Modern.az

Pandemiyadan sonra vərəm KƏSKİN ARTIR? - “Qorunmaq asan deyil...” - VİDEOMÜSAHİBƏ

Pandemiyadan sonra vərəm KƏSKİN ARTIR? - “Qorunmaq asan deyil...” - VİDEOMÜSAHİBƏ

Müsahibə

27 Fevral 2023, 11:04

“Vərəm elə xəstəlikdir ki, öz vizit kartını əvvəlcədən heç kimə göndərməz”

 

“İnfeksiyaya yoluxmaqdan qorunmaq elə də asan deyil”

 

Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- Son vaxtlar Azərbaycanda vərəm xəstələrinin sayının kəskin artdığı deyilir. Hətta ölkəmizin dünya reytinqində ilk sıralarda yer aldığı iddia olunur. Deyilənlər doğrudurmu? Hazırkı durumu necə dəyərləndirirsiniz? 

 

- Vərəm bəşəriyyətin var olduğu dövrdən mövcud olan və hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da yayılmış xəstəlikdir. Tarix boyu bu xəstəlikdən həyatını itirənlərin sayı çox olub. COVID-19 virusunun bütün dünyada yayılmasına qədər olan dövrdə ölkəmizdə vərəmə yoluxanlar arasında müsbət tendensiya var idi. Yəni göstəricilər yaxşılaşmağa başlamışdı. Vərəm xəstəliyi ilk dəfə 141 il və ona qarşı olan dərmanın 79 il bundan əvvəl kəşf olunmasına baxmayaraq, bütün dünyada qlobal problemdir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi rəsmi məlumata görə, son 10 ildə, yəni 2020-ci ilə qədər olan dövrdə yer kürəsində vərəmdən ölənlərin sayı 1.4 milyonu keçməyib. Ancaq bu rəqəm 2020-ci ildə 1.5, 2021-ci ildə isə 1.6 milyon olub. Həmçinin adıçəkilən təşkilatın verdiyi məlumata görə, 2021-ci ildə 2020-yə nisbətən vərəm xəstəliyinə tutulanların sayı 4.5 faiz artıb. Tək bizdə deyil, bütün dünyada bu xəstəliyə yoluxanlar arasında artım var. Ancaq vəziyyət bəzi insanların dediyi kimi deyil. Amma söylənilənlərə diqqət etmədən arxayınlıq yaranmamalıdır. Bu infeksiyanın artıb-azalmasına müəyyən faktroların təsiri var. İlk vərəm dərmanının 1944-cü ildə kəşf olunmasından sonra tibb ictimaiyyətində belə fikir yaranıb ki, tək bu dərmanla xəstəliyin kökünü kəsmək mümkün olacaq. Arxayınlaşmadan sonra infeksiyanın artımı müşahidə olunub. Mübarizə tədbirlərini bir an belə səngitmək düzgün deyil. Xüsusən ölkəmizdə olan artımın qarşısının alınması üçün adekvat addımların atılması mütləqdir.

 

- Daha çox hansı yaş kateqoriyasına aid şəxslər vərəmə yoluxur? 

 

- Vərəm xəstəliyinə bütün yaş qrupuna aid insanlarda rast gəlmək olar. Düzdür, müxtəlif vaxtlarda xəstələnən insanlar arasında yaş qruplarına görə yoluxma göstəriciləri fərqlilik təşkil edir. Təxminən 50-60 ilə bundan əvvəl vərəm ən çox yaşlı insanlar arasında yayılmışdı. Ümumiyyətlə, bu infeksiyanın ən çox rast gəlindiyi şəxslər 18 yaşından yuxardır. Xəstəlik 18-40 yaş qruplarında olan insanlar arasında geniş yayılıb. Oğlanların hərbi xidmətə çağırılması və hansısa işə qəbul olarkən müəyyən müayinələrdən keçməsi ilə vərəm xəstəliyi aşkar olunur. Qadınlarda isə hamiləlikdən sonra bəzi yoxlamalardan keçərkən xəstəlik üzə çıxır.

 

 

- Xəstəlik əsasən hansı şəraitdə geniş yayılır?

 

- Vərəmin yaranması üçün istənilən şərait uyğun ola bilər. Çünki infeksiyanın mikro bakteriyaları ətraf mühitin mənfi faktorlarına qarşı çox dözümlüdür. Son illərdə bütün dünyada yayılan koronavirusun insanların həyatına nə qədər təsir etdiyinin şahidi olduq. Qeyd etmək lazımdır ki, vərəm infeksiyası da eynilə COVID-19 kimi hava yolu ilə yayılır. Ancaq koronavirusdan fərqli olaraq vərəm çöpləri ətraf mühitdə öz fəaliyyətini qoruyub saxlayır. Yəni günəş şüası düşməyən torpaqda və suda 5 aydan artıq qalması mümkündür. Buna görə də xəstəliyə yoluxan şəxslə ünsiyyətdə olduqda xəstələnmək olar. Vərəm mikro bakteriyaları daha çox günəş şüaları düşməyən yerdə fəaliyyətini davam etdirir. Çünki ultrabənövşəyi şüalar onlar üçün ölümcüldür. Vərəm infeksiyasına yoluxma və xəstələnmə tam fərqli anlayışlardır. Çünki yoluxma göstəriciləri yüksək ola bilər, ancaq onların hər biri xəstələnmir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin üçdə biri vərəmə yoluxub. Bunun qarşılığında isə xəstələnənlərin sayı xoşbəxtlikdən çox azdır. Xüsusilə ilk dəfə yoluxanlar arasında xəstələnmə göstəriciləri nisbətən yüksək olur ki, bu da həmin insanların 10 faizini təşkil edir. Yəni yoluxanların orqanizmində vərəm çöpləri yatmış formada qalaraq ya heç vaxt fəsad törətməyə, ya da gələcəkdə immunitetin zəifləməsi səbəbilə yenidən aktivləşə bilər.

 

- Yoluxanlar arasında qadınlar, yoxsa kişilər çoxluq təşkil edir?

 

- Əslində yoluxanlar arasında hər iki cins çoxluq təşkil edir. Ümumiyyətlə, bu infeksiyaya yoluxmaqdan qorunmaq sözlə ifadə edildiyi qədər asan deyil. Çünki yaşamaq üçün nəfəs almalıyıq, ancaq belə olduğu halda tənəfüslə infeksiyaya yoluxa bilərik. Xəstələnmə göstəricilərinə gəldikdə isə ayrı-ayrı yaş qruplarında fərqli olur. Elə yaş qrupları var ki, orada qadınlar, digərində isə kişilər daha çox yoluxub. Burada həmin şəxslərin müayinə olunması və aşkar edilməsi faktoru da var. Əsasən hərbi xidmətə çağırış dövründə olan oğlanlar və hamiləlik dövründə olan qadınlar yoluxanlar arasında çoxluq təşkil edir.

 

 

- Vərəmin yayılmasının qarşısını almaq üçün dövlət tərəfindən vəsait ayrılsa da, nəticənin ürəkaçan olmadığı deyilir. Sizcə, bunun səbəbi nədir?

 

- Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da dövlət tərəfindən vərəmlə mübarizəyə kifayət qədər diqqət yetirilir. Bunun nəticəsidir ki, Azərbaycan keçmiş Sovet ölkələri arasında bu infeksiya ilə mübarizədə ən yüksək pillərdə durur. Vərəm bütün dünyada artıb-azalan infeksiyadır. Dünyada adıçəkilən xəstəliyin yayılmasında artım olduqda, eyni ilə bizim ölkəmizdə də artım baş verir. İnfeksiya ilə bağlı tək bizim ölkəmizdə deyil, digər ölkələrdə də maarifləndirmənin genişləndirilməsinə ehtiyac var. Vərəm elə xəstəlikdir ki, hər kəs ömrünün müəyyən bir vaxtında yoluxa bilər. İmmuniteti zəif olan insanların yoluxma təhlükəsi yüksəkdir. Adıçəkilən infeksiya miqrasiya edir. Yəni hansısa ölkədə yoluxma artdıqda digər ölkələrdə də artma təhlükəsi yarana bilər. İnfeksiyaya yoluxmuş şəxslərin başqa ölkələrə miqrasiya etməsinin qarşısını almaq üçün müəyyən profilaktik tədbirlərin görülməsi şərtdir.

 

- İnsanlar vərəmlə bağlı kifayət qədər məlumatlı deyillər. Bir çoxları vərəmə yoluxsa da, bunun fərqində olmur. Nəticədə digər insanları da xəstəliyə yoluxdurur. Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

 

- Vətəndaşlarımızın vərəm xəstəliyi ilə bağlı informasiyalı olması üçün maarifləndirmə işlərinin genişləndirilməsi lazımdır. Burada mütəxəssislərin üzərinə yük düşür. Bu sahə ilə məşğul olan həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının müxtəlif reklam çarxları çəkməsi ilə vətəndaşlar məlumatlandırıla bilər. Həmçinin mətbuat işçilərinin də üzərinə böyük yük düşür. Çünki hazırda insanların mənbə kimi istifadə etdiyi yerlər xəbər saytları və sosial şəbəkələrdir. Sosial şəbəkələr və xəbər portallarında vərəm, onunla mübarizə haqqında nə qədər çox məlumatlar dərc olunsa, maariflənən insanların sayı çoxalacaq. Yəni məlumatlandırma işlərinin adekvat olması, ölkədə mövcud epidemioloji vəziyyətə öz əksini göstərəcək.

 

 

- Vərəmə yoluxan şəxslər xəstəliyi hansı səbəbdən gizlədirlər? Bunu cəmiyyətin həmin insanlara davranışı ilə əlaqələndirmək olarmı?

 

- Əslində infeksiyaya yoluxanların hamısı bunu gizlətmir. Xəstəliyə yoluxanlar ətrafdakı insanların bunu bildikdən sonra onlara qarşı münasibətinin dəyişəcəyini düşünür. Bu da həmin insanların vərəm xəstəliyi və onun müalicəsi haqqında heç bir məlumatının olmadığına işarədir. Çünki onlar bilmirlər ki, bu infeksiyaya hər kəs yoluxa bilər. "Vərəm elə bir xəstəlikdir ki, öz vizit kartını əvvəlcədən kimsəyə göndərməz", - deyə bir deyim var. Ümumiyyətlə, adıçəkilən xəstəliyə yoluxan şəxslərin izoliyasiya olunması digər insanların da infeksiyaya tutulmasının qarşısını ala bilər. Ətrafdakı insanlar xəstələnən şəxslərə bir növ dayaq olmalıdır.

 

- Azərbaycanda vərəm əleyhinə dərmanların keyfiyyətinin aşağı olduğu bildirilir. Müalicə prosesində daha çox Hindistan istehsalı dərmanlar istifadə olunur ki, bəzi mütəxəssislər bunun keyfiyyətinə şübhə ilə yanaşırlar. Bu haqda fikirlərinizi bilmək istərdik.

 

- Bunu hansı mütəxəssisin dediyini bilmirəm. Ancaq qeyd etmək lazımdır ki, vərəm əleyhinə olan dərmanlar Ümumdünya Səhiyyə Təşkilatının, eyni zamanda Azərbaycanın laboratoriyasında yoxlamalardan keçir. Yoxlamadan keçdikdən sonra dərmanın tərkibində vərəmə təsir edən inqridentlərin kifayət olduğu qənaətinə gəlinib. Yəni həmin dərmanların Hindistan istehsalı olması onun keyfiyyətsiz olduğu demək deyil. Həmin ölkənin bəzi dərman istehsal edən şirkətləri dünya sıralamasında üst pillədə qərarlaşıb. Həmçinin bu dərmanları Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edir. Dərmanların keyfiyyətsiz olması səbəbindən insanların sağalmaması fikri doğru deyil. Əksinə burada infeksiyaya yoluxan şəxslər müalicə rejiminə düzgün əməl etmədiyi üçün sağalmır. Azərbaycanda vərəm xəstələrinə dərmanlar dövlət tərəfindən tam ödənişsiz şəkildə verilir. Xəstələrin bir çoxu müalicədən sonra bu dərmanları qəbul etməkdən imtina edir. Düzdür, bu məsələ xəstələrin hər birinə şamil olunmur. Bəzən insanların imtina etmələrinə səbəb preparatların əks təsirləridir. Bu da dərmanların fasilələrlə qəbul edilməsinə gətirib çıxarır. Nəticə etibarı ilə bu cür hallar müalicənin keyfiyyətinə pis təsir edir. Ona görə də vərəmin müalicəsi kompleks, fasiləsiz və uzun müddətli olmalıdır. Müalicə zamanı dərmanlar xəstəyə əks təsir göstərsə, onun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməli, ya da həmin həblər dəyişdirilməlidir.

 

- Bəs, bir vərəm xəstəsinin müalicə olunması üçün nə qədər vəsait lazımdır?

 

- Vərəm xəstələrinin hər birinə ayrılan vəsait infeksiyanın formasından, müalicə müddətindən və onu qəbul edən şəxsin həssaslıq dərəcəsindən asılıdır. Xəstələrin müalicə müddəti bir və ya iki il ola bilir. Həmçinin müalicə müddətində istifadə olunan dərmanlar digərlərinə nisbətən daha bahalı preparatlardır. Qeyd olunan dərmanlar fərqli qiymətlərdə olub, müxtəlif ölkələrdə istehsal edilir. Ümumiyyətlə, qeydiyyata düşən xəstələr dövlət tərəfindən dərmanların ən keyfiyyətliləri ilə təmin olunur. Yəni infeksiyaya yoluxanların dərman təchizatında heç bir problem yoxdur. Amma mütləqdir ki, xəstələnən insanlar qeydiyyata düşsün. Bəzən vətəndaşlar qeyri-peşəkar insanların yanına gedərək, xəstəliklərini daha da ağırlaşdırırlar.

 

- Digər bir məqama nəzər yetirək. Pandemiyanın vərəmin sürətlə yayılmasına təkan verdiyi deyilir. Bu fikir nə qədər doğrudur?

 

- Pandemiya dünyada bir çox sahələrə, bir sözlə, həyatımıza təsir göstərdi. Bu təsir səhiyyə sahəsindən də yan keçmədi. Əlbəttə, vərəmə yoluxanların sayını artırdı. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikası təsdiqləyir. Pandemiya dövründə bəzi insanlar müayinədən keçərkən, ağ ciyərlərində vərəm olduğu aşkar edildi. Həmçinin təcrid olunma qaydalarının tətbiq olunması, tibbi xidmətin əlçatanlığının azalması kimi nüanslar da infeksiyanın yayılmasına öz təsirini göstərdi.

 

- Azərbaycanda vərəm xəstələrinin ən son statistikası bəllidirmi? Yoluxma daha çox hansı bölgələrdə qeydə alınır?  Hazırkı rəqəmlər gələcək üçün nə vəd edir?

 

- Pandemiyada müəyyən artım olsa da, bundan öncə yoluxma göstəriciləri aşağı tendensiyada idi. Ancaq resisdent formalarında xəstəlik göstəricilərində artım müşahidə olunurdu. Bunlarla mübarizə formalarının gücləndirilməsi mütləqdir. Əgər xəstəliyin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməsə, yoluxma göstəriciləri arta bilər. Yəni vərəm ocaqlarının aşkar olunması və mübarizə formalarının təkmilləşdirilməsi vacib faktordur. Çünki vərəm elə xəstəlikdir ki, kəskin əlaməti olmur. Xəstələrin həkimə müraciət etməsi üçün ciddi şikayəti olmur. Ən çox halsızlıq, gecə tərləmə və bəzi hallarda öskürək kimi əlamətlər özünü göstərir. İnsanların bir çoxu bu xəstəliyi həyat tərzi və iş qrafikləri ilə əlaqələndirir. Yəni xəstələr həkimə yalnız ciddi şikayəti olduğu zaman müraciət edir. Buna misal olaraq ağciyər qanaxması, tənginəfəslik, döş qəfəsində ciddi ağrılar göstərmək olar. Bu baxımdan yoluxanların ağır formalara çatmaması üçün kütləvi profilaktik müayinələrin aparılması mütləqdir. Son olaraq vərəm xəstələrinin də təmasda olduğu insanlar yoxlanılmalıdır. Çünki bəzi vətəndaşlar infeksiyaya tutulur, ancaq bundan xəbəri olmur. Bu hallar ən çox yaşlı insanlarda olur. Həmin şəxslər siqaretdən istifadə edir və öskürəyin bundan əmələ gəldiyini düşünür. Həmçinin arıqlayır, düşünür ki, yaşla bağlıdır. Belə insanların da müayinəyə cəlb olunması onlarda olan illərlə davam edən xroniki vərəm xəstəliyinin aşkarlanmasına gətirib çıxarır. Onlar özlərinin də xəbəri olmadan digər insanları yoluxdurur. Xüsusilə uşaq və yeniyetmələrin yoluxması daha təhlükəlidir. Çünki vərəm infeksiyası ilk dəfə düşdüyü orqanizmdə xəstəlik törətmə ehtimalı daha çoxdur.  Bütün bunlara diqqətin artırılması əsas fatorlardan biri kimi qəbul edilməlidir.

 

- Vərəmin ən çox həbsxanalarda yayılması haqda fikirlər səsləndirilir. Bu nə dərəcədə doğrudur?

 

- Son illər həbsxanalarda vərəmlə mübarizə tədbirləri adekvat aparılır. Hazırda ölkəmizdə olan həbsxanalarda vərəmin çox yayıldığını demək doğru olmaz. Qapalı yer olduğu üçün həbsxanalarda vərəmlə mübarizə aparmaq daha asandır. Bu baxımdan demək istərdim ki, Azərbaycanda vərəmə yoluxanların çoxunun həbsxanada olması barədə fikirlər yanlışdır. Dünyada elə sosial qruplar var ki, onlar daha çox risk qrupuna daxildir. Təbii ki, həmin şəxslər arasında həbsxanada olanlar da var. İnsanların sıx olduğu yerlərdə yoluxma riski daha çox olur. Orada yaşayış şəraitinin yaxşı olmaması, günəş şüasının düşməməsi kimi faktorlar vərəmə yoluxanların artmasına səbəb olan şəraitlərdən bir neçəsidir.

 

- Bəs, vərəm xəstəliyinə yoluxanlar tam sağalırmı?

 

- Bəli, vərəm tam sağalanan xəstəlikdir. Düzdür, nə qədər erkən mərhələdə aşkar olunub, doğru müalicə aparılarsa, tam sağalma ehtimalı bir o qədər yüksək olar. Yəni xəstələrin müalicə rejiminə düzgün əməl etməsi vacib nüansdır. Hətta, elə xəstələr olur ki, müalicəsi bitdikdən sonra müayinə olunduqda onun nə zamansa vərəm infeksiyasına yoluxduğunu müəyyən etmək mümkün olmur. Əksər hallarda vərəm olan şəxs sağaldıqda bədəndə müəyyən çapıqlar qalır. Amma bəzi sağalanlarda isə o qədər kiçik izlər qalır ki, heç onu adi rentgenoloji müayinələrdə aşkar etmək olmur. Belə hadisələrə nadir hallarda rast gəlmək mümkündür.

 

Rahib Ələsgərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub