Modern.az

"PKK kafesinə getdim, dedim, plov gətirin" - Türk diplomatın ASALA xatirələri

Müsahibə

15 Fevral 2024, 12:32

Türkiyə "xariciyyəsinin" təqaüddə olan tanınmış diplomatı Yalım Eralp ölkənin ABŞ-dakı səfirliyində çalışdığı dövrlə, ASALA erməni terror təşkilatının türk diplomatlara qarşı müxtəlif aktlar törətdiyi dönəmdə keçirdikləri həyatla bağlı, ümumilikdə diplomat karyerası zamanı başına gələn olayları, qarşılaşdığı hadisələri, maraqlı xatirələrini bölüşüb.

 

Modern.az xəbər verir ki, təqaüdçü səfir "Serbestiyet"ə müsahibə verib.

 

"Vaşinqtonda olarkən ASALA terroru başlamışdı. Bütün diplomatlar cəhənnəm həyatı yaşadı. Bəzi şeylər tragikomedik idi, amma ailəni qorumaq var, diqqətli olmaq var. FBI bizə ayda bir dəfə silah təlimi keçirdi. Həmin vaxt amerikan polisinin istifadə etdiyi 38-lik tapançalar satın almışdıq. Bunları polisdən başqa kiminsə istifadə etməsinə icazə verilmirdi. Ona görə də bizə bu silahı saxlamaq və gəzdirmək üçün sənəd verə bilmirdilər. Dedik ki, bəs necə olacaq? Bizə bir nömrə verdilər ki, əgər saxlayan olsa, sizi dayandıran polisə bu nömrəni verin.

 

Bir dəfə Nyu-Yorkdan maşınla Vaşinqtona gəlirəm. Yolda maksimal sürət 55 mil imiş, mən 58-60-la sürmüşəm. Polis saxladı. Sənədləri istədi, götürmək üçün saxlancı açanda silahı gördü. Dedi ki, əllərini qaldır, başqa cəbbəxana varmı? Dedim, cəbbəxana-filan yoxdur. Polis bildirdi ki, bu tapançanı üstündə daşımaq qadağandır, sadəcə polislər gəzdirə bilər. Bu nömrəyə bir zəng edin, dedim. Danışıb gələndən sonra soruşdu ki, sən kimsən axı? Dedim, nə olub ki? Qayıtdı ki, məni elə azarladılar... İzah etdim ki, ASALA terroru ilə bağlı üstümüzdə gəzdiririk", - Eralp xatirəsini yada salıb.

 

Sabiq diplomat başqa bir maraqlı əhvalatı da xatırlayıb: "Vaşinqtonda səfirlikdən çıxarkən evə xəbər verirdik ki, yola çıxırıq. Hamı evinə zəng edirdi. Deyirdik ki, məsələn, 15 dəqiqə, 20 dəqiqə sonra evdəyik. Bir gün bu işlərə baxan əməkdaş Mithat Balkanla çıxdıq. Evlərimiz bir-birinə uzaq deyildi. FBI bizə bir şey öyrətmişdi. Demişdilər ki, sizin bütün diplomatlar adətən yolda qırmızı işıqda dayanarkən vurulurlar, qırmızı işıqda dayanmayın. Dedik, bəs necə edək? Bildirmişdilər ki, cərimə-filan məsələsini özümüz həll edəcəyik. Onu da demişdilər ki, əgər məcburiyyətdən qırmızı işıqda durmalı olsanız, təhlükəli durum olarsa, xaos yaradın, önünüzdəki maşını vurun.

 

İndi Mithatla gedirik. Aramıza başqa maşın girməməli idi, amma bir maşın girdi. Mithat öndədir, arada amerikalı adam, sonra mən. Qırmızı işıqda dayandıq, çünki qabaqda 5 maşın var idi, necə keçək? Önümüzdəki maşından adam düşdü, yavaş-yavaş yeriməyə başladı. Mən də ayağımın altındakı silahı götürdüm, qapını açıb düşdüm, adamın arxasınca yeriyirəm. O, [Mithat Balkanın maşının] pəncərəsinə çatanda Mithat silahı adama yapışdırdı. Adam qayıtdı ki, benzin çəninizin ağzı açıq qalmışdı, onu demək istəyirdim, bir də belə işə qarışsam, nə bilim-nəyin oğluyam [gülür].

 

 

Bizim də əlimiz titrəyir. Mithata dedim ki, burada mehmanxana var, ora gedək, bir viski içək. Maşın sürəcək halda deyilik, dincəlməliyik. Bu vaxtda evlərdən səfirliyə zənglər gəlib. Bəs bunlar haradadırlar? Deyiblər ki, çıxıblar, çoxdan çıxıblar. Səfirlikdəkilər təlaşa qapılıblar. Evə gedəndə onun evindən də, mənim evimdən də azar eşitdik. Başımıza gələni danışdıq. Dedik ki, sizə zəng eləməyi unutmuşuq. O vaxtlar cib telefonu-filan yox idi".

 

"Daha gülməli şeylərə də məruz qalmışıq. Bir dəfə bir diplomat dostumuzun evinin yanına o məhəllədən olmayan bir maşın yaxınlaşıb. Təbii ki, şübhələnirik. Nə olar, nə olmaz. Bizim evin bağçasında da ayaq izləri görəndə FBI-a zəng elədik. Helikopterlərlə gəldilər. Bizdəki ayaq izlərinin itə aid olduğu məlum oldu. O maşında da bir qara oğlanla ağ qız sevişirmişlər. Bütün məhəllə ayağa qalxdı. Biabır olduq [gülür]. Yəni çəkdiyimiz iztirab, ehtiyatlılıq, qorxu - xüsusən də ailə üçün - müdhiş idi.

 

Bir gün bir zəng gəldi. Dedilər ki, bir adam yola çıxıb, yük yeri silahla doludur. ABŞ polisi izləyir. Dedik ki, tutun da. Dedilər, yox, haraya yönəldiyini öyrənməliyik. Vaşinqtona yaxınlaşanda Filadelfiyaya dönüb. Filadelfiyada da bizim fəxri baş konsulumuz var idi. Rəhmətlik İsmet İnönünün də qohumu idi. Orada tutublar...", - Eralp daha bir hadisəni nəql edib.

 

"Təhdidlər çox idi. Bizə böyük əziyyət çəkdirdilər. Axşam küçəyə çıxanda diqqətli davranırdıq. Maşın sürəndə ayağımızın altında amerikan polisinə aid o silahı gəzdirirdik. Onu Türkiyəyə də gətirmişdim... Bir dəfə Böyükadada polis çağırdı. Dedilər, sizin silahınız var imiş. Var, dedim, sənədi də var. Gətirin, bir baxaq, necə daşıyırsınız, bu amerikan polisinin silahıdır, dedilər. Qayıtdım ki, o qədər amerikan polisinə izah eləmişəm, sənə də izah edim. Dedi ki, bu ömürlük icazə sənədidir, heç beləsini görməmişəm...

 

Səfirlikdə işləyən vaxt bir məlumat gəldi ki, sabah Avropada adı "B" ilə başlayan bir paytaxtda ASALA-nın hücumu olacaq. Bern, Belqrad, Brüssel... Tez məlumatı göndərdik. Səhər teleqraf nazirliyə çatanda Belqraddakı səfirimiz olan rəhmətlik Qalib Balkar öldürülmüşdü. Çox qiymətli dostumuz idi. Məndən də böyük idi. Ona zirehli maşın göndərmək istəyiblər. Deyib ki, mən burada təhlükəsiz vəziyyətdəyəm, serblər qoruyur, onu ehtiyacı olan başqa bir səfirliyə göndərin. Qalibin ölümü bizə çox təsir elədi. Çünki bir neçə gün öncə birlikdə idik, ABŞ-a gəlmişdi bir toplantı üçün...

 

Həmişə deyirlər ki, Xarici İşlər Nazirliyinin məmurları xaricdə çox rahatdırlar. Əslində müəyyən illərdə son dərəcə narahat idik. İnanılmaz dərəcədə narahat idik. Vyanada da PKK var idi o zamanlar. Biliridk. PKK-nın işlətdiyi bir kafe var idi. Öyrəndik. Bir dəfə getdim, oturdum. Dedilər ki, cənab səfir, səhv gəlmisiniz. Dedim yox, səhv-zad yoxdur. Sizin kafedir də, PKK-nın. Dedilər, hə. Dedim ki, quru lobya və plov gətirin. Adamlar dəhşət içinə düşdülər, qorxdular. Qorxurlar ki, görəsən basıldıqmı? Dedim sizi bilirik, Vyanadakı fəaliyyətinizi bilirik, Praqadakını da bilirik. Praqada da gecə klubu işlədirdilər...

 

 

Yəni deyirəm ki, xaricdə rahat ola bilərsən, amma olduğun ölkə və şəhərdən asılıdır. Mənim Vaşinqtonda olduğum illərdə cəhənnəm əzabı var idi. İzah edə bilmərəm. Şəhər kənarında yaşayırdıq, amma şəhərə çox yaxın idi. Hamısı evlər idi. Hamı da bir-birini tanıyırdı. Tanımadığımız birini görəndə şübhələnirdik... Ona görə də həyat asan olmadı, bizim üçün. İndi daha asan olduğunu zənn edirəm. Kənardan baxanda...

 

Bir gecə çıxdım, körpünün üstü ilə gedirəm. İranda rejim dəyişib, Xomeyni gəlib. Ankaradakı səfirlə mərkəzi Ankara olan SENTO (Mərkəzi Müqavilə Təşkilatı - əvvəllər Bağdad Paktı adlanmışdı - red.) baş katibi - ikisi də iranlı - ölkələrindən qaçıblar. Vaşinqtona gəlmişdilər, arada görüşürdük. Axşam saat 7-filan idi. Səfirlikdən çıxdım. Bizim evə getmək üçün sağa dönmək lazım idi. Onlar da sağa dönməli idi. Sola döndülər. Pentaqona gedirmişlər. Onları izlədim, Pentaqona girdiklərini gördüm. Qayıtdım səfirliyə, Şükrü bəyə dedim ki... o vaxt amerikalıların girov saxlanılması məsələsi var idi (İran-ABŞ girov böhranı nəzərdə tutulur. 4 noyabr 1979-cu ildə Xomeyni tərəfdarı olan tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə basqın etmişdilər. 444 gün ərzində 52 ABŞ diplomatı girov saxlanmışdı - red.). Dedim ki, onlar bu girovları xilas etməyə çalışırlar, hər halda o 2 keçmiş diplomatdan bilgi alırlar.

 

Şükrü bəy çox ciddi adam idi. Dərhal XİN-ə (Dövlət Departamenti nəzərdə tutulur - red.) getdik. Nazir Kristofer (ABŞ-ın dövlət katibi olmuş Uorren Kristofer nəzərdə tutulur - red.) dedi ki, belə bir şeyi haradan çıxardınız? Dedim ki, axşam saat 7-də 2 keçmiş iranlı diplomat Pentaqona girirsə, deməli, bir şey üçün girir. Eləməyin, dedik. Tehran çox sıx məskunlaşmış şəhərdir. Çox ağır tıxacları var. Elədilər, helikopteri bizim sərhədimizdə bir-biri ilə toqquşdu... Böyük dövlətlərin xətaları da böyük olur. Olası şey deyildi, o boyda səfirliyi necə qaçıraçaqdınız?... Bəlkə nə vaxtsa yenə ABŞ-a qayıtdıq", - deyə Yalım Eralp yekunlaşdırıb.

 

Qeyd edək ki, Yalım Eralp 1939-cu ildə İstanbulda anadan olub. Orta təhsilini 1958-ci ildə Nyu Yorkdakı "Forest Hills" liseyində bitirib. 1962-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsindən məzun olub. Həmin ildən Xarici İşlər Nazirliyində işə başlayıb. O, Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki mənzil-qərargahında, Yunanıstanda, Romadakı NATO Müdafiə Kollecində və Brüsseldəki NATO Türkiyə nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb. O, Türkiyənin Vaşinqtondakı səfirliyində müşavir və səfir-müşavir olub.

 

1983-1987-ci illərdə Ankarada Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsinin müdiri, 1987-91-ci illərdə Hindistanda səfir kimi fəaliyyət göstərib. O, 1991-1996-cı illərdə baş nazirlər Mesut Yılmaz və Tansu Çillerin müşaviri, 1995-1996-cı illərdə isə xarici işlər nazirinin müşaviri vəzifələrində çalışıb. Xarici İşlər Nazirliyində NATO işləri üzrə baş direktor olub. 1996-2000-ci illərdə Türkiyənin Vyanada Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) səfiri vəzifəsində çalışıb. 2000-ci ilin sentyabrında təqaüdə çıxıb.

 

CNN Türk kanalında xarici siyasət üzrə məsləhətçi, İstanbul Kültür Universitetində aktual beynəlxalq problemlər və diplomatiya, Bahçeşehir Universitetində isə Türkiyənin xarici siyasəti mövzularında mühazirələr oxuyub. İngilis və fransız dillərini bilir. "Pandemi ve Kırılgan Demokrasi", "Sefir Olmak: Bir Monşer'den Anekdotlar" və "Perdeyi Aralarken: Bir “Monşer”in Hatıratı" kitablarının müəllifidir.

 

Qeyd: Müsahibə Azərbaycan türkcəsində ilk dəfə Modern.az-da dərc olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!