Modern.az

“Nazirə dedim ki, bu müsahibəni ala bilməsəm, məni işə götürməyəcəklər” - Mətbuat katibi ilə SÖHBƏT

“Nazirə dedim ki, bu müsahibəni ala bilməsəm, məni işə götürməyəcəklər” - Mətbuat katibi ilə SÖHBƏT

Müsahibə

17 Oktyabr 2023, 14:32

Mətbuat katibi hər hansı bir təşkilatın danışan dilidir desək, yəqin ki, səhv etmərik. Lakin onların hamısının işini birmənalı qiymətləndirmək mümkün deyil. Aralarında yaxşı işləyənlər də var, pis işləyənlər də... Bunu jurnalistlər arasında keçirilən mütəmadi sorğular da təsdiqləyir. Amma o da etiraf olunmalıdır ki, bəzən mətbuat katibini də bir yerə qədər qınamaq olur, çünki bir sıra hallarda rəhbərliyin cızdığı çərçivə daxilində danışmaq məcburiyyətində qalırlar.

Modern.az saytı mətbuat katiblərilə çoxdandır ara verdiyi silsilə müsahibələri bərpa edir.

Budəfəki həmsöhbətimiz Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Elnur Hidayətoğludur.


- Elnur bəy, hər jurnalistin mətbuata gəlişi ilə bağlı bir hekayəsi olur. Siz jurnalistikaya harada, necə başlamısınız?
 

- Mən jurnalistikaya ali təhsilin 2-ci kursunda gəlmişəm. İlk dəfə Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan "Yeni Azərbaycan" qəzetində stajçı müxbir kimi işə başlamışam. 2004-cü ilə qədər orada işlədim. Daha sonra hərbi xidmətə getdim. Qayıtdıqdan sonra ANS TV-də işə başladım. O dövrdə həm internet yox idi, həm də televiziya kanallarının sayı az idi. ANS TV digər telekanallardan iş prinsiplərinə görə xeyli fərqlənirdi. Jurnalistikanı bitirənlərin çoxu istəyirdi ki, məhz ANS TV-də işləsin. Hələ universitetdə oxuyarkən “İç xəbər” verilişini izləyirdim. “İç xəbər” verilişində işləmək mənim də arzum idi. 

Günlərin birində qərara aldım ki, o dövrdə ANS-də “Xəbərlər”in baş redaktoru olan Rüstəm Əbülfətoğlu ilə görüşüb ANS-ə işə düzəlim. Günlərlə ANS-in qabağında dayanırdım ki, Rüstəm Əbülfətoğlu içəridən çıxsın, ona sözümü deyim. Təxminən bir həftə telekanalın binası qarşısında var-gəl etdim. Nəhayət ona yaxınlaşıb özümü təqdim etdim, dedim ki, "sizdə işə düzəlmək istəyirəm”. Dedi ki, “yaxşı, gəl, amma bir ay pulsuz çalışacaqsan, xoşumuza gəlsən, işə götürəcəyik”.

Beləcə, orada işləməyə başladım. O dövrdə ANS-də bir qayda vardı, hər səhər iclas olur, hamı mövzu verirdi. Daha sonra rəhbərlər o mövzuları bölüşdürürdü. Mən də maraqlı mövzular verirdim. Mənim mövzularım maraqlı olsa da, onları işləmək üçün başqalarına, yəni daha peşəkarlara verirdilər. Mənə isə deyirdilər ki, “get, Xarici İşlər Nazirliyinin qarşısında naziri tut, müsahibə al”. Mən də operator götürüb ora gedirdim. Saatlarla həyətdə gözləyir, amma nazirdən müsahibə ala bilməyib kor-peşman geri qayıdırdım. Deyirdilər ki, "bax, yarıtmadın". Cavab verirdim ki, "axı necə yarıdım... Naziri gətirən maşın darvazadan içəri keçir, düz girişin qarşısında saxlayır, nazir də düşüb içəri girir. Mən də ona yaxınlaşa bilmirəm". 


Günlərin bir günü yenə də, elə bir vəziyyət yarandı. O zaman nazir Elmar Məmmədyarov idi. Maşından düşüb binaya girəndə uzaqdan qışqırdım ki, “Elmar müəllim, bu müsahibəni ala bilməsəm, məni işə götürməyəcəklər”. Nazir dayandı, “onu buraxın, gəlsin” dedi. Müsahibəni alıb işə qayıtdım. Hamı şoka düşdü ki, həmin ərəfədə heç kimə müsahibə verməyən nazirdən necə müsahibə aldım.

“İç xəbər”də işləmək çox maraqlı idi. İnsanlar bizə inanırdı. Televiziyaya baxanların 80-90 faizi axşam saat 23:00-da mütləq “İç xəbər”ə tamaşa edirdi. İcra hakimiyyətləri, digər qurumlar hamısı bizi tanıyırdılar. 


 

- ANS-dən ayrılandan sonra hara getdiniz?


- ANS TV-dən ayrılandan sonra “İnteraz” televiziyasında Xəbərlər redaksiyasının qurulmasında və digər verilişlərin yaradılmasında iştirak etdim.

Daha sonra APA TV-də “Sosium” verilişi yaradıldı. Televiziyanın o vaxtkı rəhbəri Eldəniz Vəliyevin təklifi ilə orada işləməyə başladım. Bilirsiniz, hər bir telekanalın müəyyən qədər “seçilən” verilişi olur və rəhbərlik çox vaxt o verilişə xüsusi diqqət ayırır. APA TV-də də belə veriliş “Manşet” idi. Vüsalə Mahirqızı, Eldəniz Vəliyev və digər rəhbərlər əsas gündəm məsələlərini məhz “Manşet”ə salmağa çalışırdılar. Mənim isə demək olar təkbaşına “Sosium” verilişim var idi.  Həftəiçi hər gün efirə gedirdi. Verilişin həm aparıcısı, həm müxbiri, həm də demək olar ki, prodüseri idim. Zaman gəldi, rəhbərlər bir də gördü ki, “Sosium” verilişi kifayət qədər auditoriya toplayıb, baxımlı olub. İnternet televiziyası olmasına baxmayaraq, APA TV-nin “Sosium” verilişi ölkə gündəmində ən yaxşı yerlərdən birini tuturdu. Həmin dövrdə demək olar ki, güc strukturlarını çıxmaqla, bütün nazirliklərdən nazir müavini səviyyəsində insanlar o verilişə gəlirdilər.
 

- Tanınmağınızda televiziyada çalışmağın rolu olub?
 

- Mən ANS-də işləyəndə bütün verilişlər bir tərəfə, "İç xəbər" isə başqa tərəfəydi. ANS-də “Xəbərçi”də işləmək də prestijli idi. Amma “İç xəbər”də çalışanlar “Xəbərçi”dəkilərdən daha məşhur idilər. Ölkədə daha çox biz tanınırdıq. 2005-ci ildən “İç xəbər”də işləmişəm və o vaxtdan da tanınmışam. Dərdi, problemi olanların bir çoxu ya zəng edir, ya da bizə məktub yazırdı. İnsanların ümid yeri idik.
 

- Bayaqdan ANS-lə bağlı yüksək fikirlər söyləyirsiniz. Amma bir açıqlamanızda “mən ANS-çi yox, APA-çıyam” demişdiniz. Bunu deməyə sizi nə vadar etmişdi?
 

- APA-dan işdən çıxandan sonra "ANS-in aparacısı vəzifəyə getdi" başlıqı xəbər yazmışdılar. Onda dedim ki, "mən APA-çıyam".  Axı, APA-da işləyib, sonra başqa yerə gedən adam necə ANS-çi ola bilər? 
 

- Mətbuat xidmətində çalışmağa başlayandan sonra jurnalistlərlə hansısa narazılıqlar yaşamısınız? Məsələn, olubmu ki, kimsə sizdən əlçatmaz xahiş edib.
 

- APA TV-dən sonra Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Təbliğat işləri üzrə şöbə müdiri kimi çalışmağa başladım. Orada fəaliyyət istiqamətim bir qədər fərqli idi. Mətbuatdan daha çox konkret hədəf kütləsi ilə işləyirdim. Dünya Bankının layihələrini icra edən Fondun yerlərdə təbliğat kampaniyalarını aparır, ölkənin müxtəlif istiqamətlərinə səpələnmiş məcburi köçkünlərlə işləyirdim. Orada da 6 il çalışdım və hesab edirəm ki, işim uğurlu oldu. Nəhayət, Vətən müharibəsi başladı və Zəfər qazandıq. Bundan sonra o Fondun fəaliyyəti müəyyən qədər məhdudlaşdırıldı. Səbəb də məcburi köçkünlüyün bitməsi idi. 
 

Daha sonra Kliniki Tibbi Mərkəzə gəldim. Əvvəllər oraya “Semaşko” deyirdilər. Bəzən TƏBİB-də də,  elə jurnalistlər arasında da deyirlər ki, “Semaşko”nun adının dəyişilib Kliniki Tibbi Mərkəz olmasında Elnurun rolu var". Çox qısa bir dövrdə oranın nüfuzu xeyli qalxdı. Orada elə bir sistem qurmağa çalışdım ki, mətbuata mütəmadi informasiyalar verək, media işçiləri üçün əlçatan olaq. Kliniki Tibbi Mərkəzin Mətbuat xidməti sanki hansısa bir nazirliyin mətbuat xidməti idi. Bununla yəqin ki, jurnalist həmkarlar da razılaşarlar. Demək olar ki, oradan hər gün informasiya verirdik. Orada təkcə Mətbuat xidmətinin işini görmürdüm, həm də piarla məşğul idim. Bu gün də kimsə sosial şəbəkədə “Semaşko” yazanda jurnalist dostlar qeyd edirlər ki, "bu saat Elnur Hidayətoğlu gələcək, silin onu. Kliniki Tibbi Mərkəz yazın" (gülür..).

Kliniki Tibbi Mərkəzdə işlədiyim dönəmdə məndən narazı qalan jurnalist olmadı. Bu sözü hər bir mətbuat katibi deyə bilməz. Ancaq mən rahatlıqla deyirəm. Heç kəs deyə bilməz ki, Elnur mənim zəngimi açmayıb, köməklik göstərməyib.



- Mətbuat katibi işini necə qurmalıdır?
 

- Mənə görə mətbuat katibi susmalı deyil. Onun işi telefona cavab verməmək, jurnalistdən qaçmaq deyil. Jurnalistdən “filan xəbəri çıxart” xahişini etmək deyil. Mənə görə mətbuat katibi vaxtında telefona cavab verən, informasiyadan qorxmayan, doğru-düzgün açıqlama verib yanlışları düzəldən kəslərdir. Biz jurnalistə zəng edib “filan xəbəri çıxart” deməkdənsə, vaxtında ona cavab verib, bir cümlə ilə münasibət bildirsək, problem də yaranmaz. Əgər heç bir cavab yoxdursa, şablon ifadələrdən istifadə etmək olar. Məsələn, demək olar ki, "Bu məsələ nəzarətdədir. Yaxın vaxtlarda bununla bağlı sizə cavab veriləcək" və s. Bunu da mətbuat katibi  bacarmırsa, ondan narazlıq baş verir. Mənə görə mətbuat katibləri jurnalist şinelini geyinmiş olmalıdır. Təəssüf ki, bəzən jurnalistikadan çıxmayanlar jurnalistləri başa düşmürlər.

Bu gün Bakı Baş Səhiyyə Mərkəzi paytaxtda ilkin səhiyyə xidmətini həyata keçirən bir qurumdur. Bu qurumun tabeliyində 104 tibb mərkəzi fəaliyyət göstərir. Elə bir media qurumu ola bilməz ki, bizdən məlumat ala bilmədiyini desin. Çünki telefonlarımız hər kəsə açıqdır. Hər kəsin sorğusuna vaxtında cavab veririk.

Bəzən jurnalistlərin şəxsi məsələsində də yanlarında oluruq. Məsələn, bir jurnalist atası, yaxud anasının vəziyyəti ilə bağlı kömək istəyirsə, ona yardım etmək lazımdır. Ona kömək edə bilmirsənsə, jurnalistlə sənin münasibətlərin heç vaxt yaxşı olmayacaq. 

Bacarmadığım yalnız bir şey var: məsələn, deyəndə ki "qohumum tibb bacısıdır, onu işə düzəlt", bunu bacarmaram. Mənim işim informasiya təminatıdır. 
 

- Bu sahəyə gəlməsəydiniz, başqa harda çalışa bilərdiniz?
 

- Bu gün dövr dəyişir. Mətbuat xidmətinin işi standartlardan kənara çıxıb. Biri var mətbuat katibi, biri də var piar, eləcə də təbliğat və ya təşviqat işləri ilə məşğul olan mütəxəssislər. Mətbuat xidməti alt hissədir. Bunun üst hissəsi piardır, “promotion”dur (Təbliğat). 

Mətbuat katibləri qurumlarının piarı ilə məşğul olan, böhran vəziyyətini idarə edə bilən insanlar olmalıdır, böhranı özü yaradan yox! Bu gün mənim istiqamətim piar mütəxəssiliyidir. Öz işimi sevirəm. Lakin məncə insanlar sevdiyi işlə yox, bacardığı işlə məşğul olmalıdır. Düşünürəm ki, mən elə bacardığım işlə məşğulam. 
 

- Mətbuat xidmətində işləməklə jurnalist işləməyin fərqini necə izah edərsiniz?
 

- Əvvəl biz informasiyanın arxasınca düşürdük, xəbər axtarırdıq, indi xəbər üçün bizi axtarırlar. Bəli, müəyyən qədər fərq var. Başqa formada desək, biri informasiyanı axtarandırsa, digəri informasiyanı istehsal edən, xəbər üyüdəndir. Zamanla çətinliklər görməyən, informasiya alarkən əngəllərlə qarşılaşmayan, bir şeylər öyrənə bilməyən insanlar doğru-düzgün informasiya istehsal edə bilməz!

- Əvvəlcə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri işlədiniz, ardınca da bir pillə yuxarıya - Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə gətirildiniz. Fəaliyyətinizi necə qurmuşdunuz ki, sizə belə etimad göstərildi?
 

- Bəli, bu, TƏBİB rəhbərliyinin etimadıdır. Göstərilən bu etimada görə dərin təşəkkürümü bildirirəm. Ona görə ki, həqiqətən, əziyyət yerdə qalmadı. Kliniki Tibbi Mərkəzdə çox az maaş qarşılığında, amma canla-başla işləmişəm. Bir sözlə, heç vaxt aldığım əmək haqqının dəyərinə görə iş görmədim. Məqsədlərimizə görə çalışdım.

Piar sahəsində çalışan tanınmış həmkarlardan biri həmişə deyirdi ki, bizim tibbdə iki yerin piarını aparmaq mümkün deyil və ya əbəsdir. Onun birincisi “Semaşko", ikincisi Sabunçudakı “3 saylı xəstəxana”dır. Mən həmin xəstəxanaya gələndə oranın piar işini aparmağın mümkün olduğunu sübut etməyə çalışdım. “Semaşko”nun adının Kliniki Tibbi Mərkəz olması üçün əlimdən gələn hər şeyi etdim. Gecəmi gündüzümə qatdım, 7/24 telefonlara cavab verdim. İnformasiyaya həssas yanaşdım. Tanış olub-olmamasına baxmayaraq, hər kəsə eyni diqqəti göstərdim. 

O dövrə qədər həmin xəstəxana ilə bağlı çox sayda neqativ xəbər vardı. Deyək ki, gün ərzində baş verən hadisələr nəticəsində 110 nəfər xəstəxanaya gətirilirdisə, onlardan 10 nəfərin vəziyyəti ağır olurdu. Reanimasiyaya yerləşdirilən 10 nəfərə də tibbi xidmətlər göstərilirdi. Lakin onlardan 9-u sağalır, 1-i ölürdü. Mənim işlədiyim dövrə kimi həmişə ölüm xəbəri mətbuatda gedib. Ancaq neqativə kökləniblər. 1 nəfərin ölümü manşet olub. Amma mən orada başqa bir strategiya qurdum. 9-u haqqında müsbət xəbərlər verməyə çalışdım. Biri haqqında xəbərin şişirdilməsinə şərait yaratmadım. Tibb elə bir sahədir ki, bir nəfərin ölməsi normaldır. Bu, Allahın işidir. Bu günə qədər də Kliniki Tibbi Mərkəzin həkimlərinin hamısı ilə, hətta direktor Könül Ələkbərovla, müavinlərlə də əlaqəm var. Bu gün onların özləri də deyir ki, mən ora ilə bağlı neqativ xəbərlərin qarşısını almışam. Hələ də o xətt davam edir.
 

- Bəs sizdən küsən, inciyən jurnalistlər olur?
 

- Olub. Məsələn, bir şəxs dəfələrlə xahiş edib, ona kömək göstərmişəm. Axırda nəyisə edə bilmədiyimə görə inciyib. Təəssüf ki, belələri də var. Amma düşünürəm ki, işimlə bağlı ümumən məndən narazı qalan olmayıb.
 

- Sizi də “reket jurnalistlər”in bezdirdiyi vaxtlar olur?
 

- Maraqlı bir şey deyim: “reket jurnalistlər”dən biri həkimin müayinəsinə girib. Həkimə 5-10 manat verməsini videoya çəkib. Həmən “reket jurnalist” zəng etdi ki, "belə bir şey var, mən bunu yayacam. Bütün ölkə biləcək ki, həkim rüşvət alıb". Dedim ki, "həkimin rüşvət almasına mən cavabdeh deyiləm. Alıbsa da, cəzalandırılacaq. Videonu da buyur, yay".
Ona dedim ki, "məqsədin rüşvətxorluqla mübarizədirsə, gəl həkimin cəzalandırılmasında iştirak et". O gördü ki, mən ondan qorxmuram. Bir saat sonra zəng edib "ilk dəfə pul almadan bir videonu yaymayacam” dedi. Elə jurnalistlər və ya elə “reket jurnalistlər” olub ki, Kliniki Tibbi Mərkəzlə bağlı mənfi xəbərləri məhz mənə görə yaymayıb. 
 

- Bəzi mətbuat katibləri media orqanlarına fərq qoyurlar. Məsələn, kimsə əlindəki informasiyanı ilk olaraq dost hesab etdiyi KİV-ə ötürür, ya da tədbirlərə çağıranda ayrı-seçkilik edir. Sizin bununla bağlı mövqeyiniz necədir?
 

- Azərbaycanda bu gün yüzlərlə sayt var. Mənə görə, 5-6 sayt prioritetdir. Xəbərin o saytlarda çıxması fikrimcə, daha önəmlidir. Bəzi mətbuat xidmətləri də bunu nəzərə alır. Elə saytlar var ki, onların girişi çoxdur. O saytlarda məlumatın yayılması üçün oranın müxbiri ilə əməkdaşlıq edirlər.

Media tərəfindən ən çox narazılıq olan məsələlərdən biri də sorğularla bağlıdır. Siz bir hadisədən xəbərdar olursunuz və bununla bağlı mənə sorğu göndərirsiniz. Mən bu sorğu ilə bağlı araşdırma aparıram. Sorğunun cavabı nə olursa, birinci sizə verməliyəm. Sonra press-reliz yayılmalıdır. Mən həmişə xəbəri birinci sorğunu göndərənə vermişəm. Lakin 10 dəqiqə sonra xəbəri hamıya verəcəyimi də demişəm. Heç kəs "məni aldadıb, öz dostu-tanışına xəbəri göndərib" deyə bilməz. Bütün media nümayəndələri ilə dostluq edirəm. Heç vaxt ayrı-seçklik etmirəm.

- Səhv etmirəmsə əsliniz Cəbrayıl rayonundandır. Torpaqlar işğaldan azad olunandan sonra Cəbrayıla səfər edib oradan şəkillər payılaşmışdınız. Uzun illər işğalda olmuş Cəbrayıla ayaq basanda hansı hissləri keçirirdiniz?



-  Mən həmişə, hər yerdə deyirəm ki, həm Cəbrayıl, həm də Füzuli mənimdir. Bu gün qeydiyyatım Füzuliyədir. Amma əslim-köküm Cəbrayıldandır. Bizim öz evimiz Füzulidədir. Lakin Cəbrayılda da baba evimiz olub. Öz evimin 20-30 metrliyinə kimi getmişəm. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk istəyim Cəbrayılda atamın qəbrini ziyarət etmək olub. Atam mən iki aylıq olanda dünyasını dəyişib. Onun üzünü heç vaxt görməmişəm. Yalnız bir dəfə yuxuma gəlib.

Atamın qəbrini gedib ziyarət etməyi çox istəyirdim. Sağ olsunlar, kömək etdilər. Ziyarətə əmimlə birlikdə getmişdim. İnsanın yarası o zaman qaysaqlanır ki, doğru-dürüst dərmanlardan istifadə edirsən. Bizim də yaramız  o torpaqların işğaldan azad edilməsi, düşmənlərin qovulması ilə sağaldı.
 

- Cəbrayılda atanızın məzarınız axtarıb tapdınız. Onun ruhu ilə söhbətləşə bildinizmi, nələr dediniz?
 

- İnsan övladı əvvəlcədən elə düşünür ki, gedəndə nələrsə danışacaq. Amma mən ora getdim, məzarın yanında yarım saat danışmadan sakitcə dayandım. Sonda ona qəbir üstündə bir sözüm oldu. Dedim ki, "Mən sənin adını ömrümün sonuna kimi yaşadacam". Mən o kəslərdənəm ki, atama söydürməmişəm.


- Hansısa bir hobbiniz, mediadankənar fəaliyyətiniz, ya da bilmədiyimiz bir bacarığınız varmı?


- Balıq tutmağı çox sevirəm. Həvəskaram. Dostlarım deyir ki, "Elnurun Bakıda qarmaq sallamadığı gölməçə yoxdur". Hətta bu gün siz mənə deyin ki, Naxçıvanda filan yerdə çox yaxşı balıq gəlir. Təyyarəyə minib ora da gedərəm. Həyatda hər şeyi unutduğum yer balıq tutduğum yerdir.
Şənbə-bazar günlərində övladlarıma səhər yeməyi hazırlayıram. Hətta "fast food" da hazırlaya bilirəm.
 



- Xanımınız hansı sahənin adamıdır?

- Həyat yoldaşım Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Hazırda alman dili ixtisası üzrə dərs deyir. Filologiyada oxusa da, mən bir ara onu öz tərəfimə çəkməyə çalışırdım. “İnteraz” televiziyasında işləyərkən ora gətirmişdim. Çalışırdım ki, aparıcı kimi püxtələşsin. Jurnalistikaya meyil göstərsin. Müəyyən müddət sonra dedi ki, öz sahəsinə qayıtmaq istəyir. İndi müəllim kimi çalışır.
 

- Mümkündürmü bir müddət sonra sizi başqa bir qurumun Mətbuat xidmətində görə bilək?
 

- Mən bu işi sevirəm. Hesab edirəm ki, az-çox əlimdən gələni edirəm. Hər kəsin istəyi odur ki, sabah harada daha yaxşı iş olsa, ora getsin. Bu gün işim çox yaxşıdır. 
Mən hazırda heç kəsdən təklif gözləmirəm. Lakin heç kim deyə bilməz ki, "başqa yerdə gedib işləməyəcəm". Kimə harada iş rahatdırsa, orada işləyəcək. Sabah bəlkə sənin indiki işinə marağın azalacaq. Öz işini sevmək bu baxımdan önəmlidir. Sənin işinə marağın azaldısa, oradan ayrılmalısan. Çünki həyatın rəngarəng olmalıdır. Ona görə də "sabah təklif gəlsə, getməyəcəm" demək düzgün deyil. Bacarırsansa, niyə də özünü inkişaf etdirməyəsən, irəli getməyəsən… Bacarmırsansa, yerində saymalısan! Mən yeniliklər etməyi sevirəm…

 

 

Turqay Musayev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok