Modern.az

“Media məkanında bizim həmişə sabit yerimiz olub” - MÜSAHİBƏ

“Media məkanında bizim həmişə sabit yerimiz olub” - MÜSAHİBƏ

Müsahibə

17 Noyabr 2023, 15:26

Bu gün "525-ci qəzet"in ad günüdür. 1992-ci ilin 17 noyabrında ilk dəfə Rəşad Məcidin təsisçiliyi ilə nəşrə başlayan qəzetin adı Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi nömrəyə uyğun götürülüb. Düz 31 il əvvəl işıq üzü görən "525-ci qəzet" bu gün ölkənin aparıcı mətbu orqanlarından biridir.


Modern.az saytı qəzetin baş redaktorunun birinci müavini Yusif Rzayevlə həmsöhbət olub.
 

- Yusif müəllim, “525-ci qəzet” 31 yaşına çatdı. 31 böyük rəqəmdir. Ötən dövrdə qəzetiniz üçün ən yaddaqalan, əlamətdar, səs-küylü hadisələr nələr olub?
 

- Bu 31 ildə yaddaqalan hadisələr, əlbəttə, az olmayıb - həm sevincli, həm də problemli anlar yaşanıb. Bu yaşananların hər biri bizim üçün doğmadır. İnsan geriyə baxanda rahatlıq tapa, "bütün əziyyətlərə dəyərmiş" deyə bilirsə, demək ümumən yaşananlar uğurlu olub. Bizdə də belədir. Sualınızla bağlı ilk ağla gələn isə qəzetin ilk sayının çıxdığı gün oldu. 1992-ci ilin 17 noyabrında qəzetin ilk sayı çıxdı. Həmin gün Dirçəliş Günü ilə əlaqədar “Azadlıq” meydanında mitinq keçirilirdi. Həmin gün qəzetin ilk sayının bütün tirajını -10 min nüsxəni mitinqdə pulsuz payladıq. Qəzetin elə ilk sayı böyük maraqla qarşılandı və sonrası da uğurlu oldu. 
 

- Bu gün müxtəlif insanlar "525"i məktəb adlandırırlar. Obrazlı desək, siz də bu məktəbin hələ də iş başında olan ilk müəllimlərindənsiniz. Ən yaxşı şagirdlərinizdən kimləri qeyd etmək istərdiniz?
 

- Mənim belə böyük iddiam yoxdur ki, "mənim şagirdlərim var" deyim. Bu 31 ildə qəzetdə çoxlu imzalar olub. Onlardan bir çoxu bu gün müxtəlif dövlət orqanlarında, fərqli televiziya kanallarında, mətbuat orqanlarında çalışırlar. Həmin jurnalistlər özlərini "525-ci qəzet"in şagirdi, tələbəsi hesab edirlərsə, çox sağ olsunlar. Amma mən konkret onlardan hansınınsa, mənim tələbəm olduğunu deyə bilmərəm. Hər kəs öz əməyinin uğurunu qazanıb. 
 

- “525-ci qəzet”in indiyə kimi aldığı ən böyük mükafat nə olub?
 

- Əgər “525-ci qəzet” 31 il yaşaya bilibsə və bu günə gəlib çatmağı bacarıbsa, oxucularının yaddaşında varsa, elə bu özü ən böyük mükafatdır.
 

- Gəlin onu da etiraf edək ki, "525-ci qəzet" əvvəlki "525" deyil... 
 

- Zamana və dövrə uyğun olaraq mətbuata münasibət də fərqlənir. Mətbuata deyək ki, 30 il bundan əvvəlki münasibətlə indiki eyni deyil. Azərbaycan mətbuatının ümumi palitrasında “525-ci qəzet” daim özünün sabit yerini qoruyub -sağlamağa çalışıb və məncə, buna nail olub.
 


- Mətbuat orqanının bu çətin, ziqzaqlı zamanda yaşaması gərgin mücadilə tələb edir. "525-ci qəzet" rəqiblərlə ayaqlaşa bilirmi?

 

- Biz heç vaxt konkret olaraq hansısa rəqiblə mübarizə aparmağı qarşımıza məqsəd kimi qoymamışıq. "525-ci qəzet" heç vaxt jurnalistikanın prinsiplərinə zidd olan yollarla uğur qazanmaq məqsədi güdməyib. Ölkənin media məkanında bizim həmişə sabit yerimiz olub. Əsasən jurnalistika prinsiplərinə söykənərək mümkün olan, üzərimizə düşən işin ən yaxşısını görməyə çalışmışıq. 
 

- Yusif müəllim, İKT imkanlarını nəzərə almasaq, sizcə, mətbuatda peşəkarlıq artıb, yoxsa azalıb? Bir çox köhnə jurnalistlər “azalıb” deyirlər...


- Mediada peşəkarlığın azalmasının səbəbi təkcə yazılı mətbuatda yox, ümumilikdə mediada müşahidə olunan tendensiyadır və bu da hansı yolla olur-olsun populyarlaşmaq istəyindən qaynaqlanır. Təəssüf ki, bu zaman istər-istəməz peşəkar prinsiplər ikinci plana keçir. Amma fikrimcə, mətbuatda hələ də qalan peşəkarlar mümkün qədər bu dəyərləri qorumağa çalışırlar. 
 

- Azərbaycanda qəzetlər niyə iqtisadi gücə çevrilə bilmədi?
 

- Bunun obyektiv və subyektiv səbəbləri var. 90-cı illərin sonuna yaxın yazılı mətbuat üçün xeyli reklam bazarı vardı. Müəyyən səbəblərdən Azərbaycanda reklam bazarı zəiflədi. İqtisadi gücə çevrilməyin birinci şərti reklamdır. Mətbuat da cəmiyyətin bir qoludur. Cəmiyyətdə cərəyan edən proseslər təbii olaraq yazılı mətbuata da təsir göstərdi.
 



- Bu gün qəzetlərdə siyasi mövzular azdır. Siz bunu necə izah edərdiniz?

 

- Bu gün Azərbaycan cəmiyyətində toxunulmaz mövzu yoxdur. Deyək ki, müəyyən media orqanı konkret hansısa mövzuları özü üçün toxunulmaz hesab edə bilər, amma bu gün xüsusilə də sosial şəbəkələr həyatımıza o qədər dərin nüfuz edib ki, istənilən adam istənilən məsələni qabarda və öz münasibətini açıqca bildirə bilər. Həm də 2020-ci ilin Vətən müharibəsindən, torpaqlarımız işğaldan azad olunandan sonra, hesab etmirəm ki, cəmiyyətdə ciddi siyasi fikir ayrılığı yaradası elə də çox məsələ qalsın və medianın bu məsələlərə mütəmadi yer verməməsi oxucuları bərk narahat etsin.
Bunun bir səbəbi də medianın iqtisadi strurktura çevrilə bilməməsi ilə bağlıdır. İqtisadi cəhətdən asılı olan mətbuat orqanı bir sıra məqamlarda öz mövqelərindən geri çəkilməli olur ki, bu da onun fəaliyyətində istər-istəməz özünü göstərir.
 

- Mütəmadi olaraq redaksiyalara təcrübəyə gələn gənclər olur. “525”ə gələnlər barəsində fikirləriniz necədir, onlar arasından sabahın yaxşı jurnalistləri gözlənilir?
 

- Ali məktəblərin Jurnalistika fakültəsindən təcrübəyə gələn tələbələr çox olur. Onların içərisində əlbəttə ki, qabiliyyətli gənclər az deyil. Belə tələbələr deyək ki, 10-15 il daha çox diqqəti cəlb edirdi. Son illər isə praktikaya göndərilən tələbələrin əksəriyyəti artıq ayrı-ayrı media orqanlarında işləyənlər olur. Universitetlər deyək ki, onları konkret olaraq bizə praktikaya göndərsələr də, bu müddətdə mütəmadi olaraq redaksiyaya gəlib-gedə bilmirlər, işləyirlər. Ona görə də bizim onlarla çox ünsiyyətdə olmaq imkanımız olmur. Mən universitetlərə də bu barədə demişəm, yaxşı olar ki, o tələbələri praktikaya elə işlədikləri media orqanlarına göndərsinlər. Bu, həmin tələbələrin özləri üçün də, onların yetişməsi baxımından da daha əverişli olar.
 

- Adətən, yuvarlaq rəqəmləri təmtəraqla qeyd edirlər. Amma yenə də soruşmaq istərdik: “525-ci qəzet”in 31 yaşını xüsusi şəkildə qeyd etmək planlarınız var?
 

- 2002-ci ildə qəzetin 10 yaşını geniş qeyd etmişdik. O tədbirdə ən fərqli siyasi dünyagörüşlü adamlar iştirak edirdilər. Böyük məclis idi və çox yaddaqalan olmuşdu. Ondan sonra yuvarlaq yubileyləri öz kollektivimizlə qeyd etməyə üstünlük veririk. Bu gün də elə bir xüsusi tədbir keçirmək fikrimiz yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok