Modern.az

"Yer üzündəki cəhənnəm"dən gələn jurnalist: Təhlükəsizliyimizi özümüz təmin edirdik

Müsahibə

15 Noyabr 2023, 10:08

Tanınmış jurnalist Seymur Kazımov bir müddət əvvəl İsrail-Fələstin münaqişəsini işıqlandırmaq məqsədilə Yaxın Şərqə gedib. O, həm İsraildə, həm də Fələstin Muxtariyyətində olub. 

 

Səfər barədə jurnalist "Yer üzündəki cəhənnəm" başlıqlı məqaləsində Yaxın Şərqdə yeni tarixin yazıldığını, bundan sonra hər şeyin əvvəlkindən fərqli olacağını bildirir.

 

Modern.az Seymur Kazımovla həmsöhbət olub.

 

-Seymur bəy, bu yaxınlarda İsrail və Fələstin arasındakı münaqişəni işıqlandırmaq üçün Yaxın Şərqə getmişdiniz. Orada hansı şəhərlərdə oldunuz?

 

- İsrailin Tel-Əviv, Yerusəlim (Qüds),Netanya, Aşdod, Aşkelon və Sderot şəhərlərində olmuşam. Eləcə də Fələstin Muxtariyyətinin Ramallah, Nablus, Cenin şəhərlərinə getmək imkanım oldu.

 

- Siz münaqişə ocağında olarkən vəziyyət necəydi?

 

- Bu dəqiqə vəziyyət necədirsə, mən orada olanda da eləydi. Yəni vəziyyət gərginiydi. Müharibə gedən ərazilərdə vəziyyət heç vaxt dəyişmir.

 

- Siz Qarabağ və Ukrayna kimi müharibə bölgələrində də olmusunuz. İsraillə Fələstin arasında gedən münaqişə digərlərindən nə ilə fərqlənir?

 

- Aralarındakı ən böyük fərq münaqişənin uzun müddətdir ki, davam etməsidir. 75 ildir ki, münaqişə gedir. Son olaylar da göstərdi ki, münaqişənin daha 75 il davam etmək prespektivi var. Çünki tərəflər bir-birilərinə güzəştə getmir. Dünya ictimaiyyəti ikidövlətli həll yolunu təklif edir. Yəni Fələstin dövlət kimi tanınmalıdır.  Buna baxmayaraq, dünya bunun reallaşması üçün heç bir iş görmür. Bir daha deyirəm son olaylar münaqişənin həlli üçün heç bir prespektiv olmadığını göstərir. Bəlkə, 50-70 il sonra nəsə ola, münaqişə bitə. Ya da bir-iki ilə hansısa möcüzənin hesabına məsələ öz həllini tapa bilər.

 

-Seymur bəy, hər iki tərəfdə də olmusunuz. Jurnalistlərin təhlükəsizliyi üçün hansısa tədbirlər görülüb, şərait yaradılmışdımı?

 

- İsraildə müəyyən ərazilərdə jurnalistlərin fəaliyyəti üçün şərait yaradılıb. Məsələn Qəzza zolağına daha yaxın olan Sderot şəhərində jurnalistlər üçün müəyyən imkanlar var idi. Ancaq ümumi götürsək, xeyr, ciddi tədbirlər görülməyib. Elə Fələstinin özündə də. Biz öz təhlükəsizliyimizi təmin etmək üçün özümüz çalışırdıq.

 

-Azərbaycanlı olduğunuz məlum olduqda sizə necə münasibət bəslədilər?

 

-Heç bir problem olmadı. Normal münasibət bəsləndi.

 

- Son olaraq, belə bir ciddi münaqişənin getdiyi ərazilərdə olmağınıza görə qorxu, həyacan keçirdinizmi?

 

- Bəli, belə hisslər olur. İnsanıq, supermen deyilik. Narahatlıq da, qorxu da olur. Amma bu qorxu insanı təhlükəsizliyə ciddi fikir vermək üçün daha da məsuliyyətli olmağa vadar edir.  

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok