Modern.az

Niderland deputatı: “Azərbaycana görə məni təhdid edirdilər” - EKSKLÜZİV

Niderland deputatı: “Azərbaycana görə məni təhdid edirdilər” - EKSKLÜZİV

8 Dekabr 2022, 10:42

Niderland siyasətində aktivliyi ilə seçilən türk əsilli siyasətçilərdən biri Tunahan Kuzudur. Hazırda Niderland parlamentinin deputatı olan Tunahan Kuzu Türkiyə və Azərbaycanın haqq səsini müdafiə etdiyinə görə, dəfələrlə erməni diasporunun təhdidlərinə məruz qalıb, bununla belə o, siyasi mövqeyindən geri çəkilməyərək təxribatlara qarşı sivil mübarizəni davam etdirib. 

 

Modern.az-ın əməkdaşı ilə həmsöhbət olan Tunahan Kuzu bir çox maraqlı nüanslara toxunub. 

 

Gəlin, əvvəlcə Tunahan bəyi yaxından tanıyaq:

 

- Gənc yaşlarımda ailəmlə birlikdə Niderlanda köçmüşəm və burada böyümüşəm. 2001-2006-cı illərdə menecment sahəsi üzrə təhsil almışam. 2008-ci ildə Niderlandın İşçi Partiyasından Rotterdam Bələdiyyəsinin şurasına seçilmişəm. 2012-ci ildə İşçi Partiyasının nümayəndəsi olaraq deputat seçilərək, parlamentdə təmsil olunmaq hüququ qazanmışam. 

 

 

2014-cü il ildə öz partiyamı yaratmağa qərar verdim və beləliklə, DENK partiyasını qurduq. Bu partiya xüsusilə Niderlandda yaşayan azlıqlara xidmət edən, onların haqqını qoruyan təsisatdır. Onu da bildirim ki, artıq 10 ildir deputat kimi fəaliyyət göstərirəm.  

 

- Niderland erməni diasporunun aktiv olduğu ölkələrdən biridir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəklədiyiniz üçün sizə qarşı təhdidlərin olduğunu bilirik. Hazırda Niderlandda vəziyyət necədir? Ermənilər yenidən siyasi təxribatlara, təhdidlərə əl atırlarmı? 

 

- İndiyə qədər burada ermənilər tərəfindən mənə fiziki hücum olmayıb, lakin təhdid mesajları almışam. Bilirsiniz ki, Niderland erməni lobbisinin güclü olduğu ölkələrdən biridir. 

 

 

Xüsusən də ermənilərin burada xristian partiyaları ilə münasibətləri yüksək səviyyədə olduğundan onlar böyük səs çoxluğu əldə ediblər. Bunun nəticəsində camaatı arxalarına alaraq psixi təzyiq yarada bilirlər. Bundan başqa, təbii ki, adət etdiyimiz onların çirkin qarayaxma siyasətləri davam edir. Sosial mediada təhqir və təhdidlər səngimir. 

 

Qarabağ savaşı zamanı Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyim üçün mənə təhdidlər edirdilər. Bildiyiniz kimi, ermənilərin səyi nəticəsində Niderland parlamentində də Azərbaycana qarşı qanun layihəsi hazırlanırdı. Amma bunu qarşısını almağa çalışdıq.

 

- Niderland erməni diasporunun aktiv fəaliyyət göstərdiyi ölkə olsa da, onların qarşısında Türkiyə və Azərbaycan diasporu dayanır. İki qardaş ölkənin diasporunun bu ölkədə fəaliyyətini necə qiymətləndirirsiniz? 

  

- Hazırda Niderlandda fəaliyyət göstərən Azərbaycan diasporu ilə əlaqələrimiz çox yaxşıdır. Vaxtaşırı olaraq iki qardaş ölkənin nümayəndələri ilə görüşüb, müzakirələr aparırıq. Bizim üçün Azərbaycan və Türkiyə vətəndaşlarının dərdi birdir. Onların dərdlərini Niderland parlamentində çəkinmədən bildiririk. Bunun bariz nümunəsi 44 günlük müharibədə aydın şəkildə görüldü.

 

 

Şəxsən mənim Azərbaycan diasporuna hər zaman verdiyim məsləhət ondan ibarətdir ki, daha yaxşı təşkilatlansınlar, daha yaxşı lobbi işləri aparsınlar və bu mövzuda, xüsusən də gənclərə təlim keçsinlər. Bu sahədə birlikdə çalışaraq daha güclü ola bilərik.  

 

- Ümumilikdə Avropada türklərə qarşı münasibət necədir? 

 
- Niderlandda 500 minə yaxın türk əsilli vətəndaş yaşayır. Ümumi vəziyyət yaxşıdır. Türklər cəmiyyətin bütün sahələrində Niderlanda töhfə verirlər.

 

Təəssüf ki, Qərbi Avropadakı irqçilik və islamofobiya burada yaşayan türk cəmiyyətindən də yan keçməyib. Partiya olaraq bununla bağlı mübarizə aparırıq və mübarizəmizi davam etdirəcəyik. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?