Modern.az

Yalçın İslamzadə: Özünüinkişaf kitabları kağız israfı və vaxt itkisidir - MÜSAHİBƏ

Yalçın İslamzadə: Özünüinkişaf kitabları kağız israfı və vaxt itkisidir - MÜSAHİBƏ

Müsahibə

9 Oktyabr 2023, 11:48

Azərbaycanda son dövrlərdə elmi-populyar ədəbiyyatla bağlı müzakirələr intensivləşib. İsrail tarixçisi və futuroloqu Yuval Noah Hararinin Bakıya gəlişindən sonra mövzu yenidən aktuallaşıb. Belə kitablara marağın az olması və tərcümələrin keyfiyyəti məsələsi gündəmdədir. Bu və digər mövzularda fizik və təhsil mütəxəssisi, elmi-populyar kitabların tərcüməsi ilə məşğul olan Yalçın İslamzadə ilə söhbətləşdik.

 

İdxal ənənəsi yaranıb, cavabları da hazır şəkildə idxal edirik...

 

Kitab tərcüməsinə müəllimlər də qoşulmalıdırlar...

 

Folklor çağından tam çıxmamışıq...

 

Modern.az müsahibənin birinci hissəsini təqdim edir:

 

- Yalçın bəy, Azərbaycanda elmi-populyar ədəbiyyata niyə maraq azdır? Bu problemin həlli üçün hansı addımlar atılmalıdır?

 

Bu problemin bir neçə səviyyədə müxtəlif səbəbləri var. Təfəkkür səviyyəsindəki səbəb bizim cəmiyyətin suallara cavab tapmaq və qarşılaşdığı problemləri həll etmək üçün hələ elmi bir vasitə kimi görməməsidir. Biz toplum olaraq əsasən, folklor çağındayıq. Adətən problemlər ənənəyə, ağsaqqal-ağbirçək məsləhətinə, baxıcıya, türkəçarə “həkimlərə”, “sosial şəbəkə psevdoelmi”nə istinad edilərək “həll olunur”. "Problemlərin səbəb-nəticə analizini elmi yanaşma ilə aparmaq və həmin analizə görə bir həll tapmaq olar" mövqeyi bizdə yoxdur. Rasional çağa keçmədiyimizə görə məsələlərə bu perspektivdən baxmırıq. Elmin bir neçə funksiyası var. Onlardan biri insanla təbiət arasında mənalı, dərin əlaqə qurmaq, insan-təbiət birliyinə məna qazandırmaqdır. Biz bu əlaqəni daha çox pafoslu poetika və din-mifologiya vasitəsilə qururuq. Hələlik elmə yeganə münasibətimiz elmin nəticələrinin təkcə birindən, yəni texnologiyadan istifadə ilə məhdudlaşır.

 

İnsanların əksəriyyətinin təsəvvüründə elm təkcə antibiotik, raket, peyk, elektromobil kimi yüksək texnologiya məhsulları ilə assosiasiya olunur.  Halbuki elm həm də kainata alternativ yanaşma və izah təqdim edir. Əlavə olaraq, elm xüsusi düşünmə bacarığı qazandırır. Elmi düşünmə tərzi elm savadı üçün şərtdir və indiki dövr üçün xüsusilə aktualdır. Elm savadı 21-ci əsr bacarıqlarının ən əhəmiyyətlilərindən biri sayılır. Bir çox inkişaf etmiş ölkələr orta təhsildə kurrikulm və dərslik islahatları apararkən elm savadının aşılanmasını da nəzərə almaq üçün əllərindən gələni edirlər. Biz bu prosesə nisbətən gec qoşulmuşuq. Elmin darıxdırıcı, mexaniki, quru olduğuna dair geniş yayılmış təsəvvür var.  Əslində bu, elmə qarşı ümumi və tarixi etirazdır. Avropada romantiklərin etirazı da elmin möcüzə hissini yox etdiyi arqumentinə əsaslanırdı. Onlara görə elm dünyanı mexanikiləşdirərək mənanı, həyəcanı, sürprizləri itirdi. Uiliam Bleykin Nyutona etirazından üzü bəri romantiklər elmə qarşı mübarizə aparırlar. Bu məsələ ilə bağlı qlobal miqyasda qüvvədə olan səbəbləri sadalamaq olar, hansılar ki, bizdə də qüvvədədir.

 

Bir də bizim özümüzdən qaynaqlanan lokal səbəblər var. Biz bir tərəfdən hazır auditoriya istəyirik, digər tərəfdən “Bizdə elmə niyə maraq yoxdur?” sualı veririk. Bu maraq spontan və təbii şəkildə yarana bilməz. Marağı formalaşdırmaq lazımdır. Burada ilk növbədə universitetlər prosesə qoşulmalıdır. Universitet müəllimləri xarici dil bilirlər, öz sahələrinə aid elmi yeniliklərdən xəbərləri var. Auditoriyaya girirlər və mövzunu tələbələrə izah edirlər. Deməli, bir mövzunun necə izah olunacağını bilirlər. Ancaq bizim cəmiyyətdə sosiallaşma məsələsində problem olduğu, sosial fobiya mövcud olduğu üçün "TikTok"erlər və "Youtube"erlərdən fərqli olaraq, alimlərimiz və müəllimlərimiz ictimai görüşlərdə maraqlı deyillər. Universitetlərdəki izdihamlı görüşlər müəllimlərlə deyil, “sosial media fenomenləri” ilə baş tutur.

 

Müəllimləri cəmiyyətə təqdim edən təşkilati mexanizm yoxdur ki, tədricən müəyyən simalar tanınsın. Vacib məsələlər yalnız hansısa sensasional hadisə baş verdikdə mətbuatın yadına düşür. Onlar da qısa yoldan, əziyyətə qatlanmadan özünüreklamla məşğul olan populyar şəxsləri dəvət edirlər. Belə şəxslər hər mövzudan danışdıqları və vaxt problemləri olmadığı üçün daim ekranda, səhifələrdədirlər. Bir də görürsünüz ki, ədəbiyyat müəllimi təbiət fənlərinin tədrisindən danışır. Universitetlərin pedaqoji fakültələrində savadlı müəllimlər var, mətbuat onları müəyyən edib təhsilə dair problemlərin müzakirələrinə cəlb etməlidir. Vacib məsələlər isə təkcə hadisə baş verdikdə deyil, həmişə müzakirə olunmalıdır. Təəssüf ki, bu gün populizm və idxaldan asılılıq özünü fikri sferada da göstərir. Bu məsələdə mətbuat da müəyyən məsuliyyət hiss etməlidir, yeni simalar aşkarlayıb oxucuya təqdim etməlidir.

 

- Xaricdən qonaqları çağırmaq elmi-populyar ədəbiyyata marağı nə dərəcədə artıra bilər? Sizcə, bu üsul nə qədər effektivdir? Məsələn, bu gün özünüinkişaf-motivasiya ədəbiyyatına marağın daha çox olduğu deyilir, nəinki belə kitablara...

 

Belə praktika da elm haqqında yanlış təsəvvürdən qaynaqlanır. İnsanlar düşünürlər ki, tanınmış kəslərə hər mövzudan sual vermək olar və hər sualın çox asan və sadə cavabı var. Ona görə də qonaqlara suallar verib hazır cavab istəyirlər, sadə və əmin cavablara qane olurlar. Elmdə isə hazır cavablar olmur, cavablar hər zaman dəyişir. Suala elmi cavab tapmaq üçün dinamik düşünmə tərzinə ehtiyac var. Azərbaycana ən çox dəvət olunanlardan biri Celal Şengördür. O özü deməlidir ki, mən həm şumerlərin türk olub-olmaması, həm Osmanlının çöküş səbəbləri, həm monqol-tatar ordusunun quruluşu, həm palçıq vulkanları, həm dinozavrların nəslinin kəsilməsi, həm Ömər Xəyyam rübailəri haqqında danışmamalıyam, “hərşeyşünas" olmamalıyam. Alim birinci növbədə öz biliyinin sərhədlərini bilməlidir.

 

Ancaq görünür, bəzən alimlər də şöhrət hissinə məğlub olub mediatik olmağı üstün tuturlar. Çox güman ki, qərbli bir alimə bu qədər fərqli mövzudan suallar verildikdə, o rahatlıqla “bilmirəm, mənim sahəm deyil” deyə bilər. Bəziləri düşünür ki, elm bir komfort zonasıdır, orada hazır cavablar var. Cavabları müxtəlif mənbələrdən istifadə edərək tapmağı insan özü öyrənməlidir. Nəinki avtoritet qəbul etdiyi bir şəxsdən hazır cavablar gözləməlidir. Elm savadının tərifi bu prosesi nəzərdə tutur: elmi biliklərdən istifadə edərək fərdi və sosial problemləri həll edə bilmək bacarığı.

 

Özünüinkişaf-motivasiya kitabları da uğura aparan qısa yol təklif etdiyi üçün yalançı ümid mənbəyidir. Bu kitablar da komfort zonası təklif edir. Özünüinkişaf kitabları ani və müvəqqəti motivasiya yaradır. Ümid aşılayır ki, əslində hər şey səndən, yəni oxucudan asılıdır. Nəyə istəsən, nail ola bilərsən. Həyatın qaydaları isə fərqlidir, bir çox hallarda şərait özü müəyyənedici faktor kimi çıxış edir. Bu qəbildən olan kitablar isə şəraiti nəzərə almır. Deyir ki, "bu kitab, bu sən, bu da boş meydan".

 

Fərz olunur ki, kitabı oxuduqdan sonra insan özü nələrisə dəyişsə, bu, mühitlə də səsləşəcək. Əslində isə gerçəklik belə deyil. Uğur qazanmağın yolu həddən artıq əziyyətlidir. İstər maddi qazanc, istər savad, istərsə də karyera cəhətdən. Bu, çox uzun və məşəqqətli bir yoldur. Asan deyil. O kitabları oxuyanlar sonradan anlayırlar ki, uğura gedən yol həmin kitablardan keçmirmiş. Ancaq belə kitabların yazarları və satıcıları ümid axtaran yeni oxucular tapırlar. Nəticədə çarxları fırlanır.

 

- Yəni deyirsiniz ki, o kitabları oxumaq zərərlidir, nəinki heç kitab oxumamaq...

 

Məncə, o kitablar kağız israfı və vaxt itkisidir. Əgər insanlar kitab oxuyaraq özlərini dəyişmək istəyirlərsə, insanın bioloji, psixoloji, koqnitiv, affektiv tərəfləri üzərinə refleksiya etməyə kömək göstərən kitablar oxumalıdırlar. Oxuduqları ilə həyatda gördüklərini müqayisə edib nəzəriyyə və təcrübənin qarışığından ibarət olan öz dünyagörüşlərini formalaşdırmalıdırlar. Bu, insanlara özlərini daha yaxşı tanımağa imkan verər. Nəyi dəyişib, nəyi dəyişə bilməyəcəklərini anlayarlar. Nə uğur, nə savad, nə də dünya görüşü praktikadan qopmuş halda əldə oluna bilməz.

 

- Siz universitetlərin rolunu qeyd elədiniz. Universitetlərin də mütləq əksəriyyəti dövlətə məxsusdur. Bu baxımdan elmi-populyar ədəbiyyata marağın artması üçün dövlət səviyyəsində hansısa işlər görülməlidirmi?

 

Dövlət səviyyəsində müəyyən işlər görülə bilər və görülməlidir, bu daha böyük miqyaslı iş olar. Lakin dövlətin fəaliyyətini tənzimləyən sənədlərdə - tutaq ki, Konstitusiyada - elmin təbliği ilə bağlı elə bir maddə yoxdur ki, biz həmin maddəyə istinad edib nəsə tələb edək. Bu sahədə fərdi təşəbbüslər önə çıxmalıdır. Bu məsələnin əhəmiyyətini anlayan ayrı-ayrı nazirliklər nəsə edə bilərlər. Məsələn, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi. Çünki bu nazirliklər elm, təhsil, sənət və gəncliklə daha çox əlaqəlidirlər. Bu işdə Akademiyanın üzərinə çox iş düşür. Akademiya heç olmasa oxunaqlı elmi-kütləvi jurnal nəşr etməlidir. Özəl sektor və fərdlər daha çevik olduqları üçün təşəbbüsü daha rahat ələ ala bilirlər.

 

Yəni yanaşma tutaq ki, "Celal Şengör Azərbaycanda populyardır deyə onu gətirək, biletləri asanlıqla satarıq" şəklində olmamalıdır. Sadəcə hazır bazara təklif təqdim etmək problemi həll etmir, bir az tələbi də formalaşdırmaq lazımdır. Misal üçün, Şengörü Bakıya dəvət etməyi gənclərə mən təklif etmişdim. Mənim o zaman məqsədim o idi ki, alınacaq ilk impulsdan müəyyən digər işlərin görülməsi üçün istifadə olunsun,  tədbirdən əldə olunan vəsaitin bir hissəsi ilə maraqlı kitablar nəşr edək, ya da əvvəl nəzərdə tutduğumuz kimi, gənclər üçün elmi-kütləvi jurnal çıxaraq. Ancaq proses o istiqamətdə irəliləmədi.

 

Mən düşünmürəm ki, "baxaq görək kim məşhurdur, onu gətirək, görüşünü təşkil edək" yanaşması ilə elmin etibarını artırmaq olar. Proses daxili resurslar hesabına davam etməlidir. Hər dəfə bura Celal Şengörü gətirməklə biz nəsə qazanmayacağıq. Universitetlərdə biologiya, psixologiya, sosiologiya, kimya, fizika fakültələrində xaricdə təhsil almış, yaxşı mütaliəsi olan, elmi tədqiqatın nə olduğunu bilən xeyli yeni nəsil alimlərimiz var. Ola bilsin ki, onların hazırda sosial bacarıqları nisbətən zəifdir, amma bu da kabinetdə öyrənilmir. Ortaya çıxmalıdırlar, bir dəfə, iki dəfə, yavaş-yavaş kommunikator kimi formalaşmalıdırlar. Elmi-kütləvi tədbirlərin təşkilatçıları bunu da etməlidirlər. Heç kim yeni nəsə yaratmaq istəmir.

 

Hər kəs var olan bir tendensiyadan maddi qazanc götürməyi düşünür. Bu da təbii motivdir, kimsə deyə bilər ki, mənim maarifçilik kimi missiyam yoxdur. Yenə biz məcburən rəsmi qurumların üstünə gəlib çıxırıq. Türkiyə və İsraildə quruluşlarının ilk illərində vacib ədəbiyyatın siyahısı tutulub tərcümə olunmuşdu. Təsəvvür edin ki, bu gün dünyada ən çox istinad edilən sosioloq Antoni Giddensdir, ancaq onun bir kitabı belə dilimizə tərcümə olunmayıb. Biz Qərb düşüncəsinin əsrlər ərzində əldə etdiyi biliyi əldə etmək üçün bir neçə əsr gözləyə bilmərik.

 

- Yalçın bəy, siz elmi-populyar ədəbiyyatın tərcüməsi prosesində də yaxından iştirak edirsiniz, bir neçə belə tərcümə həyata keçirmisiniz. Bu sahədə hansı problemlər var? Tərcümənin keyfiyyətindən də kifayət qədər şikayətlər var. Marağın az olması bundan qaynaqlana bilərmi?

 

Açığı, bizdə oxucu tələbkar olmadığı üçün hələlik keyfiyyətli və keyfiyyətsiz tərcümənin fərqini bir o qədər də bilmir. Bəlkə də, daha doğrusu, belə deməliyik, oxucu tərcümələrin keyfiyyətsizliyinə istinad edib, keyfiyyətli tərcümə olunmuş kitaba da şübhə ilə yanaşır və xarici dillərdə oxumağa üstünlük verir.

 

Buna baxmayaraq, keyfiyyətli tərcümələr də artıq nəşr olunub. Keyfiyyətli tərcümənin az olmasının bir neçə səbəbi var. Birincisi, tərcümə işinin maddi qarşılığı digər fəaliyyətlərlə müqayisədə heç də rəqabətyönümlü deyil. Günlərlə, aylarla tərcümə ilə məşğul olmaq, eyni mətni dönə-dönə oxumaq, cümlələri redaktə eləmək, quruluşunu dəyişdirmək, özünü gah müəllifin, gah oxucunun yerinə qoymaq, redaktorla müzakirələr aparmaq, mübahisələr etmək, son nüsxəni bir daha oxumaq - bu prosesi başqa bir fəaliyyətlə müqayisə edəndə görünür ki, tərcümənin maddi qazancı çox azdır. Bu faktor artıq xeyli insanı prosesdən kənar saxlayır.

 

İkincisi, bizdə yazılı ingilis və Azərbaycan dillərini eyni səviyyədə bilən insan sayı çox deyil. İngiliscə çox yaxşı bilənlər, azərbaycanca fikirləri səliqəli ifadə edə bilmirlər, Azərbaycan dilini yaxşı bilənlərsə, xarici dillərin incəliyinə bələd deyillər. Ümumiyyətlə, bizdə yazı mədəniyyəti tam formalaşmayıb. Yəni insanımız fikrini səliqəli, aydın şəkildə ifadə etmək və yazmaq bacarığına malik deyil. Bu zaman o hadisə baş verir ki, ingiliscə peşəkar tərcümə edə biləcək şəxs bu əziyyətli işə az qonorar müqabilində girişmək istəmir. Digər məsələ isə ondan ibarətdir ki, tərcümə edilmiş elmi-populyar ədəbiyyata bir az maraq yaranan kimi bəzi nəşriyyatlar, məsələn, "Qanun" nəşriyyatı bunu konveyer üsulu ilə orijinaldan yox, ruscadan tərcümə eləməyə başladı. Nəticədə, sırf peşəkar tərcüməçilərlə işləyən və elmi-kütləvi kitab nəşrində ixtisaslaşmış bir nəşriyyat formalaşa bilmir. Çünki az-çox mövcud bazar payı bu işi həvəskar səviyyədə görənlər arasında bölünür. Halbuki 30 ilə yaxın fəaliyyət göstərən bir nəşriyyat kimi “Qanun” indiyə özü tərcümə məktəbi formalaşdırmalı idi, nəinki rus dilindən tərcümə etdirmək.

 

- Bu məsələ ilə bağlı feysbuk paylaşımınızla tanışam...

 

Bir nəşriyyatın kitabları orijinaldan yox, ruscadan tərcümə etməsi bazardakı ingilis dili təcüməçilərinin qonorarını ciddi şəkildə aşağı salır. Bu da o deməkdir ki, Qreşem qanununa uyğun olaraq, professional tərcüməçilər bazardan çəkilir. Bir də kitabı tərcümə edib rəfə qoymaqla iş bitmir. O kitabın təqdimatı olmalıdır. Müzakirəsi olmalıdır. Yazan müəllif kimdir, hansı elmi nəzəriyyədən bəhs edir, insan həyatının hansı hissəsinə işıq salır, bizim elmi dünyagörüşümüzün formalaşmasında bu kitab bizə necə kömək edəcək və sair.

 

İkincisi, bu məsələdə medianı da tənqid etmək lazımdır. Mətbuat yalnız hansısa gündəm olanda mövzu ilə maraqlanır. Kitabların nəşri və təqdimatı sistemli şəkildə işıqlandırılmır. Məsələn, ən çox oxunan qəzetlərdən birində gündəlik ulduz falı çıxır. Belə yazırlar: "Gələn ay qoç bürcü milyonçu olacaq". Belə məlumatlar yazmağın mənası nədir ki? Heç olmasa, paralel olaraq bir kitab təqdimatı və ya nəşr olunmuş yeni kitab haqqında da xəbər vermək olar. 3-5 nəfərin əziyyəti hesabına müəyyən maraq yaranıb, amma o maraq istənilən formada yönləndirilmir və inkişaf etdirilmir. Köşə yazarlarının belə kitabları oxuyub köşələrində təəssüratlarını oxucularla bölüşmələri normal praktika olmalı deyilmi?

 

- Problemi insanların daha çox rusca, türkcə, ingiliscə kitablara yönəlməsinə görə azərbaycanca satışın az olması ilə əlaqələndirənlər də var. Yəni tərcüməçilərin qonorarı ilə bağlı qarşı tərəfin arqumenti budur ki, kitab satışı az olduğu üçün tərcüməçiyə yüksək qonorar vermək olmur. Bu barədə nə düşünürsünüz?

 

Satılan kitablar da olur. Məsələn, Hararini biz tanıtdıq, istəyirdik ki, sırf elmi-kütləvi kitabların nəşri xətti yaransın, ingilis dilindən tərcüməçi tapıb razılığa gəlincə "Qanun" nəşriyyatı ruscadan tərcümə edib nəşr elədi, kitabın içinə də ingiliscə nəşrinin titul vərəqini qoydu. Bəlkə də Azərbaycanda ən çox satılan elmi-populyar kitab bu kitab oldu. Oradan gələn gəlir "Qanun"un nəşr elədiyi kitabların keyfiyyətinin artmasına səbəb olur? Mən inanmıram. Yəni rusdilli oxucu əlbəttə ki, rusca oxuyur. Türkcə bilənlər türkcə oxuyur. Düşünmürəm ki, orta məktəbdə Azərbaycan dilində təhsil almış insanların mütləq əksəriyyəti türkcə və ya rusca oxuyurlar. Türkcə bizə asan gəlir. Düşünürük ki, türkcə bilirik. Əslində elə deyil.

 

Türkcənin xeyli incəlikləri var. Azərbaycan dilində təhsil almış bir insanın türkcə fomal təhsil almadan akademik türkcənin incəliklərinə yiyələnə biləcəyini düşünmürəm. Məncə, belə insanların sayı çox deyil. Rəsmi dilimiz Azərbaycan dilidir və uşaq yaşlarından təfəkkürümüz bu dildə formalaşmağa başlayır. Bunun məntiqi nəticəsi o olmalıdır ki, şagird böyüyüb yetkin vətəndaş olanda intellektual ehtiyaclarını ana dilində qarşılaya bilsin. Ona görə də rusca və ya türkcənin bu problemə təsiri ilə bağlı danışarkən biz özümüzü yanılda bilərik. Yəni kiçik yaşlardan ana dili ilə başlayan təfəkkür tərzi yetkinlik dövründə elə ana dilində də tamamlanmalıdır. Nə ingiliscə, nə rusca, nə də türkcə ana dilinin yerini tuta bilməz.

 

- Ümumiyyətlə, bilirik ki, Azərbaycan dilinin yayılma arealı daha genişdir. Gürcüstanda, Dağıstanda, İranda bu dil geniş istifadə olunur, soydaşlarımız yaşayır. 40-50 milyonluq kitab bazarından söhbət gedir. Bu sahədə işlərin görülməsi, həmin coğrafiyada kitab satışının təşkili hesabına bazarın böyüməsi və kəmiyyətin keyfiyyətə keçməsinə nail olmaq olar?

 

Açığı, nəzəri olaraq mümkün görünür. Ancaq işin texniki tərəfi, yəni o qədər böyük arealda satış necə təşkil oluna bilər, onu bilmirəm. Mən ümidlə danışmaq istəyirəm ki, nə zamansa kəmiyyət keyfiyyətə təsir edəcək. Ancaq işarələri hələ ki, görünmür. Qəribə bir fakt var. Özəl sektorda fəaliyyət göstərən iş adamları - bunlar təhsil müəssisələrinin, inşaat şirkətlərinin və ya nəşriyyatların sahibləri ola bilərlər - qazandıqlarını işin keyfiyyətini artırmaq üçün investisiya kimi işə qoymaqda maraqlı deyillər. Məsələn, demirlər ki, mənim büdcəm artıq formalaşıb, mən indi bir az daha artıq qonorar verib universitet müəllimini prosesə cəlb edim, keyfiyyətli iş alınsın. Bizdə konkret alver yanaşması var. Kapitalizmin mənfəətin maksimizasiyası prinsipinin əcaib forması tətbiq olunur. Yanaşma belədir ki, buradan nə gəlirsə, nağd şəkildə  mənim cibimə daxil olmalıdır.

 

Digər tərəfdən, oxucu tələbkarlığı da olmadığına görə keyfiyyəti artırmağı düşünmürlər. Nəticədə qapalı bir dövrə yaranır. Oxucu tələbkar deyil deyə keyfiyyətli iş görülmür, keyfiyyətli iş görülmədiyinə görə də oxucu keyfiyyətli işi tanımır. Axırda belə qənaət formalaşır ki, Azərbaycan dilində yaxşı kitab çıxmır və bu dildə oxumağa dəyməz. Mənim paylaşımlarımın altına da dostlar girib yazır ki, ən yaxşısı ingiliscə oxumaqdır. Mən türkcə də, ingiliscə də çox yaxşı oxuya bilirəm, amma bu bizim dilimizdir. Bizim hamımızın cəmiyyətə bir borcu var. Biz mümkün qədər mütərəqqi, bəşəriyyəti uğura aparmış, ona nəsə qazandırmış düşüncələri ana dilində təbliğ eləməliyik, bu fikirlər ancaq ana dili vasitəsilə bizim varlığımızın bir hissəsinə çevrilə bilər. Mənim o vaxt Ağalar Məmmədovla da bu mövzuda mübahisəm olmuşdu. Onunla münasibətimizin pozulmasının birinci səbəbi bütün formal fəlsəfə təhsilini bir kənara qoyaraq bir anda Oşo təbliğatçısına çevrilməsi oldu. Bu qədər fəlsəfə mütaliəsi vardı, Haydeqqerdən doktorluq dissertasiyası müdafiə etmişdi, çox axıcı və uğurlu müdafiəsi olmuşdu.

 

Gəl ki, birdən Oşo təbliğatı aparmağa başladı. Oşo kimdir, hansı ciddi fikirləri var? Bunları necə əldə edir? Növbəti komfort zonası. Bu qurular əslində nə iddia edirlər? Guya insanın içində bir nöqtə və ya bilinməyən bir fəza var, oraya daxil ola bilsən, ona “toxuna” bilsən, elə bir gücü kəşf edəcəksən ki, sən artıq o sən olmayacaqsan. Belə deyil axı. İnsan anadan olandan onun içində hansısa cövhər yoxdur. İnsanın içində nə var? Beyin var, onun ayrı-ayrı bölgələri var. Yəni insan içində gizli olan nəyisə kəşf edib “kvant sıçrayışına” nail olmur. Proses nəticəsində, oxuduqlarının, iş mühitinin, insanlarla ünsiyyətinin, cəmiyyətin dəyərlərinin təsiri ilə formalaşır. Ona görə də Ağaların Oşo təbliğatını zərərli hesab etdim. Bəzi gənclər də var ki, min bir əziyyətlə kitabları və fikirləri təbliğ edirlər. Lakin cəmiyyətə faydası olmayan, onu düşündürməyən, bəşəri mədəni və fikri irsin bir parçası olmayan bilikləri, müəllifləri tanıtmağa çalışırlar. Bu gün bir fikir, düşüncə ənənəsi, yazar universitetlərdə öyrədilmirsə, deməli, zamanın sınağından və akademiyanın qatı standartlarından keçməyib.

 

- Yalçın bəy, "Qanun" nəşriyyatından danışdınız. Bəs başqa nəşriyyatlarda bu sahədə vəziyyət necədir?

 

Başqa nəşriyyatlardan "TEAS Press"lə müqavilə bağlamışdıq. Onlar müqavilə əsasında müəyyən qonorar ödədilər və mən də bir kitab siyahısı verdim. Hazırda bu siyahıdakı kitabların tərcüməsi işi davam edir. Bu yaxınlarda çox vacib bir kitabı, primatoloq Frans De Vaalın "İçimizdəki meymun" əsərini nəşr etdilər. De Vaal primatologiya üzrə yaşayan ən səlahiyyətli alimidir. Biz ona görə o kitabın nəşrini məsləhət gördük ki, orada insanın özü ilə bağlı refleksiyası üçün bir model təqdim edilir. Yəni primatlarla təkcə bioloji yaxınlığımız yoxdur, o kitabı oxuyarkən sosial və psixoloji baxımdan da çox oxşar olduğumuzu görürük. Bu da insanın fundamental instinkt və impulslarına dair sadə model təqdim edir.

 

Məncə, "TEAS Press"də nəşr olunan elmi-kütləvi kitabların təqdimatı da lazımi dərəcədə deyil. Sərgilərə baxıram, digər kitablar aktiv tanıdılsa da, bu qədər elmi-populyar ədəbiyyat nəşr etmələrinə baxmayaraq, ayrıca bir stend, tanıtmaq üçün poster görmürəm. Halbuki "TEAS Press “Qaranlıq bir dünyada elmin şam işığı”, “Cəld və yavaş düşünmək”, “İçimizdəki meymun”, “Silahlar, mikrob və polad”, Müsəlmanlar nədə səhvə yol verdi?” kimi maraqlı elmi-kütləvi kitablar nəşr edib.

 

Bundan başqa, "Parlaq imzalar" nəşriyyatı ilə əməkdaşlıq edib ilk elmi-populyar kitabı çıxarmışdıq və çox uğurlu alınmışdı. Nəşriyyatın imkanlarına görə bu proses sürətli getmir, ancaq bu yaxınlarda görüşmüşük, həmin xətti canlandırmaq istəyi var. Mənə elə gəlir ki, bu işin daha geniş vüsət alması üçün universitetlərin prosesə daxil olması önəmlidir. Universitetlərin həm mövzunu və xarici dili bilən müəllimləri, həm onları stimullaşdırmaq üçün müəyyən büdcələri, həm də minlərlə tələbələri var. Hətta prosesi sırf tərcümə mahiyyətindən çıxarıb bəzi müəllimlərə elmi-kütləvi kitablar yazmaları üçün sifarişlər də verilə bilər.

 

- Dövlət nəşriyyatlarına da kifayət qədər böyük büdcə ayrılır. Məlumatınız varmı, onlar bu sahədə hansı işi görürlər?

 

Bəlkə də var, ancaq maraqlanan biri kimi mənim qarşıma çıxmır. Yəqin ki, daha çox “fiction” dediyimiz, təxəyyül məhsulu olan ədəbiyyat əsərləri nəşr edirlər. Mən anlamıram ki, biz niyə şeirə, filologiyaya bu qədər böyük əhəmiyyət verdiyimiz halda, dünyanın elmi idrakına diqqət ayırmırıq. Bədii və tarixi təfəkkürdən çox asılıyıq, elə bilirik ki, hamımız möhtəşəm tariximizin olduğuna inansaq, gələcəyimiz də möhtəşəm olacaq. Buna görə də tarixi-bədii romanları çox sevirik. Hətta mübahisə zamanı bədii kitab və kinolardan sitat gətirilir. Mən belə bir deterministik əlaqə görmürəm. Keçmişi olmayan, keçmişi möhtəşəm olan ölkələr də var. Bu mövzuda səbəb-nəticə əlaqəsi yoxdur. İnkişaf etmək istəyən ölkələr birinci növbədə elmdən başlayırlar. Resursları dəfələrlə tərcümə olunmuş klassik ədəbiyyatı tərcümə etməyə sərf etmək nə qədər məntiqlidir?

 

- O da yenə ruscadan...

 

Bəli, o da ruscadan. Və ya Dostoyevskini təkrar tərcümə etməyin mənası nədir? Məhdud resursları daha çox uşaqlar və gənclər üçün tənqidi təfəkkür inkişaf etdirən oxu materiallarına, elmi-kütləvi jurnal nəşrinə, elmi-kütləvi ədəbiyyata sərf etmək lazımdır. Uşaqlara və gənclərə yönəlik "Uşaq və gənclər kitabxanası" seriyası nəşr etmək olar. Kitab oxumaq vərdişi olmayan orta yaşlı və yaşlı insanlara xitab etmək o qədər də effektiv olmayacaq. Əsas hədəf uşaqlar, yeniyetmələr və gənclər olmalıdır. Burada da əsas iş büdcəsi olan, bürokratik mexanizmi sürətlə işə sala bilən dövlət nəşriyyatları və dövlətlə çalışan özəl nəşriyyatlara düşür. Bir də universitetlər və Akademiyaya. Problem düşündüyümüzdən daha ciddidir. Elə alimlər var ki, elmi düşünmə vərdişinə malik deyillər.

 

Texniki olaraq o elmi öyrəniblər. Məsələn, fizika-riyaziyyat elmləri doktoru, professor düşünün, bəlkə də çox mürəkkəb hesablamalar apara bilir, ixtisasına dair çətin məsələlər həll edir. Ancaq həmin insanın dünyanın gedişatına dair təsəvvürləri çox naivdir. Bir professor guya elmi məqalə yazmışdı ki, dünyada fizikanın həll edə bilmədiyi möcüzələr var. Yazdığına görə, bir amerikalı astronavt okeana düşüb, 40 il sonra onu sağ tapıblar. Yəni bu alim bu qədər sadəlövhdür. Biz də belə insanlardan elmi izah etmələrini tələb edirik. Qısası, bizdə elmi təfəkkürü təmsil edən bir zümrə yoxdur ki, ictimaiyyət qarşısında çıxış etsin. Bu qrup hələ formalaşmalıdır. Xüsusilə krizis, gərginlik, böyük şayiələrin geniş yayıldığı zamanlarda alim rəyinə daha çox ehtiyac olur.

 

Mistik-şair Həmid Herisçi elan eləmişdi ki, planetlər xüsusi qaydada düzüləcəyi üçün 2012-ci ildə qiyamət qopacaq. NASA səhifəsində elan yerləşdirmişdi ki, heç nə olmayacaq, hər şey normal ötüb-keçəcək. Bizim insanlarımız NASA-ya yox, Həmid Herisçiyə inanırdı. Çoxlu şam almışdılar. Bəzi evlərdə hələ də “qiyamət şamları” qalır. Guya qiyamət olanda şam yandırıb nə edəcəkdilər ki? Pandemiya vaxtı mənim məşhur bir türkəçarə həkimi ilə mübahisəm oldu. Yazmışdı ki, vaksin vurdurmayın, hər səhər 1 qaşıq bal yeyin. Sonradan öyrəndim ki, özü bal satırmış. Statusunu 4-5 min insan bəyənib, 500 nəfər paylaşmışdı. Yazdım ki, axı siz vaksinin işləmə mexanizmini bilmirsiniz. Bal o mexanizmin işini görə bilməz. Siz insanları yanıldırsınız. Niyə? 5-6 kiloqram artıq bal satmaq üçün.

 

- Siz ara həkimini deyirsiniz, başqa bir tibb təhsilli məşhur həkim də var idi ki, o dövrdə sarımsaq yeməyi təklif edirdi...

 

Hə, bu insanlar çox sadə, bəsit bir mifik dünyada yaşayırlar. Elə bilirlər ki, dünyada işlər çox sadə, deterministik və mütəşəkkil qaydada baş verir. Məsələn, 5 nəfər var, bunlar hər axşam yığışırlar. Deyirlər, tutaq ki, gəlin, indi Monqolustanda hakimiyyəti dəyişək. Bir düymə olur, o düyməyə basırlar və ertəsi gün orada hakimiyyət dəyişir. Bunların hamısı ondan qaynaqlanır ki, insanımız real dünyanı tanımır. İşlərin necə getdiyini anlamır. Bir çoxlarının siyasi təfəkkürünü "Kurtlar vadisi" serialı formalaşdırıb. Mən sonradan çox insanla danışanda gördüm ki, onların beynəlxalq münasibətlərə dair fikirlərini birmənalı şəkildə "Kurtlar vadisi" müəyyən eləyib. Bizdə realistik ssenarilərin olmamasının bir səbəbini də bunda görürəm, proseslərin təbii axarını təsəvvür edə bilmədikləri üçün ssenarilərin çoxu fantastik alınır.

 

- Yalçın bəy, dillə bağlı bir sual da verim, bu mövzunu qapadaq. Sualım dilin imkanları ilə bağlıdır. Bir çox insanlar dilimizin həddindən artıq zəngin olduğunu iddia edirlər. Başqa kəsim isə Azərbaycan dilinin imkanlarının olduqca kasad olmasından şikayətlənir. Bundan başqa, rəsmi-işgüzar üslubdan çox narazılıq var. Ali təhsilli insanlar tutaq ki, bir məhkəmə qərarını əlinə götürüb hüquqşünas köməyi olmadan oxuyub anlamaqda çətinlik çəkirlər. Elmi üslub və akademik mətnlər də problemli hesab olunur. Bu üslubun praktik istifadəçisi kimi siz nə düşünürsünüz? Dilin imkanlarını necə qiymətləndirirsiniz?

 

Azərbaycan dilinin problemli tərəfi dilin özündə deyil, öyrədilməsindədir. Orta məktəblərdə ana dilində yazmaq, danışmaq və oxuyub-anlamaq, mətni təhlil etmək öyrədilmir. Ana dilinin məqsədi təkcə məişət səviyyəsində kommunikasiya qurmaq deyil. Bizə mətnlə işləmək və mətn hazırlamaq öyrədilməyib. Dərsliklərdəki oxu materiallarına baxıram. 8 səhifə "Pərizad" hekayəsi və ya "Xanla ustanın hekayəti" verilir. Xan qəzəblənib ustanın qolunu kəsdirir. Bu materialla şagirddə hansı əhval, motivasiya yaratmaq, ona hansı məhsuldar suallar vermək olar? Bu material təfəkkürü necə inkişaf etdirə bilər? Ana dilində belə mətnlər oxuyan insanın bu dilə sevgisi yarana bilərmi?

 

Ana dilindəki materiallar ya çox bəsitdir, ya da çox qəlizdir. Müəlliflər zənn edirlər ki, mətni nə qədər qəliz yazsalar, müəllifin də o qədər savadlı olduğu təəssüratı yaranacaq. Oxucu düşünəcək ki, yazdığı o qədər mürəkkəbdir ki, ancaq özü anlayır. Deməli, bu adam çox savadlıdır və biz onun tayı deyilik. Yanaşma bundan ibarətdir. Halbuki ana dilinə hakim olmağın əsas göstəricilərindən biri fikrini uyğun auditoriyaya onun anlayacağı şəkildə çatdırmaqdır. Mən düşünmürəm ki, biz əlimizdən gələn hər şeyi etmişik və artıq qərar verə bilərik ki, ana dili zəifdir. Öz tərcümə fəaliyyətimdə bunu gördüm ki, istər Houkinq olsun, istər Saqan olsun, istərsə də Feyman olsun, ən mürəkkəb ideyaları ana dilində ifadə etmək olur. Fikir oxucuya çatdırılır.

 

Mütaliənin əhatə dairəsini genişləndirib kinonu da mətn saysaq, bu sahədə də vəziyyət yaxşı deyil. Maraqlı sənədli filmlər tərcümə olunmur. Bədii filmlərə belə ana dilində baxmaq imkanı məhduddur. Azərbaycan dilində bədii videomateriallar daha çox ləhcəni təqlid edən, ekstravaqant geyimli, qışqıraraq danışan, məişət problemləri ilə əlləşən obrazlarla doludur. Belə edərək diqqət çəkməyə çalışırlar.

 

Kino seanslarının əksəriyyəti ruscadır. Belə çıxır ki, rusdilli əhalinin sayı nisbətdə az olsa da, bu qədər çox seans qoyulması iqtisadi baxımdan gəlirgətirəndir. Azərbaycan dilində filmlərin qoyulmaması o deməkdir ki, ümumiyyətlə, bizim belə bir tələbimiz yoxdur. Azərbaycan dilində yalnız şit "Komedixana" tərzində gəlin-qaynana və qayın-kürəkən münaqişəsi - belə məişət səviyyəli çeynənmiş mövzulardır. Geyimlər vulqardır. Aksentlə və qışqıra-qışqıra danışırlar. Pəjmürdə görünürlər ki, diqqət çəksinlər. Bunlar diqqəti bu şəkildə çəkməyə çalışırlar. Guya insanlar baxıb güləcəklər. Əslində əks-effekt verir. Bir az ziyası olan təbəqə rus, ingilis və türk dillərinə yönəlir.

 

- Yəni siz düşünürsünüz ki, dildə bir problem yoxdur və problem dilin daşıyıcılarındadır?

 

Bəli. Mən Karl Saqanın 500 səhifəlik kitabını tərcümə etdim. Hesab edirəm ki, onun kimi mürəkkəb bir mütəfəkkiri - kitabında fizikadan, astrofizikadan, tarixdən, orta əsrlərdən, inkvizisiyadan, dini mətnlərdən, psixologiyadan məqamlar var idi - tərcümə etmək olursa, deməli, mümkündür. Düzdür, bir az əziyyət çəkdim, amma oxuculardan gələn rəy budur ki, tərcümə uğurlu alınıb. Əgər biz Karl Saqanı bu dildə ifadə edə biliriksə, nəyi verə bilmərik ki? Bizdə başqa bir qəribə yanaşma da var. Dilin funksionallığını bir kənara qoyub söz sayırlar. Sözləri əvəz etməyə çalışırlar. Guya biz texniki bir termini əvəzləyəndə, məsələn, "dijital"a öz dilimizdə "rəqəmsal" deyəndə dilimizi qoruyuruq...

 

- Halbuki "rəqəm" sözü də ərəb mənşəlidir.

 

Bəli, "rəqəm" ərəb sözüdür, "-sal" da uydurma bir şəkilçidir. İş bu qədər ciddiyyətdən çıxıb. Bir də baxırsan ki, filoloq-alimlər yığışıblar. Azərbaycanda ən çox elmi dərəcə məhz filologiyada alınır. Digər sahələrlə müqayisədə sayda bariz fərq var. Bəs bu qədər çox filoloqumuz varsa, niyə dilimiz bu vəziyyətdədir? Çünki insanların 80 faizi filologiyanı asan elmi dərəcə əldə etməkdə bir vasitə kimi görür. Elmi fəaliyyətə də baxırsan ki, bir kəlmənin etimologiyasına dair 300 səhifəlik kitab yazılıb. Yəni hansısa sözün etimologiyası haqqında 300 səhifəlik kitab nəyə lazımdır? Buradakı ideyanı 10-15 səhifəlik məqalə ilə də çatdırmaq olar. Problem qalıb kənarda, insanlar isə nəsə edirmiş kimi görünməyə çalışırlar. Mahiyyət üzrə işlər görülmür.

 

ARDI VAR...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok