Modern.az

Bayrağımız Zəfərimizin nişanəsidir - Deputatla MÜSAHİBƏ

Bayrağımız Zəfərimizin nişanəsidir - Deputatla MÜSAHİBƏ

Müsahibə

7 Noyabr 2023, 09:32

Millət vəkili Azər Kərimlinin Modern.az saytının suallarını cavablandırıb.

 

Deputatla müsahibəni oxuculara təqdim edirik:


- Azər müəllim, artıq üçüncü ildir ki, torpaqlarımızın 30 ilə yaxın davam edən işğala son qoyulması ilə nəticələnən tarixi qələbəmizin sevincini yaşayırıq. Lakin bu il Zəfər Günü hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Siz hansı hissləri keçirirsiniz?

 

- Şübhəsiz ki, Ali Baş Komandamızla, Silahlı Qüvvələrimizlə, bütövlükdə isə xalqımızla, onun rəşadətli övladları ilə qürur duyuram. 44 günlük müharibənin ilk günündən etibarən bizi böyük Zəfərə, torpaqlarımızdan separatizmin kökünün kəsilməsinə aparan zamanın hər anı, həm hərb meydanında, həm diplomatik müstəvidə əldə olunan tarixi uğurların şanlı səlnaməsidir. Təkcə son 3 il ərzində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qənim kəsilən, silahı yalan və böhtandan ibarət olan qüvvələrə qarşı dövlətimizin apardığı mücadilənin nə qədər böyük zəhmət və fədakarlıq tələb etdiyini nəzərə alsaq, mübaliğəsiz olaraq, geridə qalan zaman kəsiyinin hər gününün əsrə bərabər olduğunu deyə bilərik. Azərbaycan öz bətnindəki 200 illik xəyanət yuvasından təmizlənib, təkcə Vətənimizin deyil, qonşu ölkələrin də ərazi bütövlüyünü hədəfə alan azğın erməni separatizminə ölümcül zərbə vurub, əli günahsız həmvətənlərimizin qanına bulaşan canilərin ədalət məhkəməsinin qarşısına çıxarılmasını təmin edib. Bu, təkcə Azərbaycan xalqı üçün deyil, haqqın, ədalətin, humanizmin keşiyində dayanan bütün vicdanlı insanlar üçün tarixi nailiyyətdir.  Müstəqilliyimizin bərpasından sonra biz ilk dəfədir ki, bütöv, vahid Azərbaycanda yaşayırıq. Son 210 il ərzində ilk dəfədir ki, milli varlığımıza, mədəniyyətimizə, tariximizə qənim kəsilənlərə layiq olduqlarını yaşada bilmişik və bizi uzun illər boyu aşağılamağa çalışanları ağ bayraq qaldırmağa, təslim olmağa məcbur etmişik. Bu gün Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu şaddır. Nəyi nə vaxt və necə edəcəyini çox yaxşı bilən Ali Baş Komandanımızın liderliyi ilə başladılan Zəfər yürüşü Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə müqəddəs üzçrəngli  bayrağımızın ucaldılması ilə məntiqi sonluğunu tapdı. Həm də yüksək peşəkarlıqla, mülki şəxslərə zərər vurmadan və xalqımıza xas ləyaqətlə! 

 

- Azər müəllim, Zəfər Günündən bir gün sonra Bayraq Gününün qeyd edilməsinin xüsusi bir anlamı var. Siz necə düşünürsünüz?

 

- Bu gün üçrəngli bayrağımız Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrində qürurla, həm də Zəfər bayrağı olaraq, dalğalanır. Bu günlərin ard-arda gəlməsini öncədən müəyyənləşdirmək mümkün olmasa da, düşünürəm ki, bu həm də ilahi ədalətin təntənəsidir. Zəfərimizin nəticəsində bayrağımız da Vətən torpağının hər qarışı ilə bütövləşib, həm də böyük qələbəmizin rəmzinə çevrilib. Azərbaycan bayrağı bizi Zəfərə doğru aparan yolda müzəffər Ordumuzun rəşadətli əsgər və zabitləri ilə birlikdə addımlayıb. Qəhrəman igidlərimizi qələbədən-qələbəyə aparan uğrunda savaşdıqları, canlarını fəda etdikləri Vətən və bayraq sevgisi olub. İndi biz Zəfər və Bayraq günlərini, tarixi ədalətdən və zərurətdən doğan bir ardıcıllıqla qeyd edirik.  Çünki bayrağımız dövlətimizin atributu olmaqla yanaşı, həm də Zəfərimizin nişanəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok