Modern.az

İncəni geri çəkilməyə kimlər məcbur etdi - GİZLİ RAZILAŞMA

İncəni geri çəkilməyə kimlər məcbur etdi - GİZLİ RAZILAŞMA

Müsahibə

12 May 2023, 17:33

"FETÖ və PKK üzvləri Muharrem İncenin Kılıçdaroğlunun prezident seçilməsi yolunda maneə olduğunu düşünür"


Tanınmış siyasi şərhçi Nazim Cəfərsoy Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

Onunla müsahibəni təqdim edirik:


- Məmləkət Partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədlikdən geri çəkilməsi Türkiyənin siyasi gündəmini dəyişdi. Onun seçki yarışından imtina etməsi barədə müxtəlif fikirlər səsləndirilir. İddialara görə, İnce hansısa videogörüntülərlə şantaj olunduğuna görə, bu addımı atıb. Sizcə, video məsələsi real ola bilərmi? 


- Açığı, bu elə sualdır ki, əlində fakt olmadan cavab vermək mümkün deyil. Muharrem İnce özü həmin kaset və videoların saxta olduğunu söyləyir. Həmçinin, sözügedən foto və videoları görən şəxslər də görüntülərin həqiqətlə bağlılığı olmadığını bildirir. Görüntülərin doğru, ya da saxta olduğunu yalnız o sahənin ekspertləri anlaya bilər. 

 


- Bəs İnce namizədlikdən niyə geri çəkildi? Hansı qüvvələr onu prezidentlik yolundan döndərdi?


- Bu məsələ ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. İlk ağla gələn sual odur ki, İncenin namizədliyi kimə sərf etmir? Bəzilərinin fikrincə, Kılıçdaroğluna dəstək verən və FETÖ qruplaşmasında təmsil olunan insanların təsiri nəticəsində Muharrem İnce geri çəkilib. İncenin özü də FETÖ tərəfindən şantaj olunduğunu açıqlamışdı. Həqiqətən FETÖ əvvəl də belə taktikalara əl atıb. Təxminən 10 il əvvəl MHP-nin və mövcud hakimiyyətin millət vəkillərinə qarşı oxşar şantaja əl atıblar. Maraqlı məqam həmin qrupların Kılıçdaroğlunu dəstəkləməsi və ən başdan Muharrem İncenin namizəd olmamasını söyləməsidir. Bütün bu məlumatları üst-üstə qoyanda görürük ki, Muharrem İnceni namizədlikdən geri addım atmağa məcbur edənlər CHP-yə yaxın olan qruplardır.

 

Kılıçdaroğlunun bu məsələ ilə əlaqəsinin olub-olmadığını söyləmək çətindir.  Ancaq onu deyə bilərik ki, CHP-nin rəsmi və ya qeyri-rəsmi qrupları sosial media üzərində İnceyə qarşı ciddi kampaniyalar aparırdı. Həmin qrupların mövqeyi ondan ibarətdir ki, Muharrem İnce CHP-nin qələbəsinə mane olur, ona görə də geri çəkilməlidir.


- İncenin namizədliyini geri çəkməsindən sonra proseslər necə inkişaf edəcək? Bu haqda fikirlərinizi öyrənmək istərdik...


- Rəy sorğusu keçirənlər iddia edir ki, Muharrem İnce CHP-dən səs almır, əksinə Ərdoğan və Kılıçdaroğlunu dəstəkləməyən gənc seçicilər onu dəstəkləyir. Həqiqətən də, Muharrem İncenin toplantılarına, görüşlərinə baxdığımız zaman gənc qrupun onu dəstəklədiyini görə bilərik. Ümumiyyətlə, burada 3 qrup var. Bunlar Muharrem İncenin ideologiyasını sevən insanlar, ilk dəfə səs verən gənclər və Ərdoğandan məmnun olmayan amma Kılıçdaroğluna da səs vermək istəməyən qruplardır.

 

İncenin çəkilməsinin 3 nəticəsi olacaq. Kılıçdaroğlundan və Ərdoğandan narazı olan təbəqə Sinan Oğana səs verəcək. Artıq dünəndən başlayıblar ki, bir səs Sinan Oğana verilsin. Digər qruplar isə Muharrem İncenin göndərilməsinin Kılıçdaroğlunun fəaliyyəti ilə bağlı olduğunu səbəb göstərərək Ərdoğana səs verəcəklərini açıqlayıb. Muharrem İnceye CHP daxilindən də səslər verilirdi. Mən düşünürəm ki,  İncenin səs çoxluğu 3 faizdirsə, onun 1 faizi Ərdoğana, digər 2 faiz isə Kılıçdaroğlu və Sinan Oğana yönələcək.

 


- Maraqlıdır, PKK və FETÖ niyə Muharrem İnceyə qarşıdır? Seçki prosesinin pərdəarxası məqamları nədən ibarətdir?


- Bunun siyasi və digər səbəbləri var. HDP və arxasındakı PKK Kılıçdaroğlunu dəstəkləyir. Yəni HDP seçkilərdə namizəd irəli sürmədi və Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqladı. Sözügedən partiyanın üzvləri və başçısı da sosial şəbəkədə Ərdoğana qarşı Kılıçdaroğlunu dəstəklədiklərini açıq şəkildə bəyan etdi. Sosial mediada da HDP-yə yaxın şəxslər Kılıçdaroğlunun seçilməsi üçün xüsusi fəaliyyət göstərir. Digər tərəfdən PKK-nın içərisində olanlar da Ərdoğanın məğlub olmasını arzulayır. Buna görə də Kılıçdaroğluna səs verilməsini istəyir. Belə çıxır ki, HDP Kılıçdaroğlu ilə müəyyən razılıq əldə edib. Hətta, qeydolunan məsələ ilə bağlı müxtəlif iddialar da səsləndirilir. Təbii ki, bunların nə qədər doğru olduğunu söyləyə bilmərəm.

 

Kemal Kılıçdaroğlunun muxtariyyətlə bağlı açıqlamaları diqqət çəkib. Bu məsələ xüsusilə HDP-li bələdiyyələrə aid edilib. Bildirim ki, Türkiyədə HDP-nin PKK ilə əlaqəsi olan bələdiyyə sədrləri həbs olunub. Onlara müəyyən amnistiyaların olacağı ilə bağlı söyləntilər var idi. PKK HDP üzərindən müxtəlif anlaşmalarla Ərdoğanın məğlub edilib, Kılıçdaroğlunun hakimiyyətə gəlməsi üçün çalışır. İnce də bu prosesdə ciddi maneə olaraq görülürdü. Ona görə də ən başdan namizəd olmamasını və Ərdoğana qarşı Kılıçdaroğlunu dəstəkləməli olduğunu söyləyirdi.

 

Hətta, məşhur futbolçu, FETÖ-çü Hakan Şükür də İncəyə, Sinan Oğana səs verməyin kimi açıqlamalarla çıxış edirdi. Digər tərəfdən HDP-yə yaxın olan siyasi fiqurlar CHP-nin deputatlığa namizəd siyahısında yer alıblar. Məhz bütün bunlar tərəflər arasında razılıq olduğuna işarədir. HDP-nin seçki kampaniyasında ən çox istifadə edilən şüar 14 mayda Abdullah Öcalanı azad etməklə bağlıdır. Sual olunur ki, HDP-nin namizədi olmadan bunu necə edəcək? Belə qənaətə gəlmək olar ki, HDP dəstəklədiyi  Kılıçdaroğludan bütün bunları etməyi gözləyir. Kılıçdaroğlu isə Abdullah Öcalanla bağlı suallara cavab verməkdən yayınır. Mövcud hakimiyyət bundan istifadə edərək, Kılıçdaroğlu ilə HDP-nin birlikdə olduğunu bəyan edir. PKK-nın Murat Karayılan kimi terrorçu liderləri Kılıçdaroğlunun seçilməsinin onlara sərf edəcəyini açıqlayıb. Son olaraq isə HDP-nin bəzi önəmli fəalları Kılıçdaroğlunun prezident seçilməsindən sonra bütün məsələlərin həll olunacağına inanır.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınmışdı. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır. Mayın 11-də İnce namizədliyini geri götürdüyünü açıqladıqdan sonra prezidentlik uğrunda yarışda iştirak edənlərin sayı 3-ə düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır