Modern.az

"Atam fəxr edərdi, övladı Şuşaya direktor olaraq gedir" - Güllələnən icra başçısının qızı ilə MÜSAHİBƏ

Müsahibə

13 Dekabr 2023, 12:32

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyinat olub. Bu vəzifəyə Səbinə Mikayıl qızı Gözəlova təyin edilib.

 

Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1991-ci ilin 11 dekabrında Şuşadakı iş otağında güllələnərək öldürülüb.

 

Modern.az yeni direktorla həmsöhbət olub.

 

Müsahibəni sizə təqdim edirik:
 

- Səbinə xanım, əvvəla sizi 1 nömrəli Şuşa məktəbinə direktor təyin olunmanızla əlaqədar təbrik edirik. Səhv etmirəmsə, bundan əvvəl Qəbələdə Şuşa məktəbində çalışmısınız. Ora ilə bağlı təəssüratlarınızı bilmək istərdik…

 

- 2017-ci ildə Qəbələ rayonunda yerləşən Şuşa məktəbinə direktorların işə qəbulu imtahanında yüksək bal toplayaraq qəbul olmuşam. Mənim ixtisasım ingilis dili müəllimliyi olduğundan həm də bu istiqamətdə dərs demişəm. 6 il orada çalışmışam. Qəbələdəki Şuşa məktəbinə təyin olunanda mənim sevincimin həddi-hüdudu yox idi. Mənimlə çalışan müəllimlərə də deyirdim, sizin üçün fəxr olmalıdır ki, əmək kitabçasında Şuşa məktəbinin adı yazılacaq. Bunun özü böyük qürur və sevincdir.

 

- Ağlınıza gəlirdimi ki, nə vaxtsa, Şuşa şəhərinin özündə məktəbdə çalışacaqsınız?

 

- Şuşanın mənim üçün mənəvi əhəmiyyəti var. Orada doğulmuşam və yaşamışam. Atam Şuşa uğrunda canını fəda edib. Şuşaya həsrət qaldığımız bu 30 ildə ora daim qəlbimizdə olub. Dilimizdən bir an belə Şuşa sözü düşməyib. 30 ildir ki, biz Şuşa həsrəti çəkirdik. Gec-tez Şuşaya qayıdacağımıza və orada çalışacağımıza, şagirdlərə təhsil verəcəyimizə inanırdım. Cənab Prezidentimizin siyasəti və ordumuzun gücü sayəsində artıq biz geri dönürük.  Məktəbə direktor təyin olunduğumu eşitdikdə ilk keçirdiyim hisləri sizə sözlə ifadə edə bilmərəm.  Mənim sadəcə bir hədəfim vardı ki, nə vaxtsa Şuşada müəllim və rəhbər olacam. O məqsədlə yola çıxmışam. Çox keçməyib. Artıq qayıtmışıq.

 

-Yəqin ki, Şuşa məktəbində olmusunuz. Məktəbin imkanlarını necə dəyərləndirərdiniz?

 

-Bəli, artıq Şuşadakı məktəbdə mən olmuşam. Qəhrəman oğullarımızın bizə əmanət etdiyi torpaqlarda məhz vətənpərvər, müasir, yenilikçi şagirdlər yetişdirmək əsas hədəfimizdir. Şuşa məktəbi illər boyu elm xadimləri, professor və alimlər yetişdirib. Bu məqsədlə biz yola çıxırıq. İnşallah azad şuşamızda vətənpərvər, müasir  elm xadimləri, professor və alimlər yetişdirəcəyik.  Şuşa məktəbi Azərbaycanın ən müasir məktəbidir. Cənab Prezidentin göstərdiyi diqqət və qayğı Şuşa məktəbində də öz təzahürlərini göstərir. Həqiqətən də, dövlətimizin siyasəti nəticəsində, Şuşanın gözəlləşdiyini və abadlaşdığını görürük. 

 

- Şuşa məktəbi ilə bağlı hansı layihələriniz var?

 

- Şuşa ilə bağlı çoxlu layihə və ideyalarım var. Ümumiyyətlə onu deyim ki, Şuşa azad olunanda direktorlara sual vermişdilər ki, "bir dəqiqəliyə düşünün ki, Şuşa artıq azaddır və siz oradakı məktəbin rəhbərisiniz. İndi nə edəcəksiniz, nədən başlayacaqsınız?". "Orada xarici dili bilən, müasir, kompüter bilikləri və vətəndaşlarla ünsiyyət bacarığı olan, öz fikirlərini sərbəst şəkildə ifadə edə bilən şagirdlər yetişdirərdim. Məktəbə daim qonaqlar çağıracağıq. Şagirdlər çox dil bilməlidir ki, o qonaqlara özləri cavab verə bilsin və Şuşanı tanıtsın",-deyə cavab verdim. Bu fikir hər kəsin xoşuna gəlmişdi. Biz bu gün artıq şagird qəbuluna hazırlaşırıq. Məhz Şuşada elm xadimləri, professorlar, alimlər, yüksək bilik və bacarığa malik vətəndaşlar yetişdiriləcəkdir.

 

 

-Hər bir insanın yetişməsində onun ailəsinin böyük rolu olur. Hər bir halda sizin də müəllim kimi yetişməyinizdə ailənizin, xüsusilə atanızın rolu danılmazdır. Yəqin ki, atanız azad Şuşada yerləşən məktəbin direktoru olaraq sizinlə fəxr edərdi...

 

- Bəli, çox doğrudur. O vaxt erməni təşkilatları Şuşanı atəşə tuturdular. Xankəndidə azərbaycanlıları sıxışdırırdılar. Atam həmin vaxt Şuşanın icra başçısı idi. Atam o zaman ilk hərbi birləşmələrdən olan 8-16 saylı Şuşa özünümüdafiə taborunun yaradıcılarından olub. Və o ermənilərə qarşı əməliyyatlar aparırdı. Güllələndiyi gün Daşaltı əməliyyatına hazırlaşırdı. Ermənilər atamı aradan götürmək istəyirdilər. Çünki atam onlara mane olurdu. Öz şəxsi hesabına silah-sursat alırdı. Anası erməni olan bir şəxs öyrədilmiş şəkildə atamın otağına daxil olaraq onu güllələdi. Belə bir sual ortaya çıxır ki, həmin vaxt onun yanında niyə mühafizəçi olmayıb.  Bu sui-qəsd birinci dəfə deyildi.  Ondan qabaq hətta maşınını partlatmaq istəyirdilər.  Bizim yaşayış binamıza da hücum olub. 20 noyabrda baş tutan Qarakənd faciəsində də atam hədəf idi. Bir çox şəxslər kimi atam da hədəfə götürülmüşdü. Həmin an problem çıxmışdı və atam gedə bilməmişdi. 

 

Əlbəttə ki, atam fəxr edərdi. Çünki onun çox sevdiyi Şuşaya övladı öz qədəmlərini bir rəhbər, məktəb direktoru olaraq atır. İnşallah, atamın sevgisi, Şuşaya olan olan bağlılığı daim yaşayacaq. Biz onun ruhunu yaşadacağıq. Əminəm ki, atamın ruhu orada şaddır. 30 il sonra Şuşaya geri dönəndə ilk olaraq gözüm atamı axtarırdı ki, bəlkə də o, buralardadı. Uşaq düşüncəsiylə yanaşdım ki, Şuşanın hansısa binasından bizə boylanar, baxar. Onun ruhunu hiss etdim.

 

Təyinat almağımla bağlı xəbəri alandada hər saniyə onun ruhunu yanımda hiss etdim. İnanıram ki, o yaşasaydı, mənimlə fəxr edərdi, qürur duyardı.  Belə düşünürəm ki, hər bir azərbaycanlı onunla qürur duyur, fəxr edir. O, Şuşa üçün əlindən gələni etdi. Sonunda öz canını fəda etdi. Hesab edirəm ki, o Şuşa və şuşalılar üçün unudulmaz bir insandır. Bu gün atam haqqında gözəl rəylər alıram. Hansı bir müəssisəyə yaxınlaşsam, kimin qızı olduğumu demirəm. Adımı soyadımı dedikdə, artıq məlum olur ki, mən kiməm, kimin övladıyam.  Bu hər bir övlada nəsib olmur. Mən həmişə şəhid övladlarına da bildirirəm ki, sizin atanız elə uca məqamdadır ki, siz hər saniyə onunla fəxr edəcəksiniz. Onlar yaşayır. Hər saniyə yanımızdadır. Hər bir sevincimiz, uğurumuz onlara agah olur. Hər bir nailiyyətimiz onların ruhu şad olur.

 

Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Azərbaycan Politexnik İnstitutunu bitirib. 1969-cu ildə təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.



M.Gözəlov Şuşanın və Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik edib, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.
Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok