Modern.az

Siyavuş Novruzov: “Əlbəttə, naziri də tənqid etmək olar” – MÜSAHİBƏ

Siyavuş Novruzov: “Əlbəttə, naziri də tənqid etmək olar” – MÜSAHİBƏ

9 Mart 2023, 14:26

“Zəngəzur dəhlizi neft müqavilələrindən də üstündür” 

 

“Səfirliyimizə hücum zamanı az qalsın mühafizəçi terrorçu ilə salamlaşsın, onun əvəzinə qapını açsın”.

 

Milli Məclisin deputatı Siyavuş Novruzovun Modern.az-a müsahibəsini təqdim edirik:

 

- Ötən ay Almaniyada Azərbaycan üçün çox mühüm tədbirlərdən sayılan Münhen Təhlükəsizlik Konfransı baş tutdu. Konfrans çərçivəsində cənab Prezident bir sıra görüşlər keçirdi, ölkəmiz üçün vacib olan məsələlərə, o cümlədən sülh danışıqlarına toxundu. Siz bu konfransın ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? 

  

- Münhen konfransı çox mühüm konfranslardan biridir. Konfrans zamanı Cənubi Qafqazın təhlükəsizliyi məsələsi müzakirəyə çıxarıldı. Müzakirə zamanı Azərbaycan Prezidentinin Azərbaycan xalqının maraqlarını necə yüksək şəkildə təmsil etməsinin şahidi olduq. Eyni zamanda Paşinyanın müzakirə zamanı çox çətin vəziyyətə düşməsi və yenə də erməni xislətinə uyğun olaraq fikirlər işlətməsini aydın şəkildə gördük. Paşinyan çıxışında bildirir ki, guya Azərbaycan tərəfi Qarabağda avtobusu saxlayıb, uşaqlar qorxub. Baş nazir olaraq həmişə olduğu kimi boş-boş cəfəngiyyat danışırdı. Bununla da Paşinyanın 90-cı illərin fikirlərindən hələ uzaqlaşmadığının şahidi olduq. Azərbaycan Prezidenti isə konkret faktlarla, rəqəmlərlə və insanları ora dəvət etməklə mövcut vəziyyəti izah edirdi. Beynəlxalq təşkilatlardan ICESCO, istərsə də UNESCO gəlib vəziyyəti aydın şəkildə göstərmir. Heç olmasa ICESCO öz fikirlərində çatdırır, ancaq UNESCO ümumiyyətlə gəlmədi və bunların hamısı nəzərimizdədir. Azərbaycan dövlət olaraq rəsmi şəkildə bəyan edib ki, ərazisində hansı xalq istəyirsə, yaşaya bilər. Bura o cümlədən ermənilər də daxildir. Artıq görürsünüz ki, danışıqlar başlayıb, icmalar arasında danışıqların ilkin mərhələsi olub. Tədricən danışıqlar davamlı olacaq. Bu məqamda təbii ki, bizi istəməyən qüvvələr var və bu vəziyyət onları çox narahat edir. Onlar bu və digər şəkildə Azərbaycana qarşı həm sapı özümüzdən olan baltalardan, həm də ermənipərəst və mənşəcə erməni olan insanlardan istifadə etməyə çalışırlar. İstər Amerikanın, istərsə də Avropanın ərazisində başqa adlar altında Azərbayandan getmiş siyasətə, jurnalistikaya heç bir dəxli olmayan insanlar adından Azərbaycan xalqı, ordusu əleyhinə təbliğat aparılır. Hətta Azərbaycanın keçən ilin sentyabrında baş verən döyüşlərdə yeni uğurlar əldə etməsi bəzilərinə pis təsir edir. Bu adamlar da vaxtilə Azərbaycanda işləmiş, oğurluq etmiş, vergidən yayınmış korrupsiya ilə məşğul olmuş şəxslərdir.

 

Məsələn, Amerikada İlqar Hacıyev adlı şəxsin həm dini, həm milləti, həm də özü saxtadır. Təsəvvür edin, bu şəxs Rusiyada bir neçə dəfə soyadını dəyişib. Əvvəlcə soyadı mənşəcə erməni olub. Anası da Ermənistanda doğulub, təmiz ermənidir. Sonra erməni soyadını Rusiyada dəyişib Əliyev eləyib. Orada törətdiyi cinayətlərə görə sonradan Azərbaycana qaçıb. Azərbaycanda da soyadını dəyişdirərək Hacıyev edib. Sonra öz dədə-baba dininə qayıdıb xristianlığı qəbul edib. İndi isə Amerikada erməni məhləsində Qriqoryan kilsəsinin yanında yaşayır. Onların dəstəsi ermənilər tərəfindən hazırlanmış qrupdur. Bunun bütün qohum-əqrəbalarının böyük bir hissəsi Azərbaycanı tərk edib və hamısı xristiandır. Bu adam xristianlıqla müsəlmanlığın da fərqini bilmir, izah edə bilmir.  

 

Bilirsiniz ki, Azərbaycan tolerant ölkədir, kim hansı dini istəyirsə, həmin dinə qulluq edə bilər. Amma bu dini siyasətdə istifadə etmək olmaz. Bunu da ona görə bu cür qabardır ki, sabah Azərbaycanda törətdiyi cinayətlərə, oğurluğa görə məsuliyyətə cəlb olunanda desin ki, dini, milli ayrı-seçkiliyə görə məni bu məsələlərlə əlaqədar məsuliyyətə cəlb edirlər. Oğurluqla məşğul olub, indi də Azərbaycanda olan bəzi məmurkimilərlə iş gördüyü məlumdur. Qohum-əqrəbaları da Ukraynada yaşayır. Təsəvvür edin, Ukraynada bacısı oğlunun adı Racdır. Baldızı qızlarının adı Diana və Anjelinadır. Yəni bu artıq onun milliyətindən xəbər verir. Yoldaşı Maxaçkala ləzgisidir. Burdan məlum olur ki, bunlar tamamilə fərqli dinə və milliyətə məxsus olan insanlardır. Özü də onlar Ermənistan- Azərbaycan arasında sülh olmasını istəmirlər. Çünki  sülh bunlara sərf eləmir. Bunlar Qarabağda narkotik dövriyyəsi, qanunsuz silahların toplanmasını istəyirlər. Bu adamların hamısı orqan mafiyasındadırlar, hansı ki, əsirlərin orqanlarını aparıb xaricdə satırdılar. Mən hesab edirəm ki, bu gün bizim qarşımızda duran əsas məqsədimiz məhz o qüvvələrə qarşı mübarizəmizi davam etdirmək olmalıdır. Onlar Azərbaycanın uğurlarını qəbul etmir.  

 

Azərbaycan bütün istiqamətlərdə niyə irəli gedir? Çünki əhali Azərbaycan Prezidentinin, Brinci vitse-prezidentin apardığı siyasəti dəstəkləyir. Onun sosial, iqtisadi proqramlarını dəstəkləyir. Ancaq belə ünsürlər isə Azərbaycanın əleyhinə işlər aparır. Mən hesab edirəm ki, bu işlərə qarşı mübarizə çox ciddi olmalıdır. 

    

- Növbəti sualımız sülh müqaviləsi ilə bağlıdır. Bu yaxınlarda XİN rəhbəri Ceyhun Bayramov bildirdi ki, Ermənistan tərəfi ilə onlayn diplomatiyaya keçilib, yəni tərəflər arasında danışıqlar onlayn formatda davam edir. Sizcə, onlayn danışıqların fonunda yaxın vaxtlarda sülh müqaviləsi imzalana bilərmi? 

 

- Bəli, sülh danışıqları gedir və bugünlərdə Paşinyan qeyd etdi ki, sülh müqaviləsinə imza atamağa hazırdır. Azərbaycan sülh üçün 5 şərt əsasında təklifini verib. Bilirsiniz ki, bir neçə dəfə Avropa İttifaqı çərçivəsində bu məsələlər müzakirə olunub, razılıq əldə edilib. Sülh hansı xəritələrlə müəyyən olunacaq, bunun haqqında da iki tərəfli razılıq var. Qeyd olunub ki, bundan kənar hər hansı məsələ ola bilməz. Bunu deyim ki, Rusiya da sülh yaratmaq prosesini təsdiq edib. İlk növbədə hesab edirəm ki, bu, sərhədin tanınması, ikincisi, hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Bilirsiniz ki, bu gün artıq dünyada bir qırmızı xətt var, bu da ərazi bütövlüyüdür. Eyni zamanda artıq Dağlıq Qarabağ anlayışı da yoxdur. Sülhün yaranması isə Azərbaycandan daha çox Ermənistana kömək edir. Bu gün Ermənistan bunun vasitəsi ilə həm Türkiyə ilə, həm də Azərbaycan ilə iqtisadi əlaqələr yaradar, yollar açılar, imkanlarını genişləndirər. Çünki ölkə çox ağır vəziyyətdədir, əhali köçüb gedir, Ermənistanda yaşayan əhalinin çoxu isə sülhün tərəfdarıdır. Əgər onlar sülhün tərəfdarı olmasaydı, müharibədə məğlub olan bir ölkənin Ali Baş Komandanını yenidən seçməz və ona etimad etməzdilər. Bu, onu göstərir ki, onlar prosesə tam razıdır. Hesab edirəm ki, yaxın zamanda bu məsələ həll olunacaq. Bir neçə dövlət burada ara qarışdırır, onlardan biri də İrandır. Digər tərəfdən Avropadan Fransa kimi dövlətlərin qarışıqlıq yaratdığını görürük. İndi Avropa Qarabağa missiya göndərib, guya orada monitorinq keçirirlər. Bu missiyanın hansı hüquqi sənədləri var? Heç bir ölkə bunu təsdiq etməyib. Amma bütün bunlara baxmayaraq, mən ümid edirəm ki, yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaq.  

  

- İrandan danışarkən səfirliyimizə hücumla bağlı fikirlərinizi bilmək istərdik. Maraqlıdır, İranda Azərbaycan səfirliyinə qarşı terrorun arxasında kimlər durur? İran hakimiyyəti, yoxsa başqa qüvvələr? 

  

- Bu hücumun arxasında kimlərin durması ilə bağlı İranda indiyə qədər heç bir məsələ qaldırılmayıb, gündəmə gətirilməyib. Hazırda İranda ciddi problemlər var. Bu ciddi problem isə İranda iki hakimiyyətlilikdir.  

 

Törədilən təxribatları bir-birinin üzərinə atmaqdan ötrü canfəşanlıq edirlər. Heç şübhəsiz ki, burada İran hökumətinin, İran molla rejiminin əli var. Molla rejimi bunu bu cür həyata keçirir. Onlar bilavasitə məsuliyyəti öz üzərlərinə götürürlər. Hücuma gəldikdə isə Azərbaycan səfirliyinin mühafizəsinin necə qorunduğunu və polisin ordakı davranışını hamı görüb. Hətta az qalır mühafizəçi terrorçu ilə salamlaşsın, onun əvəzinə qapını açsın və s. Bütün bunların hamısının biz şahidi olduq, ona görə də, buna heç bir ad qoya bilmədilər. Gah dedilər, hücum edən dəlidir, gah dedilər xəstədir. Bu, planlaşdırılmış terror hadisəsi idi.

 

- Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır, Ermənistan isə açıq şəkildə buna qarşı olduğunu bildirir. Tərəflər arasında fikir ayrılıqları olsa da, dəhlizin açılması məsələsi gündəmdədir. Siz necə düşünürsünüz, dəhliz açılacaqmı?

  

- Zəngəzur dəhlizi ilə bağlı yol çəkilir, yolun 73 faizi tam hazır vəziyətdədir. Zəngəzur dəhlizi üçtərəfli imzalanmış protokolda əsas şərtlərdən biridir. Buna görə də Zəngəzur dəhlizi mütləq açılmalıdır. Zəngəzur dəhlizinin açılması nəinki Ermənistan-Azərbaycana, həmçinin Rusiya, Türkiyə, İran kimi böyük dövlətlərə də çox böyük fayda verə bilər. Dəhliz həmin ölkələrin dünyaya çıxışına, nəqliyyat sferasının genişlənməsinə də yardımçı ola bilər. Zəngəzur dəhlizi Asiyadan Avropaya qədər uzanan məsələdir, tək Naxçıvanın məsələsi deyil. Eyni zamanda Ermənistanın birbaşa Rusiya ilə əlaqəsi, Türkiyə vasitəsilə Avropaya çıxışı deməkdir. Digər tərəfdən Gürcüstan vasitəsilə yenə Qara dənizə çıxış əldə olunur. Ona görə də Zəngəzur dəhlizinin qarşısını almaq qeyri-mümkündür. Bu dəhliz həm Orta Asiya ilə birlik, həm də Çinlə, Avropa, Rusiya ilə və digər böyük dövlətlərlə ticari əlaqələrin qurulması deməkdir. Bu neft müqavilələrindən də üstün bir şeydir. Hesab edirəm ki, mütləq nəyin bahansına olursa-olsun Zəngəzur dəhlizi açılmalıdır. 

  

- Bildiyimiz kimi, ötən ay Türkiyədə dəhşətli zəlzələ oldu. Təbii fəlakət nəticəsində minlərlə insan dünyasını dəyişdi. Hadisənin ilk günündə Türkiyənin köməyinə məhz Azərbaycan yetişdi və yardımlarımız bu gün də davam edir. Bu çətin günlərdə Azərbaycan xalqının dəstəyini necə dəyərləndirirsiniz?

  

- Azərbaycan xalqına bir daha təşəkkürümü bildirirəm, həmçinin Türkiyəyə, öz xalqımıza başsağlığı verirəm. Elə bizə də başsağlığı düşür, çünki eyni millətik və bütün insanlar - kiçiyindən böyüyünə qədər hamı kədərlənirdi, kimin gücü nəyə çatırdısa, yardım kampaniyasında iştirak edirdi. Kimliyindən, siyasi baxışından, mövqeyindən asılı olmayaraq hamı birlikdə orada könüllü kimi iştirak etməyə hazır olduğunu bildirirdi. Azərbaycan xalqı və dövləti bütün nə lazımdısa, hamısını həyata keçirdi. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilk gündən qardaş ölkədə fəaliyyətə başlayıb. Çox vaxt öz həyatlarını təhlükə altına qoyaraq insanları xilas etməyə çalışırdılar. Bu günə qədər zəlzələ bölgəsində hospitallarımız fəaliyyət göstərir. Hələ də qardaş ölkəyə xalq və dövlət tərəfindən yardımlar davam edir. Xüsusilə Heydər Əliyev Fondunu qeyd etmək istərdim. Birinci-vitse prezident Mehriban xanım tərəfindən mütəmadi olaraq bu məsələ diqqət mərkəzində olub. Könüllülər vasitəsilə yardımlar hazırlanıb, iki gündən bir təyyarə reysi ilə çoxlu sayda yardım, dərman preparatları, geyimlər, qızdırıcılar, çadırlar və s. qardaş ölkəyə çatdırılıb. Həmçinin Milli Məclis də bu məsələdə aktiv iştirak etdi. Həm deputatlar, həm də aparat işçiləri öz vəsaitləri hesabına lazımı köməyi göstərdilər.  

  

- Son olaraq xaricdəki müxaliflərin Azərbaycana qarşı apardığı kampaniyalarla bağlı nələri deyə bilərsiniz?  

  

- Onların böyük əksəriyyətinin nə təhsili var, nə də savadı. Qeyd etdiyim kimi, o insanlar siyasi baxışlarına görə sıxışdırıldığını və yaxud, nəyəsə görə jurnalist fəaliyyətinin qadağan olunduğu barədə iddialar qaldırırlar. Həmin insanlar sırf ələ alınaraq ora aparılır, onlara anti-Azərbaycan terminləri verilir və işlərini belə qururlar. Xüsusilə, bunlar mənşəcə qarışıq olan adamları axtarırlar. Çünki qanı, canı azərbaycanlı olan vətəninə qarşı müxalif ola bilmir. İnsan hansısa struktura qarşı müxalif ola bilər, hansısa naziri tənqid edə, fikir deyə bilər. Amma millətə, dövlətə müxaliflik etmək olmaz. Biz dəfələrlə şahidi olmuşuq, deyirlər ki, Ermənistanla Azərbaycan arasında müharibə olarsa, elə biz birinci Azərbaycan dövlətinə qarşı, sonra gedib erməni ilə vuruşacağıq. Artıq bunların niyyəti bəlli olur. Yaxud ermənilərlə bağlı bir dəfə də olsun o insanların xaricdə səfirliklər qarşısında aksiya keçirdiyini görməmişik, bir cümlə belə yazmayıblar. Təbii ki, Azərbaycanın xeyrinə nəsə yazsalar, onlara pul verməyəcəklər. Ən çirkin cəhət ondan ibrətdir ki, bu söyüş kampaniyasıdır. Bu da savadsızlıqdan irəli gəlir.

 

Məsələn, bir qanun layihəsini tənqid, təhlil elə ki, Almaniyada belədir, İtaliyada bu cür hazırlanıb, bizdə başqa cürdür. Axı onu təhlil etmək qabiliyyəti yoxdur. Azərbaycan müğənnilərini də təhqir edirlər, illərlə Azərbaycan xalqına xidmət etmiş xalq artistlərimiz var ki, onlar da təhqir olunur. Azərbaycanın dini lideri, hökumət nümayəndələri təhqir olunur, Milli Məclis haqqında təhqiramiz ifadələr işlədilir.

 

Bunlar dərk eləmir ki, sənin yazdığını anan, bacın, qardaşın, onların uşaqları da oxuyur. Sən hansı tərbiyəni təlqin eləyirsən insanlara? Deməli bu tərbiyədə böyümüsən, bu tərbiyədə yaşamısan ki, sənin üçün bunun heç bir fərqi yoxdur. Tənqid başqa şeydir, yol göstərmək başqa çeydir. Təhqir tamamilə başqadır. Bu insanlarla biz ciddi şəkildə mübarizəmizi davam etdirməliyik. Elə o İlqar Hacıyev bir dəfə göstərsin ki, burada “Akkord”da işləyəndə 5 şəhid ailəsinə, qaçqına, müharibə veteranına ev verib. Yaxud da hərbi xidmətdə olmusan, dövlət çevrilişlərinin qarşısını almısan? Sən bu gün Azərbaycan xalqına hansı dərsi verə bilərsən? Azərbaycan xalqına deyirsən ki, qalxın ayağa! Axı sən kimsən? Sənin kimi küçədə-bacada o qədər adamlar var. Səndən on dəfə qabiliyyətli və bacarıqlıdırlar. Hərə başını aşağı salıb işi ilə məşğul olur. Bir az pul oğurlamısan, düşmüsən ortalığa. Deyir ki, Amerikada petisiya belədir. İndi soruş ki, petisiya nə deməkdi? Sən heç onu bilirsən nədən ötəridir, niyə yığırlar, hansı dövlətdə bunu eləmək olar? Bu, sənin başına heç cürə uyğun gələ bilməz. O sənin məhsulun deyil, ermənilər yazıb qabağına nəsə qoyur, sən də deyirsən. Ona görə də bu cür insanlar Azərbaycanda aparılan güclü siyasətə qarşı güclü dövlətlərin əlinə hər hansı əsas versinlər. Çıxışlarına fikir verin, sentyabrdakı döyüşlər barədə deyirlər ki səhvdir, çünki ermənilərə ziyandır. Ekoloqların hesabına Laçın yolundan nə silah keçirilir, nə də terrorçuların hazırlıq işlərini apara bilirlər. Bu gün Azərbaycanda Prezident, Birinci-vitse prezidentin sayəsində ölkədə işlər gedir, pensiyalar artır, qısa zamanda böyük quruculuq işləri aparılır, nə qədər yollar çəkilir, körpülər salınır. Bunların hamısı onları narahat edir. 

 

Aysel Məhərrəm

Aytac Əsədova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!