Modern.az

Qarabağ erməniləri hansı variantı seçir: Vətəndaşlığı, yoxsa getməyi? - MÜSAHİBƏ

Qarabağ erməniləri hansı variantı seçir: Vətəndaşlığı, yoxsa getməyi? - MÜSAHİBƏ

Müsahibə

19 Aprel 2023, 15:14

“Qarabağın erməni sakinlərini qorumaq üçün antiterror əməliyyatı keçirə bilərik”

 

“Yaxın vaxtlarda Azərbaycan Laçın dəhlizini tamamilə nəzarətə götürəcək”

 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov gündəmin əsas mövzuları ilə Modern.az-ın suallarını cavablandırıb.


Həmin müsahibəni təqdim edirik.

 

- Ötən gün Prezident İlham Əliyev AzTV-yə müsahibəsində çox önəmli məqamlara toxundu. Bunlardan biri Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edib-etməməsi ilə bağlıdır. Dövlət başçısı erməni sakinlər qarşısında şərt qoydu ki, onlar ya Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda yaşasınlar, ya da özlərinə başqa yaşayış yeri seçsinlər. Sizcə, ermənilər hansı variantı qəbul edəcəklər? 


- Ölkə başçısı hər zaman bu cür mövqe sərgiləyib. İlham Əliyevin Qarabağdakı vəziyyətlə bağlı oxşar çıxışları olub. İndi bu fikirlərin səsləndirilməsi bir növ Ermənistana cavabdır. Bildiyimiz kimi, sülh sazişinin bağlanmasında bir-birinə bağlı olan iki mövzu danışıqlar prosesini dayandırır. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlmişdi. Bu görüşdə istisna olunmur ki, sülh müqaviləsinin imzalanması müzakirə olunub. Çünki ABŞ nümayəndəsi Bakıdan sonra İrəvanı da ziyarət edib. Azərbaycan sülh sazişində postkonflikt dövrünün əsas prinsiplərinin öz yerini tapmasını istəyir. Bunlardan ən əsası isə ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasıdır. Ermənistanın mövqeyi ondan ibarətdir ki, onlar bizim ərazimizi yalnız Qarabağda olan ermənilərlə danışıqlar aparanda tanıyacaqlar. Həmçinin onlar bu danışıqların beynəlxalq vasitəçilərin köməyi ilə aparılmasını istəyirlər. Düşünürəm ki, Prezident İlham Əliyevin mesajı təkcə Azərbaycan ictimaiyyətinə yox, Ermənistana da hesablanıb. Mütləqdir ki, bu mövqe ABŞ Dövlət Departamentinin nümayəndəsinə də bildirilib. 

 

 

- Prezident müsahibə zamanı erməni separatçılarına da qəti şəkildə xəbərdarlıq etdi. Eyni zamanda Ermənistan rəhbərliyinin diqqətinə çatdırıldı ki, biz istənilən vəziyyətə hazırıq. Maraqlıdır, dövlət başçısının bu sözləri yeni hərbi əməliyyatın anonsu ola bilərmi? 

- Qarabağda irridentistlər hələ də mövcuddur. Onların məqsədi Qarabağı Ermənistana birləşdirməkdir. Ölkə başçısı açıq şəkildə mesaj verdi ki, ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da qanun qarşısında cavab verəcəklər. Ölkəmiz bunu etmək üçün antiterror əməliyyatları keçirə bilər. Çünki orada Vardanyan və digərləri belə fikir səsləndirirdilər ki, guya Qarabağda onlar müqavimət göstərməlidirlər. Həmin ərazidə Ermənistandan gələn silahlı hərbçilər hələ də fəaliyyətini davam etdirir. Onlar bu və ya digər şəkildə Azərbaycan qanunlarına qarşı müqavimət sistemi yaratmağa çalışırlar. Təbii ki, ölkəmiz bunun qarşısını almaq üçün adekvat addımlar atır. Ermənilər "Miatsum" siyasətini yeni dövrdə davam etdirmək niyyətindədirlər. Məhz İlham Əliyevin çıxışı həmin ermənilərə hesablanıb və onlara Azərbaycanın dedikləri ilə razılaşmaqdan başqa bir yolun olmadığını söyləyir. Dediklərimizlə razılaşmasalar, ya torpaqlarımızdan qaçmalıdırlar, ya da məhv olmalıdırlar.


- Siz necə düşünürsünüz, Qarabağda yaşayan erməni əhali terrorçu dəstələrdən xilas olmaq üçün Azərbaycana sığınacaqmı?


- Qarabağda yaşayan ermənilər oradakı separatçıların əhatəsindən asanlıqla çıxa bilməyəcək. Çünki həmin silahlı dəstələr əhaliyə təzyiq göstərir. "Miatsum" layihəsi Ermənistanda başlayandan sonra ilk terror aktı elə məhz ermənilərə qarşı baş vermişdi ki, bu irridentizm prosesi davam etsin. Ermənilərin bəziləri yazırlar ki, həmin o silahlıların ilk təzyiqinə məruz qalanlar elə ermənilərin özləridir. Bu proses davam etməkdədir.

 

Hər kəsin yadındadır ki, Qarabağda yaşayan ermənilərdən biri əsgərlərimizə yaxınlaşaraq ac olduğunu söyləyib, bizdən siqaret istəmişdi. Həmin şəxsi separatçılar xəstə elan edib, onu döymüşdülər. Belə şəraitdə Azərbaycan ermənilərin hüquqlarını qorumaq üçün antiterror əməliyyatı keçirə bilər. Əməliyyatların nəticəsində terrorçular torpaqlarımızdan təmizlənəcək. Onlar Azərbaycan konstitusiyasına zidd fəaliyyət həyata keçirirsə, təbii ki, məhv edilməlidirlər. Bu, istər Qarabağda, istərsə də digər yerlərdə ola bilər. Qısası, Azərbaycanın istənilən yerində konstitusiyaya qarşı çağırışlar edilirsə, həmin şəxslər qanun qarşısında cavab verməlidirlər.

 

Bu cür siyasət hər ölkədə mövcuddur. Buna ABŞ, Fransa kimi ölkələri misal göstərə bilərik. Yəni Azərbaycan özündən yeni qanun ixtira etmir. İlham Əliyevin çağırışı ondan ibarətdir ki, Azərbaycan ermənilərdən fərqli olaraq digər millətlərə eyni hüquqları verməyə hazırdır. Ermənistan isə bizim vətəndaşlarımızı silah zoru ilə öz torpaqlarından qovurdu. Azərbaycan isə bəyan edir ki, bizim qanunlarımızı qəbul edənlər ölkəmizdə yaşaya bilər, etməyənlər isə ərazimizdən çıxsın. Bu çox aydın və beynəlxalq qanunlara uyğun olan çağırışdır. 

 

 

- Azərbaycanın çağırışlarına Ermənistanın reaksiyasını necə qiymətləndirmək olar? Digər tərəfdən, İrəvan hakimiyyəti ermənilərin Azərbaycan vətəndaşlığına keçməsini qəbullana biləcəkmi?


- Azərbaycan Vətən müharibəsindən sonra Qarabağ üzərində suverenliyini bərpa edib. Sadəcə olaraq indi orada reinteqrasiya prosesi gedir. Bunun da müəyyən mərhələləri mövcuddur. Bəzən bizdə deyirlər ki, suverenliyimiz tam şəkildə bərpa olunmayıb. Bunun siyasi proses olduğunu başa düşməliyik. Nəyisə elan etməklə hansısa məsələləri həll etmək mümkün deyil. Orada yaşayan insanlara daim çatdırılır ki, Azərbaycanın dedikləri ilə razılaşmaqdan başqa yolları yoxdur. Ermənilər hansısa illüziyaya uymayıb, təxribat törədən silahlılara qoşumamalıdır.

 

Mən hesab edirəm ki, bu proses sürətlə getməlidir. Biz görürük ki, Laçında sərhəd-keçid məntəqisinin qurulması prosesi başlayıb. Bildiyimiz kimi, iki gün öncə Ermənistanın baş naziri qeyd etdi ki, "biz Zəngəzur dəhlizinə yalnız qanunlarımıza uyğun olaraq icazə veririk". Bu, Ermənistanın birbaşa 10 noyabr sazişinin tələblərindən imtina etdiyini  göstərir. Paşinyan razılaşmadan imtina edirsə, Azərbaycan da yaxın zamanlarda Laçın dəhlizinə birbaşa nəzarət edə bilər. Ən çox gözlənilən hadisələrdən biri də məhz budur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?