Modern.az

İndiki uşaqlar sərt və danlayan müəllim istəmirlər - Sinqapurlu mütəxəssislə MÜSAHİBƏ

İndiki uşaqlar sərt və danlayan müəllim istəmirlər - Sinqapurlu mütəxəssislə MÜSAHİBƏ

9 Fevral 2024, 13:26

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq Sinqapura səfəri zamanı SIS (Sinqapur Mədəniyyətlərarası Məktəbinin) və Inspirasi Schools K-12 məktəb şəbəkəsinin qurucusu Jaspal Sidhudan  müsahibə götürüb.

 

Sinqapur Mədəniyyətlərarası Məktəbinin (SIS) təsisçisi və direktoru Jaspal Sidhu otuz ildir, İndoneziyada yaşayan, əvvəllər Acehdən Kalimantana qədər dağ-mədən sektorunda mühəndis işləyən sinqapurludur.

 

Atası insanlara daha çox təsir edə biləcəyi yerdə işləməli olduğunu düşündüyü üçün mədənçilik işindən imtina etdi. Beləcə, Jaspal başa düşdü ki, ona uğur gətirən keyfiyyətli təhsildir.

 

Elə buna görə də təhlükəsizlik işçisi olan atası övladlarının ən keyfiyyətli təhsil almasına çalışırdı:

• İnşaat və struktur mühəndislik dərəcəsi, NUS və MBA (fərqlənmə), Böyük Britaniya;

• İndoneziyada tikinti və mədən sektorunda on beş il;

• Təhsildə böyük birləşmə və satınalma təcrübəsi;

• Beynəlxalq Maliyyə Əməkdaşlığı (Dünya Bankı Qrupu) və Şəxsi Sərmayə Fondu ilə strateji tərəfdaşlıqda SIS Məktəblər Qrupunun təsisçisi və sədri;

• Beynəlxalq konfranslarda müntəzəm məruzəçi; IFC (Dünya Bankı) San Fransisko və Keyptaunda Təhsil Konfransı, İndoneziya İqtisadi Forumu, Sinqapur;

• İndoneziyada Sinqapur Ticarət Palatasının qurucu üzvü;

• İndoneziyada fəaliyyət və sərmayə qoymağın incəlikləri üzrə icraçı direktorların, diplomatların, investorların və fond menecerlərinin müntəzəm təlimçisi.

 

Dünya Bankı (IFC) və Özəl Kapital Fondu (Private Equity) ilə əməkdaşlıq edən SIS hazırda Şərqi Asiyada və digər regionlarda genişlənmə mərhələsindədir. İndoneziya, Malaziya, Hindistan və Çin kimi ölkələrdə filialları var.

 

Modern.az müsahibəni təqdim edir:

 

– Sizin Məktəblərin kurikulumu hansı ölkə kurikulumları əsasında hazırlanıb?

 

– Bizim sistemə əsasən uşaqlara fundamental məlumatın verilməsi aşağı yaşlardan başlanılır. Əsas baza ibtidai sinifdən qoyulur. Baza güclü olarsa, yuxarı siniflərdə təhsili davam etdirmək daha rahat olur. Bu sistemi İndoneziyadan götürmüşük. Orada mühəndis kimi işləyirdim və həmin müddətdə gördüm ki, yaxşı təhsilə ehtiyacımız var.

 

– Sinqapurda hansı təhsil sistemi əsas götürülür?

 

– Əvvəla, Sinqapurda bağça və ibtidai sinif təhsili əsas götürülür. Sonra qiymətlərinə görə ya İB, ya da Kembric təhsili alır. Sizin üçün bu sual maraqlı olar, bəlkə də. Sinqapur inkişaf etmiş ölkədir və bu ölkədəki sistem başqa ölkələrdə tətbiq olunsa, çətinlik yarada bilər. Buna görə nəzərə almaq lazımdır ki, həmin ölkə bu sistemə nə qədər uyğundur?!

 

– Sinqapur təhsili hazırda dünyada çox məşhurdur həm PİSA reytinqinə, həm də olimpiadalardakı uğuruna görə. Hansısa ölkə Sinqapur təhsil modelini götürsə, sizcə, uğurlu ola bilərmi? Məsələn, Azərbaycan.

 

– İndoneziya dünyanın ən böyük müsəlman ölkələrindəndir. Ora mentalitet və ölkə strukturu baxımından Sinqapurdan tamamilə fərqlidir. Hər ölkənin öz dövlət requlyasiyası var və biz həmin Sinqapur sistemini təkrar təbliğ edə bilmirik. Ona görə də yerli struktura uyğunlaşdırırıq. Məsələn, hansısa fənni öyrədəndə yerli problemlər, yerli mentalitet nədirsə, ona uyğun tədris edirik. Beləcə, dövlət bunu bəyənir və razı qalır. Təhsil sistemində ancaq bu şəkildə inteqrasiya mümkündür.

 

– Sizdə müəllimlərin işə qəbulu, onların attestasiyası necə aparılır?

 

– Biz sistemi quranda birinci qiymətin insanlara xitab etməsinə çalışdıq. Maaş münasib olmalı idi ki, xalq da razı qalsın. Eyni zamanda ucuz maaşla yaxşı müəllim tapmaq da asan deyil. Belə ki, birinci “Delout” şirkətinə getdik ki, sistem qurmaqda, əsaslanacağımız faktorları müəyyənləşdirməkdə bizə kömək etsinlər. Nəhayət, səkkiz əsas faktor müəyyən etdik. Həmin məqaləni istəsəz, sizə göndərə bilərik. Birinci yerdə insanın davranış şəkli dayanır. Biz müəllimlərimizi onun əsasında seçirik. Davranış şəkli, mentaliteti bizə uyğundursa, qəbul edə bilərik. Amma uyğun deyilsə, qəbul olunmur. O səkkiz faktordan ən əsası insan olmaqdır. Buna görə insani dəyərlər əsas götürülür.

 

– Həmin məqaləni oxumuşam. Demək olar ki, düşüncələrimiz çox yaxındır. Davranış mədəniyyəti yüksək olan insan çox yaxşı müəllim olar.

 

– İndiki uşaqlar elədirlər ki, sərt, ya da danlayan müəllim istəmirlər.

 

– Dedik ki, bu gün bütün nəticələrinə görə Sinqapur təhsili dünyada məşhurdur. Halbuki İngiltərə, Fransa və Almaniyanın köklü təhsil sistemləri olub. Sizcə, birdən-birə Sinqapurun bu gün belə fərqlənməsi təbiidir? Və nə ilə bağlıdır?

 

– Sinqapur dünyada birinci ölkədir ki, təhsilə bu qədər çox maliyyə ayırıb. Büdcəyə baxsaz, bunu bir daha görərsiniz. Əlaqələrim çox geniş olduğuna görə dövlətdə hansısa yenilik olanda dərhal bilir və sistemdə tətbiq edirəm. Ona görə də Sinqapur kurikulumu daima dəyişir, araşdırmalar aparılır, yenilənir, heç vaxt eyni qalmır. Dediyim birici faktordur. İkincisi isə ümumi məktəblərin sistemidir. Bu, müəllimlərin uşaqların biliklərini necə dəyərləndirməsindən, onlara hansısa hədiyyənin verilib-verilməməsindən, əgər ehtiyac varsa, əlavə kömək göstərilməsindən, yaxud nə qədər dəqiq, aydın sistemin olmasından, rüşvətin və s. olub-olmamasından – bütün bu faktorlardan asılıdır. Kurikulumu əsas tutub belə bir sistem yaratmaq mümkündür.

 

– Hazırda Sinqapurda dövlət təhsili çox güclüdür. Eyni zamanda burada çox güclü hazırlıq sistemi var. Məktəbdən sonra valideynlərin xərcləri hesabına uşaqlar hazırlıq kursuna gedirlər. Bugünkü uğurlu təhsil sistemində hazırlıq kurslarının, repetitorların payı nə qədərdir?

 

– Ən yaxşı suallardan biri ola bilər. Bu, Sinqapurla bağlı ən nifrət etdiyim mövzulardandır. Dünyanın ən qabaqcıl ölkələrindən biriyik, amma əlavə müəllim yanına getməyin bir milyonluq dəyəri var. Bu ondan qaynaqlanır ki, Sinqapurda altı əsas imtahan var. Bunlar, sözün əsl mənasında, gələcəyinizi qurmaqda sizə kömək edəcək. Asiya millətlərinin mentalitetindən gələn bir təzyiq var: ən öndə olmalıyam. Bununla uşaqların üstünə çox təzyiq qoyulur. Öz məktəbimdə çalışıram ki, uşaqların əlavə müəllim yanına getməyə ehtiyacı olmasın. Uşaq əlavə müəllim yanına getməyə ehtiyac duyursa, deməli, o məktəb bərbaddır.

 

– Məktəbinizdəki uşaqlar əlavə hazırlığa getmirlərsə, deməli, bütün ehtiyaclarını qarşılaya bilirsiniz?

 

– Məktəblərim Sinqapurdan kənarda yerləşir. Bizdə Sinqapurdakı kimi çətin imtahanlar yoxdur. Əvvəla, uşaqlarımızı imtahan təzyiqi ilə yükləmirik. Ona görə də bağçadan ta ki XI – XII sinfə kimi rahat deyə bilirik ki, bu uşaqların nəyi isə öyrənməyə vaxtı var. Biz onlara idman, əlavə fəaliyyətlər və s. üçün imkan yaratmağa çalışırıq. Birinci faktor odur ki, biz imtahan üçün stres amilini aradan qaldırırıq. İkinci növbədə, eşidəndə ki hansısa şagirdim əlavə müəllim hazırlığına gedir, çox məyus oluram. Uşaqlar başqa müəllim yanına getməsinlər deyə müəllimlərimə uşaqlarla məşğul olmaq üçün əlavə pul ödəməyi üstün tuturam. Nə etsək də, belə sistem var. Müəllimlər məktəbdənkənar hazırlıq keçirlər. Bunu isə tamamilə aradan qalırmaq mümkün deyil. Sadəcə çalışırıq ki, müəllimlərimizə əlavə pul ödəyək, bu sistemi özümüz quraq. Elə şagirdlərim var ki, ildə cəmi dörd min dollar ödəyirlər. Amma İngiltərədəki çox məşhur universitetlərə gedə bilərlər. Bir də bu reallıq var ki, valideynlərin əksəriyyəti işləyirlər və evdə uşaqların qayğısına qalan biri olmur. Ona görə də şagirdlərin neçənci sinifdə oxumasından asılı olmayaraq bağça rolunu oynaya biləcək məktəbdənkənar fəaliyyət göstərə biləcəkləri yer axtarırlar. Onu da deyim ki, mükəmməl məktəb yaratmağa çalışmıram. Bu daha aşağı büdcə ilə mümkün deyil. Ola bilsin, məktəbdə idman zalı, üzgüçülük hovuzu və s. olsun. Amma bu onu daha bahalı edir. Beləcə, həmin məktəbdə təhsil alacaq şagirdlərin sayı azalır. Məqsəd odur ki, bəzi şeyləri qurban verməklə məktəbimizə daha çox şagird yönləndirə bilək. İnkişaf etmiş ölkələrə bu daha yaxşı tənzimlənir. Məqsəd çox şagirdin cəlb olunmağıdır, nəinki az şagirdlə mükəmməl məktəb yaratmaq.

 

– Sizcə, təhsil deyəndə daha çox nəyə üstünlük verirsiniz,  yaddaş məktəbinə, yoxsa təfəkkür məktəbinə?

 

 – Mən, əslində, sadəcə akademik nəticələrə fokuslanılmasını sevmirəm. Əslində, şagirdlərin təhsil səviyyəsini ölçməyimiz üçün dörd əsas faktor rol oynayır. Bunlara hər şagird üçün il əvvəlindən sonuna kimi baxırıq. Birincisi, şagirdin nə dərəcədə cəhd etməsidir. Ola bilər ki, şagirdin qabiliyyəti nisbətən azdır. Bu vaxt şagirdi qiymətləndirərkən onun cəhdləri nəzərə alınır. Nəticəsindən asılı olmayaraq bunu qeyd edirik. İkincisi, onun analitik düşünmə qabiliyyətidir, nələri isə analiz etmə və s. Üçüncüsü, insanlarla necə işləməsi, komanda ilə işləmə bacarığı. Dördüncüsü, sahibkarlıq düşüncəsi, yeniliklərə açıq olmağıdır. Bunlar onun üçün daha vacibdir, nəinki akademik göstəricilər.

 

– Ev tapşırığı məsələsinə necə baxırsınız? Həm öz məktəbinizdə, həm də Sinqapurda. Ev tapşırığı çoxdurmu? Yoxsa məktəbdə dərsi öyrənə bilib, hazır gedə bilirlərmi?

 

– Sinqapurda son illərdə dəyişiklik olunub. Əvvəllər çox təzyiq qoyulurdu uşaqların üstünə, material daha çox idi. Artıq bu dəyişilib. Məktəbimdə də buna çalışıram ki, uşaqlar tapşırıqlarını evdə etməsinlər. Məktəbdə əksəriyyətini bitirsinlər, çox az hissəsi evə qalsın. İstəyirəm ki, uşaqların dostları, ailəsi ilə keçirməyə çox vaxtları olsun. Əgər evə tapşırıq verilsə, o, valideynlərlə birgə edilməlidir. Bir növ elə planlaşdırılır ki, evə çox material qalmasın.

 

– Qiymətləndirmə ilə bağlı soruşmaq istəyirəm. Deməli, bu gün dünya təhsilində müxtəlif yanaşmalar var. Bəzi klassik təhsil sistemlərində imtahan prosesi ağırdır. Şagirdlər daim imtahandan keçməlidirlər. Amma Finlandiya təhsili göstərdi ki, imtahan çox az olarsa, uşaqlar uğur qazana bilərlər. Bu fikrə necə baxırsınız? Məktəbinizdə imtahan necədir? Yaşdan asılı olaraq hansı formatda imtahanlar keçirilir?

 

– Biz imtahanda daha çox nəyi soruşduğumuza fokuslanırıq. Məktəbimdə ildə dörd imtahan olur. İkisi asan, ikisi çətin – 3, 6, 9, 12-ci aylarda. 6, 12-ci aylarda keçirilən imtahanlar daha çətin olur. İmtahanda şagirddən beş vur üçün on beşə bərabər olmasını yox, on beşi necə aldığını soruşuruq. Şagirdə fərqli konteks yaradırıq ki, problemə baxıb hansı biliyin lazım olduğunu özü müəyyən etsin. Belə ki, imtahanın səviyyəsindən, sayından daha vacib nəyin soruşulduğudır. Şagirdlər öyrəndiyi biliyi birbaşa tətbiq edirlər. Müxtəlif ölkələrin imtahan vərəqlərinə baxanda görürəm ki, Sinqapurdakı uşaqlar öyrəndikləri biliyi real həyatda birbaşa tətbiq edə bilirlər. Amma İndoneziyada bunu bacarmırlar. Problem də oradadır. Bilik elə formada öyrədilməlidir ki, birbaşa informasiya, onu necə tətbiq etmək lazım olduğu soruşulsun. Deməli, ya onu soruşmurlar, ya da öyrətmirlər. Sinqapur isə bunu yaxşı bacarır.

 

– Sinqapurda da məktəbləriniz var? Yoxsa ancaq İndoneziyada?

 

– Sinqapurda yoxdur. İndoneziya, Hindistan və Çində var. Qazaxıstanda da yaratmaq istəyirdik, amma dövlətdəki dəyişiklərə görə məktəb quracağımız insanın ərazisi əlindən alındı. Buna görə alınmadı.

 

– Pedaqogikada bu anlayışlar əsasdır: məktəb, valideyn, şagird. Buna üçbucaq deyirlər. Amma fikrimcə, bu, üçbucaq yox, dairə olmalıdır. Çünki üçbucağın kəsişmə nöqtələri var. Amma düşünürəm ki, bu məqalədə dairə olmalıdır: dairədəkilər əl-ələ yapışıblar. Dairənin üç tərəfi ola bilər – məktəb, şagird, müəllim. Qurduğunuz məktəblərdə valideynin təhsilə müdaxiləsi nə qədərdir və necədir?

 

– Fikirlərinizlə razıyam. Valideynlərin çoxu deyir ki, pul verirsə, uşağı öyrədib onu işə qatmayım. Çünki başqa edəcək işləri var. Bu, qlobal problemdir. Biz də öhdəsindən gələ bilməmişik. Amma razıyam ki, valideynlər uşağın təhsili ilə daha yaxından maraqlanmalıdırlar. Valideynlərin təhsil səviyyəsi də müxtəlifdir. Ola bilər ki, uşağın düşüncələri və aldığı təhsil tamam fərqli olsun, nəinki valideynin dəstəyi.

 

– Bizdə deyirlər: “Əti sənin, sümüyü mənim”. Bir müəllimə həftəlik neçə saat dərs verirlər?

 

– Heç bir halda müəllimləri yükləmirik. Çünki onlar restorandakı şef kimidirlər. Şef restoranı tərk etsə, restoran bağlanar, bu günlük iş bitər. Bizim müqavilə bağlayırıq. Müəllimlər həmin vaxta kimi işləyə bilirlər. Çalışırıq ki, texnologiyalar vasitəsilə müəllimlərə qiymətləndirmədə, tapşırıqların yoxlanılmasında kömək edək. Mümkün qədər texnologiyaya üstünlük veririk.

 

– Maksimum dərs nə qədərdir? Həftədə 20 – 30 saat?

 

– Bu, ölkədən-ölkəyə dəyişir. Müəllimlər məktəbə 07:30-da gəlir, 15:00-da gedirlər. Amma bu, müəllimin məktəbdəki ümumi iş vaxtıdır. Sinifdə müəllimin dərs keçdiyi müddətsə müəllim və fəndən asılıdır. Bununla bağlı sizə məlumat göndərə bilərəm. Açığı, özüm də dəqiq bilmirəm, hansı müəllim neçə saat işləyir.

 

– Bizdə aktual məsələlərdən biri də şagird çantasının ağırlığıdır. Aşağı siniflərdə uşaqların kitabları ağırdır. Sizdə bu mövzuda vəziyyət necədir?

 

– Biz, əsasən, Sinqapur kurikulumu üçün Sinqapur dərsliklərindən istifadə edirik. Bizdə materiallar onlayn olur, ona görə də uşaqların həmişə kitab gətirməyinə ehtiyac olmur. Məktəbdə kitabları, əşyaları qoymağa yerlər var. Ona görə də kitabları şkafda saxlayıb, lazım olduqca istifadə edirlər. Ən çox kitabxanadan istifadə edirlər. Bu da kağız israfının qarşısını alır. Düzdü, valideynlərin çoxu deyirlər ki, pul verilirsə, kitab olmalıdır. Amma çalışırıq ki, uşaqlar əlavə yük daşımasınlar, kitablar ya məktəbdə olsun, ya da onlayn.

 

– Sinqapur təhsil sistemi başqa ölkələrdə istifadə edilir. Hansı ölkədə bu daha uğurlu və ya uğursuzdur? Yaxud olurmu ki, bu cəhd hansısa ölkədə alınmır?

 

– Əslində, qurduğumuz məktəblərdə bu sistem yaxşı alınıb. Ona görə də bu sistemini ölkələr özü istəyir. Onlara nəyi isə məcbur qəbul etdirməyə çalışmıram. Özləri bu sistemi tətbiq etməyə maraqlıdırlar. Çünki uğurlu olur. Bu, əsasən, ilk illərə aiddir. Çünki kurikulumu sonradan dəyişirik. Məktəbim var ki, illiyi iki min dollardır. Məktəbim də var ki, on beş min dollardır. Amma sistem və təhsil proqramı eynidir. Bu, ölkəyə və insanların vəziyyətinə görə dəyişir.

 

– Sizin üçün uğurlu məktəb nədir?

 

– Bir sözlə ifadə edəsi olsam, bu, şəffaflıq olar. Hətta şəffaflıq və empatiya bir yerdə olsa, daha uğurlu olar. Məktəblərin uğurlu fəaliyyətində önəmlidir: proqram, insanlar və infrastruktur. Məncə, məktəblər bir çox ölkələrdə infrastruktur cəhətdən çox zəifdir. İnsanlar bununla bağlı, belə desək, binanın öyrətmə qabiliyyəti haqqında çox düşünmürlər. Günortadan sonra məktəb kurs kimi fəaliyyət göstərir. Kimsə ingilis dili öyrənmək istəyər və s. Bu sahədə yaxşı gəlir qazanmışam. Üstəlik infrastrukturu elə qurmaq lazımdır ki, əlavə idman zalı, üzgüçülük hovuzu və s. məktəbin içərisində yox, kənarda ictimaiyyətə açıq şəkildə istifadə etmək mümkün olsun.

 

– Rəhbərlik etdiyim on beş təhsil müəssisəsi var. Adətən, yaxşı direktor tapanda yeni şöbə aça bilirəm. Ümumiyyətlə, bir məktəbin açılması üçün direktorun önəmi nə qədərdir?

 

– Direktorları seçəndə şəffaflıq çox önəmlidir. Direktorların məndən heç bir asılılığı yoxdur və mən il sonunda çoxlu suallar verirəm: uşaqların müəllimlər, valideynlərin məktəb, uşaq və müəllimlərin direktor haqqındakı fikirləri. Bu cavabları sonda direktor və işçilərimə göstərirəm, vəziyyəti, nəyin yaxşı, nəyin pis olduğu müzakirə edilir. Bu, anonim baş verir. Ona görə də müəllimlər menecment haqqında fikirlərini birbaşa mənə deyə bilirlər. Direktorlarım maliyyə işlərini haqqında məlumatlı olurlar. Ona görə də hər şey şəffaf olur. Həmin sualı mən də sizə vermək istərdim.

 

– Biz həmin sorğunu bu yaxınlarda bitirdik. Həm valideynlərdən pedaqji və rəhbər heyət haqqında, həm uşaqlardan birbaşa müəllimlərimi haqqında, həm də müəllimlərdən məktəb rəhbərliyi haqqında anonim sorğuıar edirik. İkisi hazırdır, sizə göstərə bilərəm. Bir sualı və nəticəni sizə göstərim: “Siz Hədəf STEAM Liseyində işləməkdən məmnunsunuzmu?” “Məmnun deyiləm” bir nəfərdir.

 

– Həmişə bizdə də bir nəfər olur. Maaşla bağlı narazılıq olur.

 

– Məsələn, belə bir sual qoymuşduq: “Aldığınız maaş əməyinizin qarşılığını verirmi?” Nəticədə, qırx bir nəfər uyğun olduğunu, doqquz nəfər narazı olduğunu deyir.

 

– Məktəblərim müxtəlif yerlərdə olsa da, daim işləyirlər və hər iki aydan bir direktorlar görüşürlər. Məktəblərin uşaqları bir-biri ilə müxtəlif proyektlərdə əməkdaşlıq edirlər. Bu isə insanlarda təkcə yerli şeylər öyrənməmək, beynəlxalq mühitdə və bütün sistemin parçası olmaq hissi yaradır.

 

– Hər şey üçün təşəkkür edirik.

 

Əslində, Sinqapurda görüşmək istədiyim şəxslər daha çox Sinqapur təhsili ilə bağlı geniş bilgi sahibi olan insanlar idilər. Amma görüşləri təşkil edən Maykl Klimm dedi ki, məni maraqlı bir insanla tanış edəcək – Sinqapur təhsili əsasında beynəlxalq məktəblər qurucusu ilə. Maraqlı gəldi və görüşdük. Bakıda bu söhbəti oxuduqca ilk ağlıma gələn o oldu ki, deyəsən, özüm-özümə suallar verib, cavablar almışam. Çox qəribədir ki, mister Jaspalla söhbət göstərdi ki, dünyanın harasında olursan, ol, təhsilin problemi eyni olaraq qalır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok