Modern.az

Laçın da, laçınlılar da indiki qədər xoşbəxt olmayıblar -  Elşad Eyvazlı 

Laçın da, laçınlılar da indiki qədər xoşbəxt olmayıblar -  Elşad Eyvazlı 

Müsahibə

25 Noyabr 2023, 00:22

Ötən gün Parlament Jurnalistlər Birliyinin (PJB) bir qrup üzvü Laçına səfər edib. 

 

Jurnalistlər oradan hansı təəssüratla geri dönüblər? 

 

Suallarımızı PJB sədri Elşad Eyvazlı cavablandırır.

 

Müsahibimiz deyir ki, Parlament Jurnalistlər Birliyi fəaliyyətə başladığı andan hər zaman milli məsələlərin davasını edib.

  

"Biz demək olar ki, işğaldan azad edilmiş bütün bölgələrimizdə olmuşuq. Bu dəfə işğaldan azad olunmuş Laçın şəhərinə getdik. İnsanların yaşam səviyyəsini, bölgədə quruculuq, abadlıqlıq işlərini yerində gördük".

 

Köç özlüyündə ağır prosesdir...

 

- Bir jurnalist kimi Laçında insanların yaşayışını necə təsvir edərdiniz?
 

- 30 il öz yurdundan aralı salınan insan doğma evinə dönüb. Bundan böyük xoşbəxtlik varmı? 30 illik ağrı-acını bir an içində unutmaq mümkün deyil. Hiss edirsən ki, sanki, laçınlılar dağla, daşla, ağacla, su ilə danışır... 
 
Təbii ki, köç özlüyündə ağır prosesdir və xeyli sosial-psixoloji məsələlərlə müşahidə olunur. Köç həm də insana çalışqan, mübariz olmağı aşılayır.
 
Bildiyim qədər laçınlılar Azərbaycanın 50-dən artıq bölgəsində məskunlaşmışdılar. İndi düşünün, Laçına 50-dən çox bölgəmizin adət-ənənəsi, düşüncəsi qayıdır...
 
İnsanlar 30 il ərzində öz yerlərindən-yurdlarından olub. Hansısa şəkildə başqa yerdə öz düzənini qurub, köçkünlüyə rəğmən həyata bağlana biliblər. Təbii ki, keçmiş məcburi köçkünlər üçün ən müqəddəs məkan öz doğma yerləridir. Ancaq onlardan asılı olmayan psixoloji məqamlar var ki, bu da aradan qalxır. Hər kəsdə geriyə, öz evinə qayıtmağı çox istəyir. İnsanların bu istəyinin qarşılanması üçün dövlət tərəfindən hər cür şərait yaradılır. 
 
Məsələn, Laçın şəhərində bir aptekə yaxınlaşdıq. Əczaçıdan soruşanda nə qədər maaş alır, dedi ki, ayda 1000 manat... Amma bu gün Bakıda aptekdə çalışan ayda o qədər maaş ala bilmir. 
 
Marketlərə girdik, qiymətlərlə maraqlandıq. Deyə bilərəm ki, nəqliyyat xərcini nəzərə alsaq, Laçının marketindəki qiymətlər Bakıdan heç nə ilə fərqlənmir. 

 

Bir sözlə, Laçın da, laçınlılar da indiki qədər xoşbəxt olmayıblar.

 

Laçınlılar bütünlüklə Laçına qayıdacaqlar. Təbii ki, bu, daha çox quruculuq, abadlıq işlərinə bağlıdır.   
 
Nəzərə almalıyıq ki, yüz ildə qurulan rayonu ermənilər xarabalığa çeviriblər. Rayonun bir ildə tam şəkildə qurulması fiziki olaraq mümkün deyil.
 
Tək yaşayış evlərinin tikilməsi ilə işlər bitmir. Burada kommunikasiya, gediş-gəliş, inzibati binalar, işlə təminat, resurslar və s. qeydə alınan işlərdir. Məsələn, bir kənddə məktəb yoxdursa, o kənddə necə yaşayacaqsan? 
 

Laçınlıların sürətlə geri qayıtması erməniləri çox narahat edir...


Bir müşahidəmizi də nəzərinizə çatdırım, insanların çox sürətli şəkildə Laçına, öz evlərinə qayıtması erməni mətbuatında ciddi müzakirə olunur. Erməni cəmiyyətinin, xüsusilə də seraratçı kəsimin ciddi narahatçılığı görünür.
 
Buna qarşı Ermənistan təbliğat maşını belə fikirlər formalaşdırmağa çalışır ki, Laçına gələn laçınlıların bir hissəsi geri qayıdırlar, guya işıq, qaz, su problemi var. Bunların hamısı yalandır. 30 ildir öz yurdlarının azad edilmsini həsrətlə gözləyən insanlar necə elə edə bilərlər? 
 
Laçın şəhərində hər şey modern, dünya standartlarına uyğun şəkildə qurulur. Turizm üçün hesablanan bu şəhərdə qeyd eilən problemlərin olması absurddur.. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönməsinə mane olmaq istəyən qüvvələr var. Azərbaycanlıların Qarabağda, Şərqi Zəngəzurda xoşbəxt yaşamasını kimlər istəməz, təbii ki, ermənilər. 
 
Bunu insanlarımız anlamalı, sosial şəbəkələrdə azərbaycanlı adı altında statuslar paylaşan erməni ünsürlərin təsirinə düşməməlidirlər. 
 
İnsanlarımız belə ünsürlərə qarşı barışmaz olsunlar. Xoşbəxtliyimiz işğaldan azad olunmuş ərazilərə geri qayıdışımızdadır. 
 
İşğal altındakı torpaqlarımız Şəhidlərimizin qanı bahasına azad edilib. Bu gün işğaldan azad olunmuş bölgələrin sakinləri şəhidlərimizin ruhunun şad olması üçün öz yerlərinə qayıtmaqda çox israrlıdırlar. Bir sözlə, hər bir keçmiş məcburi köçkün öz yurduna sahiblənməkdə birmənalıdır. 
 

Məcburi köçkünlük həyatına son qoyulub, güzəşti qəbul etməməliyik...

 

- Səfər zamanı sakinlərlə söhbət aparmaq şansınız olub. Laçınlıların öz yurdları ilə bağlı gələcək arzuları nələrdir, hansı işləri görmək istəyirlər? Ümumiyyətlə, onlara güzəşt gözlənilirmi?
 

- İşğaldan azad edilmiş bölgələrdə yaşayacaq insanlarımız üçün güzəştlər Qanunvericiliklə tənzimlənir və kifayət qədər güzəşt var.
 
İnsanların istəyi müxtəlifdir. Hiss edirsən ki, hər kəs daha çox 30 ildə öyrəndiyi, çalışdığı sahəyə meyillidir, onu Laçında tətbiq etmək istəyir. Bu, normal haldır, amma coğrafi mövqe, resurslar, iqlimi dı nəzərə almaq lazım... 
 
Biz “Laçın Abadlıq” Açıq Səhmdar Cəmiyyərinin rəhbərliyi ilə görüşdük, eyni sualı onların qarşısında qaldırdıq. Cavab o oldu ki, insanların bütün istəkləri ödənilir. Burada şəhərin statusu və imkanları da nəzərə alınır. Məsələn, Laçın şəhərdir, orada mal, qoyun fermasının olması gözlənilmir. 
 
İnsanlara hər istiqamətdə yardımlar göstərilir, ideyalara dəstək verilir. Amma bu, bir günün işi deyil. İnsanlar tam məskunlaşdıqdan sonra dediyiniz məsələlər həllini tapacaq. 
 
Bizim jurnalistik, gördüklərimizi gerçək şəkildə cəmiyyətə çatdırmaq borcumuzdur. 30 ildir Azərbaycan dövləti məcburi köçkünlər üçün müxtəlif güzəştlər tətbiq edib. İndi isə düşünməliyik ki, artıq məcburi köçkünlük həyatına son qoyulub, güzəşti qəbul etməməliyik.

 

- Sosial şəbəkələrdə qeyd olunur ki, Laçında qəbirlər dağıdılıb. Siz bunların şahidi oldunuzmu?
 

- Təbii ki, dağıdılıb. Ermənilər nəyi dağıtmayıb, yerlə yeksan etməyiblər ki... Eyni zamanda qəbiristanlıqları da... 
 
- Sosial şəbəkələrdə qeyd olunan digər məsələ laçınlıların geri qayıtmasıdır. Yəni onlar Laçında bir müddət qaldıqdan sonra Bakıya və s. yerlərə qayıdırlar. Bununla bağlı sakinlər arasında vəziyyət necədir?
 

- Sualınıza yuxarıda qismən cavab verdim. Biz bu məsələni rəsmilər və sakinlərlə danışdıq. Belə məsələlərin olduğunu, amma cəmiyyətə yalnış formada çatdırıldıqlarını bildirdilər.
 
Onlar qeyd etdilər ki, ailələr Laçına köçürlər, köçənlərin içində elə adam olur ki, neft sektorunda çalışır, Laçında isə elə iş yoxdur. Belə olan halda geri qayıtmaq məcburiyyətində ola bilər. Belə şəxslər istirahət günləri ailələrinin yanına, Laçına gəlirlər. Məncə digər rayonlarımızda da durum belədir. 
 

- Laçında infrastruktur necədir?
 

- Laçın şəhərində qaz, su, işıq, kanalizasiya məsələsində demək olar ki, hər şey qaydasındadır, İnternet sürətlidir, Bakıdan heç nəyi ilə geri qalmır. Nəzərə alsaq ki, Laçın həm də turizm üçün hesablanıb, deməli burada kommunal xidmətdə problemlərin olması mümkün deyil.
 

Laçın laçınlılar üçündür...

 

- Parlament Jurnalistlər Birliyinin üzvləri növbəti dəfə hansı bölgələrə səfər etməyi planlayır?
 

- Bu, əslində bizdən asılı məsələ deyil, biz müraciət edirik. Arzu edirik ki, işğaldan azad olunmuş bütün bölgələrimizdən davamlı olaraq reportajlar hazırlayaq. Quruculuq, abadlıq prosesindədə jurnalist kimi iştirak etmək istəyirik. 
 
- Gördüyünüz təşkilatlanmadan söhbət açmaq istərdim. Məsələn, gecə yarısında bir vətəndaşın başına bir iş gəldi, həkimə ehtiyacı oldu, bunu təmin edəcək hər şey Laçında varmı?
 

- Laçında bütün dövlət qurumları artıq formalaşıb. Hamımızın tanıdığı Orxan həkim rayon xəstəxanasına rəhbərlik edir. Məncə bu ad sualınızın cavabı üçün kifayətdir. 

 

- O zaman belə bir sual verim, Laçında sakinlər daha çox hansı işlərlə məşğul olurlar?
 

- Laçın həm də aqrar bölgə olub. Burada maldarlıq, bitkiçilik, əkinçilik və s sahələrdə çalışmaq olar. İnsanlarımız geri döndükcə, bu məsələlər də yüksək şəkildə həll olunacaq. Bu gün iddialar səslənir ki, insanlara torpaq verilmir. Azərbaycan o torpaqları öz vətəndaşlarının öz dogma yurdlarında rahat yaşaması üçün azad edib. O torpaqlar həmişə azərbaycanlıların istifadəsində olacaq. 

 

Jurnalist olaraq Laçında çalışmaq istərdim...


- Sülh prosesində reinteqrasiya vacib məqamdır. Laçınlılar bu haqda nə düşünür?
 

- Bu məsələlərlə bağlı sakinlərlə söhbət etdik, fərqli yanaşmalar var. Bildiyiniz kimi, ermənilər könüllü şəkildə Qarabağı tərk ediblər. Azərbaycan vətəndaşı olan ermənilərə dövlət səviyyəsində tam təminat verilir ki, gəlib Qarabağda yaşaya bilərlər. Təbii ki, Azərbaycan dövləti öz vətəndaşının maraqlarını yerinə yetirir. 

- Laçına səfər zamanı nə hisslər keçirdiniz?
 

- Biz jurnalist olmazdan öncə Azərbaycan vətəndaşıyıq. Parlament Jurnalistlər Birliyinin keçmiş məcburi köçkün üzvləri çoxdur. Zəngilandan keçəndə avtosfer.az saytının baş direktoru, dostumuz Elməddin Muradlı bizi kəndlərində saxladı. Evləri yolun kənarında idi. Amma ona ev demək mümkün deyildi, daş qalıqlarını göstərdi... 
 
Report.az İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə Güləbird kəndi ilə Laçın şəhəri arasında yerdə bizi dayandırdı. Məlum oldu ki, mərhum atası Əli müəllimgil erməni mühasirəsindən həmin yerdən çıxa bilibmişlər. 
 
- Son olaraq, Laçında bir jurnalist kimi fəaliyyət göstərmək istəyərdinizmi? Orada jurnalist fəaliyyəti üçün manelər yoxdur ki?
 

- İnanın ki, çox istərdim. Laçının hər qayası, hər daşı, ermənilərin yerlə yeksan etdiyi evlər, qəbirsitanlıqlar, yeni tikilən binalar, hamısı vacib mövzudur. Laçında bir jurnalist olaraq çalışmaq böyük arzumuzdur. Jurnalist fəaliyyəti üçün manelərə gəlincə,əksini düşünün. Çünki işğaldan azad edilmiş bölgələrdəki durumu cəmiyyətimizə, dünyaya çatdırmaq milli maraqlarımızdır. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok