Modern.az

“Ümid edirəm ki, əsl sülh olacaq” - G20 Forumunun prezidenti Modern.az-a danışdı

“Ümid edirəm ki, əsl sülh olacaq” - G20 Forumunun prezidenti Modern.az-a danışdı

Müsahibə

15 Mart 2023, 16:28

Dinlərə qarşı ayrı-seçkiliyə "yox" deməliyik

 

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham Modern.az-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik:  

 

- Bu gün Bakıda "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransa start verilib. Azərbaycanda ilk dəfə belə konfransın təşkil olunmasını necə qiymətləndirirsiniz? 

 

- Mən Bakıda bir neçə dəfə olmuşam. Bakıdakı Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq edirəm. Bu gün də konfransda G20 Dinlərarası Dialoq Forumu adından iştirak etməkdən məmnunluq hissi duyuram. Bu forum bütün dünyada müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları, o cümlədən islamofobiya ilə mübarizə aparmaq üçün müzakirələr aparmağı hədəfləyir. Eyni zamanda problemə qarşı həll yolları tapmaq baxımından da gözəl platformadır. Bildirim ki, islamofobiya qlobal problemdir və əhalisi müsəlman olmayan ölkələr də bu problemlə üzləşirlər. Düşünürəm ki, biz qorxunun səviyyəsini, dünyada yaranmış qütbləşməni azaltmaq üçün daha effektiv yollar tapmalı və bir-birimizə hörmətlə yanaşmalıyıq.  

 

 - Sizcə, dinlərə qarşı ayrı-seçkiliyin səbəbi nədir? 

 

- Biz hamılıqla dünyanın bir sıra ölkələrində müsəlmanlara qarşı aparılan ayrı-seçkilik və nifrət nitqini pisləməliyik. Amma düşünürəm ki, digər dini qruplara qarşı da bu cür münasibət müşahidə olunur. Ona görə də dinlərə qarşı ayrı-seçkiliyə "yox" deməliyik. 

 

Əlbəttə, ayrı-seçkiliyin də müxtəlif səbəbləri var. Təəssüf hissi ilə qeyd edim ki, hazırda bəzi siyasətçilər də İslama qarşı fikirlər yürüdərək qütbləşmənin yaranmasına rəvac verirlər. 

 

- Digər sualım Ermənistan-Azərbaycan münaqişəsində iddia olunan din faktoru ilə bağlıdır. Maraqlıdır, münaqişənin dini tərəfi olmasa da, Ermənistan Azərbaycana qarşı əsassız iddia irəli sürür. Bu haqda düşüncələrinizi bilmək istərdik...

 

- Bəli, dünyanın müxtəlif münaqişələrində olduğu kimi burada da belə iddialar ola bilər. Amma mən düşünürəm ki, hər iki tərəf yanlışlıqlara yol verməli deyil. Ümid edirəm ki, tərəflər danışıqlarla həll yolunu həllini tapacaq. Mən amerikalı olaraq bilirəm ki, Birləşmiş Ştatlarda erməni lobbisi çox güclüdür və hər həs bunun fərqindədir. Amma ümid edirəm ki, əsl sülh olacaq və ölkələr birlikdə problemi həll edə biləcəklər. 

 

- Konfransda da qeyd olunduğu kimi, Avropada, xüsusilə də Fransada islamofobiya artmaqdadır. Avropanın mərkəzi sayılan Fransada belə ayrı-seçkiliyin səbəbləri nələrdir? 

 

- Düşünürəm ki, uzun illər boyu fransız mədəniyyəti və dünyəviliyi bəzi mənalarda İslama xüsusilə sərt təsir göstərib. Məsələn, çadra taxmaqla bağlı qadağa qoyulub. Düzünü desəm, bir amerikalı kimi lazımsız qadağaları başa düşmək mənə çox vaxt çətin gəlir. Mən Avropada, eynilə Fransada belə halların azalacağına və birlikdə mübarizə aparılacağına ümid edirəm.  

 

Qeyd edək ki, BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

 

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Tədbirdə islamofobiya ilə mübarizədə kəsişən yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü