Modern.az

"Atam istəmirdi ki, onun kimi aktyor olum" - Muxtar Avşarovun oğlu ilə MÜSAHİBƏ

Müsahibə

22 Avqust 2022, 11:47

Estoniyada fəaliyyət göstərən “Rauf Avşar” Kukla Teatrının bədii rəhbəri Rauf Avşarov Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:
 

- Rauf bəy, necə oldu ki, Estoniyada özəl teatr açmağı qərara aldınız?
 

- Balaca olanda atam həmişə özü ilə məni teatra, səfərlərə aparırdı. Bununla da mənim incəsənətə, teatra həvəsim artırdı. Amma atam aktyor olmağımızı istəmirdi. Tallinə köçəndən sonra teatrda işləmək həvəsi məni daha da ilhamlandırdı. Teatrı açmazdan bir il əvvəl rejissorluq dərsləri almışam.
Bizim kukla teatrımız 1996-cı ildə yaradılıb. Mən artıq 26 ildir ki, bu sahə ilə məşğulam. Hər bir tamaşanın əvvəldən sona qədər hazırlığında iştirak edirəm. Bu, özəl teatrdı. Burada müxtəlif ölkələrin - Azərbaycan, İtaliya, Estoniyanın xalq nağılları, folklor nümunələri nümayiş olunur. Hərdən tamaşanın rejissoru oluram, hərdən də aktyor kimi çıxış edirəm. Buna görə də teatr həyatı mənim üçün tamamilə fərqlidir. Elə tamaşa var ki, orada söz olmur, amma hamı tərəfindən başa düşülə bilir. Həyat yoldaşımın da bu işdə zəhməti az deyil. Mən yaradıcıllıq işlərinə baxıram, o isə bizim sənəd işlərmizə baxır.
 

- Uzun illərdir ki, tamaşalar hazırlayırsınız. Sizcə, bu sahənin çətin tərəfləri nələrdir?


- Biz teatr sahəsində çox çətinliklərlə üzləşmişik. Özəl teatr yaratmaq, onun bütün məsuliyyətini öz üzərinə götürmək təbii ki, çətindir. Hansısa ölkəyə dəvət ediləndə maliyyə xərclərini özümüz ödəməli oluruq. Amma buna baxmayaraq fəaliyyətimizi yenə də davam etdiririk. Bu işdə həmçinin bizə Diasporla İş üzrə Dövlət Komitəsi də dəstək olur. Komitənin sədri Fuad Muradovla bir neçə görüşümüz olub. Komitə bizim xarici səfərlərimizin təşkilini öz üzərinə götürüb. Bu, həm bizim, həm də Azərbaycan mədəniyyətinin xaricdə tanınması üçün böyük şansdır.
2016-ci ildə "Əməkdar artist" adı almışam, "Tərəqqi" medalına layiq görülmüşəm. Bununla bərabər, Estoniya Mədəniyyət Nazirliyi tərəfindən də diqqət mərkəzindəyik, təşəkkürnamələr almışıq.
 

- Tamaşalarınızı digər ölkələrdə göstərmək üçün imkanlar olubmu?


- Festivallarda iştirak etmək hər bir teatr üçün yaxşı reklamdır. Çoxusu istəyir ki, özünü Avropada göstərsin. Amma bizim fəaliyyət göstərdiyimiz ölkə elə Avropada yerləşir, uzağa getməyə o qədər də ehtiyac yoxdur. Buna baxmayaraq Norveçdə, Latviyada iştirak etmişik. Digər ölkələrin bizim tamaşalara marağı çoxdur.

 

- Tamaşaçılarınız əsasən, azərbaycanlılar olur, yoxsa digər xalqların nümayəndələri də sizi izləyir? Tamaşalarınız hansı dillərdə hazırlanır?
 

- Estoniyada bir çox xalqın nümayəndələri yaşayır. Orada insanların əksəriyyəti rusdillidir. Onlar deyirlər ki, sizin teatr bizim üçün maraqlıdır. Bizdən xahiş edirlər ki, tamaşaları həmçinin rus dilində hazırlayaq. O zaman biz bunu nəzərə alırıq. Bundan başqa, Azərbaycan və eston dillərində də tamaşalar hazırlamışıq.

 

- Hansı Azərbaycan tamaşaları xarici tamaşaçıların daha çox xoşuna gəlir?


- Ən məşhur tamaşalarımızdan biri “Məşədi İbad”dır. Bu Azərbaycan dilində olur, dil məsələsi çox da problem yaratmır. “Qız Qalası” tamaşası, “Cırtdan”, “Ağ daşın sirri” və s. nağıllarımız xarici tamaşaçılarımızın daha çox xoşuna gəlir. Burda isə artıq dilə ehtiyac yoxdur, hər kəs tərəfindən sevilərək baxılır.
 


- Bəzən elə olur ki, insan çox sevdiyi işdən yorulur, fasilə vermək istəyir. Bəs sizin də teatrdan üz döndərmək istədiyiniz vaxtlar olub?

 

- Qətiyyən yox. Biz bu barədə heç vaxt düşünməmişik. Bəli, maliyyə problemlərimiz olub, amma heç vaxt bu addımı atmamışıq. Teatr bizim üçün başqa aləmdir. Bu aləmi başa düşmək üçün yaşamaq lazımdır. Maliyyəmiz olmasa da, həmişə nəyisə etməyə çalışmışıq. İndi sadəcə gələcəyə baxmaq lazımdır. Əvvəl bizə dəstək olan yox idi. Amma indi hər şey dəyişib. Diaspor Komitəsi bizə xarici festivallarda iştirak etmək üçün yardım göstərir. Ona görə də komitəyə təşəkkür edirik. 

 

- Sizin ikinci eviniz, yəni teatrla bağlı gələcək arzularınız nələrdir?

 

- Mən fəxr edirəm ki, adımın qarşısında "Azərbaycanın Əməkdar artisti" sözü yazılır, səhnəyə çıxanda Azərbaycan sənətkarı deyilir. Bizim arzumuz Avropada Azərbaycanı tanıtmaqdır, bunun üçün çalışırıq. Bizdə həm mədəniyyət, həm də incəsənət var, buna görə də bütün dünya bizi tanımalıdır. Hər zaman Azərbaycan bayrağının yüksəklərdə dalğalanması üçün çalışmışıq. Gələn il Azərbaycan teatrının yaranmasının 150 illiyidir. Çalışacağıq ki, Azərbaycandan kənarda bayrağımızı dalğalandırmaq üçün işlər görək. Artıq bizə bir neçə ölkədən festivalda iştirak etmək təklifləri gəlib. Bunu dəyərləndirməyi planlaşdırırıq.

 

- Siz Azərbaycanda məşhur soyadı daşıyırsınız. Atanız, görkəmli sənətkar Muxtar Avşar filmlərdə, tamaşalarda müxtəlif rollar ifa edib. Sizə görə atanızın ən yaddaqalan rolu hansıdır?


- Çox heyif ki, atam əksər filmlərdə epizodik rollar ifa edib. Bir çox filmdə çəkilib, onlara qiymət vermək çətindir. Amma buna baxmayaraq, “Dəli Kür”də yaratdığı obraz (Allahyarın dostu rolu-red.) mənim üçün əvəzedilməzdi. Atam çox çalışırdı, rolları qısa olmasına baxmayaraq, obrazı yaşasın. 1969-cu ildə həmin film çəkiləndə mən də kiçik bir rolda oynamışam. O zaman atamın rola necə girdiyinin şahidi olmuşam. Məncə, Muxtar Avşarovun ən yaddaqalan rolu budur. Mənim yoldaşım isə atamın “Kişi sözü” filmindəki rolunu çox sevir. 

 

- Atanızla aranızda münasibət necə idi, sizi hansı peşədə görmək istəyirdi, ümumiyyətlə, sizinlə bağlı vəsiyyəti var idimi?

 

- Bəli, var idi. Atam istəmirdi ki, mən də onun kimi aktyor olum. Eşidəndə ki, mən səhnədəyəm, məyus olmuşdu. Amma gördü ki, səhnədə olsam da başqa roldayam, yəni kuklalarla işləyirəm, məni hardasa başa düşdü. Teatrların pərdəarxasındakı atmosfer onun çox xoşuna gəlmirdi. Ona görə də deyirdi ki, bu sənətə girmə, lazım deyil. Mən dedim ki, elə olmayacaq, bu, kukladır, harda göstərirsən göstər. O da razılaşdı. Amma o, ürəyində mənim müəllim olmağımı istəyirdi. Mən əsgərlikdən gələndən sonra universitetə qəbul olundum. Sonra müəllim kimi məktəbdə çalışdım, onda atam çox sevinirdi. O razı idi ki, mən axıra qədər müəllim olum. Amma özü məni 1969-cu ildə film çəkilişinə aparmışdı. Orada rejissorun xoşuna gəlmişdim. Başlanğıc elə oradan oldu.
Yeri gəlmişkən, böyük qardaşım Rza Avşar Əməkdar rəssamdır. Kiçik qardaşım yaxşı gitara çala bilir. Bacım isə müəllim olub. Sənətə bağlı ailəyik.

 

- Sizcə, Avropa və Azərbaycan tamaşaçılarının fərqi nələrdir?


- Biz Estoniyada ilk tamaşamızı nümayiş etdirəndə təəccüblənmişdik. Çünki valideynlər 1-3 yaşlı uşaqları tamaşaya baxmağa gətirmişdilər.  O yaşda uşaq hələ başa düşmürdü biz nə deyirik, amma onlarda teatra bir sevgi formalaşırdı. Azərbaycanda isə belə deyil. Çox istərdim ki, Azərbaycan tamaşaçısı teatra bağlı olsun.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir