Modern.az

Azad olunmuş ərazilər bizi idxaldan xilas edəcək - MÜSAHİBƏ

Azad olunmuş ərazilər bizi idxaldan xilas edəcək - MÜSAHİBƏ

Müsahibə

18 May 2023, 11:38

Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Tahir Rzayev işğaldan azad edilmiş ərazilərdə aqrar sahədə görülən işlər, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına qazandıracağı dividentlər barədə Modern.az-ın suallarını cavablandırıb.

 

Tahir Rzayev ilə qısa müsahibəni təqdim edirik:

 

- İşğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafı prioritet hesab olunur. Potensialı necə qiymətləndirirsiniz?

 

- İşğaldan azad edilmiş ərazilər aqrar sahənin inkişafı üçün çox böyük potensiala malikdir. Çünki əvvəllər həmin rayonlar ölkənin təxminən 20 faizə qədər kənd təsərrüfatı məhsulunu istehsal edirdi. Hətta bəzi regionlarda heyvandarlıq məhsullarının istehsalı daha yüksək olurdu. Bu gün azad olunan torpaqların minalardan təmizlənməsi və əkinə hazırlanması onu deməyə əsas verir ki, gələcəkdə bu faiz daha yüksək ola bilər. Çünki, o torpaqlar münbitdir.

 

Tarixən Füzulinin, Ağdamın tarlalarında üzüm əkilib, pambıq yetişdirilib. Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında çox böyük heyvandarlıq kompleksləri fəaliyyət göstərib. Digər tərəfdən bu gün müasir texnologiyanın tətbiqi ilə əlaqədar həmin yerlərdə kənd təsərrüfatını inkişaf etdirmək və daha yüksək məhsuldarlıq əldə etmək mümkündür.

 

Hazırda təxminən 100 min hektara yaxın torpaq istifadəyə daxil edilməkdədir. Həmin ərazilərdə artıq taxıl yetişdirilir. Həmçinin ötən il Kəlbəcərdə heyvandarlıq üçün imkanlar yaradılıb və bir çox fermerlər həmin ərazilərə köçürülüb.

 


- Azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı gələcək üçün nə vəd edir?


 - Hazırda ərazilərimiz mina və digər hərbi sursatlardan təmizlənir, aqrar sahənin inkişafı üçün imkanlar yaradılır. Cənab Prezident dəfələrlə azad olunmuş ərazilərə səfər edərək, orada görülən işlərlə tanış olub. Bu yaxınlarda Qarabağa səfər edən Prezident bir çox layihələrin həyata keçirilməsi və binaların təməlqoyma mərasimlərində iştirak edib. Sözsüz ki, torpaqların istifadəyə yararlı vəziyyətə qaytarılması və kənd təsərrüfatı üçün hazırlanması ilə əlaqədar xüsusi tapşırıqlar verilib.


Hesab edirəm ki, gələcəkdə həmin torpaqların istifadəyə verilməsi ölkədə kənd təsərrüfatının 25-30 faizə qədər məhsulunu təmin edəcək. Çünki torpaqlar münbitdir və bu gün Sovet dövründən fərqli olaraq yeni texnologiyalar, yeni təcrübələr tətbiq olunur. Fikrimcə, müasir texnologiyanın tətbiqi həmin ərazilərdə məhsuldarlığı 2 dəfə artırmağa imkan verə bilər. 


- Bəs Azərbaycan idxaldan asılılığa son qoya biləcəkmi? 

 

- Əlbəttə, bu mümkündür. Məsələn, bu gün biz heyvandarlıq məhsullarını özümüz istehal edirik. Bizim mal əti, qoyun əti, süd, yağ məhsullarını xaricdən idxal etməyimizə ehtiyac yoxdur. Lakin hazırda ehtiyacımız olan ən vacib məhsul ərzaqlıq buğdadır. Biz təxminən 1 milyon 2 min ton buğdanı xaricdən idxal edirik. Cənab Prezident dəfələrlə qeyd edib ki, biz məhsuldarlığı artırmaqla idxaldan tamamilə azad ola bilərik. Biz təxminən 3-4 il ərzində ərzaqlıq buğdaya təlabatımızı ödəyə bilərik. Belə olan halda idxala ehtiyac qalmaz. Bununla əlaqədar çox ciddi tədbirlər həyata keçirilir.


Bu gün ölkəmizdə taxıla, una o qədər də ehtiyac duyulmur. Amma müəyyən qayda da qiymətlərin artırılması, qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Hökumət işğaldan azad olunmuş torpaqların əkin dövriyyəsinə daxil edilməsi və daha çox ərzaqlıq buğda üçün nəzərdə tutulması ilə əlaqədar tədbirlər həyata keçirir.

 

Biz taxılın məhsuldarlığını artırmaq və yeni sortlar hesabına idxalın qarşısını ala bilərik. Digər kənd təsərrüfatı məhsullarına isə elə də ehtiyacımız yoxdur. Eyni zamanda bir çox kənd təsərrüfatı məhsulları var ki, məsələn, pomidor, xiyar, xurma və digər məhsulları biz xarici ölkələrə ixrac edirik. 

 


- Qarabağda aqrar sahələrin inkişafı qiymətlərə necə təsir edəcək? 


- Məhsuldarlıq artdıqca, məhsul çoxaldıqca qiymətlər də dəyişir. Burada tələb və təklif məsələsi var. Əgər həqiqətən təlabat artırsa, qiymətlər də artır. Ancaq müəyyən tələblər əsasında məhsuldarlıq artırsa, sözsüz ki, bazarda qiymət aşağı düşməlidir.  

 

Məsələn, bizdə müəyyən dövlərdə kartofun, soğanın qiyməti artdı. Amma artıq məhsul istehsal olunduğu üçün bazarda qiymətlər enib. Buna görə də, planlaşdırma lazımdır. Bir çox hallarda fermer öz məhsulunu saxlaya bilmir. Məhsulu tez zamanda bazara çıxarıb satmaq istəyir. Ancaq bu belə olmamalıdır. Fermerlər, sahibkarlar məhsulu lazım olan vaxtda satmağı bilməlidir. Fikrimcə, fermerlərin məhsullarını saxlaması üçün müasir soyuducular olmalıdır ki, satışa çıxarılana qədər məhsullar keyfiyyətini itirməsin. Digər tərəfdən hökumətin bununla maraqlanmalı olduğunu düşünürəm. Müəyyən qurum yaradılmalıdır ki, sahibkarın imkanı olmadığı halda həmin məhsulları alıb, vaxtı çatanda bazara çıxarmaları üçün saxlaya bilsin. Eyni zamanda bazarda qiymətin artırılmasına icazə verməsinlər.

 

 

 

 

Aytac Əsədova

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda hazırlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir