Modern.az

“Mənim üçün ailəm çox dəyərlidir” - Xanım deputatla MÜSAHİBƏ

“Mənim üçün ailəm çox dəyərlidir” - Xanım deputatla MÜSAHİBƏ

Müsahibə

13 Aprel 2023, 10:32

“Ailəmə daha çox vaxt ayırmağa çalışıram”

 

“Qadınlar zəif deyillər, əksinə...”

 

Milli Məclisin deputatı Könül Nurullayeva Modern.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

 

- Könül xanım, əvvəlcə Azərbaycanın yürütdüyü xarici və daxili siyasət haqqında soruşmaq istərdik. Gənc deputat olaraq, ölkəmizin siyasətini necə qiymətləndirirsiniz?

 

- Azərbaycan tam müstəqil dövlətdir və heç kimdən asılı deyil. Həyata keçirilən uğurlu daxili və xarici siyasət bir-birini tamamlayır. Bunun nəticəsidir ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Eyni zamanda beynəlxalq münasibətlər sistemində də Azərbaycan ciddi və nüfuzlu tərəfdaşdır. Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi kimi həm regionda, həm də dünyada  söz sahibiyik. Xüsusilə, 2020-ci ildən sonra, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz böyük qələbə bizim mövqelərimizi daha da gücləndirib. İndiki mürəkkəb geosiyasi şəraitdə balansı qorumaq, ədaləti, daxili sabitliyi və inkişafı təmin etmək, eyni zamanda beynəlxalq aləmdə söz sahibinə çevrilmək hər ölkənin nail ola biləcəyi uğur deyil. Təsadüfi deyil ki, bir çox siyasi liderlər Azərbaycan Prezidentindən bu uğurun reseptini soruşur. Bu, bir vətəndaş və deputat olaraq bizi qürurlandırır. Bu inkişafın davamlı olması hər birimiz üçün əsas prioritet olmalıdır. 

 

- Yəqin ki, son vaxtlar qonşu İranın ölkəmizə qarşı yürütdüyü siyasəti yaxından izləyirsiniz. Səfirliyimizdə terror aktının törədilməsindən sonra münasibətlər demək olar ki, pozulub. Necə düşünürsünüz, iki ölkə arasında diplomatik münasibətlər bundan sonra necə davam edə bilər? 

 

- Təbii ki, cənub qonşumuzun bu cür aqressiv davranışları təəssüf doğurur. İranın xüsusilə 44 günlük Vətən müharibəsindən sonra sərgilədiyi davranış qəbulolunmazdır. Azərbaycan bütün qonşuları ilə dinc dostluq  münasibətləri qurub. Hətta bizə qarşı işğalçılıq siyasəti reallaşdıran Ermənistanla da yeni mərhələdə normal qonşuluq münasibətlərinin qurulmasında maraqlıyıq. Amma bu adekvat münasibət heç kimə “qırmızı xətti” keçmək avantaji vermir. Heç kim Azərbaycanla diktə dilində danışa bilməz. O cümlədən bura İran da daxildir. İşğal dövründə İslam dəyərlərinə, qonşuluq münasibətlərinə zidd olaraq ermənipərəst mövqe sərgiləyən rəsmi Tehran sülh dövründə də eyni siyasəti nəinki davam etdirir, hətta Azərbaycanla təhdid dilində danışmağa cəhd edir. Belə olan halda rəsmi Bakı haqlı olaraq qarşı tərəflə öz dilində danışmalı olur. Səfirliyimizə, həmkarım, deputat Fazil Mustafaya qarşı həyata keçirilən terror aktları, casus şəbəkəsinin illərdir davam edən təhlükəli fəaliyyəti səbrimizi daşırır. Münasibətləri zədələyən biz deyilik. Ona görə də bütün məsuliyyət rəsmi Tehranın üzərinə düşür. İran normal qonşuluq münasibətləri haqda düşünsə daha yaxşı olar.   

 

- Azərbaycana qarşı çıxan ölkələrdən biri də Fransadır. Bildiyimiz kimi, bu ölkənin təxribatçı bəyanatlarına Milli Məclisin cavabı gecikmədi və bu yaxınlarda Azərbaycan Parlamenti Fransa ilə bağlı bəyanat qəbul etdi. Parisin Azərbaycanı hədəfə almasının gerçək səbəbi nədir? Bununla bağlı fikirlərinizi bilmək istərdik.

 

- Fransanın davranışları bizi qane etmir. Üstəlik, bu ölkə vaxtı ilə münaqişənin həllində vasitəçi olub. Amma vasitəçi kimi hansı addımları atıb? Bu sualın cavabı hər kəsə yaxşı bəllidir. Postmünaqişə reallıqlarını həzm edə bilməyən Fransanın sülh prosesindən kənarda qalması labüd idi. Rəsmi Parisin bütün davranışları regionda sülh deyil, müharibə vəziyyəti yaratmağa yönəlib. Prezident İlham Əliyevin söylədiyi kimi, 44 günlük Vətən müharibəsində onların planları alt-üst olub. İşğal dövründə də, müharibə zamanı da, bu gün də Fransa erməni lobbisinin təsiri altında hərəkət etməkdədir. Ona görə də qalib tərəf kimi Azərbaycan Fransanın prosesdə vasitəçi olmasına imkan verməyəcək. Milli Məclisin son bəyanatında Fransa Senatını Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hərəkətlərdən çəkinməyə çağırılır. Görünən budur ki, Fransa Parlamenti ikinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilib. Təbii ki, biz haqlı olaraq milli azlıqların hüquqlarını qorumaqdan yayınan Fransanın Azərbaycandakı erməni azlıqlarla bağlı canfəşanlığını yolverilməz hesab edir, rəsmi Parisə Korsika reallığını, müstəmləkəçilik siyasətini xatırladırıq. Parlamentin mövqeyi bundan ibarətdir ki, Fransa Senatında keçirilən sonuncu konfrans siyasi riyakarlığın bariz nümunəsidir.    

 

 

- Könül xanım, bu yaxınlarda deputat həmkarınız Fazil Mustafa sui-qəsdə məruz qaldı. Bu olaydan sonra deputatların təhlükəsizlik məsələsi müzakirələrə səbəb oldu. Hətta deputatlara silah verilməsi və cangüdənlə təmin olunması barədə təkliflərə də rast gəldik. Sizcə, deputatların təhlükəsizliyi necə təmin olunmalıdır?  

 

- Həmkarım Fazil Mustafaya qarşı sui-qəsd hər birimizi sarsıtdı. Bu, yalnız bir deputata yox, xalqımıza, dövlətimizə qarşı yönələn terror hadisəsi idi. Həmkarıma şəfa diləyir, tezliklə sıralarımıza qatılmasını arzulayıram. Təbii ki, bu cür məkirli planlar bizi əsas hədəfimizdən yayındıra bilməz. Əksinə, bu olay cəmiyyətimizi bu cür təxribatçı qüvvələrə qarşı daha da səfərbər etməkdədir. Deputatların təhlükəsizliyi məsələsinə gəlincə, əlbəttə, bütün vətəndaşlarımız kimi, deputatlarımızın da təhlükəsizliyinin təmin olunması olduqca vacibdir. Məlumdur ki, deputatların toxunulmazlığı Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində, həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 12- ci maddəsində təsbit edilir və  eyni zamada həmin qanunda deputatın təhlükəsizliyi məsələsi öz əksini tapıb. Qanunun 12.1 maddəsinə əsasən, “deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”. Hesab edirəm ki, bu hadisədən sonra həm həmkarlarım, həm də hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı daha ciddi tədbirlər görməkdədir. 

 

- İndi isə sizin deputat kimi fəaliyyətinizə toxunmaq istərdik. Milli Məclisin deputatı olmaq həyatınızda nələri dəyişdi?

 

- Daha çox məsuliyyət artıb. İnsanları, seçicilərimi narahat edən məsələlərlə daha yaxından tanış olmaq imkanı yaranıb. Seçicilərimlə görüş, onların qayğı və problemlərinin həlli hər zaman diqqətdə saxlanılır. Parlament fəaliyyəti çərçivəsində müxtəlif tədbir və görüşlərə qatılıram. İctimai-siyasi proseslərdə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal iştirak etməyə çalışıram. Bilirsiniz ki, mən eyni zamanda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüyəm. Yeni mərhələdə - postmünaqişə dövründə artıq beynəlxalq təşkilatlarla, o cümlədən AŞPA ilə münasibətlərimizi yeni reallıqlar əsasında davam etdiririk. 

 

-Könül xanım, bilirik ki, işləriniz çoxdur. Amma asudə vaxtınız hər halda olur, bunu necə dəyərləndirirsiniz? 

 

- Bəli, asudə vaxtım az da olsa olur. Ailəmin, övladımın və yaxınlarımın yanında olmağa çalışıram. Mənim üçün ailəm və mənə yaxın olan insanlar çox dəyərlidir. Onlara daha çox vaxt ayırmağa çalışıram. Mütaliə etməyi xoşlayıram, ölkəmizdə və dünyada baş verən prosesləri, hadisələri yaxından izləyirəm. 

 

- Bəs fəaliyyətiniz dövründə hansı çətinliklərlə üzləşmisiniz?

 

- Xüsusi bir çətinliyim yoxdur. Qadınlar zərif cinsin nümayəndəsidir, amma heç bir halda zəif deyillər. Azərbaycan qadını həm işində, həm ailəsində hər zaman fədakarlığı, əzmi, qətiyyəti ilə fərqlənir. Bütün işləri planlı şəkildə reallaşdırmağa çalışıram. Ailəmə, yaxınlarıma daha çox vaxt ayırmağa çalışıram.  

 

- Könül xanım, qeyd etdiniz ki, seçicilərinizlə çox işləyirsiniz. Onlardan sizə gələn şikayətlər daha çox nə ilə bağlıdır? 

 

- Müraciətlər əsasən məişət qayğıları, sosial problemlərlə bağlı olur. Parlamentdə iclaslarda, eləcə də mətbuat vasitəsilə həllini gözləyən problemləri intensiv şəkildə gündəmə gətirirəm. Hər bir seçicinin müraciətinə fərdi yanaşılır, problemlərin həlli istiqamətində operativ tədbirlər görürük. Bütün müraciətləri qeydiyyata götürürük, aidiyyəti üzrə müvafiq qurumlara ünvanlayırıq. Müraciətlərin əksəriyyətinə dərhal reaksiya verilir və həllini tapır. Obyektiv səbəblər ucbatından bəzi məsələlərin həllində müəyyən yubanmalar da olur. Amma heç bir müraciət diqqətdən kənarda qalmır.

 

 

 

Aysel Məhərrəm

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər