Modern.az

"Ukraynadan yüzlərlə azərbaycanlı qaçqın gəlib" - Polşada yaşayan jurnalistlə MÜSAHİBƏ

Müsahibə

19 Avqust 2022, 10:29

Bu gün azərbaycanlıların Avropada üz tutduğu ölkələrdən bir də Polşadır. Bu ölkədə yaşayan soydaşlarımızın həyat tərzi, üzləşdiyi çətinliklər, birgə görülən işlər və s. haqqında Polşada fəaliyyət göstərən jurnalist Cavanşir Məmmədovla söhbətləşdik.
 

Modern.az müsahibəni təqdim edir:
 

- Cavanşir bəy, artıq bir neçə ildir ki, Polşada yaşayırsınız. Orada hansı işlə məşğulsunuz?
 

- Polşada əcnəbilərin İnteqrasiya Mərkəzi ilə əməkdaşlıq edirəm, azərbaycanlıların Polşada sürətli inteqrasiyası üçün onları dil kurslarına, yerli qanunlarla tanışlığa və s. tədbirlərə cəlb edirik. Çünki bu məsələdə bizimkilərin daha çox köməyə ehtiyacı var. Dil, din, mentalitet fərqliliyi bizim bu kimi ölkələrə uyğunlaşmağımızı əngəlləyir. Amma zaman keçdikcə anlayırsan ki, öz din, dil, mədəniyyət və mentalitetini qoruyub saxlamaqla da Polşada yaşamaq olar.
 

- Azərbaycanda jurnalist fəaliyyətiniz olub, bu işi də orada davam etdirirsiniz?
 

- Bəli, Azərbaycanda həm jurnakistika ixtisası üzrə təhsil almışam, həm də 11 il televiziyada aparıcılıq, müxbir və redaktor kimi fəaliyyətim olub. Təbii ki, bu az müddət deyil və həmin sahədən ayrılmaq mənə görə mümkün deyil. "Paslanmamaq" üçün yaşadığım ölkədə səyahət, müsahibə və araşdırma xarakterli videolar çəkir, blogerlik edirəm, Youtube kanalımda paylaşıram. Bu da hardasa jurnalistikaya yaxın sahədir. Bu həm də mənim sevdiyim məşğuliyyətdir. Qısası, jurnalistika qanıma hopub, ondan heç vaxt ayrıla bilmərəm. 
 

- Sizcə, Azərbaycan və Avropa jurnalistikası arasında fərqlər nələrdi?
 

- Polşada jurnalistika daha azad və daha geniş imkanlara malikdir. Məsələn, Polşada fəaliyyət göstərən jurnalist rahatlıqla istədiyi vaxt Fransaya, ya da İtaliyaya gedə bilər, çünki Avropada sərhədlər demək olar yoxdur. Bu da Polşa jurnalistikasını daha üstün edir. Amma bizim elə TV və radiolarımız, eləcə də bəzi peşəkar jurnalistlərimiz var ki, polşalı həmkarları ilə rəqabət apara bilərlər. Əsas məsələ dil bilməkdir: ya polyak, ya da ingilis dili.
Bu yaxınlarda Polşa radiolarının birinə müsahibə vermişdim, radioda demək olar hamısı ingiliscə çox gözəl danışırdılar. Biz jurnalistikada beynəlxaq səviyyəyə çıxmaq istəyiriksə, ən azı ingiliscə bilməliyik. 
 

 - Polşa azərbaycanlıların Avropada üz tutduğu ölkələrdəndir. Orada azərbaycanlılara qarşı münasibət necədir, ayrı-seçkiliklə qarşılaşırsınız?
 

- İstənilən ölkədə əcnəbi ayrı-seçkiliklə qarşılaşır, istər Polşa, istər Almaniya, ABŞ və ya Kanada olsun. Bunu orda yaşayan soydaşlarımız təsdiqləyərlər. Amma bu böyük problem deyil, çünki ayrı-seçkiliklə qarşılaşanlarla çox söhbət etmişəm, onların çoxsu vətənlərində gördükləri, öyrəşdikləri doğmalığı burda görə bilmir, nəticədə bunu "fərqli münasibət" kimi dəyərləndirirlər. Çünki Azərbaycandakı insanlar arasında Qərb ölkələrindəkinə nisbətən daha isti münasibət var, burda isə insanlar hardasa soyuqqanlıdır, hətta öz soydaşlarına qarşı. Polşada bu normaldır. Məsələn, əsasən dövlət idarələrində bununla rastlaşırsan, amma yolda kimdənsə kömək istəsən çox vaxt yardım etməyə çalışırlar. Hətta Polşaya yeni gələn vaxtlarımda birindən qatara bileti necə almağı soruşdum, elə bildi ki, bilet almağa pulum yoxdur, öz kartı ilə mənə bilet almaq istəyirdi. Bunların hamısı Polşaya hörməti bir qədər də artırır. Ümumiyyətlə, xaricə üz tutmazdan qabaq oranın mədəniyyəti və mentaliteti barədə araşdırmaq, orda yaşayanlardan məsləhət almaq daha yaxşı olar. 
 

- Polşada Azərbaycanın tanıdılması üçün soydaşlarımızla birgə hansı işlər görülür?
 

 - Məncə, Polşada azərbaycanlılar arasında olan birlik heç bir xarici ölkədə yoxdur. Bu mənim fikrimdir. Azərbaycan mədəniyyətinin tanıdılması, tarixi günlərin təbliği, eləcə də soydaşlarımıza dəstək baxımından diaspor işi, səfirlik, dərnəklərimiz, cəmiyyətlərimiz, fərdi şəxslər çox aktivdir. Bununla bağlı bir neçə videom da var. Məsələn, Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində milyonlarla qaçqın Polşaya pənah gətirdi. Onların arasında yüzlərlə soydaşımız da var idi. Baxmayaraq Polşa hökuməti hər bir qaçqına düşərgədə yer ayırmışdı, bizim fəallarımız əsasən Krakov və Varşvada sərhəddən azərbaycanlıları gətirib xüsusi evlərdə yerləşdirirdilər. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli, "Xarı Bülbül" Dünya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Muxtar Şeyxzamanlı, fəallarımızdan Hüseyn Salehov, Saleh Sabirli, Ülkər Əzizova və çox sayda digər həmyerlimiz Ukraynadan qaçqın düşən soydaşlarımıza gecə-gündüz dəstək oldular. Yerləşmək, qidalanmaq məsələlərini həll etdilər. Ümumiyyətlə, başqa məsələlərdə də daim birlik hiss olunur. Bununla bağlı bir neçə dəfə çəkiliş də etmişəm. Hər şey göz qabağındadır. Bəli, bəzən hamıya dəstək olmaq mümkün deyil, bu da başa düşüləndir. Çünki hamının problemini həll etmək imkanlar xaricindədir. 


- Polşa həm də ermənilərin çox yaşadığı ölkələrdən biridir. Təxribatlarla qarşılaşırsınızmı?


- Xırda təxribatlar ola bilər, amma çox nadir hallarda. Ən yadda qalanı ikinci Qarabağ müharibəsi zamanı Katoviç şəhərində erməninin pnevmatik tapança ilə soydaşlarımıza qarşı təxribat etməsi oldu. Onun qarşısı alındı, həmin şəxs yerli polis tərəfindən cəzalandırıldı. 

 
- Sizin həmçinin YouTube kanalınız var, Polşada yaşayan azərbaycanlıları tanıdırsınız. Azərbaycanlıları daha çox hansı peşələrlə tanıyırlar?
 

- Azərbaycanlılar əsasən fiziki işlərdə işləyirlər. Amma elə Youtube kanalımdakı videolardan aydın olur ki, xeyr, bizimkilər banklarda, dünyada tanınmış şirkətlərin Polşadakı ofisində, İT sahəsində də çalışır. Polşa üzrə tanınmış aşpazlarımız və s. sahələrdə çox bacarıqlı soydaşlarımız var. Hələ hamısını çəkib göstərməmişəm. Məsələn, Polşa fabriklərindən birinin rəhbəri azərbaycanlıdır, boks üzrə gənclər yığmasının rəhbəri azərbaycanlıdır, hüquqşünas həmyerlilırimiz də var. Onları da sizə təqdim edəcəm. 
 

- Gələcəkdə sizi hansı layihələrdə görə bilərik?
 

- İdeyalar və planlar çoxdur, amma onları həyata keçirmək üçün vaxt və imkan lazımdır. Məsələn, Azərbaycan televiziyalarından biri ilə əməkdaşlıq üçün hər cür imkanımız, avadanlığımız, əlaqələrimiz var.

Çəkilişləri həyat yoldaşımla birgə edirik, indiki vəziyyətdə diqqətimizi ancaq bu işə yönəltmişik.
 

- Uzun müddət Polşada qalmaq istəyirsiz, yoxsa yeni ölkələr kəşf etmək niyyətiniz var?


- Harda davam edəcəyimizi demək çox çətindir. Hələlik Polşada qalmağı düşünürük. Əslində burdan daha güclü iqtisadiyyata malik ölkələrə köçmək çətin deyil. Sadəcə, biz çox köçməyi xoşlamırıq.
 

- Son olaraq, Polşaya gəlmək istəyən azərbaycanlılara məsləhətləriniz nələrdir?
 

- Polşanı seçənlər təhsil üçün gəlsələr, daha yaxşı olar. Bu, bir qədər xərclidir, həm oxumaq, həm işləmək də ağır olacaq. Müvəqqəti çətinlik olsa da, gələcəyə böyük yatırım deməkdir. Çünki hətta təhsil ala-ala ixtisasınız üzrə iş tapıb işləyə bilərsiniz. Təbii ki, təqaüdlü də təhsil almaq olar, amma belədə ingiliscəniz yüksək olmalıdır. Ümumiyyətlə, Polşada Avropa təcrübəsini öyrənib sonra vətəndə tətbiq etmək olar. Bununla ölkəmiz daha çox qazanar.

 

 

Aysel Məhərrəm

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda hazırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir