Modern.az

Sülh mütləq olacaq - Gürcüstanın eks-naziri Modern.az-ın suallarını cavablandırdı

Sülh mütləq olacaq - Gürcüstanın eks-naziri Modern.az-ın suallarını cavablandırdı

Müsahibə

7 May 2023, 15:44

"Rusiya anlamalıdır ki, bizim başqa şansımız yoxdur"

 

Gürcüstanın sabiq xarici işlər naziri, ABŞ-da və Kanadada səfir vəzifəsində çalışmış peşəkar diplomat Tedo Caparidze Modern.az-a ekslüziv müsahibə verib. 

 

Müsahibəni təqdim edirik:

 

- Rusiya-Ukrayna müharibəsindən sonra Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün səylərini artırıb. Sizcə, ölkəniz Aİ-yə üzv ola biləcəkmi?

 

- Ümid edirəm ki, bir gün Gürcüstan Avropa İttifaqına qoşula bilər. Amma bununla bağlı Gürcüstanın keçməli olduğu mərhələlər var. Bilirsiniz, üzvlüklə bağlı ittifaqın bəzi tələbləri var. Bunlar iqtisadiyyat, insanların rifahı, eyni zamanda demokratiya ilə bağlıdır. Belə bir sual ortaya çıxır ki, Gürcüstan bu tələbləri yerinə yetirə bilirmi? Bizim ölkəmiz bu sahələr üzrə çalışmalıdır. Düşünürəm və ümid edirəm ki, ölkəmiz bu standartlara cavab verəndə Avropa İttifaqına qoşula biləcək. 


- Bilirsiniz, hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqlar gedir. Bir neçə gün öncə Amerikada XİN başçıları səviyyəsində danışıqlar aparıldı və müəyyən razılıq əldə olundu. Növbəti görüşün Rusiyada keçiriləcəyi gözlənilir. Necə düşünürsünüz, sülhə Rusiya, yoxsa ABŞ töhfə verəcək?


- Düşünürəm ki, burada Amerika bir addım öndədir. Əlbəttə, sülh mütləq olacaq, bu yolda Amerika və Avropanın vasitəçiliyini qiymətləndirmək lazımdır. Rusiya müəyyən addımlar atsa da, sülhün Amerikanın vasitəçiliyi əsasında olacağını düşünürəm. 


- Hazırda qlobal təhlükə saçan Rusiya-Ukrayna müharibəsi davam edir. Siz diplomat kimi müharibəni necə qiymətləndirir və sonunu necə görürsünüz?

 

- Rusiya və Ukrayna arasında müharibə təkcə iki ölkəyə deyil, bütün regiona təsir edib. Dünya müharibədən əvvəlki vəziyyətə qayıtmaqda çətinlik çəkir. Bu müharibənin fəsadlarını demək olar ki, dünyanın hər bir ölkəsi, o cümlədən Gürcüstan da çəkir. Müharibədə qalib tərəf yoxdur və təriflənəsi bir tərəfi də olmayacaq. Milyonlarla insan bundan əziyyət çəkir, ona görə də müharibə tez bir zamanda bitməlidir. Heç kim müharibə istəmir.

 

- Bəs Rusiyanın regionda təsir imkanlarını necə qiymətləndirirsiniz?


- Rusiya anlamalıdır ki, bizim coğrafiyamızı dəyişmək şansımız yoxdur. Yəni biz əvvəldən bu regionda olmuşuq, köçüb başqa yerə gedə bilmərik. Ona görə də bu tələblərə uyğun hərəkət etməlidir. Bəzi rusiyalı siyasətçilər regionda ölkələri sıxışdırırlar. Onlar anlamalıdır ki, Rusiya ilə yaşamalı olduğumuzu qəbullanırıq. Amma bu o demək deyil ki, biz Rusiyayıq və onun içərisindəyik. Bəzi reallıqlarla barışmağın vaxtıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan dağıdıcı hücum:Rusiya şəhərləri bombalandı