Modern.az

“Qafqazda sülh heç kimin marağında deyil” - Eks-nazirdən ŞOK AÇIQLAMA

“Qafqazda sülh heç kimin marağında deyil” - Eks-nazirdən ŞOK AÇIQLAMA

Müsahibə

25 Yanvar 2023, 10:28

Azərbaycanın sabiq xarici işlər naziri, tanınmış politoloq Tofiq Zülfüqarov bu il Bakı və İrəvan arasında sülh müqaviləsinin mümkün olub-olmayacağı, Laçın yolundakı ekoloji aksiyanın nə vaxt başa çatacağı, nəticələrin necə olacağı və eləcə də digər aktual mövzular barədə Modern.az-ın suallarını cavablandırıb.

 

Eks-nazirlə qısa müsahibəni oxuculara təqdim edirik:

 

- Tofiq bəy, 2023-cü ilin ilk ayını artıq geridə qoyuruq. Bu ay sülh sazişinin hazırlanması istiqamətində danışıqların getmədiyini gördük. Belə çıxır ki, sülh danışıqları dayanıb? Siz necə fikirləşirsiniz, bu səssizlik nədən xəbər verir?

 

- Bu, ilk növbədə Ermənistanın mövqeyindən asılıdır. Hiss olunur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birbaşa tanımaqdan boyun qaçırır. Alma-Ata bəyannaməsi, BMT nizamnaməsi kimi çoxtərəfli sənədləri gündəmə gətirirlər. Məsələn, Alma-Ata sənədi 15 ölkəni əhatə edir. BMT-nin nizamnaməsi isə 200 ölkəyə şamil olunur. Ancaq münaqişə Azərbaycan və Ermənistan arasındadır. Təbii ki, Azərbaycan tələb edir ki, Ermənistan onun ərazi bütövlüyünü heç bir şərt qoymadan tanısın. Bu məsələ istənilən sülh sazişinin təməldaşı olmalıdır. Əgər bu olmasa, hansı sülhdən danışmaq olar. Ancaq görürük ki, Ermənistan baş naziri Nikol Paşinyan bu mövzudan qaçır. Ortaya “Ermənistanın sərhədi pozulub” kimi absurd mövzuları atır. Yeddi kəndimizin təhvil verilməsi kimi real gündəmi qulaqardına vururlar.

 

Təəssüflər olsun ki, Ermənistanın xaricdəki havadarları da münaqişənin davam etməsi üçün sözdə, bəzən siyasi müstəvidə ona müəyyən dəstək verirlər. Biz görürük ki, hələ beynəlxalq qurumlar, beynəlxalq oyunçular Ermənistanı beynəlxalq qanunlara riayət etməyə məcbur etmir. Vəziyyət təxminən müharibədən əvvəlki kimidir. Amma fərq ondan ibarətdir ki, Azərbaycan əsgəri indi Beyləqanda yox, Gorusun yanındadır.

 

Bu baxımdan hesab edirəm ki, tərəflər arasında diplomatik qarşıdurma davam edəcək. Hələ ki sülh müqaviləsinin imzalanacağı ilə bağlı heç bir element görmürəm. Ermənistanın daxilində də belə fikir yoxdur. Onların fikirləri təzadlıdır. Bir gün müəyyən məsələdə maraqlı olduqlarını deyir, sabahı gün tamam fərqli mövqe ilə çıxış edirlər. Hiss olunur ki,  siyasi danışıqlara ciddi yanaşmırlar. Xarici təzyiq də yoxdur. Bu iki amili nəzərə alaraq, danışıqların canlanmasına və sülh müqaviləsinin imzalanacağına ümid bəsləmək doğru olmaz.

 

 

- Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə telefon zəngində Laçın dəhlizi ilə bağlı narahatlığını dilə gətirdi. Cavabında dövlət başçısı yolun bağlı olmadığını, humanitar məqsədlər üçün açıq olduğunu diqqətə çatdırdı. Bundan əlavə, Azərbaycan lideri sülh sazişinin əsas şərtlərini bir daha bəyan etdi. Sizcə, ABŞ Laçın yolundakı aksiyaya görə niyə narahatdır?

 

- Hiss olunur ki, bütün beynəlxalq oyunçular öz məsələləri ilə məşğuldurlar. Məsələn, Fransa elitası daxili siyasi  məsələlərə, Türkiyəyə qarşı durmağa görə, Ermənistandan öz daxili və xarici siyasətində istifadə edir. Rusiya da həmçinin məsələyə eyni cür yanaşır. Onun əsas diqqəti Rusiya-Qərb qarşıdurmasına yönəlib. ABŞ isə buna ikinci dərəcəli iş kimi baxır. Sözügedən ölkələrin ciddi təzyiqləri mümkün deyil. Laçın yolunda “bu addımlar atılmalı, bu addımlar atılmamalıdır” deyirlər. Yəni Laçın yolu gündəmə gətirilir, ancaq qeyri-qanuni silahlı qruplaşmaların Qarabağdan çıxarılması məsələsi gündəmə gətirilmir. Ciddi məsələləri qırağa qoyub, ikinci dərəcəli məsələləri gündəmə gətirirlər. Ya da onların xeyrinə olan məsələlərdə Moskvanın layihəsi olan Ruben Vardanyana meydan verirlər ki, boş-boş çıxışlarını yaysın.

 

Bir sözlə, sülh mövzusu heç kimin marağında deyil. Bu zənglər mənasızdır. Blinkenin zəngi də hansısa daxili siyasi məsələlərlə bağlıdır. Şübhə yoxdur ki, bu gün ABŞ bir zənglə kiməsə nəyisə məcbur etdirmək iqtidarında deyil. ABŞ Əfqanıstandan çıxdıqdan sonra bölgədə hansısa yeni genişmiqyaslı gərginlik yaratmaq marağında deyil. Sadəcə ermənilərə xoş gəlmək, onlarda anti-rusiya əhvalını yaratmaq məqsədi daşıyırlar. Belə zənglərə ciddi yanaşmaq lazım deyil.

 

- Yenidən aksiya mövzusuna qayıdaq. Bu gün aksiyaların başlamasından 45 gün keçir. Ümumilikdə aksiyanın gedişatını necə dəyərləndirirsiniz? Azərbaycan tərəfi istədiyinə nail ola bilirmi?

 

- Son bir ay ərzində ermənilərin şüurunda böyük dəyişiklik yaranıb. Onlara dərs olub ki, Azərbaycanın nəzarətinin bərqərar edilməsi mütləqdir. Orada yaşayan 25-30 min erməniyə başa salırlar ki, Vardanyanın çıxışları, bəyanatları əsassızdır. Azərbaycanın yeri gələndə öz siyasi iradəsini ortaya qoyacağını onlara göstərir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, ermənilərdən Azərbaycanda qalmaq istəyənlərə vətəndaşlıq veriləcək. Ancaq kim istəməsə  yol açıqdır, gedə bilər.

 

Yeri gəlmişkən, Laçın dəhlizini nə Azərbaycan, nə də Rusiya sülhməramlıları bağlayıb. Ermənilər belə görüntü yaradırlar.  Gah qaz vermirlər, gah işığı kəsirlər. Halbuki işıq da, qaz da Ermənistandan gəlir. Bunun bizə aidiyyatı yoxdur. Bu aksiyalar göstərdi ki, Vardanyanın bəyan etdiyi məsələlər özünü tam əksinə büruzə verir. Ermənilər oradan qaçsınlar deyə, separatçılar hər şəraiti yaradırlar.

 

- Aksiyanın bundan sonra nə vaxta qədər davam edəcəyi barədə müxtəlif fikirlər, mülahizələr səsləndirilir. Siz bu haqda nə düşünürsünüz?

 

- Mən başa düşə bilmirəm ki, aksiyaların müddətini niyə sayırlar. Bunun nə mənası var? Hər şey aydındır. Bu bir növ ictimai nəzarətdir. Erməniləri nəzarətə öyrədirlər. Sonrakı mərhələdə dövlət qurumlarının nəzarəti özünü göstərəcək. Bu qaçılmazdır. Nəticənin necə olacağını zaman göstərəcək, bir qədər səbrli olmalıyıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər