Modern.az

Rusiya müharibəni uduzsa... - Putinin “Leopard”a qarşı ŞOK PLANI

Rusiya müharibəni uduzsa... - Putinin “Leopard”a qarşı ŞOK PLANI

Müsahibə

27 Yanvar 2023, 09:40

Qərb ölkələrininin Ukraynaya "Leopard" tanklarını vermək qərarı dünyanın siyasi gündəmində ciddi müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu addım müharibənin uzanmasına və daha böyük miqyas almasına gətirib çıxaracaq. Nəticələrə gəlincə, "Leopard"ların tədarükü Kiyevin qələbəsi kimi qəbul oluna bilməz, çünki Rusiya tərəfi buna cavab olaraq daha ölümcül silahlarını işə sala bilər.

 

Hazırkı hadisələr nədən xəbər verir? Rusiya-Ukrayna savaşında nələrə şahid olacağıq?

 

Modern.az-ın suallarını politoloq İlqar Vəlizadə cavablandırıb. Onunla qısa müsahibəni təqdim edirik:

 

- Bildiyimiz kimi, Almaniya Ukraynaya "Leopard" tanklarının tədarükünə razılıq verdi. Sizcə, bu addım nəyi dəyişəcək? 

 

- Məncə, bu addım Ukrayna qoşunlarının maddi-texniki bazasını möhkəmləndirəcək. Eyni zamanda əks-hücum əməliyyatları həyata keçiriləcək. Bu cür texnika əks-hücum əməliyyatlarını daha effektiv edə bilər. Ancaq qeyd etmək lazımdır ki, haqqında danışdığımız texnika olduqca müasirdir. Ona görə də Ukrayna qoşunlarının şəxsi heyəti həmin texnikadan istifadə etmək üçün müəyyən hazırlıq keçməlidir. 

 

Bəzi fərziyyələrə görə, texnikanı tam məniməsəmək üçün 5 ay tələb olunur. Belə olan halda əks-hücum əməliyyatları yay ayları üçün planlaşdırılacaq. Düşünürəm ki, bu addımın daha çox psixoloji təsiri olacaq. Yəni daha tilsim qırılıb, artıq Qərbin müasir ağır texnikaları Ukraynaya gəlir. Texnikaların reallıqda hansı effekt verəcəyini yaxın gələcək göstərəcək.

 

 

- Bu yaxınlarda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel diqqətçəkən açıqlama verdi. Belə ki, o bildirdi ki, yaxın 2-3 həftə Ukrayna müharibəsində həlledici olacaq. Gözləntiləriniz nələrdir? Nə baş verəcək?

 

- Bütün hallarda hər kəs bilir ki, Ukrayna əks-hücum əməliyyatına, Rusiya isə bu hücumları dəf etməyə hazırlaşır. Düşünürəm ki, 2-3 həftə əks-hücum əməliyyatlarının anonsundan başqa bir şey deyil. Sözügedən əməliyyatlar Zaparojye, Xerson, Luqansk və Donetsk istiqamətlərində baş verə bilər. Ancaq hesab etmirəm ki, 2-3 həftədə müharibənin taleyi həll olunsun. Lakin Şarl Mişel bizdən daha yaxşı məlumatlıdır. Bütün hallarda görünən odur ki, tərəflər güclərini maksimum səfərbər edirlər. Rusiya da, Ukrayna da nəyə qadir olduğunu  göstərəcək. 

 

- Rusiya tərəfinin mövqeyinə gəlincə, Moskva Qərbi Ukraynaya ağır silahlar göndərməklə vəziyyəti gərginləşdirməkdə günahlandırır. Rusiya rəhbərliyinin Qərbə cavabı necə ola bilər? 

 

- Əlbəttə, Qərb Ukraynaya dəstək vermək istəyir. Çünki onların başqa çıxış yolu yoxdur. Onlar söz veriblər, hədəf Rusiyaya qarşı vuruşan Ukraynaya dəstək verməkdən başqa bir şey deyil. İş orasındadır ki,  Qərbdə də siyasətçilər çox yaxşı anlayırlar ki, bu müharibə nə vaxtsa bitməlidir. Müharibə bütün hallarda danışıqlarla bitməli olacaq. Çünki Rusiyanı tam sürətdə məğlub etmək mümkün olmayacaq. Ona görə ki, Rusiyanın taktiki nüvə silahı arqumenti var. 

 

Rusiyanın bu gücdən istifadə etməyəcəyini düşünmək üçün başıxarab olmaq lazımdır. Rusiya görsə ki, uduzur, dərhal bu yola əl atacaq. Rusiyanın əlini saxlaya bilən qüvvə yoxdur. Qərb də bunu başa düşür. Sadəcə olaraq, hazırda Rusiyanı maksimum təzyiq altında saxlamaq istəyirlər. Bununla bir yandan vaxt qazanıb, digər yandan Ukraynanı müdafiə etməklə taktiki məqsədlərinə uğurla çatırlar.

 

Doğrudan da, Qərbdən dəstək gəlməsəydi, Ukrayna Rusiyaya müqavimət göstərə bilməzdi. Qərb bununla göstərmək istəyir ki, bəli, mən Ukraynaya dəstək verməklə onun müdafiə qüvvətini artırmışam. Buna Rusiyanın tab gətirib-gətirməyəcəyini sınayırlar. Düşünürəm ki, resurslar tam tükənməyənə qədər hadisələr belə davam edəcək.

 

- Bəs müharibənin uzanması nəyə istiqamətlənib?

 

- Rusiya güc və diqqətini müdafiəni gücləndirməyə yönəldib. Düşünürəm ki, Rusiya tərəfi də əks-hücuma hazırlaşır. Əgər Ukraynanın əks-hücum əməliyyatı uğursuz alınsa, onda Rusiya tərəfindən də hücum gözlənilə bilir. Onların strategiyası bundan asılıdır. Müharibənin uzanması məsələsinə gəldikdə isə xatırlamaq lazımdır ki, bu savaş eyni zamanda resurs müharibəsidir.

 

Qərb belə düşünür ki, Rusiyanın bütün güclərini müharibəyə yönəldərək onu tam zəiflədə bilər. Rusiya da düşünür ki, Ukraynanı zəiflədib, nəticədə Qərbi danışıqlara məcbur edə bilər. Çünki Qərb birbaşa yox, Ukraynanın əli ilə vuruşur. Ukrayna da vuruşa bilməyəndən sonra Qərb nə edə bilər? Yəqin ki, Rusiyanın fikirləri belədir. Hər halda proseslərin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək.

 

- Belə görünür ki, Qərb Rusiyanın gücünü sınağa çəkir. Moskva təzyiqlərə tab gətirə biləcəkmi?

 

- Rusiyanın nə qədər tab gətirib-gətirməyəcəyini zaman göstərəcək. Ancaq Rusiya hələ ki tab gətirir. Moskvanın danışıqlara maraqlı olmaması da buna sübut ola bilər. Bir sözlə, Rusiyanın tab gətirmədiyini göstərən əlamətlər yoxdur. Belə əlamətlər olsa, biz başqa proseslərin getdiyini görərdik. Rusiya tərəfi deyə bilərdi ki, bəli, biz müəyyən şərtlərlə qarşı tərəfin tələblərinə uyğun danışıqlar apara bilərik, lakin biz bunu eşitmirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü