Modern.az

Sərhəddə polislərlə bir-birimizi qucaqladıq - SƏFİR

Sərhəddə polislərlə bir-birimizi qucaqladıq - SƏFİR

Müsahibə

26 Yanvar 2023, 17:12

“Getdiyimiz hər yerdə qardaş kimi qarşılanırıq”.

 

Modern.az Türkiyənin Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tayyar Kağan Atay ilə müsahibəni təqdim edir.

 

- Cənab səfir, Türkiyə-Albaniya münasibətlərinin 100-cü ildönümündə xalqlarımız və iki ölkə arasındakı ikitərəfli əlaqələri əsas başlıqlarla necə dəyərləndirərdiniz?

 

- 15 dekabr 1923-cü il tarixində imzalanan "Əbədi Dostluq və Əməkdaşlıq Müqaviləsi" ilə ölkələrimiz arasında diplomatik münasibətlər təsis olundu. Diplomatik münasibətlərimizin təsis olunmasının 100-cü ilini qeyd edəcəyimiz 2023-cü il eyni zamanda Türkiyə Cümhuriyyətinin də 100-cü ilidir. Dolayı olaraq, bizim üçün də son dərəcə önəmli ildir. Digər tərəfdən, hər nə qədər diplomatik münasibətlərin təsisi baxımından 100 ildən söhbət etsək də, iki ölkənin toplumları arasındakı münasibətlərin yüzilliklərə söykəndiyi aydındır. Bu ortaq tarix və əsrlərə söykənən birgəyaşayış ənənəsi siyasi, iqtisadi, mədəni və digər bütün sahələrdəki əlaqələrimizin ən önəmli hərəkətverici qüvvəsidir. Burada əslində tam mənası ilə qardaş iki xalqdan danışmaq mümkündür. Türkiyədə mütləq ki, hər kəsin tanıdığı bir alban əsilli vətəndaşımız var. Mədəniyyətimiz, adət və ənənələrimiz artıq qaynayıb-qarışıb. Təbii ki, bu, siyasi sahədə də əksini tapır. 2021-ci ilin yanvarında prezidentimiz və baş nazir Rama tərəfindən Ankarada imzalanan birgə bəyannamə ilə ikitərəfli əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinə yüksəldilib. Bu bəyannamənin imzalanması dönüş nöqtəsi oldu. Bu tarixdən sonra qarşılıqlı yüksək səviyyəli səfərlər, qurumlararası təmaslar, müqavilələr və əməkdaşlıq sahələri önəmli dərəcədə artdı. Son olaraq 1 noyabr 2022-ci ildə nazirimiz Albaniyanın Avropa və xarici işlər naziri Olta Xhaçkanı ölkəmizdə qarşıladı. Xhaçkanın nazir olaraq ölkəmizə ilk rəsmi səfərində nazirlər ilk dəfə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıq xarakteri daşıyan siyasi dialoq qrupunun iclasını gerçəkləşdirdilər. Bu istiqamətdə diplomatik münasibətlərimizin təsis olunmasının 100-cü ildönümü olan 2023-cü ildə də siyasi sahədə və bütün digər sahələrdə sıx gündəlik bizi gözləyir.

 

- Cənab səfir, Albaniya və Türkiyənin strateji və tarixi müttəfiqliyi var, amma qarşıdakı əsrdə xalqlarımızı və iki toplumu daha da gücləndirmək üçün gələcəkdə ölkələrimizin nələri etməli olduğuna dair fikirləriniz nədən ibarətdir?

 

- İki NATO müttəfiqi Balkan ölkəsi və Aİ-yə namizəd ölkə olaraq Albaniya ilə əməkdaşlığımızı hər sahədə irəliyə aparmaqda qərarlıyıq. Bu kontekstdə 2021-ci ildə strateji müttəfiqlik səviyyəsinə qaldırılan siyasi əlaqələrimizin, davam edən qarşılıqlı yüksək səviyyəli səfərlər və təmaslarla daha da gücləndirilməsini arzulayırıq. İçində olduğumuz mövcud geopolitik sınaqlar Balkanların iki önəmli ölkəsi olan Türkiyə və Albaniya arasındakı əməkdaşlığı daha da önəmli edib. Avropa və Balkanların sabitliyi və təhlükəsizliyi üçün kilid nöqtədəki Albaniya ilə qlobal və regional mənada xeyli məsələdə yaxın dialoqumuzu və beynəlxalq təşkilatlardakı əməkdaşlığımızı davam etdirməyi diləyirik. Keçən il illik ticarət həcmimizin 1 milyard ABŞ dollarından çox olması ilə bağlı hədəfimizi reallaşdırdıq. 2022-ci ildə ikitərəfli ticarət həcmimiz 1.1 milyard ABŞ dollarına çatdı. Türkiyə hal-hazırda Albaniyadakı ən böyük xarici investorlar arasında yer alır. Yatırımlarımızın toplam həcmi 3.5 milyard ABŞ dollarını keçib. Əsasən xidmət sektorunda 600 türk şirkəti Albaniyada fəaliyyət göstərir. Qarşıdakı dövrdə ticarət həcmimizi və qarşılıqlı sərmayələrimizi daha da artırmaq üçün də səy göstərməyə davam edəcəyik. Dövlətlərarası mükəmməl münasibətlərimiz gücünü heç şübhəsiz ki, insani əlaqələrdən alır. Xalqlarımız arasındakı qarşılıqlı təmasların, universitetlərimiz və yerli özünüidarəetmə orqanlarımız arasındakı əlaqələrin və mədəni tədbirlərin getdikcə artmasını təşviq etməyə davam edəcəyik.

 

- Bilirsiniz, Albaniya nəhayət ki, ötən ilin iyul ayında Aİ ilə üzvlük müzakirələrinə rəsmi şəkildə başladı. Türkiyə də Aİ üzvlüyünə namizəd olan bir ölkədir. Türkiyənin Albaniyanın və ümumilikdə Balkanların Avrointeqrasiyası prosesinə yanaşması necədir?

 

- Albaniyanın Avropa İttifaqına üzvlüyü ilə bağlı səylərini dəstəkləyir, bu prosesin sonunda dost Albaniyanı Aİ-nin üzvü olaraq görməyi ürəkdən arzulayırıq. Türkiyənin müzakirələrə davam edən namizəd ölkə olaraq dost və qardaş Albaniyanı Aİ-yə üzvlük prosesi ilə əlaqədar bütün sahələrdə malik olduğu bilgi və təcrübələri paylaşmaqla dəstəkləməyə hazır olduğunu bir daha vurğulamaq istəyirəm. Bütün Balkan ölkələrinin Avro-Atlantik təsisatlarla inteqrasiyası Balkan siyasətimizin prioritetlərindən birini təşkil edir. Türkiyənin də bir hissəsi olduğu Balkan regionunun gələcəyinin Aİ-də olduğuna inanırıq. Mövcud geopolitik sınaqlar uzun fasilədən sonra genişlənmə siyasətini Aİ-nin gündəminə yenidən gətirdi. Ukrayna, Moldova və Bosniya və Herseqovinaya namizəd ölkə statusu, Gürcüstana isə Aİ perspektivi verildi. Albaniya və Şimali Makedoniya ilə müzakirə prosesi başladı. Bütün bu yeniliklərin Aİ-nin genişlənmə siyasətinə və Türkiyənin də daxil olduğu namizəd ölkələrin üzvlük prosesinə müsbət təsirini arzulayırıq. Aİ-nin genişlənmə siyasətinin ədalətli kriteriyalara söykənməsi və nəticəyönümlü olmasının vacibliyinə inanırıq.

 

- Cənab səfir, xidmətinizin ilk ilindəsiniz. Albaniyanı gəzmisinizmi? Albanların Türkiyəyə və səfir olaraq sizə qarşı olan qonaqpərvərliyi və sevgisi heç diqqətinizi çəkib?

 

- Albaniyaya 24 iyunda gəlmişəm və səfir kimi fəaliyyətə başlamışam. Təxminən 7 aylıq bu müddətdə ailəmlə birlikdə cənubundan şimalına bir çox şəhəri görmək fürsətimiz olub. Albaniya tayı-bərabəri olmayan təbii gözləllikləri ilə çox özəl bir ölkədir. Ailə olaraq çox bəyənmişik. Əminəm ki, daha görməli olduğumuz xeyli gözəl məkan bizi gözləyir. Getdiyimiz hər yerdə qardaş kimi qarşılanırıq. Albaniyanın və albanların mənə və ailəmə göstərdiyi xoş münasibətlə bağlı unuda bilməyəcəyim xatirələrdən biri də şübhəsiz ki, Albaniyada olduğum ilk dəqiqələrdə yaşandı. Türkiyədən Albaniyaya quru yolu ilə gəldim və sərhəddə Türkiyə səfiri olaraq gəldiyimi deyəndə polis əməkdaşları tərəfindən son dərəcə səmimi və isti şəkildə qarşılandım, bir-birimizi qucaqladıq. Gözlədikləri bir qohum gəlibmiş kimi sevindilər, mən də səyahətdən sonra qohumlarıma qovuşmuş kimi xoşbəxt oldum. O an mənim üçün çox şey ifadə edir və hər zaman xatirə olaraq qalacaq. Tam yeni bir yerə gəldiyimi düşündüyüm anda sanki evə gəlmiş kimi bir qarşılama olmuşdu mənim üçün. Əslində o an Albaniyanın digər yerlərində də görəcəyim qonaqpərvərlik və sevginin bir xəbərçisi oldu.

 

Müəllif: Anisa Bahit

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı