Modern.az

Ankara görüşü gələcək üçün nə vəd edir? - Sabiq nazirlə MÜSAHİBƏ

Ankara görüşü gələcək üçün nə vəd edir? - Sabiq nazirlə MÜSAHİBƏ

Müsahibə

18 Mart 2023, 09:32

Azərbaycan Prezidentinin təşəbbüsü ilə mart ayının 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçirilib. Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş və 50 minə yaxın insanın həyatına son qoyan zəlzələlərə görə keçirilən toplantının mövzusu “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” olub. 

 

Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Təşkilatın baş katibi Kubanıçbek Ömüralıyev çıxış ediblər.

 

Fövqəladə Zirvə toplantısı nəticəsində 3 vacib sənəd imzalanıb: 

 

1. Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısının Ankara Bəyannaməsi; 
2. Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında qərar; 
3. Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş. 

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov TDT Zirvə Görüşü və qarşıda duran hədəflər barədə Modern.az-ın suallarını cavablandırıb.

 

- Tofiq bəy, TDT-nin fəaliyyəti gələcək üçün nə vəd edir?


- Türk Dövlətləri Təşkilatının formalaşma prosesi çox sürətlə davam edir. Bir neçə il bundan öncə belə səviyyədə olan təmasların qurulması mümkün deyildi. İndi isə Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər qurumun güclənməsi üçün birliktə addımlayırlar. Bununla da həmin dövlətlər qurumun siyasətdə xüsusi bir yerə sahib olmasına gətirib çıxaracaq.

 

 

- Gələcəkdə TDT ölkələri arasında vahid ordu yarana bilərmi?

 

- Hələlik təşkilatda müzakirə olunan əsas mövzular iqtisadi və humanitar məsələlərdir. Hesab edirəm ki, bu mövzular ətrafında müzakirələr çox gedəcək. Vahid ordunun yaranması indiki mərhələdə mümkün olmasa da, gələcəkdə olması istisna deyil. Çünki təşkilata üzv olan ölkələr fərqli regionlarda yerləşir və onların müxtəlif geopolitik vəziyyətləri var. Həmin ölkələrin böyük dövlətlərlə də qonşu olması indiki situasiyada vahid ordunun yaranmasına təsir edən amillərdəndir. Ancaq gələcəkdə bu məsələnin reallaşması istisna olunmur. 

 

- Region ölkələri və dünyanın aparıcı dövlətləri bu birliyə necə yanaşır?


- Həmin dövlətlər hələlik sakitliklərini pozmasalar da, bu birliyə çox da pozitiv baxmırlar. Çünki türk dövlətlərinin bir araya gəlməsi, iqtisadi məsələlərdə müzakirələr aparması və gələcəkdə hərbi əməkdaşlıq etməsi bölgədə yeni geopolitik bir güc yaradır. Müxtəlif qüvvələr də bunu qısqanclıqla izləyirlər. Yəni Türk Dövlətləri Təşkilatının gələcəkdə daha böyük bir qurum halına gəlməsini məhz bu səbəblərə görə istəmirlər.


- Azərbaycan-Türkiyə münasibətləri digər türk dövlətlərinin də belə bir əlaqə qurmasına töhfə verə bilərmi?


- Burada xüsusi önəmli olan məsələ təcrübədir. Azərbaycan və Türkiyə uzun müddətdir ki, kordinasiyalı və yüksək səviyyəli münasibət nümayiş etdirir. İki ölkə arasında olan yaxınlıq bir çox ölkələrin diqqətini çəkib. Əminəm ki, bizim keçdiyimiz yolları digər dövlətlər daha rahat keçəcəklər. Çünki Azərbaycan və Türkiyənin müəyyən təcrübəsi mövcuddur. Fərqli məsələlərdə əldə edilmiş uğurlar digər türk dövlətlərinin yaxınlaşması üçün sarsılmaz zəmin yaradıb.


- Bəs TDT-də danışıqların vahid dildə aparılması mümkün ola bilərmi?


- Vahid dil məsələsinin reallaşması aktual hala gəlməlidir. Yəni qeyd etdiyimiz kimi təşkilatın əsas məqsədi iqtisadi məsələlərdir. Buna görə də ilk olaraq iqtisadi və siyasi təlabat olmalıdır. Ancaq gələcəkdə bunun da reallaşacağı gözlənilir. Əslində əməkdaşlıq yüksək səviyyədə olanda ortaq bir qərar alınaraq bu cür məsələlərin həlli üçün addımlar atılacaq. Yəni hər şey ölkələrin nə qədər yaxınlaşacağından aslıdır. 


- TDT gələcəkdə baş verən hadisələrə müdaxilə edə biləcək qədər genişlənə bilərmi?


- Təbii ki, təşkilatın gələcəkdə genişlənməsi fonunda bu cür addımların atılması gözlənilir. İndidən hiss olunur ki, ölkələr arasında hərbi sənaye baxımından yaxınlaşma var. Müəyyən hərbi standartların formalaşdırılması və bu sahə üzrə əməkdaşlığın genişlənməsi sözügedən proseslərin sürətlənməsinə gətirib çıxaracaq. Ancaq indidən mütləq müdaxilə edəcək də deyə bilmərik. Ən önəmli olan məsələ isə həmin vaxt dünyada hansı proseslərin getdiyidir. Çünki biz indi də dünyada mürəkkəb hadisələrin olduğunu görürük.

 

Qeyd edək ki, Ankarada təşkil olunan tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. 

 

“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı