Modern.az

“Ermənilərə nifrətimiz olsa da, bizə sülh lazımdır” - MÜSAHİBƏ

“Ermənilərə nifrətimiz olsa da, bizə sülh lazımdır” - MÜSAHİBƏ

Müsahibə

21 Sentyabr 2022, 15:28

"Azərbaycan xalqı sülhə inamını itirməyib"

 

Demokratiya və İnsan hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə sentyabrın 12-14-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar və bunun hüquqi nəticələri haqqında Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

- Ermənistanın sərhəddə törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun 80 hərbçisi şəhid oldu. Qarşı tərəf də xeyli itkilər verdi. Əvvəlcə, sərhəddə baş verənlərə münasibətinizi bilmək istərdik...

 

- Ermənistan sülhə töhfə vermək istəmir. Regionda sülhün təyin olunması bir dövlətin istəyi ilə baş tuta bilməz. Ermənistan Azərbaycanın torpaqlarını işğala məruz qoymasından bu günə qədər sülhün bərqərar olması üçün bütün beynəlxalq tribunalarda fikirlər səsləndirir, buna hazır olduğunu bildirir. Çox təəssüf ki, post-müharibə dövründə bir çox beynəlxalq danışıqlarda, o cümlədən Rusiyadakı 3 görüşdə əldə edilən razılıqlar, 2020-ci il 10 noyabr bəyannaməsi, 2021-ci il 11 yanvar Moskva görüşünün, 2021-ci 26 noyabr Soçi görüşünün, Avropa İttifaqında keçirilən digər 4 görüşün nəticələrinə əsasən, Ermənistan “sülhə hazırıq” deməsinə baxmayaraq, yenə də ayın 12-də təxribatlar törətməklə sülh prosesini geriyə atdı.

 

31 avqustda Brüsseldə keçirilən görüş zamanı hətta Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə tapşırıq verilmişdi ki, sentyabrın sonuna qədər onlar sülh mətninin üzərində işləri yekunlaşdırsınlar. Amma 12-14 sentyabr təxribatları, döyüşlər və hər iki tərəfdən itkilər oldu. Azərbaycan tərəfi 80 şəhid verib. Təəssüf ki, Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyinə uyğun addımlar atılmaması nəticəsində münaqişə bir daha başladı.

 

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Ermənistan tərəfi layiqli cavabını aldı, sərhədboyu genişmiqyaslı təxribatların nəticəsi olaraq, onların sərhəddə yerləşdirilmiş bütün hərbi hissə və bölükləri, postları, texnikaları darmadağın edildi. Dünən Ermənistan baş naziri Nikol Paşinyan 207 erməninin öldüyünü, 20 erməninin əsirlikdə olduğunu, bir neçəsinin itkin düşdüyünü dedi. 300-ə yaxın yaralıları var. Bu göstərir ki, Ermənistan ciddi zərbələrə məruz qalıb. Bütün bunlara rəğmən, sülhün təmin olunması ilə əlaqədar tələbimizdə qətiyyətliyik. 

 

- Azərbaycanın erməni təxribatlarına tutarlı cavabı sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün vacib addımlar kimi qiymətləndirilir. Bizim haqlı mövqeyimiz beynəlxalq hüquq normalarına uyğundur. Məsələnin hüquqi əsaslarını sizdən dinləyək.

 

- Bu, sərhədlərimizin təhlükəsizliyi üçün olduqca vacib addım idi. Ermənilərə layiqli cavab verilməsəydi, bölgədə infrastrukturun bərpasına cəlb edilmiş insanlar, keşik çəkən əsgərlərimiz, abadlaşdırılan şəhərlərimiz təhlükə və zərbə altında qalacaqdı. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, hər bir dövlət təhlükəsizliyini təmin etmək üçün separatizmə və işğalçılara qarşı müharibə edə bilər. Bu beynəlxalq hüquqla bərqərar olub. Məsələ Azərbaycanın xeyrinədir. Ciddi olmayan bəyanatları nəzərə almasaq, 44 günlük müharibə dövründə də beynəlxalq ictimaiyyət addım atmadı. Çünki Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanırdı. BMT kimi qüdrətli təşkilatın 4 qətnaməsi 30 il müddətində icra edilmədikdə, təşkilatın nizamnaməsinin 51-ci maddəsini əsas götürərək, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz müharibə dövründə də beyynəlxalq hüququn ən ali humanitar sənədi olan Cenevrə konvensiyasının tələblərinə əməl etdik, hər hansı mülki obyektlərə ziyan vermədik, yaşayış obyektlərini vurmadıq və işğaldan azad etdiyimiz ərazidə həbs edilmiş terrorçuları belə beynəlxalq hüquq normaları çərçivəsində davranmaqla sonradan onlara təhvil verdik. Bütün addımlarımız beynəlxalq hüquqa söykəndiyindən ölçülüb, biçilmiş siyasətimiz buna hesablanır ki, gələcəkdə bizə qarşı addımlar, bəyanatlar olmasın.

 

- Ermənistan sülh istəmir, bu aydındır. Bəs irimiqyaslı təxribatlardan sonra Azərbaycan xalqının sülhə inamı haqqında nə düşünürsünüz?

 

- Son təxribatlardan sonra yenə də Azərbaycan xalqı sülhə inamını itirməyib. Regionda sülhün bərqərar olması insanların firavan yaşaması, orada həyata keçirilən infrastruktur işlərinin uğurla başa çatdırılması, əhalinin bu bölgəyə tez zamanda köçürülməsi üçün vacib amillərdən biridir. Ona görə, münaqişədən dərhal sonra həm Azərbaycan Prezidenti, həm xarici işlər naziri Azərbaycanın sülhə sadiq qaldığını bəyan edib. Ən ali tribunadan Azərbaycan dövlətinin Ermənistana təklif etdiyi 5 prinsip üzərində sülhün bərqərar olması üçün çalışdığımızı bəyan edirik. Ermənilərə nə qədər kinimiz və nifrətimiz olsa da, sülhün təmin olunması Azərbaycanın istəyi, tələbidir və buna inam azalmayıb.

 

- 12-14 sentyabr hadisələrindən sonra regionda, sərhəddə və ümumən beynəlxalq müstəvidə hansı dəyişikliklər, nəticələr gözlənilir?

 

- Ermənilərin regionda, sərhəddə nəyisə dəyişəcəklərinə inamı xülyadır. Bu, heç bir ciddi dəyişikliyə səbəb olmayacaq. Hətta Ermənistana havadar olan dövlətlər, Fransa, Amerika kimi dostları da bölgədə sülhün bərqərar olmasına hər hansı formada mane ola bilməyəcəklər. Sülh prosesini ləngidə bilərlər, vaxtını uzada bilərlər, amma təəssüf ki, dünyada demokratiyadan, insan hüquqlarından "dərs deyən", özlərinin ali prinsipləri, demokratik dəyərləri, insan haqları olduğunu deyən dövlətlər bölgədə sülhə maneçilik törətməklə məşğuldurlar.

 

Son olaraq, ABŞ nümayəndələr palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri və oradakı açıqlamaları nəinki sülhə xidmət edir, əksinə üzərinə kerosin tökmək kimi tətikləyici addımlar deməkdir. Bütün bunlar prosesi dəyişməyəcək. Ermənistan küncə dirənib, hiyləgər yalanları, göz yaşları dünya dövlətləri, təşkilatlar tərəfindən qəbul olunmur. Belə hesab edirəm ki, Ermənistanın başqa yolu yoxdur. Onlar sülh sazişini imzalamağa, Azərbaycanın şərtlərini qəbul etməyə məcbur ediləcəklər.

 

Hazırda Azərbaycan siyasəti məcburetmə siyasətidir. Bunu digər dövlətlərin əli ilə edirik. Qarabağdakı separatçılar xaricdən, havadarlarından aldıqları qida nəticəsində yenə də həyasızlaşıblar. Bəyanatlar verirlər, ABŞ Konqresində çıxışlar edirlər. Azərbaycanın tərkibində olmayacaqlarını deyirlər. Onlar ipə-sapa yatmasalar Azərbaycan dövlətinin və ordusunun növbəti əməliyyatı elə Qarabağdakı separatçı rejimə qarşı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı