə bir mühit lazımdır... Halbuki, Moskvada da özümü çox rahat hiss edirəm.
 

- Keçmişə nəzər salsaq, prezidentlik dövründə hansı səhvləri görürsünüz? Nəyisə düzəltmək istərdinizmi?
 

- Hesab edirəm ki, səhv etməyən liderləri tarixdə tapmaq yəqin ki, mümkün deyil. Axı bütün insanlar səhv edirlər.

 

Çinlilər çox müdrik insanlardır. Mao Tsedun siyasi karyerasını bitirəndə onu tənqid etməyə başladılar, Maonun fəaliyyətinin üstündən tamamilə xətt çəkmək istədilər. Mao tərəfindən iki dəfə həbs edilən və yenidən təhsil almaq üçün kəndə göndərilən sağ əli Den Syaopin dedi: "Mao 75 faiz doğru, 25 faiz səhv idi. Buna son qoyub irəli gedək". Onun müdrik sözlərinin mənası isə milyardıncı Çin əhalisinin önə  baxmasıdır.

 

O vaxtdan bəri, 40 ildir ki, onlar o qədər sürətlə irəliləyirlər ki, bu gün artıq dünyanın demək olar ki, birinci iqtisadiyyatı olan Amerikanı geridə qoyublar. İnsanların irəliyə baxması çox vacibdir.

 

Təbii ki, səhvlərim olub. Çünki mən siyasətçi deyildim, 1990-cı illərə qədər peşəkar alim idim. Sovet İttifaqında milli akademiyanın ən gənc prezidenti idim. Elm üçün çox şey edə bildiyim ən yaxşı 15 ili itirdiyimi düşünürdüm, amma elə oldu ki, prezident seçildim.

 

Oş faciəsi yaşadıq. Hər yerdə adətən kommunist liderlər prezident olurdu, amma bizimkilər seçilə bilmirdi, çünki Oş hadisələri onun önünü kəsmişdi. Məni seçdilər. Madam ki, xalq etimad etdi, mən məcbur oldum, bütün gücümü, biliyimi, bacardığım hər şeyi sərf etdim.

 

Yaxşı, siyasəti öyrənmək lazım idi. Mən Nursultan Abişeviç Nazarbayevdən öyrənmişəm, o, daha təcrübəli idi, siyasi liderdir, ömrü boyu bunun üçün çalışıb. İslam Abduqaniyeviç Kərimovdan (Özbəkistanın ilk prezidenti) öyrənmişəm, o da peşəkar siyasətçi idi. Öyrəndim, səhv də etdim, məsləhətləşdik, düzəltdik, ona görə deməyəcəyəm ki, səhvsiz olmuşam.
 


 

- Heç nə etməyən səhvə yol vermirmi?
 

- Bax, siz yaxşı dediniz. Axı biz bir çox islahatlar həyata keçirdik, xüsusən də öz valyutamızı buraxdıq.

- Mərkəzi Asiya demokratiyaya hazırdırmı?
 

- Niyə də yox? Mən hesab edirəm ki, qırğızlar, qazaxlar hələ qədim zamanlardan köçəri “hərbi demokratiyaya” yiyələnmiş malik iki xalqdır.
 

– Bəlkə Mərkəzi Asiya ölkələri daha çox iqtisadi məsələlərə diqqət yetirməlidir?
 

- Düşünürəm ki, siyasət və iqtisadiyyat bir-birinə qarışmalıdır.

 

Bax Mixail Sergeyeviç Qorbaçov, mən ona dərin hörmətlə yanaşırdım, böyük insandır. O, çox görkəmli işlər görsə də, eyni zamanda səhvə yol verdi, yenidənqurmaya, söz azadlığına şərait yaratdı. Bunlar isə SSRİ-nin çökməsilə nəticələndi.

 

Bu gün Qazaxıstanda başlayan islahatlar mənim çox xoşuma gəlir. Siyasi liberallaşma, siyasi islahatlar, parlament seçkiləri və hökumətin parlament qarşısında hesabatlılığı. Bundan başqa, prezidentin səlahiyyətlərini balanslaşdırmaq... Bunlar çox yaxşıdır.

 

Qazaxıstanda bazarın transformasiyası çox uğurlu olub. Prezident Kasım-Jomart Tokayev hökumət qarşısında texnoloji sıçrayış vəzifəsini qoyur ki, Qazaxıstan iqtisadiyyatı və yeni innovativ sənayelər zənginləşsin. O, qarşıya vəzifə qoyub ki, daha çox mühəndis yetişdirilməli, texnoloji sıçrayış edilməlidir ki, Qazaxıstan iqtisadiyyatında möhkəm rəqəmsal sənaye olsun.

- Nursultan Nazarbayevin 2019-cu ildə istefaya getməsi və hakimiyyəti Kasım-Jomart Tokayevə ötürməsi ilə bağlı xəbərləri necə qarşıladınız?
 

- Mən bunu çox müsbət qarşıladım. Bu düzgün hərəkətdir.

 

2005-ci ildən sonra elmə qayıdanda siyasətçilərlə nadir hallarda danışırdım, amma biz Nazarbayevlə həmişə telefonla danışa bilirdik...

 

Prezidentlər çox məşğuldurlar, bezdirmək istəmirdim. Yeganə dostluq etdiyim və görüşüb söhbətləşdiyim şəxs Ter-Petrosyan idi (Levon Ter-Petrosyan Ermənistanın ilk prezidenti). Keçən il mən Ermənistanda olmuşam, ona baş çəkmişəm.
 

- Qazaxıstanda çətin günlərimiz, islahatlar dövrümüz var. Bu yaxınlarda referendum keçirildi. Davam edən dəyişikliklərə münasibətiniz necədir?
 

- Ümumiyyətlə müsbət. Hesab edirəm ki, referendum vaxtında keçirildi və ümumilikdə həm Qazaxıstan xalqı, həm də prezident Tokayev şəxsən yanvar böhranından layiqli şəkildə çıxdılar.

 

İndi həqiqətən də yüksək məqsəd müəyyən edilib. Yeni Qazaxıstan - ədalətli, əhatəli, firavan. Bu gözəldir, bu qlobal tendensiyadır, ona görə də Tokayevin fəaliyyəti müsbət qiymətləndirilməyə layiqdir.

 

Axı prezident öz xalqını irəli aparmalı, qarşısına uzunmüddətli hədəflər qoymalıdır. Tərtib edilmiş və düzgün məqsədlər onun əsas vəzifəsidir. O, bu yaxınlarda Sankt-Peterburq İqtisadi Forumunda çıxış edib. Baxdım, dinlədim və hətta fəxr etdim, çünki Kasım-Jomart Kemeleviçi 35 ildən artıqdır tanıyıram. Hələ sovet dövründə də onun yaradıcılığı hər cür tərifə layiq idi. O, Qazaxıstan xalqını düzgün istiqamətə aparır.


- Yeri gəlmişkən, prezident Tokayevin Sankt-Peterburq forumundakı çıxışını necə, bəyənirsiniz?
 

- Onu çox bəyəndim, başqa heç nə gözləmirdim. O, görkəmli diplomatdır, ona görə də cavabları sadəcə qüsursuz idi.
 


- Hazırda Qırğızıstanın əhalisi təxminən 6 milyon nəfərdir ki, onun da 1 milyondan çoxu əmək miqrantıdır. Aktrisamız Samal Eslyamovanın çəkildiyi “Ayka” filmi sadəcə olaraq bu problemi ortaya qoyur.
 

- Baxmamışam, ona görə də bu filmə qiymət vermək mənim üçün çətindir.

 

Moskvada işləyən həmyerlilərimlə mütəmadi olaraq görüşürəm. Onlara Rusiyada böyük rəğbət və tələbat var, çünki qırğızlar rus dilində nisbətən yaxşı danışırlar. Tacikistandan, Özbəkistandan gələn də çoxdur, lakin qırğızlar hələ də sovet dövründən ənənəvi olaraq qazaxlar kimi rus dilində aksentsiz danışırlar.

 

Harada olsam - universitetdə, elmi-tədqiqat institutlarında həmyerlilərimi tapıb görüşürəm. Onlar rus dili və yaxşı təhsil sayəsində yaxşı səviyyədədirlər.

Bəli, 1 milyon əməkçi miqrantımız var. Rusiyada onlara tələbat var, yaxşı pul qazanırlar, qohumlarına kömək edirlər. Onların transfertləri respublika büdcəsinin 33 faizini, bəzən isə az qala yarısını təşkil edir.

Onların ölkəyə böyük faydası var. Rusiyada çoxlu varlı sahibkarlarımız da var, ona görə də ümumilikdə onlar xoşbəxtdirlər.

 

Qırğızıstan iqtisadiyyatı çox kiçikdir və hər kəsi işlə təmin edə bilmir, baxmayaraq ki, hazırkı prezident miqrantları geri qaytaracağını bildirib. Bu, Qırğızıstan iqtisadiyyatı üçün çətin işdir.

 

Qazaxıstanda iqtisadiyyatın miqyası nəhəngdir, ərazisi də böyükdür, demək olar ki, bütün Qərbi Avropa kimi... Qazaxıstanda əhalinin artım tempi yüksək olanda belə gözəl vəziyyət yaranıb. İnsanların, iqtisadiyyatın, elmin, texnikanın inkişaf tempi saydan yox, tempdən asılıdır. Əgər temp yaxşı olarsa, say az olsa belə, dinamik irəliləyiş baş verir. Bax indi Qazaxıstanda belə bir vəziyyət var, təbrik edirəm...


- Ölkələrimiz coğrafi baxımdan qitənin mərkəzində yerləşir. Bizim regionda ABŞ, Çin, Türkiyə, Rusiyanın maraqları var. Yaxın 30 il üçün Mərkəzi Asiya ilə bağlı proqnozunuz nədir? Bizi nə gözləyir?


- Belə bir deyim var ki, insan iki şeyi seçə bilməz - valideyni və qonşunu... Bizim kiçik seçimimiz var, iki böyük qonşumuz var - Çin, Rusiya. İndi dünya çoxqütblü sistemə doğru gedir, indi dövlət yox, sivilizasiya böyük rol oynayır.

 

Çin Hindistan kimi özlüyündə bütöv bir sivilizasiyadır. ABŞ okeanın o tayında - uzaqdadır, baxmayaraq ki, onlar bütün qitələrdəki ölkələrlə qonşu olduqlarını hesab edirlər və təsir etmək istəyirlər.

 

Ölkələrimizin başqa seçimi yoxdur, bizim siyasətimiz Çinlə, Rusiya ilə mümkün olan ən yaxşı münasibətlərə və onlarla birlikdə gələcəyimizi qurmağa yönəlməlidir.

 

Biz istənilən yolla yeni İpək Yoluna daxil olmalıyıq, çünki istəsək də, istəməsək də Çindən uzaqlaşa bilmərik. Bizim strategiyamız aydındır. Bunu, yəqin ki, görkəmli çinşünas olan prezidentiniz Tokayev daha yaxşı başa düşür.
 

- Əsgər Akayeviç, indi nə edirsiniz? Qazaxıstana səfəriniz zamanı hansı məsələləri həll etmək niyyətindəsiniz?


- Son 17 ildə mən doğma işimə qayıtdım, çünki alim olmuşam. Mən indi Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində çalışıram. Orada biz rəqəmsal texnologiyalar üçün riyazi aparat hazırlayırıq. Yeni texnologiyalar yeni riyaziyyat tələb edir.

 

Mən həm də Böyük Pyotr Sankt-Peterburq Politexnik Universitetində Fundamental Tədqiqatlar Mərkəzinin elmi direktoru vəzifəsində çalışıram.

 

Bundan xəbər tutan kimi məni yeni istiqamətlər üzrə mühazirələr oxumaq üçün Əl-Farabi adına Qazax Milli Universitetinə dəvət etdilər...
 

Hazırladı: A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir