Modern.az

Kriptovalyuta ilə bağlı nələri bilmək vacibdir? - MÜSAHİBƏ

Kriptovalyuta ilə bağlı nələri bilmək vacibdir? - MÜSAHİBƏ

31 May 2023, 13:09

Dünyada baş verən böyük siyasi-hərbi və iqtisadi proseslər iqtisadiyyata, xüsusilə maliyyə sisteminə ciddi şəkildə yansımaqdadır. Rusiyaya qarşı tətbiq olunan maliyyə sanksiyaları bu ölkənin bankları və vətəndaşları üçün çətinliklər yaradır, eyni zamanda sanksiyalar üzündən bahalaşan qiymətlər onu tətbiq edən ölkələrə problemlər formalaşdırır. Bir çox mütəxəssislər ABŞ bank sistemindəki böhranın altsəbəbi kimi məhz Rusiyaya qarşı sanksiyaların yaratdığı qlobal bahalaşma prosesini göstərirlər: ABŞ-da inflyasiyaya qarşı tədbirlər martda bir neçə bankın iflasına gətirib çıxarıb. Bu proseslər dünya maliyyə-bank sistemi ilə yanaşı, daha “gənc” maliyyə alətləri bazarına – kriptovalyuta bazarına da təsirsiz ötüşmür. Bu təsirlər nə qədər ciddidir? Kriptovalyuta bazarının yaxın gələcəyi necə görünür?

 

Bu və digər suallarımızı dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”ın MDB üzrə regional direktoru Vladimir Smerkis  cavablandırıb.

 

- Kriptovalyuta hazırda nə qədər sabitdir və insanların öz vəsaitlərini ona yatırmaları nə qədər risklidir? ABŞ-da bankların iflası səbəbilə bütün dünyada bank səhmləri ucuzlaşıb. Bunun 2008-ci ildən bu yana ən böyük bank iflası olduğu deyilir. Bu, kriptovalyuta təşkilatlarının işinə necə təsir göstərib?

 

-Bütün investorların əsas vəzifəsi risklərə nəzarət etməkdən ibarətdir. Bütün vəsaitləri bir sazişə və ya aktivlərin bir növünə, bir birjaya, bir layihəyə yatırmağa gərək yoxdur. Daimi diversifikasiya lazımdır. Heç vaxt sürətli pul, yüksək gəlir və sərmayələrin tez qaytarılması üçün can atmağa dəyməz. Heç vaxt sosial şəbəkələrdə verilən məsləhətlərə qulaq asmayın. Nəhayət, ən əsası, sərmayəni nəyə yatırdığınızı bilin, texnologiya haqqında məlumat toplayın, lakin bunu adi investisiya vasitəsi kimi qəbul etməyin.

 

Biz dəfələrlə demişik və bu gün də deyirik ki, bütün insanlar kriptovalyutalara yalnız itirməyə hazır olduqları məbləğdə sərmayə yatırmalıdırlar. Kriptovalyutalar riskli alət olub və bu cür də qalmaqdadır, ona görə də məlumatsız, şəxsi ticarət və ya investisiya strategiyası olmadan bazarda istənilən əməliyyat vəsait itkisinə səbəb ola bilər. Bunu həmişə yadda saxlamaq lazımdır.

 

Banklara gəlincə, bankların uğuru və ya iflasının kriptovalyuta və ya bitkoinlə heç bir əlaqəsi yoxdur. Kiçik bir əlaqə var, lakin insanlar banklarda pul saxlayır və müxtəlif səbəblərdən pullarını banklarda saxlaya bilməyəndə başqa imkanlar axtara bilərlər ki, kriptovalyuta da onlardan biridir. İmkanlar da az deyil. Yaxın və uzaq keçmişdə insanlar səhmləri almağa başladılar, çünki onlar anlayırdılar ki, bankda və ya sadəcə, evdə nağd pul saxlamaq, ehtimal ki, onların öz vəsaitləri ilə edə biləcəyi ən pis investisiyalardan biridir. Səhmlər yüksəlib, enib və insanlar daşınmaz əmlaka, qızıla, kriptovalyutalara və digər aktivlərə sərmayə yatırırlar. Bu səbəbdən də banklarla bağlı vəziyyətlərin kriptovalyuta sənayesinə təsiri barədə ayrıca heç nə deyə bilmərəm. Biz çalışırıq, irəliləyirik və gələcəyə böyük nikbinliklə baxırıq.

 

- Hazırda ABŞ-da mümkün tənəzzül, bu ölkənin bank sistemində böhranın yenidən güclənməsi kriptovalyuta bazarı üçün ən böyük təhlükələrdən biri hesab olunur. “Binance” bu təhlükənin yaratdığı problemlərə hazırlaşırmı? Əgər hazırlaşırsa, hansı tədbirlər görülür? ABŞ iqtisadiyyatı tənəzzülə uğrayarsa, bu, kriptovalyuta bazarına necə təsir göstərəcək? Onları yumşaltmaq üçün nə etmək lazımdır?

 

- Ayrı-ayrı insanlar müxtəlif növ aktivlərə üstünlük verirlər. Bu o demək deyil ki, bir şey risklə bağlı olduqda insanlar birbaşa kriptovalyutalara üz tuturlar. Digər bir sıra orta səviyyəli seçimlər mövcuddur.

 

Zənnimcə, fiat pula alternativ kriptovalyutalardır ki, düşünürəm, bu da ən yaxşı variantlardan biridir. Lakin kriptovalyutaların fərqli riskləri ilə yanaşı, eyni zamanda üstünlükləri də var. Kriptovalyutalar likviddir (pula çevrilə biləndir), onlar həmişə sizinlədir, əməliyyatları yerinə yetirmək çox bəsitdir və təklif riyazi olaraq məhduddur. Kriptovalyutalarda bunu yoxlamaq çox asandır, bu, çox şəffaf, çox açıq, eyni zamanda çox əhatəli və çox qlobaldır, lakin çox dəyişkəndir.

 

Böhranlarla bağlı bir daha təkrar edirəm ki, ənənəvi maliyyə bazarının vəziyyəti ilə kriptovalyuta sənayesi arasında birbaşa əlaqəni görmürəm. Ümumiyyətlə, düşünürəm ki, bütün kriptovalyuta sənayesi başqalarının müvəffəqiyyətsizliyinə görə uğura güvənməməlidir, biz kriptovalyutanı əlçatan, sadə, faydalı etməli və onun daha çox qəbul edilməsini təşviq etməliyik. Eyni zamanda, bu o anlama gəlmir ki, kriptovalyuta banklar və ya ənənəvi fiat valyutaları və s. ilə birgə mövcud ola bilməz.

 

Biz həqiqətən, qlobal kommersiya ekosistemini yarada və kriptovalyutalar, blokçeyn vasitəsilə daha çox şey həyata keçirə bilərik. Bu səbəbdən də hesab edirəm ki, doğrusu, ənənəvi bankları özümüzə bənd etməməliyik. Banklar nə qədər uğurlu olarsa, kriptovalyutalar üçün bir o qədər yaxşıdır, çünki iqtisadiyyatda hər kəs nə qədər uğurlu olarsa, pul nə qədər çox olarsa, dəyər bir o qədər çox olar. Müxtəlif növ valyutalardan istifadə edən insanlar nə qədər çox olarsa, aktivlik nə qədər çox olarsa, hər kəs üçün bir o qədər yaxşı olar. Buna baxmayaraq, kripto sənayesi üçün istənilən iqtisadi böhran kifayət qədər əlverişli zəmin olmuşdur, elə götürək Türkiyəni, inflyasiyanın illik 100 faizə yaxınlaşması ilə kriptovalyuta sənayesi batmaqda olan iqtisadiyyatda “xilasedici halqa” rolunu oynamışdı. Ölkədə kriptovalyutaların qəbul səviyyəsi də xeyli artıb. Bu onu göstərir ki, kriptoiqtisadiyyat dünyanın hər bir yerində istənilən iqtisadi vəziyyət üçün uyğundur və faydalıdır.

 

- Binance Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsinə baxmayaraq, bu ölkədə fəaliyyətini davam etdirir. Bir çox Avropa və ABŞ nəşrləri sanksiyalar fonunda birjanın Rusiyada olan müştəriləri və bu ölkədə fəaliyyətləri üçün yumşaq məhdudiyyətlər tətbiq etdiyini yazır. Bu fikirlə razısınızmı? 2023-cü ildə bəzi tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılması barədə nə deyə bilərsiniz?

 

- “Binance” qlobal sanksiya qaydalarına əməl edir və beynəlxalq ictimaiyyət tərəfindən qara siyahıya daxil edilmiş insanlara, təşkilatlara, hüquqi şəxslərə və ölkələrə sanksiya tətbiq edir və bu cür subyektlərin “Binance” platformasına daxil olmasını qəbul etmir.

 

Rusiya vətəndaşlarına qarşı qəbul edilmiş sanksiyalarla bağlı bütün mövcud məhdudiyyətlər platforma və onun Avropa Birliyində olan hüquqi şəxsləri tərəfindən tam həcmdə tətbiq edilir.

 

“Binance”ın tələblərə riayət edilmə üzrə komandasında dünya üzrə 750-dən çox insan yer alır və onların təxminən yarısı pulların yuyulmasına qarşı mübarizə, adların yoxlanılması, “müştərini tanı” (KYC və KYB) platformasının uyğunlaşması və şəbəkə monitorinqi kimi sanksiyalara nəzarət işlərində birbaşa iştirak edir.

 

- Bəzi ekspertlər hesab edirlər ki, kriptovalyuta inkişaf etməkdə olan ölkələrin qeyri-sabit valyutalarını xilas edə bilər. Ümumiyyətlə, qarşıdakı illərdə kriptovalyutaların perspektivini necə qiymətləndirirsiniz?

 

- Əslində, kriptovalyuta bazarında strategiya elə də çox deyil. Bizim əsas strategiyamız maliyyəyə çıxışı təmin etmək, yeni iqtisadi alətləri təhlükəsiz, əlçatan, sürətli və etibarlı etməkdən, bu gün yüz milyonlarla insan və gələcəkdə milyardlarla insan üçün ən yaxşı infrastruktur yaratmaqdan ibarətdir. Sənaye çox sürətlə dəyişir və biz, əsasən, istifadəçiləri nəyin cəlb etdiyini və maraqlandırdığını görməliyik və sadəcə, onlara bu xidmətlərə giriş imkanı verməyə çalışmalıyıq. 2020-ci il DeFi, 2021-ci il NFT, 2022-ci il GameFi ili olmuşdur, indi mem tokenlər üçün trend mövcuddur. Sabah nəyin baş verəcəyini bilmirik.

 

Qeyri-sabit valyutaya malik ölkələrə gəlincə, təbii ki, kriptovalyutalar belə regionlarda qoruyucu aktiv kimi çıxış edir. Lakin coğrafiyanı daraltmayacağam. Dünyada makroiqtisadi vəziyyətə olduca mənfi təsir göstərən pandemiyanı xatırlayaq. Onsuz da kifayət qədər həssas olan iqtisadiyyatlarda və ölkələrdə bazarlar görünməmiş dəyişkənlik və qeyri-sabitliklə üzləşdi. Qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya və pandemiyanın səbəb olduğu makroiqtisadi şokun ənənəvi aktivlərə təsiri bütün dünyada bir çox insanların diqqətini alternativ investisiya aktivləri və inflyasiyadan qorunma kimi bitkoin və kriptovalyutalara yönəltdi. Bu, dəbə qiymət vermək deyil, bu, reallıqdır.

 

- Azərbaycanda əhali üçün blokçeyn üzrə hər hansısa bir maarifləndirici layihələr varmı? Bu sahədə hansı peşələri perspektivli hesab edirsiniz?

 

- Hələ ki yoxdur, amma yaxın vaxtlarda ölkədə mütləq maarifləndirici layihəni başladacağıq. Biz bu il Gürcüstanda təşəbbüsə start vermişik. Bu təşəbbüs Web3 sahəsində təhsilə yönəldilmişdir. Həmçinin ötən ilin dekabrında Qazaxıstanda blokçeyn sahəsində milli miqyasda dünyada ilk təhsil proqramına start verilib. Qazaxıstanın 20-dən çox universiteti bu payızda blokçeyn injinirinq (mühəndisliyi) və blokçeyn kompleans (riayət edilmə) proqramlarını həyata keçirməyə başlayacaq. İndi bu universitetlərin 350-dən çox müəlliminin təlim prosesini başa çatdırırıq, onlar tezliklə NFT sertifikatları alacaqlar.

 

Bu yay Azərbaycanda olan istifadəçilərimizlə ilk görüşü – “Binance Community Meetup” keçirməyi planlaşdırırıq. Burada kriptovalyutalar, blokçeyn haqqında biliklərimizi bölüşəcəyik, həmçinin bu ölkədə həyata keçirəcəyimiz planlar haqqında danışacağıq.

 

Peşələrə gəlincə, hesab edirəm ki, blokçeyn tərtibatçılarını, eləcə də tələblərə riayət edilmə (compliance) sahəsinin mütəxəssislərini parlaq gələcək gözləyir.

 

- Azərbaycanlılar özləri öyrənə bilərlərmi? Əgər bilərlərsə, nədən başlamaq lazımdır?

 

- Bəli, hazırda dünyanın istənilən yerindən hər bir istifadəçi Web3, kriptovalyutalar və blokçeyn sənayesi haqqında daim genişlənən sonsuz məlumat kitabxanasına daimi giriş imkanına malikdir. Bu, “Binance Academy”dir. “Binance Academy” kriptovalyuta təhsili və kripto savadlılığını inkişaf etdirmək və yaymaq məqsədilə 2018-ci ildə yaradılıb və bu gün Akademiyaya 1000-ə yaxın məqalə və lüğət, eləcə də 10-dan çox dilin tədrisi üzrə əsaslı kurslar daxildir.

 

Platforma həm sənayemizi özləri üçün tədqiq etməyə başlayan lap yeni istifadəçilər, həm də çox qabaqcıl istifadəçilər üçün cəlbedici ola bilər. Məsələn, Akademiyanın platformasına daxil olarkən blokçeyn üzrə kurs keçmək təklifini irəli sürən pəncərə açılır. Bu, başlanğıc səviyyə üçün daha münasibdir. Başlanğıc səviyyə üçün məqalələr, videolar sənayenin əsas anlayışlarını, terminologiyasını əhatə edir və izah edir. O cümlədən istifadəçi məlumatlarının və aktivlərinin təhlükəsizliyinin qorunması mövzularına xüsusi diqqət yetirilir.

 

Daha qabaqcıl istifadəçilər üçün Web3 və De-Fi kimi tematik sahələr də açılmışdır. İstifadəçi kainatda olan bu ümumi təsəvvürləri və onların dünyaya mümkün və faktiki təsirini başa düşmək məqsədilə belə mövzulara həm daha generativ şəkildə, (məsələn, “Süni intellekt DeFi-yə necə təsir edəcək: perspektivlər və yanlış təsəvvürlər” kimi məqalələrin köməyi ilə), həm də onların komponentlərinin, məsələn, orakulların və ya smart müqavilələrin öyrənilməsi ilə daha dəqiqliklə toxuna bilər.

 

“Binance Academy”nin materialları mövcud investorlar və treyderlər üçün maraqlı və faydalı ola bilər, belə ki, Akademiyanın kontenti həqiqidir, o, istifadəçilərimizin əks əlaqələri və keysləri əsasında yaradılır. Yəni hər hansısa bir təkrarlanan səhv və ya, əksinə, maraq müşahidə etsək, bu barədə kontent yaradırıq.

 

Xüsusilə qeyd etmək istərdim ki, Akademiyanın materialları həm tədqiqatçılar, həm iş adamları, həm də startapçılar üçün maraqlı ola bilər, belə ki, bu gün üçün toplanmış əsas baza düşünmək baxımından dəyərli fikir və mülahizələr xəzinəsidir.

 

Yekun olaraq qeyd edim ki, “Binance” üçün təhsil rəqəmsal aktivlərin kütləvi tətbiqinin təşviqi strategiyasının əsas komponenti hesab olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar