Modern.az

"Orta məktəb müəllimim mənə travma yaşatmasaydı..." - AzTV-nin aparıcısı ilə MÜSAHİBƏ 

Müsahibə

22 Noyabr 2022, 13:36

“Ailəmi çətinə salmamaq üçün 4 yox, 2 fəndən hazırlığa getdim”

"AzTV-də aldığım maaşdan daha artığını başqa kanalın verə biləcəyini düşünmürəm"
 

Modern.az saytı “Bizimkilər” rubrikasına davam edir. Bu rubrikada özümüzünkülərlə – jurnalist həmkarlarımızla sizi daha yaxından tanış edirik. Budəfəki həmsöhbətimiz AzTV-nin aparıcısı Ruslan Həsənovdur.


- Ruslan bəy, söhbətə ənənəvi sualla başlayaq: sizin televiziyaya gəlişiniz necə baş verib?
 

- Əslində, nə vaxtsa, jurnalist və aparıcı olacağımı düşünməzdim. Həmişə həkim və ya hüquqşünas olmaq istəmişəm. Orta məktəbin son illərində hüquqa hazırlaşmağı seçdim. Lakin, o zamam vəziyyət indiki kimi deyildi. Ailələrin maddi sıxıntıları çox olurdu. İndiki kimi rəfah yox idi. Mən isə ailəmə yük olmaq istəmirdim. Dörd fəndən hazırlaşsaydım, hər biri üçün o vaxtın pulu ilə "50 minlik" verməli olacaqdım. Buna görə də, hüquqa hazırlaşmaqdan imtina etdim. Xalam qızı da mənə stimul verdi. O dedi ki, "sən həmişə məktəbdə, tədbirlərdə aparıcı kimi çıxış etmisən. Bəlkə özünü incəsənətdə sınayasan...".
Beləliklə, İncəsənət Universitetinə sənəd verməyi qərara aldım.  Ailəm maddi çətinliyə düşməsin deyə, yalnız iki fəndən hazırlaşdım. Onsuz da, qabiliyyət imtahanından keçəcəyimdən əmin idim. Çünki istedadıma güvənirdim. Aparıcılıq edir, "Pionerlər evi"ndəki şeir müsabiqələrinə qatılırdım. Bədii qiraətlə məşğul olur, tamaşalarda rol alırdım.
Hesab edirəm ki, hər kəs həvəsi olan peşəyə yönəlməlidir. Məsələn, mən teatra maraq göstərib, biznesmen ola bilmərəm.
Beləcə, özümü incəsənətdə tapdım. Mənə İncəsənət Universitetində Vaqif İbrahimoğlu dərs deyib. O, “Yuğ”  teatrının yaradıcısıdır.  Mənim yazılarımı, gördüyüm işləri tələbə yoldaşlarıma nümunə göstərərdi. Teatrda işlədiyim vaxt Vaqif müəllim mənə müəyyən məsləhətlər verirdi. Nəticədə Mədəniyyət Nazirliyində məsləhətçi vəzifəsinə işə qəbul olundum. Sonra tale elə gətirdi ki, televizyaya yönəldim.
 

- Siz Azərbaycan Dövlət Televiziyasında çalışırsız. Bu, sizə əlavə məsuliyyət yükləyirmi?
 

- Bu televiziya dövlətin təbliğat siyasətinin bir mexanizmidir. Biz də onun bir parçasıyıq. Cənab Prezidentin çıxışları, görüşlərini geniş və detallı şəkildə vermək bizim məsuliyyətimizdir. Yəni bu, özəl kanallar üçün məsuliyyət deyil. Hansısa özəl telekanalda səsləndirilən fikirlə AzTV-də səsləndirilən fikir arasında fərq var. Azərbaycan Televizyasında hansısa bir fikir bildiriləndə dünya ölkələrində bununla hesablaşırlar. Yəni AzTV-nin informasiyası dövlətin rəsmi sözü kimi qəbul olunur. Bütün dünyada belədir ki, rəsmi telekanal dövlətin sözü olur.
 


 

- Bəs, AzTV-də işləməyin üstünlükləri nələrdir? 
 

- Əslinə qalsa, Azərbaycanda tək bir dövlət infromasiya resursu var, o da AZƏRTAC-dır. Biz isə Qapalı Səhmdar Cəmiyyətində işləyirik. Digər televiziya kanalları kimi fəaliyyət göstəririk. Lakin vətəni sevmək imandadandır. Biz də vətəni, dövlətimizi sevirik, onun işlərini işıqlandırırıq.
Eləcə də mən hamı kimi jurnalist fəaliyyəti göstərirəm. Bu gün Azərbaycan Ordusunun gördüyü işi işıqlandırıram. Sabah hansısa qurum, agentlik çağırsa, gedib oranı işıqlandıracam. Misal üçün, bir müddət əvvəl Sosial Xidmətlər Agentliyinin Ahıllar Evi ilə birlikdə Şuşaya mediatur təşkil olunmuşdu, gedib oradan material hazırladım. 

Artıq 16 ildir ki, AzTV-də çalışıram. Açıq deyim ki, bu müddət ərzində bir çox özəl telekanalların əməkdaşlarının Azərbaycan Televizyasında çalışmaq istəyini görmüşəm. Məsələn, bir həmkarımız var idi, özəl kanaldan gəlib bizdə işə düzəldi. O, "Prezident çəkiliş qrupu"nun vəsiqəsini aldıqdan sonra sevincək deyirdi ki, "mən bunu almaq üçün AzTV-yə gəlmişəm". Yəqin ki, üstünlük olmasaydı belə istək olmazdı. Ola bilsin ki, bu da Azərbaycan Televiziyasının Cənubi Qafqazın ilk telekanalı olmaqdan irəli gəlir. AzTV-yə "ana televiziya" deyirlər. Yəni təməl, soy-kök buradandadır. AzTV-nin digər özəl kanalların yaranmasında müəyyən payı olub. Azərbaycan Televizyası bir məktəbdir. Mən iş təcrübəm zamanı AzTV ilə hesablaşıldığının şahidi olmuşam. Bu da üstünlüyün bir göstəricisidir.


- AzTV-nin son vaxtlar həm İrana, həm də Rusiyaya qarşı sərt mövqedən çıxış etməsi birmənalı qarşılanmır. Bəziləri bunu telekanalın sifarişlə işləməsi, digərləri müvəqqəti cürətlənməsi kimi şərh edir. Bu haqda nə demək istərdiniz?
 

- Mən bu iddialarla razı deyiləm. AzTV həmişə cürətli olub. Sadəcə, məqamı gözləmək lazımdır. Özəl telekanallar cürətlənib nəsə deyəndə, dünyada heç nə dəyişmir. Ancaq AzTV-də nəsə deyiləndə, bu artıq birbaşa mesaj olur. Sadəcə, hər şeyin vaxtı-zamanı var. Zərbəni gərək bir nöqtəyə endirək. Biz dediyiniz ölkələrdən haqsız təpkilər gördük. Belə olan halda da susmalı deyildik. Ona görə də vaxtında vəziyyətə öz münasibətimizi bildirdik.


- Bir aparıcı kimi küçədə getdiyiniz zaman insanlar sizi tanıyıb, yaxınlaşırlarmı?
 

- Belə hallarla qarşılaşmışam. Bir dəfə "Elmlər Akademiyası" metrostansiyasından çıxıb dayanacaqda avtobus gözləyirdim. Bir nəfərin qaça-qaça üstümə gəldiyini gördüm.Təngnəfəs halda mənə salam verdi, sonra da "siz indi gedib teleqülləyə çıxacaqsınız?", - deyə soruşdu. 
Başqa bir belə xatirəm də metroda olub. Stansiyada dayanmışdım. Birdən iki qızın mən tərəfə baxtığını gördüm. Onlardan biri öz rəfiqəsinə "bax, AzTV-nin aparıcısıdır" söylədi. O biri də həyacanla "az, hansıdır?", - deyə sual etdi. 



- Bu il 13-14 sentyabr döyüşləri nəticəsində Ordumuz bir sıra strateji nöqtələrə - o cümlədən, Buzdux yüksəkliyinə nəzarəti ələ keçirdi. Siz bu yaxınlarda həmin yerlərdən, o cümlədən "Bala Göyçə"dən reportaj hazırladınız. Oradan Göyçə gölü, Basarkeçər və Qərbi Azərbaycanın digər ərazilərini görmək mümkündür. Özünüz də Qərbi Azərbaycandansınız. Həmin yerlərə baxanda hansı hisləri keçirirdiniz?
 

- Bu yüksəklikdən əraziyə 20-ci əsrin əvvəllərindəki xəritəylə baxdım. Sevan yox, Göyçə gölünü gördüm. İrəvanın dağıdılmış tarixi hissəsini xəyalımda canlandırdım. Əcdadlarımız daxil olmaqla, vaxtı ilə orda yaşayan elillərimizi, 34 il əvvəl Ermənistanın deportasiya siyasətinə məruz qalaraq qaçqın düşdüyüm günləri xatırladım. Doğulduğum torpaqdan, eldən-obadan məni sadəcə sərhəd ayırırdı. Azərbaycan Xalq Cumhuriyyəti yaradıldıqda burda sərhəd yox idi. Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi Cümhuriyyətin tərkibində idi. 
Zəngəzur 1920-ci ildə, 102 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Prezidentimizin dediyi kimi, biz öz dədə-baba yurdumuza qayıdacağıq. Gedişat onu göstərir ki, artıq zaman yaxınlaşır və biz bunu edirik. Ermənistan da təxribatlarına son qoymalıdır və anlamalıdır ki, əyə bilmədiyi biləyi sülhə imza atmaqla öpməlidir. Özü də, tezliklə!
 

- İşğaldan azad edilmiş digər ərazilərdən reportajlar hazırlamağa gedəndə hansı təhlükəli hadisə ilə üzləşmisiniz?
 

- İşğaldan azad olunmuş ərazilərə səfər edərkən hər bir şey xüsusi təlimat qaydalarına uyğunlaşdırılır. Bir neçə jurnalist həmkarımız təəssüflər olsun ki, minaya düşdü. Onlar həmin əraziyə 50 dəfə gedib-gəlmişdilər. Ancaq sonradan erməni diversantlar o torpaqlara mina basdırmışdılar. Nəticədə bir neçə jurnalist dostumuz həlak oldu. Bu biraz da bəxt məsələsidir. Mən şəxsən azad edilmiş ərazilərdə kaska taxmırdım. Bilirdim ki, oranı müzəffər Azərbaycan Ordusu qoruyur. Ona görə də heç bir narahatçılıq hiss etmirdim. Əlbəttə, bir ziyarətimdə az qalsın mənim də başıma xoşagəlməz hadisə gələcəkdi. Ancaq ANAMA-nın dəstəyi ilə heç bir olay yaşanmadı. Yəni bizim səfərlərimizdə ANAMA həmişə yanımızda olub. 
 

- Çox zaman televiziya aparıcılarının dil qüsurları tənqid olunur. Siz də tənqid olunmuşlar sırasına düşmüsünüz? Belə halların qarşısını almaq üçün nə edilməlidir?
 

- Televiziyada çalışırsınızsa, dil qüsurlarına yol verməməyə məcbursunuz. İncəsənət Universitetində 4 il bakalavr, 2 il isə magistr təhsili almışam. 6 il nitq mədəniyyəti təlimi keçmişəm. Müəllimim isə Xalq artisti Ənvər Vəliyev olub. Mən ona diksiyamın üzərində çalışdığına görə minnətdaram. Mənim diksiyamın gözəlliyindən danışanda ağlıma orta məktəb illərindəki müəllimim gəlir. Biz o zaman Qərbi Azərbyacandan qaçqın olaraq gəlmişdik. Cəmiyyətdə bizə "yeraz" deyirdilər. Elə bir vəziyyət yaranmışdı ki, "mən yerazam, Qərbi Azərbaycandanam"  deməyə utanırdım. Bu gün isə mən Qərbi Azərbaycanlı olmağımla fəxr edirəm. Çünki mən tarixi araşdırmışam, bilirəm. Həmin xanım müəllim "kim dərsə hazırdır?" soruşanda həmişə əlimi qaldırırdım. Ancaq o, mənə dərs danışdırmaq istəmirdi. Dərslərin birində yenə əlimi qaldırdım. Digər uşaqlar isə sakit dayanmışdı. Gördü ki, məndən başqa cavab vermək istəyən yoxdur, üzünü digər uşaqlara tutub dedi: “Ay mənim, əmrəcanlılarum, nöş oxumursuz, bu yerazlar, bu çuşkalar görürüsüz ki dərsə hazırdı, amma siz isə oxumursuz”.
Əlacsız qalıb, dərsi məndən soruşdu. Sonra da dedi: “Fu, fu, nə pis səsi var. Otur”. Məni belə pərt etmişdi. Bu məndə travma yaşatdı. Bəlkə də, o mənə bu travmanı yaşatmasaydı, diksiyamın üzərində belə çalışmazdım. Diksiya deyəndə, bir çox faktoru da nəzərə almaq lazımdır. Məsələn, mən sosial mediada gördüm ki, "Buğdadağ əməliyyatı"ndan danışan aparıcı "əsrarəngiz" sözünü deyə bilmir. Siz təsəvvür edin ki, harasa, tələsirsiniz, iki-üç gündür aşırımlı yollardan keçirsiniz, yuxusuz və yorğunsunuz, vaxt məhdudiyyəti var. Sən "buradayam, bura belə azad olundu" kimi informasiyalar verməlisən. Beynin bu kimi fikirlərlə məşğuldur. Bu zaman düzgün diksiya barədə düşünmürsən. Bundan savayı havanın da, iqlimin də təsiri var. Ancaq sən professional bir jurnalistsən və efirdəsənsə, onda sənin sözləri düzgün tələffüz etməyin vacibdir. Sənə tamaşıçılar etimad edirsə, çalışdığın qurumun rəhbərliyi inanırsa, daim öz üzərində çalışmalısan. Nitq qüsurlarına yol verməməlisən.
 


- Hansı aparıcıları bəyənirsiniz?

 

- Mən indi ad çəksəm, həmkarlar inciyərlər. İctimai TV-nin əməkdaşı Nigar Sabirqızını həm aparıcı, həm də jurnalist kimi bəyənirəm. Onun yanaşmasını da çox bəyənirəm. Həmçinin, "Xəzər" TV-nin əməkdaşı Pərvin Səfaqızını çox bəyənirəm. Əvvəllər "Xəzər"də çalışan Nigar Mirzəyeva var idi. O da aparıcı kimi xoşuma gəlirdi.


- İndi kimi dindirsək, əksəriyyət “mən televiziyaya baxmıram” deyəcək. Əgər televiziyaya münasibət belədirsə, heç kim kanallara baxmırsa, onda televiziyalar kim üçün çalışır?


- "Televiziyaya baxmıram" deyən insanların əksəriyyəti bununla özlərini guya daha intellektli göstərməyə çalışır. Əslində ən çox televiziya izləyənlər məhz "mən televiziyaya baxmıram" deyənlərdir. Televiziya elə bir məhfumdur ki, onu istər-istəməz əksəriyyət izləyir. Ola bilər ki, kimsə izləməsin. Ola bilər ki, kiminsə, televiziyaya baxmağa vaxtı olmasın. İndi xəbərlər, çəkilişlər sosial media vasitəsilə də paylaşılır. Oradan izlənilə bilir. Yəni yenə də kütləyə çata bilirik.
 

- Əgər başqa kanaldan yüksək maaşla iş təklifi gəlsə, qəbul edərsinizmi?
 

- Təbii ki, mənim bütün telekanallara, onların iş prinsipinə hörmətim sonsuzdur. Amma insanın öz dəyərləri var.  AzTV-də aldığım maaşdan daha artığını başqa hansısa kanalın verə biləcəyini düşünmürəm. Ola bilər ki, mən hardasa yüksək maaş alım, ancaq xoşbəxt olmayım. Bu gün məni kanalım sevirsə, ona necə xəyanət edə bilərəm. Bu gün məni həm rəhbərlik, həm də həmkarlarım sevir. Yəni mən burada xoşbəxtəm. Bir sözlə, hazırkı durum üçün buradan ayrılmağım aktual deyil. Ancaq əlbəttə, sabah nə olacaq, məlum deyil. Həyatdır, hər şey ola bilər, nə vaxtsa, məni də başqa kanalda görə bilərsiniz.
 

 


- Son vaxtlar televiziya aparıcılarının ayrı-ayrı dövlət qurumlarının Mətbuat xidmətlərinə dəvət olunması geniş hal alıb. Sizə də belə təklif gəlibmi?
 

- Sözün düzü, mənə də müəyyən dövlət qurumlarından təkliflər gəlib. Hətta mən onların müsabiqələrində də iştirak etmişəm. Sadəcə olaraq, təkliflər məni qane etməyib. Əlbəttə, qaneedici təklifə müsbət reaksiya verərəm.


- Jurnalist olmasaydınız, hansı peşə üzrə çalışardınız?


- Mən elə xarakterə malikəm ki, harada olsam, orada uğur qazanmağı bacararam. Amma yenidən ixtisas seçsəydim, həkimliyi seçərdim. Mən bu gün jurnalist cəbhəsində savaşıram. Ancaq hərbi həkim kimi daha faydalı olardım. Müharibə zamanı yaralılara kömək edə bilərdim.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü