Modern.az

“Elə çalışmalısan ki, həmişə xoş xatırlanasan” - Elnur Kələntərovla MÜSAHİBƏ

“Elə çalışmalısan ki, həmişə xoş xatırlanasan” - Elnur Kələntərovla MÜSAHİBƏ

Müsahibə

23 Dekabr 2022, 10:30

Elnur Kələntərov: "Jurnalistika fakültəsinə 30 balım çatmadı"
 

Modern.az saytı “Bizimkilər” rubrikasına davam edir. Bu rubrikada özümüzünkülərlə – jurnalist həmkarlarımızla sizi daha yaxından tanış edirik. Budəfəki həmsöhbətimiz Dövlət Miqrasiya Xidmətinin sabiq mətbuat katibi, hazırda "For Azerbaijan" Beynəlxalq Təşkilatının proqramlar üzrə direktoru Elnur Kələntərovdur.


- Bildiyimiz qədər siz Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmisiz. Maraqlıdır, sonradan jurnalistikaya gəlişiniz necə oldu?


- Bəli,1997-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. 2011-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin məzunu olmuşam. 2015-ci ildə də Dövlət İdarəçilik Akademiyasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişəm. Bütün bunlara baxmayaraq, mənim jurnalistikaya məktəb illərindən böyük həvəsim olub. O zaman Gənclərin yaradıcılıq mərkəzində (sovet dönəmində Pionerlər evi olub) Yazgül müəllimənin rəhbərlik etdiyi jurnalistika dərnəyi vardı, ora gedirdik. Mənim ilk məqaləm 1992-i il fevralın 10-da "Savalan" qəzetində işıq üzü gördü. Orada karikaturalar da çəkmişdim. Mənimlə bərabər dərnəyimizin üzvləri Nəriman və Kəmalənin də yazıları eyni gündə çap olunmuşdu. Üçümüzün də yazısı bir səhifədə verilmişdi. Yadımdadı ki, Nərimanın “Gətir” adlı məqaləsinə görə məktəbdə aləm bir-birinə dəymişdi. Həmin yazının içində “qardaş, bizə dərs deyən müəllim də deyir, gətir” cümləsi qalmaqal doğurmuşdu. Həqiqətən də,1992-ci ildə qəzetdə belə bir cümlənin getməsi sensasiya idi. Dərhal kimin bizdən pul istədiyini öyrənmək üçün Təhsil idarəsindən məktəbə gəldilər. Komissiya təşkil olundu. Yazı Nərimanın olsa da, Kəmalə və məni də danışdırdılar. Mən onda bildim ki, jurnalistika necə məsuliyyətli bir işdir. Jurnalistsənsə, yazdığına və dediklərinə diqqətli yanaşmalısan, hər sözdə-cümlədə məsuliyyətini dərk etməlisən. Onu da deyim ki, tələbə vaxtı ştatdankənar “Sara” radiosuna gedib-gəlirdim.  Ancaq universiteti bitirəndən sonra ilk iş yerim inşaat sahəsi oldu. Onda da "Space" telekanalı aparıcı axtarırdı. Məni görüb, onlarla çalışmamı istədilər. Mən də razılaşdım. Bu baxımdan "Space"ə gəlişim tam təsadüfi olub deyə bilərəm. 


- Jurnalistikaya marağınızın olduğunu dediniz. Lakin jurnalistika ixtisası üzrə təhsil almamısınız. Buna səbəb nə olmuşdu?


- Əslində, Jurnalistika fakültəsinə hazırlaşırdım. Ali məktəbə hazırlaşdığım 1992-ci ildə ilk dəfə test üsulu ilə imtahanlar keçirilməyə başladı. Biz isə test imtahanının nə olduğunu bilmirdik. Bakı Dövlət Universitetində açılmış bir kursa getdim. Orada bir-iki ay test imtahanlarını, cavab kartında işləməni başa saldılar. Yaxşı da hazırlaşmışdım. Lakin imtahan uğurlu keçmədi. Jurnalistika fakültəsinə 30 balım çatmadı. Görünür qismət deyilmiş. Növbəti il memarlıq və inşaat sahəsi üzrə hazırlaşdım, qəbul olundum. Burada atamgilin məsləhəti də rol oynadı. Bizim nəslimiz inşaatçı nəslidir. Mənim atam Qəhrəman Kələntərov və rəhmətlik əmilərim Musa və Mamed Kələntərovlar tanınmış inşaatçılardır. O vaxt Bakıda bir çox məşhur binaları atam inşa edib. İndi də bəzən yol gedəndə inşa etdiyi binaları görüb tarixçəsini danışır. Beləcə atamgil də dedilər ki, gəl, sən də bizim sənəti davam etdir. İnşaat üzrə çətinliklə oxudum, sonra işlədim. O vaxtlar ölkədə inşaat işləri elə də çox aparılmırdı. Hiss edirdim ki, jurnalistika məni özünə çəkir. Beləcə bu aləmə baş vurdum.  Ancaq inşaatı bilməyim indi də dadıma çatır. 



- "Space" TV-də idman jurnalisti kimi fəaliyyət göstərmisiniz, bu sahəni yaxşı bilirsiniz. Ona görə soruşmaq istərdik, builki Dünya Çempionatını hansı telekanaldan izlədiniz?



- Bəli, uzun müddət idman jurnalistikası ilə məşğul olmuşam. Düşünürəm ki, jurnalist futbolu stadionda şərh etməlidir. Şərhçi stadiondan məlumatı ötürdükdə daha çox maraqlı olur, görmədiklərimizi bizə çatdırır. Belə olanda hər şey təbii alınır. Doğrudur, bizim idman şərhçilərimiz milli çempionatda stadionda olurlar. Ancaq Dünya Çempionatını hər kəsin izlədiyi görüntülərə baxaraq şərh edirlər. Bu da o qədər effektiv olmur. Bəli, mən başa düşürəm ki, bizim şərhçilərin Dünya Çempionatının keçirildiyi stadiona getməsi böyük maliyyə resursları tələb edən prosesdir. Buna görə də, Çempionlar Liqasının matçlarına əsasən xarici telekanallarda baxıram. Çünki orada informasiya fərqlidir. Mənim bilmədiyim nəsə çatdırırlar. Hər televiziya kanalı bunu qarşılaya bilmir. Ancaq ümid edirəm ki, gələcəkdə bu məsələ öz həllini tapacaq. Builki Dünya Çempionatına isə bəli, hamımız yerli kanaldan baxırdıq. Bizim şərhçilərimizin peşəkarlığı mənim çox xoşuma gəldi. Təsəvvür edin, onlar stadiona getsə, nə olardı.


- Şərhçilərdən söz düşmüşkən, bu gün azərbaycanlı şərhçilərlə xarici şərhçiləri fərqləndirən nələrdir?


- Mən xarici şərhçilərlə azərbaycanlı şərhçiləri müqayisə etmək istəməzdim. Çünki xaricilərin elə imkankarı var ki, bizdə o yoxdu. Məsələn, mən "Space"də işləyəndə onun elə böyük maliyyə vəsaiti yox idi ki, hər idman  növünü ayrıca jurnalist şərh etsin. Vəziyyət bu cür də davam edir. Xarici telekanallarda isə şərhçilər hətta milli çemponatlara bölünüb. Təbii ki, söhbət böyük və oturuşmuş telekanallardan gedir. Çox istərdim ki, bizdə də hər idman növünü şərh etmək üçün ayrı jurnalistlər olsun. Həmin jurnalistlər bu sahədə daha yaxşı nəticələr göstərə bilərlər. Son illər bu tendensiya "İdman Azərbaycan" kanalında sərgilənir və mən buna çox sevinirəm.


- Əvvəllər Cüdo Federasiyasının vitse-prezidenti olmusunuz. Son vaxtlar təəssüf ki, gənclərin zərərli vərdişlərə meyli artıb. Siz həm də bir idman adamı kimi bunun qarşısının alınması üçün nə tövsiyə edərdiniz?


- İlk növbədə bu, evdə verilən tərbiyədən asılıdır. Digər tərəfdən də, gənclər daha çox kitab oxumalıdırlar. Bu gün təəssüf ki, gənclər kitabdan aralı düşüblər. Onlar meylini daha çox sosial şəbəkələrə salırlar. Alınan informasiyalar heç də onların gələcək inkişafına müsbət təsir etmir. Bu gün çox ürəkaçmayan tendensiya var. Gənclər lokal bir çərçivədə bir-birilərinə nəyisə sübut etmək istəyirlər. Gənclərə onu demək istərdim ki, bizim gəncliyimiz indiki kimi rahat keçməyib. Biz gənc olanda 20 Yanvar faciəsinə, meydan hərəkatına, Şuşanın işğalına şahid olmuşuq. Ancaq sabaha ümidimizi heç vaxt itirməmişik. Bugünkü gənclik isə çox rahat ölkədə yaşayır. Hər cür şəraitləri var. Azərbaycan Könüllü Təşkilatı İttifaqının idarə heyətinin üzvüyəm. Miqrasiya Xidmətində işlədiyim vaxtda da miqrasiya könüllüləri mənim kurasiyamda olub. Çox savadlı, dünyagörüşlü gənclərimiz var. Mən orada gənclərə deyirdim ki, üzünüzə bütün qapılar açıqdır. Dövlət qurumlarının rəhbərləri ilə görüşürsüz, cənab Prezidentin diqqətindəsiz. Bizim vaxtımızda isə könüllülük yox idi. Nə də hanısısa bir gənc məmurla, nazirlə görüşə bilirdi. Bu gün gənclər üçün fərqli start-up layihələri var. Təki gənclər hanısa işin qulpundan yapışsınlar. Əksər gənclər öz karyeralarını rahat şəkildə qura bilərlər.
Gənclərin son zamanlar bir-birinə xəsarət yetirdiklərinin şahidi oluruq. Bu heç də başucaldan hadisə deyil. Güc göstərməyə ehtiyac yoxdur. Gəncsən deyə, güclü ola bilərsən. Sabah yaşlaşanda eyni gücün olmayacaq. Peşəkar idmanla məşğul olmasa da, hər gənc bədən tərbiyəsin fikir verməlidir.  Biz də gənc olanda bundan maksimum yararlanmağa çalışmışıq. Bəli, biz də məktəbdə dava etmişik. Ancaq biz hara getsək, valideynlərimiz bilirdi ki, evə salamat qayıdacağıq. Biz üstümüzdə soyuq silah gəzdirməmişik, kiməsə xəsarət yetirməyi düşünməmişik. 



- Həm idman jurnalisti, həm mətbuat katibi, həm də böyük bir nazirliyin Aparat rəhbəri, Avropa Oyunlarında Cüdo yarışlarının rəhbəri, Televiziya kanalının rəhbəri vəzifələrində çalışmısınız. Bu işlərdən hansı biri sizin üçün fərqlənib, ya çətin olub?



- Jurnalistika tamam başqa həyat idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində gələcəyə yönəlik investisya layihələrinin hazırlanması, təkliflərin verilməsi, 5 illik dövlət  proqramlarının hazırlanması tamam fərqli idi.  MTV Azərbaycan kanalında zövqlü kontentin hazırlanması isə tam başqa iş idi. Harada çalışmağımdan asılı olmayaraq, biliklərimi artırmağa  çalışmışam. Mən çalışdığım hər mühitə tez uyğunlaşa bilən və kollektivə xüsusi rəğbət bəsləyən biriyəm. Mənim üçün kollektivin inkişafı, peşəkarlaşması çox vacib amildir. Hər işçiyə özüm qədər dəyər verirəm. Buna görə də, iş yerləri mənim üçün radikal şəkildə fərqlənməyib. Mənim üçün çətinlik yaratmayıb. 


- Bəzi mətbuat xidmətləri media qurumları arasında fərq qoyur. Bəzən də telefonlara cavab verməyən, cavab versə də, "sorğu göndərin" deyib başından edən mətbuat katibləri olur.  Siz bunu necə qiymətləndirirsiz?


- Mən mətbuat katibi kimi çalışdığım zamanda sözügedən hallar demək olar ki, yaşanmayıb. Onu deyə bilərəm ki, hər kəs bilməlidir ki, çalışdığı iş müvəqqətidir. Çalışıdığın yerdə əbədi deyilsən. Elə çalışmalısan ki, həmişə xoş xatırlanasan. Yerin görünsün. Mənim üçün prioritet budur. Həyatın özü əbədi olmadığı kimi, iş də əbədi deyil. Ona görə də, elə çalışmaq lazımdır ki, həmişə hörmətin olsun. Sənin haqqında yalnız  xoş sözlər desinlər.  Mətbuat katibi hər suala cavab verməlidirmi məsələsinə gəlsək, bəzən elə suallar olur ki, ümumiyyətlə mövzuya aidiyyəti olmur.  Ölkədə mətbuat katiblərinin sayı jurnalistlərin sayından dəfələrlə azdır. Gün ərzində görün nə qədər zənglər olur. Sualların heç də hamısı mövzuyla uyğun gəlmir. Ona görə də, mətbuat katiblərinin də vəziyyətini başa düşmək lazımdır. Mətbuat katibləri jurnalistlərlə öz rəhbərləri arasında bir körpü rolu oynayır. Elə əhəmiyyətli dövlət tədbirləri, elə əhəmiyyətli  proqramların icrası olur ki, həmin vaxt jurnalistin istədiyini dərhal verə bilmirik. Vaxt istəyirik. Amma istənilən halda jurnalistin sualı varsa, cavabı da olmalıdır. Sözsüz ki, mən də elə vaxt olub ki, gələn zəngi cavablandıra bilməmişəm. Bu mənim ya iclasda olmağımdan, yaxud başqa məsələlərdən qaynaqlanıb. Ancaq zəngi gördükdə, həmişə geridönüş etmişəm. Çünki bu mənim işimdir.


- Jurnalistikaya qayıtmaq istərdiniz?


- Jurnalistika çox böyük məfhumdur. Juranlistika yalnız mikrofon və diktofonla harasa getmək, yaxud kamera qarşısında görünməklə məhdudlaşmır. Jurnalistika mənim qanıma hopub. 2013-2018-ci illərdə AzTV-də ictimai-siyasi proqramlar departmentində "Günün nəbzi" verilişini aparmışdım, daha sonra İctimai TV-nin Səhər Proqramları Departamentinin rəhbəri vəzifəsində çalışmışam. Azərbaycanın ilk musiqi kanalı olan MTV Azərbaycana bir neçə ay reytinqini qaldırmasında rəhbərlik etmişdim. Yəni xidmətlərimi bölüşürəm. Əgər mənim beynimdə hanısa mövzu varsa, müsahib olarsa, onu yaxın dost jurnalistlərə deyə bilərəm ki, dərc edin. Bunun özü də jurnalistikadır. Yaradıcılıqdan heç zaman ayrılmamışam. 



- Yaradıcılıq demişkən, bu il hazırladığınız “Olimpiya himni” Festivalda ilin ən yaxşı klipi nominasiyasında 1-ci oldu. Gözləyirdinizmi bu uğuru? 
 


- Əslində bu layihənin tarixi 20 il əvvələ təsadüf edir. Milli Olimpiya Komitəsinin (MOK) 10 illik yubileyi ərəfəsində 2002-ci ildə cənab İlham Əliyevin tapşırığı ilə bu himni hazırladıq və klipini çəkdik. Təqdimat mərasiminə Ulu öndər də gəlmişdi. Bu illər ərzində Azərbaycan idmançıları çox böyük uğurlara imza atdılar. MOK-un rəhbərliyi bu klipi yeniləməyi mənə həvalə edəndə çox sevindim. Mən də məmnuniyyətlə, 6 ay davam edən bir layihəni komandamızla icra etdim. Bu işi hansısa nominasiya və ya mükafat almaq üçün etməmişəm. Təbiətimdə belə bir xüsusiyyət yoxdu. Mən sadəcə hər zaman tapşırılan işi məsuliyyətlə və fərqli görməyə çalışıram. Bunu gizlətmirəm. O səbəbdən də komandaya ən yaxşı mütəxəssisləri cəlb etmişdim. Əminliklə deyə bilərəm ki, klipin qrafikası, çəkilişləri həqiqətən də bu sahədə bir yenilik idi. Fürsətdən istifadə edib rejissor Elvin Əhmədoğluna təşəkkür edirəm. Mənim üçün isə bu himnin həm də ifaçısı olmaq çox şərəflidir. 


- Hansı telekanalları və hansı verilişləri izləyirsiniz, bilmək olar?


- İmkan düşdükcə, bütün telekanallara baxıram. Bizim telekanallarda baxa biləcəyim bilik yarışmaları və  xəbər buraxılışlarıdır. Seriallara və yumoristik verilişlərə baxmıram. Çünki, məni daha çox satira maraqlandırır. Çalışıram hər gün xəbərlərə və bir filmə baxım.  Azərbaycan filmlərini əzbər bilirəm. Hazırda əsasən xarici filmlərə baxıram.  


- Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışarkən nazir Füzuli Əkbərov idi. Maraqlıdır, onunla indi də əlaqələriniz varmı?


- Mən harada, hansı qurumda işləmişəmsə, hər bir rəhbərimlə əlaqələrim çox yaxşı olub. "Space"dən bu yana işlədiyim bütün qurumların rəhbərləri yaxşı əlaqələrim olan insanlardır. Çünki mən əlaqələrin qırılmasının tərəfdarı deyiləm. Bu baxımdan bütün sabiq rəhbərlərimlə əlaqələrim qalır.


- Hesablama Palatası Dövlət Sosial Müdafiə Fonunda (DSMF) 2006-2016-cı illər üzrə külli miqdarda vəsaitin mənimsənilməsini ortaya çıxarıb. Həmin vaxt nazir məhz Füzuli Əkbərov idi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.


- Bununla bağlı nəsə deyə bilmərəm. Çünki mən DSMF-də işləməmişəm. Mən çalışdığım dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə DSMF ayrı-ayrı qurumlar idi. 2013-cü ildən sonra bu qurumlar birləşdirildi. 


- Hazırda çalışdığınız şirkət hansı istiqamətdə fəaliyyət göstərir?


- “For Azerbaijan” xeyriyyə təşkilatında çalışıram. Bu təşkilat Azərbaycandan kənarda yaşayan və çox uğurlu karyera qurmuş azərbaycanlıların yaratdığı beynəlxalq xeyriyyə qurumudur. Məramımız müharibədən sonra travma yaşayanlara, xüsusən də şəhid ailələri və qazilərə yönəlik layihələrin həyata keçirilməsidir. Bu təşkilatla tanışlığım 2021-ci ilə təsadüf edir. Mən Miqrasiya Xidmətində çalışdığım vaxtda “For Azerbaijan” Beynəlxalq Təşkilatı ilə birgə şəhid övladları üçün "Qaliblər düşərgəsi" təşkil etmişdik. O gündən indiyə kimi düşərgədə iştirak etmiş 78 şəhid övladı və ailələri ilə bizim əlaqələrimiz davam edir. Uşaqları, onların analarını xüsusi layihələrə cəlb etdik. Layihələr artıq böyüməyə başladı. Mənə təşkilatdan gələn təklifi dəyərləndirməli oldum. Hazırda “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının proqram üzrə bütün layihələrinə rəhbərllik edirəm. Biz bu gün Azərbaycanda psixoloji reabilitasiyanın artırılması ilə bağlı layihəni reallaşdırırıq.  Azərbaycanda post-travmatik sinir pozuntusu ilə bağlı dünyaca məşhur konqutiv işləmə terapiyası və yazılı ekspozisiya terapiyası üzrə psixoloqların hazırlanması işinə girişmişik. Psixoloqlarımızı amerikalı mütəxəssislər hazırlayır. Qazilər, şəhid ailələri, verteranlar bizə rahatlıqla müraciət edə bilərlər. Onlara amerikalı mütəxəssislərdən təlim görmüş psixoloqlar təmənnasız psixoloji yardım göstərməyə hazırıdırlar. Həm canlı, həm də onlayn olan terapiyalarımızda anonimlik tam qorunur. Yetər ki, bu nömrələrə zəng etsinlər: (070) 528-49-43 və (070) 573-06-55.



- Dövlət Miqrasiya Xidmətindən öz istəyinizlə ayrıldığınızı demisiniz. Lakin sizin rəhbərliklə yola getmədiyiniz iddia edilir. Bu iddialara münasibətinizi bilmək istərdik?



- Bizdə kimsə işindən ayrılanda dərhal səbəbini soruşurlar. Deyirlər ki, “işləyirdin də, polkovnik idin, idarə rəisi idin, noldu birdən-birə...”.  Cənab Vüsal Hüseynovla çox gözəl münasibətlərimiz var. Mən bu ilin noyabrından işdən çıxmışam. Dekabrın 16-da Beynəlxalq Miqrant günü ərəfəsində Muğam Mərkəzində çox böyük tədbirimiz var idi. Həmin tədbirin təşkilati məsələlərində yaxından iştirak etdim, hətta bu tədbir üçün hazırladığım “48-Azərbaycana sonsuz sevgi ilə” filminin premyerası oldu. Tədbirdən sonra da Vüsal Hüseynovla söhbət etdik, danışdıq. Onunla çox yaxşı münasibətlərimiz var. Çox gözəl və peşəkar insandır. Dövlət Miqrasiya Xidməti mənim üçün dogma kollektivdir və hər zaman da belə olacaq. Hazırda çalışdığım qurum sayəsində şəhid ailələrinə, qazilərə daha çox fayda verəcəyimi düşündüm. Bu mənim vətəndaşlıq borcumdur. Düşərgədən sonra  şəhid övladlarına çox bağlanmışam. Onlarla hələ də yazışırıq, xəbərləşirik. Onların mənə “Elnur əmi” deməsi çox böyük xoşbəxtçilikdir. Biz o uşaqlarla işləyirik. Keçən il onlarla rayonlarda görüşüb, Yeni il şənlikləri təşkil etdik. Sadəcə olaraq layihələr böyük vüsət aldı. Mən bu layihədə ictimai əsaslarla işləyirdim. Amma seçim etmək lazım idi. Yəni burada rəsmi işləmək lazım gəlirdi. Mən də Vüsal müəllimdən halallığımı alıb, yeni işimə keçdim. Əslində, insanın haqqında fikirlər dolaşması onu sevindirir. Çünki bu, sənin unudulmadığını, maraqlı insan olduğunu göstərir.


- Xankəndi-Şuşa yolunda aksiyalar haqqında nə düşünürsünüz. Siz də qoşula bilərsinizmi?


- Bu bizim üçün yenilik deyil. O vaxt Qarabağda, Topxanada Aliminum zavodu tikmək məqsədilə meşənin qırılması haqda məlumat gələndə də xalq ayağa qalxmışdı. Bütün Azadlıq meydanı dolmuşdu. Yəni bu aksiya Azərbaycan xalqı üçün bir ilk deyil. Məhz bu aksiyadan sonra Meydan hərəkatı başladı. Qarşı tərəf  etirazçıların öz məqsədinə gec-tez çatacaqlarını yaxşı bilir. Biz həqiqətən də sülhün tərəfdarıyıq.  Dünyada ən güclü tərəf haqlı olan tərəfdir, pulu, topu, tüfəngi olan yox. Bu gün bizim İlham Əliyev kimi liderimiz var. İstənilən şəkildə mübarizə aparmağa gücümüz var. Yaxın günlərdə mən də Şuşadakı aksiyaya qoşulmaq istərdim.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər