Modern.az

“Dövlətimiz harada məsləhət görsə, orada da çalışacağıq” - Laçın xəstəxanasına təyinat alan direktor

“Dövlətimiz harada məsləhət görsə, orada da çalışacağıq” - Laçın xəstəxanasına təyinat alan direktor

Müsahibə

15 Noyabr 2023, 10:23

Bu yaxınlarda Laçın Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatı oldu. Bu vəzifə gənc həkim Orxan Cəbrayıla tapşırıldı.

Qeyd edək ki, Orxan Cəbrayıl bundan əvvəl sözügedən xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri olub.


Modern.az saytı Laçın Rayon Mərkəzi Xəstəxanasının gənc direktoru Orxan Cəbrayılla həmsöhbət olub.

 

- Orxan müəllim, səhv eləmiriksə, həkimlik peşəsini böyüklərinizdən örnək götürmüsünüz. Bu haqda nə deyə bilərsiniz?
 

- Bəli, mənim atam da həkim olub. Deyə bilərəm ki, onun peşəsinə olan bağlılığı, ixtisas seçimimdə böyük rol oynayıb.
 

- Laçın işğal olunandan sonra harada yaşayırdınız?
 

- Laçın işğal ediləndən sonra, bir müddət Qax rayonunda, daha sonra isə Bakı şəhərində yaşamışam. 
 

- Ağcabədinin Taxtakörpü ərazisində çalışmağa qərar verməyiniz nə ilə bağlı idi?
 

- Mən Ağdamda hərbi xidmət edirdim. Xidmət dövründə kənd əhalisinə də tibbi yardım göstərdiyim hallar olurdu. Elə o vaxtlardan kənd yerlərində həkimə daha çox ehtiyac olduğunu gördüm. Hərbi xidmətdən qayıdanda Ağcabədidə köçkün həmyerlilərimin həyat şəraiti ilə tanış oldum. Qərara gəldim ki, mənimlə oxşar taleləri yaşayan laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində çalışmaq üçün müraciət edim. 
 

- Bakıda iş tapmaq imkanınız vardımı?
 

- Mən Taxtakörpüyə gedəndə, işsiz deyildim. Bakıda işləyirdim.
 

- Laçın işğaldan azad ediləndən sonra tez-tez Laçında olurdunuz. İşğaldan sonra ilk dəfə Laçına gedəndə xəyalınızdan nələr keçirdi və gedib nələr gördünüz?
 

- Xəyalımdan itirdiyimiz doğmalarımız, qayğısız uşaqlığımız, illərdir yaşadığımız yurd həsrəti kimi qarışıq duyğular gəlib keçirdi. Şükür Allaha, Laçında yaşamaq artıq xəyal deyil, gerçəklikdir.
 

- Laçın Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunmağınız barədə xəbəri aldığınız anda hansı hissləri keçirdiniz?
 

- Təbii ki, mənə belə bir etimad göstərilməsi, Laçında səhiyyə quruculuğuna rəhbərlik etmək olduqca qürurvericidir. Qürur hissi keçirdim.
 

- Laçın xəstəxanasında xəstələr üçün lazımi imkanlar varmı?
 

- Hazırda Laçında Modul tipli Ailə Sağlamlıq Mərkəzi və Təcili tibbi yardım xidməti fəaliyyət göstərir. Xəstəxanada təmir işləri aparılır, yaxın müddətə xəstəxana istifadəyə veriləndə müasir avadanlıqlarla təhciz olunacaq. 
 

- Laçındakı fəaliyyətinizi daimi davam etdirmək fikriniz var?
 

- Əlbəttə, mən bundan sonrakı ömrümü və peşə fəaliyyətimi doğma Laçınsız təsəvvür etmirəm. 
 

- Ailəniz, uşaqlarınız sizin Laçına olan təyinatınıza necə reaksiya verdilər?


- Təbii ki, çox şad oldular. Biz onsuz da 9 avqustdan orada yaşayırıq. 
 

- Qarabağın digər ərazilərində işləmək təklifi gəlsə, razılaşarsınız?
 

- Biz həkimlər də dövlətin öz peşəmizdə əsgərləri sayılırıq. Dövlətimiz harada məsləhət görsə, orada da fəaliyyət göstərəcəyik. 
 

 

- Bildiyimizə görə, ailənizin arıçılıq təsərrüfatı da var. Və bu təsərrüfatınızı da Laçın yaylaqlarına aparmısınız? Bu işlərlə məşğul olmaq çətin deyil ki?
 

- Bu sadəcə həvəskar məqsədli bir işdir. Təbii ki, bundan zövq alaraq edirəm. 
 

- Deyirlər bu il bal az olub. Sizdə vəziyyət necədir?


- Ümumi respublikada vəziyyət belə idi. Bizdə də bal az olub.
 

- Laçınla bağlı arzunuz, istəyiniz, ya da planlarınız nələrdir?
 

- Laçınla bağlı planlarım çoxdur. Laçının səhiyyə quruculuğunda iştirak etmək, sakinlərə yüksək keyfiyyətli tibbi xidmət təşkil etmək mənim əsas planım və hədəfimdir.

 


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı