Modern.az

“Gürcüstan açıqlama verməlidir ki, o silahları niyə Ermənistana buraxdı” - MÜSAHİBƏ

“Gürcüstan açıqlama verməlidir ki, o silahları niyə Ermənistana buraxdı” - MÜSAHİBƏ

Müsahibə

14 Noyabr 2023, 15:06

Ermənistanın işğal dövründə Azərbaycana vurduğu ziyana görə təzminat ödəməsi, Qazaxın 8 kəndinin qaytarılması, Fransanın Ermənistanı silahlandırması, İranın Ermənistandakı səfirinin sərsəm fikirləri kimi gündəm mövzuları Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla müzakirə etdik.

Modern.az komitə sədri ilə müsahibəni təqdim edir:
 

- Ziyafət müəllim, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror tədbirləri ilə Qarabağ məsələsini tamamilə həll edib. Ermənistan işğal dövründə Azərbaycana vurduğu maddi zərərə görə hələ ki təzminat ödəməyib. Bu proses necə gedəcək?
 

- Bununla bağlı dəfələrlə beynəlxalq qurumlara məlumat verilib. Ermənistan Azərbaycana həm maddi, həm də mənəvi ziyan vurub. Mənəvi ziyanı ödəmək sözsüz ki, mümkün deyil. Çünki mənəvi yaraları pulla kompensasiya etmək olmur.  Eyni zamanda, 30 il ərzində Ermənistan bizim sülh çağırışlarımıza müsbət cavab verməyib, uzun müddət ərazilərimizi işğalda saxlayıb. Bu dövrdə hərbi cinayətlər, vəhşiliklər, genosid, ekosid törədib. Bütün bunlara görə cavab verəcəklər. Burada təzyiq vasitəsi beynəlxalq məhkəmələr olacaq. Biz çalışacağıq ki, beynəlxalq məhkəmələrə hər şeyi sübut edək. Bunun üçün xüsusi nələrsə etməyə də ehtiyac yoxdur. Sübutlar göz qabağındadır. BMT, YUNESKO, Avropa təşkilatlarının hamısı olub-bitənlərdən xəbərdardır. Beynəlxalq məhkəmələrə vətəndaşlarımızın mülkləri ilə bağlı da məlumat verilib. Bizim vətəndaşlarımızın Qarabağdakı evləri ermənilər tərəfindən tamamilə dağıdılıb. Bunun əvəzini Ermənistan ödəməlidir. Gəlsin, zəhmət çəksin, təzminatını ödəsin. Hərbi yolla erməni silahlı birləşmələrini ərazilərimizdən çıxarıb torpaqlarımızı azad etdik deyə, Ermənistanın canı qurtarır? Xeyr, bu belə deyil.
 

- Ermənistanın Azərbaycana vurduğu ziyanın miqdarı təxminən nə qədərdir?
 

- Ermənistanın vurduğu ziyan onun öz qiymətindən dəfələrlə çoxdur. Dəqiq rəqəmi ekspertlər deyə bilərlər. Ancaq onu deyə bilərəm ki, burada söhbət 100 milyardlardan gedir.
 

- Rəsmi İrəvan təzminat ödəmədiyi kimi Qazaxın 8 kəndini də boşaltmaq istəmir. Bəs həmin kəndlərimizin aqibəti necə olacaq?
 

- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Azərbaycanın ərazi bütövlüyünə  həmin 8 kənd də daxildir. Eləcə də hələ Birinci Qarabağ müharibəsi zamanı Naxçıvanın işğal edilmiş bir kəndi də bura daxildir. Onların hamısı qaytarılmalıdır. Yeri gəlmişkən, Ermənistan Baş naziri Nikol Paşinyan “Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini biz tanıyırıq” deməyi çox sevir. Ancaq Azərbaycanın ərazisi 86,6 min kvadrat kilometr deyil. Azərbaycanın ərazisi daha böyükdür. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edilib. İşğaldan sonra SSRİ-yə daxil olanda Azərbaycanın ərazisi 114 min kvadrat kilometr olub. Sonradan bizim ərazilərin bir qismini Ermənistana qatıblar. Nəticədə bizə 86,6 min kvadrat kilometr qalıb. Bəs qalan torpaqlarımız haradadır? Delimitasiya və demarkasiya məsələlərində Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə olan xəritə nəzərə alınmalıdır. Ermənistan zaman-zaman Azərbaycandan torpaq qoparıb. Bu məsələlər zaman-zaman da gündəmə gətiriləcək.
 

- Son vaxtlar Fransa Ermənistanı silahlandırmağa başlayıb. Fransanın məqsədi nədir və bu, regionda hansı təhlükələr doğurur? 
 

- Fransa 30 il ərzində bəzən gizli, bəzən də açıq şəkildə Ermənistanı dəstəkləyib. 44 günlük müharibədə Azərbaycanın qalib gəlməsindən sonra Fransanın iç üzü tamamilə ortaya çıxdı. Fransa açıq şəkildə “Ermənistan mənim kiçik bacımdır, onu müdafiə edirəm” dedi. Əgər Fransa ATƏT-in həmsədri kimi, 30 il ərzində bu məsələlərdə bitərəflik, ədalət nümayiş etdirə bilməyibsə, bu, indi də baş tutmayacaq.
Fransa bir neçə gün öncə Ermənistana yeni hərbi zirehli texnika göndərib. Ermənistanı bu qədər silahlandırmağın mənası nədir? Deməli, Fransa Qafqazda sülhün olmasını istəmir. Erməni xalqı üçün də yanmırlar. Onların öz məqsədləri var. Qafqazda möhkəmlənmək istəyirlər. Qafqaz, o cümlədən Azərbaycan Böyük İpək Yolunun bir hissəsidir. 2020-ci ilin 10 noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanat imzalanıb. Orada Zəngəzur dəhlizinə Rusiyanın Sərhəd Qoşunlarının nəzarət edəcəyi göstərilib. Paşinyan da bunu təsdiq edib. İndi isə "özümüz nəzarət edəcəyik" deyirlər. İndi məlum olur ki, "özümüz" deyəndə onlar Fransanı nəzərdə tuturlar. Fransa Zəngəzur dəhlizinə nəzarət etməklə İpək Yolunu əlində tutmaq istəyir. Lakin onun bu istəyi cəfəngiyyatdır. Fransanın bu kimi istəklərinin heç biri reallaşmayacaq. Onu da deyim ki, baş verənlərin hamısı Ermənistanın öz ziyanına işləyəcək. Əlbəttə, biz Fransanın Qafqazda gərginliyi artırmasından narahatıq. Amma Fransa, yaxud Ermənistan bunu istəyirsə, nəticəsini görəcəklər.
 

- Fransa silahları Ermənistana Gürcüstan vasitəsilə keçirildi. Gürcüstanın buna icazə verməsi barədə nə düşünürsünüz?
 

- Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri cavab versə, yaxşı olar. Gürcüstan bizə dost ölkədir. Həm də qonşuyuq və mehriban münasibətlərimiz var. Digər yandan, Gürcüstan 44 günlük müharibə zamanı Rusiya silahlarının ərazisindən keçərək Ermənsitana ötürülməsinə icazə vermədi. Bəs indi niyə Fransanın göndərdiyi silahın öz ərazisindən Ermənistana köçürülməsinə icazə verdi? Axı Qafqazın silahlanması Gürcüstana da sərf etmir. Dost, qonşu olaraq Gürcüstan bu qədər silahlanmaya necə icazə verə bildiyi barədə açıqlama verməlidir.

- Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell “Azərbaycana mesajım aydın idi: Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək cəhdləri qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələr doğuracaq” deyə Azərbaycanı hədələdi. Jozep Borrelin bu sözlərini necə başa düşmək olar?
 

- Bunların hamısı cəfəng söhbətlərdir. Azərbaycan Prezidenti, xarici işlər naziri dəfələrlə, bəyan edib ki, “bizim heç kimin ərazisində gözümüz yoxdur”. Biz öz torpaqlarımızı işğaldan azad etmişik. Heç kimin ərazisi bizə lazım deyil. “Azərbaycan Ermənistana təhdid yaradır” ifadəsi gülünc səslənir. Belə ifadələrin məqsədi Ermənistanı silahlandırmaq üçün bəhanə yaratmaqdır. Belə cəfəng ifadələrin heç bir əsası yoxdur. Bunlar oxunmuş mahnılardır.
 

- İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti ilə görüşdə Qarabağın Azərbaycana qovuşmasına sevindiyini demişdi. Tikinti işlərində iştirak etməkdə maraqlı olduqlarını da qeyd etmişdi. Lakin İranın Ermənsitandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi haqqında sərsəm bəyanatla çıxış edib. Cənub qonşumuzun bu ikibaşlı siyasətini necə qiymətləndirmək olar?
 

- Bir ölkənin prezidenti ilə onun başqa ölkədəki səfirinin fərqli mövqe səsləndirməsi qəribədir. Prezident bir söz deyir, səfir başqa söz. Bu tragikomediyadır. Güman edirik ki, İran Xarici İşlər Nazirliyi açıqlama verəcək. İran Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirməlidir ki, bunun nə məsələ olduğunu başa düşək. Görək, səfir kimin göstərişi ilə hərəkət edir: Paşinyanın, yoxsa öz prezidentinin?

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok