Modern.az

Yalnız YAP və Müsavat: Azərbaycan ikipartiyalı sistemə keçir?

Yalnız YAP və Müsavat: Azərbaycan ikipartiyalı sistemə keçir?

Ölkə

24 Noyabr 2022, 14:04

Azərbaycanda ikipartiyalı sistemin tətbiq olunması məsələsi zaman-zaman gündəmə gətirilib və bununla bağlı müxtəlif təkliflər irəli sürülüb. Bildirilib ki, iqtidar və müxalifətin təmsil olunduğu ikipartiyalı sistem siyasi mübarizənin daha şəffaf və obyektiv olmasına gətirib çıxara bilər. Bəzi siyasi ekspertlər Amerika nümunəsinin ölkəmizdə tətbiqinin effektiv olacağını düşünürlər. 

 

Bir neçə gün öncə Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı ikipartiyalı sistemə keçidin əhəmiyyətindən söz açıb. O, bildirib ki, Azərbaycanda iki əsas partiyanın olması kifayətdir.

 

“Amerikanı nümunə götürə bilərik. Orada seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır. Ona görə də bu qədər partiyanın olmasına ehtiyac yoxdur”, - deyə QHT rəhbəri digər partiyaların birləşməsini təklif edib.

 

Hazırda hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) qarşısına hansı partiyanın çıxarılması məsələsinə gəlincə, bir çoxları müxalifətin Müsavatın çətiri altında cəmləşməsini optimal variant kimi irəli sürür.

 

Bəs, adları çəkilən partiyaların buna reaksiyası necədir? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan YAP-ın İdarə Heyətinin üzvü, deputat Cavid Osmanov hazırda ikipartiyalı sistemə keçidin gözlənilmədiyini bildirib.

 

"“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyətləri və komitə iclaslarında müzakirə edilib. Bu qanun layihəsi ölkədəki siyasi sistemin təkmilləşməsinə yönəlib. Bu sahədə şəffaflığa xidmət edir. Sözügedən qanun layihəsi beynəlxalq təcrübədən yararlanaraq hazırlanıb və daha çox siyasi partiyaların aktivliyini nəzərdə tutur. Yeni qanun layihəsində Amerikada olduğu kimi ikipartiyalı sistemə keçid nəzərdə tutulmayıb".

 

Deputat qeyd edib ki, YAP ilə hansısa siyasi partiya müqayisə oluna bilməz:

 

"Çünki YAP tək Azərbaycanın yox, eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi təsisatıdır. YAP-ın hakimiyyətə gəldiyi illərdə ölkədə anarxiya yaranmışdı. Müstəqilliyin itirilməsi təhlükəsi var idi. Bir yandan erməni silahlı qüvvələri Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdürdü. Belə bir vaxtda YAP hakimiyyətə gəlmişdi. YAP öz fəaliyyətilə bütün bu neqativ halları aradan qaldırdı. Partiyanın 30 illik fəaliyyəti nəticəsində ölkəmiz hörmətlə yanaşılan dövlətə çevrilib".

 

 

Müsavat Partiyası isə ikipartiyalı sistemə keçilməsi ilə bağlı təklifləri dəstəkləyib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a bildirib ki, belə bir sistemin tətbiqi vacibdir:

 

"Azərbaycanda ikipartiyalı sistemə keçid düzgün addım olardı. Ancaq Milli Məclisdə müzakirə olunan "Siyasi partiyalar haqqında" qanun layihəsində belə bir məsələ gözlənilmir. İkipartiyalı sistemə keçid baş tutsa, çox yaxşı olardı. ABŞ-da da ikipartiyalı sistem tətbiq olunur. Əgər Azərbaycanda belə sistem reallaşsa, bu dəyişikliyin daha azad cəmiyyətin qurulmasında  böyük rolu olacaq. İqtidar seçildikdən sonra digər müxalifət partiyası çalışacaq ki, gələn seçkidə daha çox səs toplasın. Daha çox səs toplamaq üçün partiya daha çox vətəndaşın problemini həll etməli olacaq".

 

Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış 58 siyasi partiya mövcuddur. Sayının kifayət qədər çox olmasına baxmayaraq, siyasi partiyaların əksəriyyətinin fəaliyyəti qənaətbəxş hesab edilmir. Partiyaların bəzilərinin yalnız adı, möhürü, sədri və onun qohumu, tanışı sayılan bir neçə nəfər üzvü var. Cəmiyyət bu siyasi təşkilatların dövlətin siyasi həyatında nəinki hansısa rola malik olduğunu görmür, çoxunun heç varlığından belə xəbəri yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI