Modern.az

“Azərbaycan Ermənistanın qurtuluşu ola bilər”- Britaniyalı jurnalist

“Azərbaycan Ermənistanın qurtuluşu ola bilər”- Britaniyalı jurnalist

Müsahibə

29 Avqust 2023, 13:04

Böyük Britaniyanın “Daily Mail”, "Daily Star” və “Avrupa News Agency” platformalarının təmsilçisi Alpaslan Duven, Albaniyanın "infowebmedia" rəqəmsal platformasının əməkdaşı Anisa Bahiti və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının rəhbəri Avtandil Otinaşvili Azərbaycanda səfərdədirlər.

 

Parlament Jurnalistlər Birliyinin (PJB) dəvəti ilə ölkəmizə gələn xarici jurnalistlər Qərbi Azərbaycan İcmasında, Medianın İnkişafı Agentliyində (MEDİA) və digər qurumlarda olublar. Səfər zamanı bir sıra aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
 

Əcnəbi jurnalistlərin Azərbaycana səfərinin əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.
 

Ölkəmizdə səfərdə olan Böyük Britaniyanın “Daily Mail”,” Daily Star” və “Avrupa News Agency” platformalarının təmsilçisi Alpaslan Düven səfər təəssuratlarını, görüşlərin nəticələrini Modern.az-la bölüşüb.
 

Onunla müsahibəni təqdim edirik:
 

Böyük Britaniyada bir neçə nüfuzlu mətbuat orqanında çalışırsınız. Müşahidələrinizə əsasən deyə bilərsinizmi, ingilis mətbuatında  Azərbaycan, Qarabağ məsələlərinə necə yer verilir, regional problemlər necə işıqlandırılır?
 

- Böyük Britaniyada yaşayan jurnalist kimi deyə bilərəm ki, Ermənistan-Azərbaycan problemlərini davamlı yaxından izləyirik. Britaniya hökuməti və mediası da Ermənistan-Azərbaycan münaqişəsini yaxından izləyir. Sadəcə, onların bəzi qərəzli mövqeləri var. İngilislərin Azərbaycana qarşı qərəzini aradan qaldırmaq üçün düşünürəm ki, ermənilər kimi yaxşı lobbiçilik işi aparmaq lazımdır. Azərbaycan həqiqətlərinin Britaniya tərəfindən qəbul edilməsi, görülməsi lazımdır. Məhz bu kimi məsələlər barədə ingilis mediasının tez-tez xəbər verməsi lazımdır. Ya da Cənubi Qafqazda baş verənlərə obyektiv yanaşılmalıdır. Regiona gəlib, müşahidələr aparılmalıdır. Mənim Azərbaycana səfərim çərçivəsində bir çox müşahidələrim oldu. Məsələn, burada kilsələr açıqdır. Erməni vətəndaşlarınız təbii şəkildə kilsələrdə öz ibadətlərini icra edə bilərlər. Onları burada narahat edən hər hansı bir şey ola bilməz. Həyat şəraiti burada daha yaxşıdır. Təbii ki, Azərbaycanın Ermənistandan daha yaxşı yaşadığı göz qabağındadır. Görəsən, ermənilər də belə azadlığa sahibdirlərmi, bərabər şəraitdə yaşaya bilirlərmi?


- Regionda sülhün təminatı olaraq Azərbaycanın səylərini necə görürsünüz?


- Burada keçirdiyimiz görüşlərdə Azərbaycan hökumətinin barışa ən yaxın hökumət olduğunu görürük. Əslində Ermənistandan daha çox Azərbaycan hökuməti mübahisəli məsələlərin öz həllini tapmasının, sülhün bərqərar olmasının tərəfdarıdır. Bunun üçün Azərbaycanda zəmin onsuz da mövcuddu. Bu mənada düşünürəm ki, problem yoxdur. Buradakı gözəl atmosferin Britaniya və bütün ölkələr tərəfindən bilinməsi lazımdır. Ona görə də  Azərbaycanın həqiqətləri çatdırması üçün daha çox çalışması lazımdır. Lobbi fəaliyyətləri və kampaniyalar daha çox olmalıdır. Burada haqlı mübarizə var. Bu haqlı mübarizənin dünyaya izah olunması vacibdir. Bu mənada Britaniyada yaşayan jurnalistlər olaraq sizin burada yaşadıqlarınız, ölkənizdəki yaşam mühiti, Azərbaycan-Ermənistan münasibəltərindəki son durumla bağlı görüşlərimizi, düşüncülərimizi qələmə alacağıq. İngilislərin  burada baş verənlərdən xəbərdar olması vacibdir.  İngilislər Ermənistana təzyiq edərək məsələnin həll olunması üçün müvafiq addım atmalı, əks tərəfdə olmamalıdır. Çünki haqlı tərəf Azərbaycandır. Sadəcə olaraq beynəlxalq aləmdə  məsələnin daha sürətli şəkildə öz həllini tapması lazımdır. Nə BMT, nə NATO kimi beynəlxalq təşkilatlar bura müdaxilə etməli deyil. Onların müdaxiləsi olmadan buradakı insanların sülh içərisində yaşamasına zəmin yaradılmalıdır. Britaniyanın da buna sürətli şəkildə dəstək verməsi vacibdir.  Azərbaycanı çox sayda britaniyalı turistlərin ziyarət etməlidir. Burada həyatın necə sülh içində olduğu, müharibə istəyən tərəfin Azərbaycan olmadığı görülməlidir. Ermənilərin də "dünyanı biz yaratdıq" eqosu yox olmalıdır. Ermənilər "daşı qaldırsaq, torpağı qazsaq, bura Ermənistandır" düşüncəsindən xilas olmalıdır. Ona baxsaq, milyon illər ərzində dünyada xeyli xalqlar yaşayıb. Heç birimizin yaşadığı torpaq bəlkə də bizə aid deyil.

Bu gün Azərbaycana məxsus ərazilərin haqqı tanınmalıdır. Basqı, şiddət, qətliam kimi hərəkətlərə dərhal son qoyulmalıdır. Biz buranın artıq barış coğrafiyası olduğuna inanırıq. Önümüzdəki günlərdə Azərbaycan və Ermənistan hökumətlərinin bir araya gəlib bu məsələlərə son qoymasına və sülh üçün addımlar atmasına, hər iki toplumun hüzur və barış içərisində bir arada yaşamasının vacibliyinə inanırıq. Burada gördüyümüz atmosfer də bizə bunun hazır olduğunu bildirir.

- Müharibə və post-münaqişə dövründə ingilis mediasının Azərbaycana, ümumiyyətlə, Cənubi Qafqazla bağlı düşüncəsi necə idi? Hər hansı bir fikir dəyişikliyi oldumu? Azərbaycanın qələbəsinə necə yer verilirdi?
 

- Azərbaycanın müharibə dövründə mübarizəsi, xüsusilə də, hərbi gücündən çox danışıldı. PUA-larla həyata keçirilən əməliyyatlar bütün dünyada gündəm olmuşdu. Qısa vaxt ərzində özünə aid olan torpaqları geri alması  hər kəsi təəccübləndirmişdi. Bu da Azərbaycanın güclü bir ölkə olması ilə bağlı fikir yaratmışdı. Ermənistanın da Azərbaycanla mübarizə aparacaq gücdə olmadığı, hətta daha yaxşı şəraitdə yaşamaq üçün Azərbaycana ehtiyacı olduğu istiqamətdə xəbərlər verilirdi. Təbii ki, tərəfli yanaşsalar da, nəticə etibarı ilə  Azərbaycanın gücünü qəbul etmişdilər. Düşünürəm ki, Azərbaycanın Ermənistana da "böyük qardaşlıq" etməsi lazımdır. Çünki Ermənistanın daxilindəki həm iqtisadi, həm sosial, həm də siyasi duruma baxdıqda, görürük ki, açığı çox problemli vəziyyətdədirlər. Əgər Azərbaycanla işbirliyi içərisinə girsəydilər, yoxsulluq, ölkədən köç baş verməzdi. İngilis mediası da savaşdan sonra bölgədəki gücün Azərbaycan olduğunu, haqlarını əldə etmək üçün ona məxsus torpaqları geri aldığını yazdı, həmçinin də tənqidi yazılar verdilər. Qərb və Britaniya qərəzlərini boğmaq üçün meydana gəlməlidirlər. Sadəcə oradan səslənməklə, yazıb-pozmaqla olmur. Bu mənada buradan britaniyalılara da səslənirəm: uzaqdan izləməyin, gəlin mənzərəni yerində görün! İnsanlarla danışın, ərazidəki kilsələri gəzin!. Görün, Azərbaycanda ermənilər nə qədər rahat və hüzur içərisində yaşayırlar.
 

Cənubi Qafqazda güc sahibi olmaq istəyən qüvvələr var. Məsələn, Rusiya və ABŞ tərəflər arasında vasitəçi olaraq görüşlər keçirir.  Bəs Böyük Britaniyanın da iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün hansısa planı ola bilərmi, ümumiyyətlə, olmalıdırmı?
 

- Təbii ki,  Böyük Britaniya da böyük bir ölkədir. Fəqət bu bölgənin hakimi deyil. İngilislər buraya uzaq insanlardır. Bura Türkiyə və Rusiya kimi güclü ölkələr daha yaxındır.  Buradakı məsələyə ingilislərin əl atması problemi daha da dərinləşdirə bilər.

u problemləri həll edəcək ölkələr dediyimiz kimi, Rusiya və Türkiyə olmalıdır. Amerika və Britaniya kimi ölkələr məsələyə müdaxilə etsələr, bu məsələ daha da böyüyər, işin içindən çıxmaq olmaz. Çünki onlar özlərindən çox uzaqda yerləşən ölkələrə müdaxilə edib, çevrilişlər planlaşdırmağı sevən insanlardır. Öz hegomoniyalarını qurmaq istəyirlər. Ona görə də bu ölkələrin verəcəyi qərarlar sağlam olmur. Bölgənin hakimi olanlar, regionun dərinliyini bilən güclü ölkələr bu mövzuda daha ciddi addımlar atmalıdır. İndi yeni-yeni konfiqurasiyalar yaranır.  BRICS, Şanxay ölkələri var. Bunlar məsələlərə daha sülhpərvər baxırlar. Məsələni bir az daha iqtisadi düşünürlər. Britaniya Ukraynadakı məsələyə münasibəti ilə elə də sülhpərvər olmadığını göstərir. Britaniyanın Ukraynaya davamlı şəkildə silah verməsi, Ukraynadakı əsgərlərə təlim keçməsi bunu göstərir. ABŞ da elədir. Bu ölkələrdən sülh və dəstək gözləmək səhvdir.
 

- Azərbaycana səfəriniz çərçivəsində Qərbi Azərbaycan İcmasında görüşünüz oldu. Nələri müzakirə etdiniz, verilən mesaj nə idi?
 

- Qərbi Azərbaycan İcmasının sədri Əziz bəyin verdiyi açıqlamalara baxılarsa, Azərbaycanın sülh üçün hər şeyə hazır olduğunu söyləmək olar. Çünki Azərbaycan artıq çox güclü bir dövlətdir. Amma problem odur ki, qarşı tərəf, yəni Ermənistan bu cəsarəti göstərə bilmir. Ermənistanın sadəcə edəcəyi şey sülh üçün əlini uzatmasıdır. Əziz bəyin də dediyi kimi, Ermənistan işğal dövründə Azərbaycanın mənəvi dəyərlərini məhv edib, amma buna baxmayaraq rəsmi Bakı sülh əlini uzadır. Bu, həqiqətən də çox güclü mesajdır. Biz bu mesajı artıq çalışdığımız orqanlar vasitəsi ilə də izləyicilərimizə çatdırdıq. Ermənistan kindən, nifrətdən əl çəkib Azərbaycanla bir masaya oturmalıdır. Azərbaycan ermənilər üçün bir qurtuluş mərkəzi ola bilər. Yəni bizim ölkənizdən ayrılarkən düşüncəmiz budur ki, Azərbaycan Ermənistanın qurtuluşu ola bilər.

 

 

 

Aysel Məhərrəmli

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi