Modern.az

Ermənilərin "humanitar şou"sunun əsas səbəbi gündəm yaratmaqdır - Türkiyəli ekspertlə MÜSAHİBƏ

Ermənilərin

Müsahibə

31 Avqust 2023, 15:04

Son günlər Qarabağ ətrafında vəziyyət qızışıb. Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

 

Ermənilər isə təxribatlarını davam etdirir. Dünən axşam Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub, bu gün separatçılar Şuşa ətrafında fortifikasiya qurğuları qurmağa cəhd edib. 50-yə yaxın erməni əsilli şəxs isə Azərbaycanın Livandakı səfirliyinə hücum edib. Modern.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Ermənilər binanın ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

 

Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu ilə Azərbaycanın göndərdiyi humanitar yardım, Fransanın təxribatları, Azərbaycanın Livandakı səfirliyinə ermənilərin hücumu kimi məsələlər ətrafında söhbət etdik.

 

Modern.az müsahibəni təqdim edir:

 

- Separatçılar və Ermənistan hökuməti Xankəndidə yaşayan ermənilərin "ac" olduqlarını iddia edirlər. Lakin Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin göndərdiyi 40 ton un yardımını hələ də qəbul etməyiblər. Bu, nəyin göstəricisidir?

 

- Mən Qarabağın dağlıq hissəsindəki ermənilərin ac olduqlarını düşünmürəm. Yaşadıqları ərazilər münbit torpaqlardır. Uzun müddətdir ki, orada yaşayırlar. İndiyə qədər Azərbaycan onlara qarşı hər hansı məhdudiyyət tətbiq etməyib. Onların yeyib-içməsi, həyatlarını yaşaması ilə bağlı heç bir məhdudiyyət olmayıb. Bunlar, sadəcə olaraq dünya ictimaiyyətində rəy formalaşdırmağa çalışır. BMT və digər beynəlxalq təşkilatların diqqətlərinin bura çevrilməsinə çalışırlar. Onlar da, biz də bilirik ki, göndərilən una ehtiyacları yoxdur. Sadəcə olaraq, Azərbaycanı necə pisləyə bilərik, 44 günlük Zəfərə necə kölgə sala bilərik deyə çalışırlar.

 

- Sizcə, Azərbaycan Qarabağdakı separatçıların bu "humanitar böhran" şousuna necə cavab verəcək?

 

- Hazırda Qarabağın dağlıq hissəsində səs-küy salan ermənilərin əksəriyyəti həmin ərazinin əsl sakinləri deyil. Onlar burada daimi yaşayan ermənilər də deyil. İllər əvvəl İraqdan, Suriyadan, Livandan gətirilənlərdir. Buna görə də, müqavimət göstərirlər. Rusiyanın dəstək verməsi ilə bu ərazilərə yerləşiblər. Onlar hazırda sadəcə olaraq, Azərbaycan Ordusunu və dövlətini məşğul etməyə çalışırlar. Separatçılar yaxşı bilirlər ki, əvvəl-axır buradan çıxıb gedəcəklər. Prezident cənab İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan ermənilər burada qala bilərlər. Sonradan başqa ölkələrdən sadəcə olaraq əhali sayını artırmaq üçün gələn ermənilər dərhal bu bölgəni boşaltmalıdır. Bura türk torpağıdır. Azərbaycanın hazırda silaha əl ataraq, ağır cavab verəcəyini düşünmürəm. Biz millət olaraq əliyalın əhaliyə qarşı həmişə təmkinli olmuşuq. Lazımi tədbirlər əlbəttə görüləcək. Bir nəfər də mülki şəxsin burunun ucu qanamadan, əsgərimizə zərər dəyməcək şəkildə məsələ həll ediləcək. Ermənilərin bu hərəkətlərinin əsas səbəbi gündəm yaratmaq, biz də varıq deməkdir. Atılan addımlar Qarabağın qalan digər ərazilərinin də azad edilməsinin qarşısını almağa hesablanıb. Təbii ki, buna nail ola bilməyəcəklər.

 

Fransa Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardım göndərməsinin ardından hərəkətə keçib. Beləliklə, "humanitar yardım" adı ilə Ermənistana 10 TIR göndərilib. Lakin Fransa da bilir ki, Azərbaycanın icazəsi olmadan heç bir yük Xankəndiyə daxil ola bilməz. Bəs, Fransanın bu addımı atmasının səbəb nədir?

 

- Fransa Ermənistanın Rusiyadan da qabaq hamisidir. Paris 1900-cu illərin əvvəllərindən Ermənistanı Qərb müstəmləkəsi kimi görüb. Lakin Afrika ölkələrində və Yaxın Şərqdə olduğu kimi vəhşi müstəmləkə siyasəti Ermənistanda aparılmayıb. Burada daha modern müstəmləkə siyasəti yürüdülüb. Ermənilərin həyata keçirdiyi qətliamı, zülmü görməzdən gələn Fransa sanki bu fəaliyyətləri həyata keçirən türk milləti imiş kimi  “erməni soyqırımı”ndan danışır. Fransa “erməni soyqırımı”nı parlamentdə tanıyan ilk ölkədir. Fransa türk düşmənidir. Ona görə də, Azərbaycanla Türkiyəni bir görür. Erməniləri bu coğrafiyada bu millətin düşməni olaraq görürlər. biz qətiyyən erməni millətini, vətəndaşını düşmən görmədik. Onlar bizə güllə atmadıqca, onlara atəş açmadıq. Amma Cənubi Qafqazı qana bulamaq üçün Fransa inqilabından bəri bu ölkə başda ermənilər olmaqla bir çox milləti türk millətinə qarşı qaldırıb. Yoxsa Fransanın erməni ilə nə sosioloji, nə coğrafi, nə də etnik bağı var. Məqsəd bölgədə qarışıqlıq yaratmaq  və özünə modern müstəmləkə dövlət qurmaqdır.

 

- Ermənilər Livandakı səfirliyimizə hücum edib. Bu, ASALA-nın yenidən fəaliyyətə başladığını göstərir? Ermənilərin belə addımlarını necə dəyərləndirmək olar?

 

- ASALA terroru bitməyib. Bu terror təşkilatı 20-ci əsrdə səfirlərimizi, konsullarımızı şəhid etdi.Türkiyədə, İranda, İraqda fəaliyyətdə olan PKK terror qruplaşması da məhz bu təşkilatın davamıdır. PKK-nın təməlində erməni milləti var. Bu gün PKK-nın başçısı olan Abdullah Öcalan ermənidir. Bunlar həmişə var. 44 günlük savaşda qazanılan Zəfəri heç cür həzm edə bilmirlər. Bu cür hallar olacaq. Biz layiqli şəkildə müqavimət göstərəcəyik.

 

- Bəs ermənilərin belə aqressiyası ilə necə mübarizə aparılmalıdır?

 

- Türk milləti olaraq birlik olacağıq. Dünyada yaşayan 250 milyon türk birliyimizi ən yaxşı şəkildə davam etdirəcək. Yaxşı gündə də, pis gündə də birliyimizi möhkəm saxlasaq, bir ovuc erməni və  onun havadarları bizə bir şey edə bilməz. 44 günlük Vətən müharibəsində birlik olduğumuz kimi, bir yumruq olmalıyıq. Belə hadisələr olacaq. Ermənistan və onun havadarları qətiyyən bizim qələbəmizi həzm edə bilməyəcəklər. Artıq bu qələbədən 3 il ötür. Ancaq qəbul edə bilmirlər. Çünki tarixə yazılmış bir Zəfərdir. Bacara bilmədilər, bacara bilməyəcəklər. Oradakı sivilləri Azərbaycanla qarşı-qarşıya qoymağa çalışacaqlar. Ancaq Azərbaycan ordusu təcrübəlidir. Bir sivilin burununun qanamaması üçün əlindən gələn hər yolu sınayacaq. Dezinformasiya və lobbidə ermənilər güclüdür. Bu gün dünyaya baxdıqda bir ovuc erməni yalançı “erməni soyqırımı”nı başda Fransa olmaqla, Avropanın bir çox ölkəsində qəbul etdirdi. 250 milyon türkün, 2 milyard müsəlmanın olduğu coğrafiyada erməni zülmünü biz təəssüf ki, dünyaya başa sala bilmədik, qəbul etdirə bilmədik. Ona görə də, Xocalı faciəsini, şanlı  44 günlük müharibəni unutmayacağıq. Biz bunu unutsaq, ermənilər daha fərqli fəaliyyətlər həyata keçirər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək