Modern.az

Şirin Mirzəyevin xanımı: “Kəlbəcər möcüzədi, kəlbəcərlilər dünyanın ən saf adamlarıdı”

Şirin Mirzəyevin xanımı: “Kəlbəcər möcüzədi, kəlbəcərlilər dünyanın ən saf adamlarıdı”

Müsahibə

9 Sentyabr 2022, 14:54

Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Kəlbəcərin bir qrup yaşlı sakini doğma yurdlarına səfər edib.

 

Jurnalistlərin müşayiəti ilə təşkil olunan səfər zamanı sakinlər Kəlbəcər rayonunda şəhidlərimizin abidəsini ziyarəti edib, daha sonra İstisuya gediblər. Həmçinin, rayonun Qılınclı, Nadirxanlı, Sarıdaş, Cəmilli, Dəmirçidam kəndlərində dağıdılmış qəbiristanlıqlar, təhsil müəssisələri, tarixi abidələri ilə tanış olublar. Sakinlər Söyüdlü yaylağında fermerlərlə də görüşüblər.

 

Səfərə qatılanlar arasında əslən Xankəndindən olan sabiq deputat, mərhum Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova da olub. O, Kəlbəcərdə gördükləri haqqında Modern.az-a danışıb.

 

- Flora xanım, Kəlbəcərdən səfərdən qayıtmısınız. Təəssüratlarınız necə oldu?

 

- Mənim ən böyük arzum torpaqlarımızın işğaldan azad edilməsi idi. Çox istəyirdim, işğaldan azad edilmiş rayonlarımızı qarış-qarış gəzim. O yerlər bizim üçün ən müqəddəs məkandır. Orada Şəhidlərimizin ruhları dolaşır. Şükür bu günə, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib, Şəhidlərimizin ruhları şaddır.

 

Bilirsiniz, millət vəkili olduğum dönəmdə də düşmən tapdağında olan rayonlarla bağlı çoxlu tədbirlərə qatılmışam. Artıq hansı rayon necədir, təsəvvürüm var idi.

 

Kəlbəcər deyəndə, gözümün önünə həmişə insanların qorxu, həyacan içində vertolyota qaçması səhnəsi gəlirdi. Yaşlı qadınlar, uşaqlar necə vahimə ilə canlarını qurtarmağa çalışırdılar. Görün, ermənilər bizim millətin başına nə oyunlar gətiriblər?!

 

İndi ermənilər bizi az qala milli irqçilikdə qınayırlar. Utanmaz, abırsız ermənilərdən soruşmaq lazımdır, Xocalı, Ağdaban, Başlıbel, Meşəli və yüzlərlə belə vəhşilikləri siz törətməmisinizmi? İşğaldan azad edilən rayonlarımızda daş daş üstə qalmayıb. Axı bu dağıntı müharibə dövründə olmayıb. İşğal edib sonra başlayıblar qəbirləri qazmağa, ölülərin qızıl dişlərini çıxarıblar. Kəndlərdə ev qalmayıb, qəbiristanlıqlarda qəbir qalmayıb, bağlarda ağac qalmayıb. Cənab Prezidentimiz onların adını düz qoyub, onlar vəhşi qəbilədilər. Belə insanlıq olar? Ona görə də bizi utanmadan nədəsə ittiham edənlər bir özlərinə baxsınlar. Biz nə etmişik? Öz torpaqlarımızı işğaldan qurtarmışıq.

 

- Həyat yoldaşınız da, deyəsən, Kəlbəcəri çox sevib.

 

- Kəlbəcər deyəndə Şirin Mirzəyevin (Birinci Qarabağ müharibəsi zamanı döyüşən, Milli Qəhrəman, Flora xanımın mərhum həyat yoldaşı - red.)  döyüşdüyü vaxtlar ağlıma gəlir. O, Ağdərə rayonunun Umudlu kəndinin müdafiəsini təşkil etmişdi. Camaatın bir hissəsi sağ-salamat çıxarılsa da, kənd mühasirədə idi. Ağdamın özünümüdafiə batalyonunda döyüşsə də, bilirdi ki, Umudlu, Sırxavənd kimi Azərbaycan kəndlərində vəziyyət çox pisdir. Həmin dövrdə Şuşaya qalxan vertolyotun da vurulması ilə vahimə və təhlükə daha da artmışdı. Ora heç cür ərzaq apara bilmirdilər. Kənddən bir çarə tapıb, Şirinə zəng etmişdilər ki, yeməyə çörək yoxdur, yardım lazımdır. Kənd soveti isə o zaman Ağdərə rəhbərliyinin qorxusundan addım ata bilmirdi, mühasirədəkiləri heyvan kəsməyə belə qoymurdu. O vaxt Şirinin müdaxiləsi ilə Gəncədən general Şerbakın vasitəçiliyi ilə əhalinin kənddən çıxarılması üçün vertolyot göndərilmişdi. Hərbçilər bir gün axşama qədər həmin kəndlərdəki camaatı çıxarmağa can qoymuşdular. Əhali çıxsa da, hərbçilər, könüllülər orada qalmışdılar. Şirinin iki qardaşı oğlu da orada idi.

 

Umudludan Kəlbəcərin Ağdaban kəndinə qışın soyuğunda, qarda yeriyərək, piyada getmişdilər. Sonradan Şirin mənə danışırdı ki, ac-susuz, böyük bir əziyyətlə həmin yolu keçiblər. Hətta elə bir durumda olublar ki, dağın, meşənin içində, dizə qədər qar olan bir vaxtda ərzaq tapmadıqlarına görə it kəsib, yeməyə məcbur qalıblar.

 

Ağdabanda onları çox qonaqpərvərliklə qarşılayıblar. Şirinin qardaşı oğlunun ayağını don vurub, yeriyə bilmirmiş. Kənd camaatı onu xına yaxaraq, sağaltmağa çalışıb. Sən demə, sonra ermənilər Ağdabanda da soyqırımı törədəcəkdilər.

 

Kəlbəcər mənim xatirələrimdə müharibənin, məcburi köçkünlüyün ən çətin üzüdür. Əhalinin başına çox müsibətlər gətiriblər.

 

 

- Kəlbəcərin təbiəti Sizə necə təsir bağışladı?

 

- Kəlbəcər təbiətin möcüzəsi imiş. Məsələn, biz Şuşaya da getmişik. Oranın tamam başqa ab-havası var. Kəlbəcərdə hara baxırdım, dağ görürdüm. Mənə elə gəlir ki, Kəlbəcərin küçələri də dağlarla bir-birindən ayrılır. Sol tərəfdəki dağlarla, sağ tərəfdəkilər bir-birindən kəskin fərqlənir. Bir tərəfdə sıldırım qayalıqlar, tünd boz rəngdə daşı-torpağı filizlərlə zəngin dağlar, sağda isə meşəliklər, nadir ağacların bürüdüyü yamyaşıl dağlar görürdüm. Qayalıqlar sadəcə möcüzə idi, sanki bir ustanın əli ilə incə-incə yonulmuşdu. Dağ axıb gəlib, yola doğru sürüşmüşdü. Amma çox qəribə idi, yola qədər gəlib dayanmışdı, gediş-gəlişi tutmurdu. Kəlbəcər torpağının rəngini aydınlaşdırmaq çətindir. Bəzi hissələrdə açıq, bəzilərində qonur, bəzi yerlərdə isə zil qara, qırmızı torpaq qatı var idi. Meşəliklərin bürüdüyü dağlarda çox hündür ağaclar görmədim. Güman ki, həmin hissənin də dərin süxurlarında qayalıqlar var. Aşağı bərk olduğuna görə ağacların kökü dərinə getmir. Amma Kəlbəcərin Ağdərə istiqamətində ağaclar çox hündürdü. Kəlbəcərdəki fərqliliklər də bir başqadır.

 

Biz meşəliklərdən daha hündürə qalxmışdıq. Ömər aşırımından keçdik, həqiqətən çox yüksək ərazilər olduğunu onda anladım.

 

Kəlbəcərin girişində şəhidlərimizə abidə qoyulub. Bu çox təqdirəlayiq məqamdır. Kəlbəcərə gedən hər kəs mütləq ora baş çəkir. Ömər aşırımı Birinci Qarabağ Müharibəsi zamanı ən çox itki verdiyimiz yerdir. Qarda, çovğunda döyüşən əsgərlərimiz orada puskuya salınıb, şəhid edilib.

 

Mən adi vaxtlarda belə təzyiqdən əziyyət çəkən insanam. Amma inanın, ora qalxanda nə təzyiqölçən aparat, nə dərmanlar yadıma düşdü. Heç bir narahatlıq yaşamadım. Çox gözəl havası var.

 

- Artıq Kəlbəcərdə də tikinti-quruculuq işləri başlayıb. Yolların çəkilişi xüsusilə diqqət mərkəzindədir. Siz nələri gördünüz?

 

- Kəlbəcərin o qədər çətin relyefi var ki, mən orada çalışan insanlara bir daha "əhsən" dedim. Yol dolambac vəziyyətdə yuxarı qalxmalıdır. Dağların içərisini yarıb, keçid çəkməlidirlər. Nə qədər sıldırım qayalıqlar, yarğanlar olsa da, mən həmin yolda qorxu hiss etmədim. Çünki kifayət qədər enli və təhlükəsiz yol ortaya çıxarıblar. Kəlbəcərin yenidən bərpası üçün çoxlu xərc və əziyyət çəkilməlidir. Ağdərədən keçib, Kəlbəcərə getmək daha asandır. Amma çox təəssüf ki, ermənilər hələ də Ağdərə ərazisində qalıblar və biz o tərəfdən yollardan istifadə edə bilmirik. Mən əminəm ki, bir gün onun da öhdəsindən gələcəyik.

 

- İşçilərlə ünsiyyətdə ola bildinizmi?

 

- Mən orada gördüyüm işçilərin üzündə yorğunluq hiss etmədim. Gecə də, gündüz də işləyirdilər. O qədər ruh yüksəkliyi var idi. Onlar sanki maaş, ödəniş xətrinə deyil, sevə-sevə bu işi görürdülər. Vətən üçün işləyirlər. Mən əminəm ki, həmin işçilərlə söhbətləşmək imkanımız olsa, vətənpərvərliklərini eynilə duyardıq. 

 

Bizimlə birlikdə səfərdə olan Kəlbəcərli məktəb direktoru İradə xanım həmin çətin yolları keçəndə ürəkyanğısı ilə "ah" çəkirdi. O dedi ki, bax, bu qədər çətin yerləri, sıldırım qayaları biz piyada keçməyə məcbur olmuşuq. O zamanlar ermənilərin vəhşilikləri Kəlbəcərin üstünü alanda, həmin insanlar canını qurtarmağa çalışıblar. Qışın ortasında, qarın içində dağları, qayaları piyada qalxıblar. Erməninin yaşatdığı müsibətləri indi azad edilmiş ərazilərin hər qarışında görürük, duyuruq.

 

- Ermənilər Kəlbəcərdən çıxanda evləri yandırırdılar. Guya özləri tikibmiş kimi od vurub, elə gedirdilər. Həmin tikililərdən gördükləriniz oldumu?

 

- Ermənilərin bu 30 ildə işləri ancaq dağıtmaq olub, nəinki tikmək, yaratmaq. Hər addımda azərbaycanlıların 30 il öncə qoyduğu izlər, binalardan qalıqlar var idi. Daşa-divara qədər söküb aparmışdılar. Çay kənarında evlər var idi, mən soruşanda dedilər ki, əvvəllər burada Kəlbəcər əhalisi məskunlaşıb. Ermənilər həmin evləri necə sökmüşdülərsə, bünövrəsi belə qalmamışdı. Kəndlərimizi, şəhərlərimizi bircə-bircə talan ediblər. Görün, erməninin qəlbi necə nifrətlə doludur. Belə anlayıram ki, onlar torpağın əsl sahiblərinin - bizim əvvəl-axır qayıdacağımızı bilirdilər. Onsuz da səfil günündə yaşayıblar, bizim əlimizdən aldıqlarının hesabına yaşamağa çalışıblar, üstəlik gözlərini də nifrət bürüyüb.

 

- Qəbiristanlıqlara baş çəkə bildiniz?

 

- Mən orada qəbirstanlıq görə bilmədim. Kəlbəcərlilər göstərirdilər ki, bura qəbiristanlıq olub. Ancaq qəbirsitanlıqları elə hala salıblar ki, adam söz tapmır. Əslində azad olunmuş ərazilərimizin hər yerində durum eynidir. Ermənilərin vəhşilikləri, barbarlıqları yerə-göyə sığmır. Necə vəhşi millət olasan ki, qəbirləri belə söküb-dağıdasan, məhv edəsən, talayasan?!

 

Mən özüm Xankəndiliyəm, bilirsiniz, uzun müddət ermənilərlə birlikdə yaşamağa məcbur olmuşuq. O vaxt Xankəndi rəhbərliyi azərbaycanlıların qeydiyyata düşməyinə icazə vermirdi. İndi də Qarabağ ermənilərinin danışığına uyğun gələn erməni saytları arabir izləyirəm ki, məlumatlı olum. Onlar yazırlar ki, guya Xankəndi Azərbaycanda qalsa, oradakı ermənilər üçün nəticələri pis olacaq. Düşünün, bu qədər müsibəti, soyqırımını, faciələri bizə yaşadan erməni, etnik-təmizləmə aparan erməni, hər yerə vəhşilik, barbarlıq, vandalizm yayan erməni bizi nədə ittiham edir?! Ermənilər özlərini o qədər məzlum kimi göstərirlər ki, sanki bu qədər soyqırımının müəllifi deyillər. Sanki əlləri Xocalının qanına bulaşan onlar deyil. Mənə elə gəlir ki, ermənilər məhz buna görə qorxurlar. Düşünürlər ki, onların etdikləri qabaqlarına çıxacaq. İnsanlığa qarşı vəhşilik törədən bir xalqın hər kəsi özü kimi sanması, məncə, təəccüblü deyil.

 

Ağdamın Qaraağac qəbirstanlığı çox böyük ərazidə olub və qədim qəbirstanlıq olub. Minlərlə adamın məzarı var idi, orada. İnanın ki, tamamilə qazıyıb, üzərində buğda əkiblər. Belə vəhşilik olar? Qəbirstanlığın üzərində bitən neməti bilə-bilə necə boğazlarından keçiriblər?! Bir milyon insanın bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəyirdilər?

 

 

- Vətən tək daşı, ağacı ilə deyil, həm də insanları ilə Vətən olur. Kəlbəcərdə elə kəlbəcərli bir ailədə qonaq olmusunuz. Onlarda hansı özəllikləri gördünüz?

 

- Mənim həyat yoldaşım həmişə deyirdi ki, dağ adamı mərd olar. Kəlbəcərlilər, həqiqətən, qonaqpərvər, səmimi, bütün varını ürəklə qabağına düzəcək insanlardır.

 

Bir neçə kəlbəcərli ailədə qonaq oldum. Onların mehribanlığı mənə çox xoş təsir bağışladı. İndiki vaxtda belə adamların qaldığına çox sevinirsən.

 

Adamlar səndən ötrü özlərini öldürür. Necə səmimi, necə saf, necə düzgün adamlardı. Mən hesab edirəm ki, kəlbəcərlilər ən saf adamlardı. İnanın, adama elə yanaşırdılar ki, adam utanırdı. Sözün əsl mənasında ürəklərini verməyə hazırdılar.

 

Bir sözlə, Kəlbəcərin özü kimi insanları da möcüzədilər, safdılar. Kəlbəcər doyulmaz bir məkandır.

 

Onu da qeyd edim ki, səfər zamanı Birinci Qarabağ Savaşı qazisi, ehtiyatda olan mayor, əslən kəlbəcərli  Əziz Abbasov da bizimlə birlikdə idi. O, bundan öncə Əfqanıstan müharibəsində də iştirak edib. Əziz Abbasov evlərini tapa bilmədi. Evlərinin yerində ağac bitmişdi.

 

Kəlbəcərə getdiyinə görə çox sevinirdi. Amma həm də evlərini tapa bilmədiyinə görə məyus olmuşdu.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır