Modern.az

Umbakı həbsxanası: Korrupsiyanın qarşısı alınıb, kart sistemi yaradılacaq - MÜSAHİBƏ

Umbakı həbsxanası: Korrupsiyanın qarşısı alınıb, kart sistemi yaradılacaq - MÜSAHİBƏ

Müsahibə

24 Noyabr 2023, 10:38

Bir müddət əvvəl Bakının Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleks istifadəyə verilib. 

 

Bu cəzaçəkmə müəssisəsinin digərlərindən fərqi, məhkumların azadlıqlarına qovuşduqlarında cəmiyyətə inteqasiyası, ümumiyyətlə penitensiar xidmətdə aparılan islahatlarla bağlı Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyevlə həmsöhbət olduq.

 

Modern.az müsahibəni təqdim edir

 

- Əliməmməd müəllim, cəzaçəkmə müəssisələrində aparılan islahatları necə dəyərləndirirsiniz?

 

- Penitisar xidmət sahəsində islahatlar daha da dərinləşir. Ölkə başçısının müvafiq fərman və sərəncamlarından irəli gələrək müvafiq mühüm addımların atılması əsas məqsəddir. Cəzaçəkmə müəssisələrində infrastrukturun daha da təkmilləşdirilməsi və yeniləşdirilməsi, cəzanın humanistləşdirilməsi əsas istiqamətlərdir. İstənilən cəzaçəkmə müəssisəsində məhkumlar üçün müvafiq uyğun şərait olmalıdır. Onların ləyaqətinə hörmət edilməli, hüquq və azadlıqları təmin olunmalıdır. Yeni cəzaçəkmə müəssisələri tikilir ki, onlar bu məqsədlərin reallaşmasına xidmət edir. Əvvəlki illərdə Naxçıvanda, Şəkidə yüksək standartlara cavab verən cəzaçəkmə müəssisələri tikilib. Ötən il qadın cəzaçəkmə müəssisəsi və uşaq tərbiyə mərkəzi istifadəyə verilib. Azərbaycan qanunvericiliyində nəzərdə tutulan standartların təmin edilməsi cəzaçəkmə müəssisəsinin əsas elementidir. Belə ki, məhkumların qaldığı hər bir yaşayış yerinin sahəsi ortalama 4 kvadrat metrdən aşağı olmamalıdır.  Beynəlxalq standartlar bunun 6 kvadrat metrə qədər olmasını qeyd edir. Bu istiqamətdə yeni tikilən cəzaçəkmə müəssisələrində bu normanın gözlənilməsi çox vacibdir. Bu istiqamətdə çox ciddi addımlar artıq atılıb və atılır.

 

-Bakının Umbakı qəsəbəsində bu yaxınlarda yeni müasir penitensiar kompleks istifadəyə verilib. Bu cəzaçəkmə müəssisəsi nə ilə fərqlənəcək?

 

- Umbakı cəzaçəkmə müəssisəsi tamamilə yeni standartlara cavab verir. Beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaqdır.


Ümumi saxlanma limiti 1300 nəfər olan kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub. Kameralarda hər cür şərait yaradılıb, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.Saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin ərazisində Tibb-sanitar hissələri üçün müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün kompleksdə xüsusi otaqlar da nəzərdə tutulub. Hər blokun özünün həkim məntəqəsi, camaşırxanası, stadionu var. Stadionlarda futbol, voleybol və digər oyunları oynamaq mümkündür. Burada işıqlandırma sistemi yaxşı təmin olunub. Yetərli qədər günəş şüası qəbulu üçün kameralar var. Adambaşına düşən sahə böyükdür. Məhkuma ortalama 5-6 kvadrat metrə qədər sahə ayrılıb. Sanitor qovşaq bura aid deyil. Maksimal 4 nəfərlik kameralar var. Bu da çox müsbət haldır. Məhkumların tamamilə təcrid olunmasının qarşısını alır. Onlar bir-birilə kommunikasiya qurmaq imkanına malik olacaqlar. Fərqli cəzaçəkmə müəssisələrindən də bura məhkumların köçürülməsi gözlənilir. Yaxın vaxtlarda Qobustan həbsxanası bağlanacaq. Burada  administirasiya da fərqli blokda yerləşdirilir. Personal üçün lazım olan bütün İT texnoloiyalarından istifadə olunur. Mühafizə sistemi yüksək səviyyədə təşkil olunub və təhlükəsizliyə tam zəmanət verir. Hamam içəridədir. Məhkum istənilən vaxt ondan istifadə edə bilər. Mərkəzləşdirilmiş qızdırma sistemi var. Məhkumların şəxsi əşyalarını saxlamaq üçün əvvəllər şərait yox idi. İndi onların hər biri uyğun şkafla təmin olunub. Xarici mühafizəni həyata keçirən əsgərlər üçün ayrıca kazarmalar tikilib. Yəni əsgərlərin də dincəlməsi üçün şərait yaradılıb. Əsgərlərin yeməkxanaları  da ayrı olacaq. Bir sözlə infrastrukturda hansısa çatışmazlıq yoxdur.

 

- Cəzaçəkmə müəssisəsi məhkumların cəmiyyətə inteqrasiyası və cinayətlərin aşağı düşməsinə necə təsir göstərəcək?

 

- Normal, ləyaqətli şəraitdə cəzaçəkmə həm də məhkumun azadlığa baxışını dəyişdirir. O, azadlığa çıxmaq istəyir. Onun üçün hər bir şərait olmasına baxmayaraq, azadlıq yoxdur. Belə olan halda məhkum daha yaxşı davranış nümayiş etdirməlidir. Məhkumların məşğulluğu üçün hətta müxtəlif emalatxanalar, sexlər fəaliyyət göstərəcək. Bunun üçün müxtəlif zona müəyyənləşdirilib. Bir sözlə, həm personal, həm məhkum, həm də xarici mühafizəçilər üçün hər bir şərait təmin edilmişdir. Yaxın həftələrdə məhkumların oraya köçürülməsi baş tutacaq. İnfrastrukturun real olaraq məhkumların həyatına təsirini də görmək olacaq. Kinolarda baxdığınız bütün standartlara malik cəzaçəkmə müəssisəsinin şahidi olacağıq. Bunun, məhkumların islahına pozitiv təsirləri olacaq. Yeni əmək vərdişlərinin yaranması istiqamətində müvafiq şərait yaradılır. Yeni ixtisaslara yiyələnmək məhkumların azadlığa çıxanda inteqrasiya prosesinə tam hazır olmasına töhfə verəcək.  Yeni cəzaçəkmə müəssisələri köhnələrdən fərqli olaraq, məhkumun yenidən cinayət törətməməsi üçün uğurlu konseptdir. Cəzaçəkmə müəssisələrində açar məqsədlərdən biri də məmnunluğun bərpa edilməsidir. Ətraf mühitlə hərtərəfli əlaqənin qurulması da şəxsin yenidən cinayətə meyilliliyinin qarşısını alan faktordur. Bu, kriminogen vəziyyətin aradan qalxmasına müsbət təsir göstərəcək.

 

- Məhkumların islahına müsbət təsir göstərən daha hansı faktorları sadalaya bilərsiniz?

 

- Əlbəttə ki, məhkumların islahına təsir göstərən digər faktorlar da mövcuddur. Bu istiqamətdə mühüm addımlar atılır. Cəzaçəkmə müəssisəsinə yeni rəhbərin təyin olunması bu prosesləri daha da sürətləndirib. Korrupsiya sövdələşməsinin qarşısının alınması məsələsi var. Məmnunluğun artırılması istiqamətində bir sıra işlər görülür. Məsələn, məhkumların cəzaçəkmə müəssisəsində ona verilən yeməyin keyfiyyəti artırılıb. Ətraf mühitlə əlaqələrin genişlənməsi, personalla məhkum arasında keyfiyyətcə yeni çalarların meydana gəlməsi, məhkumların bir sıra qanunda nəzərdə tutulan hüquqlarının reallaşması istiqamətində addımlar onların islah prosesinə müsbət təsir göstərir. Məsələn az ağır, böyük ictimai təhlükəli olmayan cinayətlərə görə şəxslərin məzuniyyətə buraxılmasını misal çəkmək olar. Telefonla əlaqələrin yaranması ilə bağlı kart sistemi yaradılacaq. Bu gün cəzaçəkmə müəssisələrində qaynar xətt də yaradılıb.

 

- Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun görülən bu işlərdə rolunu necə qiymətləndirirsiniz?

 

- Kadrların düzgün seçilməsi idarəetmədə mühüm funksiyalar daşıyır. Tapşırıqların icrasında bu çox böyük əhəmiyyət daşıyır. Şübhəsiz ki, Mirsaleh Seyidov peşəkardır. Bütün həyatı cəzaçəkmə müəssisələrində işləməklə keçib. Bu baxımdan o cəzaçəkmə ilə bağlı problemləri daha yaxşı bilir. Onun məsələyə münasibəti, peşəkarlığı, məhkumların, onların yaxın qohumlarının ona inam və etimadının pozitiv olması,eləcə də kollektivin ona münasibəti penitisar xidmət sahəsində aparılan islahatların daha  da sürətlə həyata keçməsi  üçün əlavə imkanlar yaradır.  Bu cəzaçəkmə müəssisələrinin həm də ruhən yenilənməsinə səbəb olur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok