Modern.az

“Həccə getmək istəyim var” - Hadi Rəcəbli ilə MÜSAHİBƏ

“Həccə getmək istəyim var” - Hadi Rəcəbli ilə MÜSAHİBƏ

Müsahibə

20 Fevral 2024, 16:01

“Seçicilərin çoxu hələ də bilmir ki, mən deputat deyiləm”

“Sağlamlığım tam qaydasındadır, məsləhətçi kimi işləyə bilərəm”


Çoxdandır mətbuatda görünməyən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli Modern.az saytının redaksiyasında qonaq olub. Eks-deputat olduqca gümrah və yüksək-əhval ruhiyyədə idi. Hadi Rəcəbli ilə bir sıra məsələlər barədə söhbətləşdik. Onunla müsahibəni təqdim edirik:


- Hadi müəllim, 2020-ci ildən bəri Milli Məclisin deputatı deyilsiniz. Hazırda nə işlə məşğulsunuz?


- Hər şeyin əvvəli və sonu var. Hər bir son yeni bir başlanğıcdır. 30 il deputat olmaq bəs etmirmi? Mənim deputatlığımın 5 ili sovet, 25 ili də müstəqillik dövrünə düşüb. Bu 25 ildə mən parlamentdə komitə sədri olmuşam. Anam müəllimə olub. Onun hər vaxt məndən iki istəyi olub: təhsil və idman. Hər səhər 30-35 dəqiqə idman edirəm. Nə işlə məşğul olmağıma gəlincə, hazırda da Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğu və kadr siyasəti kafedrasının professoruyam.


- Uzun illər ictimai-siyasi proseslərin içərisində olan Hadi Rəcəbli indi darıxmır ki?


- Birincisi, mən peşəkar siyasətçiyəm. Niyə darıxım ki… Haradaydımsa, elə oradayam. Mən hər zaman Heydər Əliyev siyasətinin əsgəri olmuşam. Bu gün də eyni yerdə, eyni əqidədəyəm.

“Sosial sahələrin idarə edilməsi” adlı yeni kitabım çıxıb. Mən siyasi fəaliyyət üçün darıxmağa yer saxlamamışam. İndi də məşğulam. İndi sizinlə söhbətimizin mövzusu nədir? Yenə də siyasi fəaliyyətdir…

Mən hər zaman peşəkar siyasətçiliyimdən iftixar hissi keçirmişəm. Daxilən onun ləzzətini almışam. Yaşamım, durumum, ailəm məni qane edir. Bunun üçün dövlətimizə borcluyam.


- Zamanında dost olduğunuz deputatlarla əlaqələriniz qalırmı?


- Bir var yoldaş, bir də var dost... Hüseynbala Mirələmov, Ziyafət Əsgərov, Musa Quliyev, İlham Məmmədovla mütəmadi əlaqələrim var. Ümumiyyətlə, çox deputatla oturub çörək yeyirik, yoldaşlıq edirik. Bilirsiniz, adamın o qədər çox vaxtı yoxdur ki, hamı ilə oturub-dursun. Özümü elə gərginlikdə saxlayıram ki, sən deyən boş vaxtım da olmur. Bütün hallarda şükür edirəm ki, nə yaxşı parlamentdə oldum. O adamların böyük əksəriyyətini gördük, sınaq yerlərim oldu. Kimi yanımda qaldı, kimi getdi. Ən çox ona sevinirəm ki, bu günə kimi deputatlardan, vəzifədə olanlardan bir nəfər də əleyhimə danışmayıb. Ancaq yaxşı sözlər eşitmişəm. Haqqımda “Hadi Rəcəbli tamahkar idi” deyən bircə nəfər də yoxdur.



- Keçmiş deputat Hüseynbala Mirələmovdan söz düşmüşkən, sosial şəbəkələrdə bəzən onun barəsində neqativ fikirlər paylaşılır. Bilirik ki, yaxın dostsunuz. Dostunuza sataşanların hərəkətləri sizə də pis təsir edirmi?



- Birincisi dünyada “public man“ anlayışı var. İctimai şəxs olan adama daha çox “ilişirlər“. “Bar verən ağaca daş atan çox olar” deyirlər. Bu dəqiqə elə deputatlar var ki, onları heç kim tanımır. Hüseynbala müəllimin isə 49 dildə əsərləri çıxıb. Tanınmış simadır.


- Hadi müəllim, qeyd etdiyiniz kimi, uzun illər Əmək və Sosial Siyasət Komitəsinin sədri olmusunuz. Çıxışlarınız bəzən müzakirələrə, qalmaqallara səbəb olub. Məsələn, pensiya yaşının qaldırılması sizin komitə sədri olduğunuz dövrə təsadüf edir. Bu məsələdə siz ittiham olunursunuz. Buna nə cavab vermək istərdiniz?


- Təbii ki, bu məsələlərin içərisində mən də olmuşam. Ancaq bunun səbəbkarı mən deyiləm. Səbəbkar zaman idi. Zamanın yetişməsi, əhalinin sayının və yaşının artması, bütün bunlar hamısı sözügedən olaya təsir edən faktorlardır. Mən qəbul etmədiyim, başa düşmədiyim, insanların əleyhinə olan heç bir məsələyə səs verməmişəm. Yalnız dərk etdiyim, başa düşdüyüm məsələni gündəmə gətirmişəm.


- Sizcə, bu gün sosial siyasətdə hansı dəyişiklikərə ehtiyac var?


- İqtisadiyyat bazisdir, sosial siyasət üst qurumdur. Bazis möhkəmlənməlidir ki, onun üzərində nəsə olsun. Qarabağın bərpası sosial siyasətdir. Görün nə böyüklükdə iş gedir. Pensiyalar da artırılıb. Mənim istəyim odur ki, çoxuşaqlı ailələri 5-ci uşaqdan deyil, 4-cü uşaqdan hesablasınlar. Mən bunu arzulayıram. Bu istiqamətdə cənab Prezidentimizin də qərar və səylərinin olacağını düşünürəm. Uşaqpulu barədə danışmıram.
İşsizlikdən sığorta fondu yaradıldı. Nə qədər işsiz adama pul verilir. İş yerlərinin açılması birbaşa sosial müdafiənin əsasıdır. Ailədə 2-3 nəfərin işləməsi çox ciddi haldır. Buna görə də yeni iş yerləri açılmalıdır. Mənim istəyim kiçik və orta sahibkarlığa dəstəyin göstərilməsidir. Məsələn, Sudanda 10 iş yeri yaradana fəxri fərman, 50 iş yeri açana medal, 100 iş yeri yaradana orden verirlər. Məşğulluqdan vacib sosial müdafiə yeri yoxdur. İş yeri yaradandan sonra maaşdan danışmaq olar.


- 7 fevral tarixli növbədənkənar Prezident seçkisindən əvvəlki və sonrakı dönəmi necə dəyərləndirirsiniz?


- Mən 53 ildir ki, peşəkar siyasətçiyəm. 53 ildir ki, seçkilərə qatılıram, prosesdə işitirak edirəm. İlk dəfə idi ki, Azərbaycanda bu qədər mütəşəkkil, bir nöqtəyə vuran seçki keçirildi.
Möhtərəm Prezident andiçmə mərasimi zamanı yeni dönəmdən bəhs etdi. Yeni dönəmə vətənpərvərlik, dövlətlə xalqın vəhdəti, ailə tərbiyəsi kimi məsələlər aiddir. Cəmiyyətin formalaşması, vətənpərvər insanların böyüməsi üçün ailənin özünün təməli möhkəmlənməlidir.


- Növbədənkənar seçkidə təşviqat-təbliğat işlərində iştirak etdiniz?


- Bəli, mən bütün zamanlarda bu kimi proseslərdə iştirak etmişəm. Və bunu özümün borcum bilmişəm. Yeri gəlmişkən, tədbirlərin birində çıxış edirdim, qəfildən bir nəfər qalxıb dedi ki, “Hadi müəllim, sən nə danışırsan, onsuz da biz hamımız İlham Əliyevə səs verəcəyik!”. Mən də gülərək “bəs, mən nə deyirəm, deyirəm ki, hamınız seçkiyə gələsiniz də” söylədim.
Bilirsiniz torpaqlarımızın işğaldan azad edilməsi tariximizin ən şanlı səhifələrindəndir. Bu qələbənin lideri Prezident İlham Əliyevdir. Ona görə də xalqımızın seçkidə seçimi yalnız İlham Əliyev oldu. Bu isə Ulu öndər Heydər Əliyev siyasətinin uğurla davamı deməkdir.


- Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi. Amma böyük dəyişiklik baş vermədi. Bunu necə şərh edərdiniz?


- Arzular, istəklər fərqli ola bilər. Amma Prezidentimiz hər zaman deyir ki, “mən nəyi nə zaman edəcəyimi yaxşı bilirəm”. Prezidentimiz hazırkı komanda ilə qələbəyə nail oldu. Bu baxımdan komanda üzvlərinin yerində saxlanılması təbiidir. Bu, Zəfər Komandasıdır. Amma zaman-zaman dəyişikliklərin olacağı da istisna deyil. Əlbəttə, məsələ bununla bitməyəcək. Yeniliklər də olacaq. Vəzifəyə yeni gələn gənc nazirlərlə bağlı korrupsiya söz-söhbətləri tam azalıb. Korrupsiyanın tamamilə aradan qaldırılmasının yolları axtarılmalıdır. Prezidentimiz bununla bağlı inqilabi yeniliklər edir. Qanunlarda dəyişiklik olmalıdır. Prezidentimiz buna gedəcək. Kadr dəyişiklikləri də olmalıdır.

Vertikal və horizontal olmaqla iki cür kadr dəyişikliyi var. Vertikal odur ki, ya vəzifədən çıxarırsan, ya da yüksəldirsən. Horizontal isə odur ki, bir vəzifədən digərinə keçirirsən.

Digər yandan, dəyişikliyin 30 faizi 40 yaşa qədər şəxsləri, 30 faiz 60 yaşa qədər, 10 faiz 70 yaşa qədər insanları əhatə etməlidir. 70 yaşlı insan müşavir olsun. Henri Kissincer 70 yaşlarında müşavir işləyirdi. Yaşlı kadrların təcrübəsindən də istifadə etmək lazımdır. Kadr dəyişikliyi hər şeyi həll etmir. Qanunlar dəyişməlidir. Hüquqi baza möhkəmlənməlidir.



- Qarşıdan növbəti parlament seçkiləri gəlir, yenidən deputatlığa namizəd olmaq istərdiniz?



- Xeyr. Əvvəlki seçkidə mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü. Onu yenə də vurğulamaq istəyirəm ki, mənə olan qiymət, hörmət bu idi ki, namizədliyim irəli sürüldü və seçildim. Bu gün artıq gənclər irəli getməlidir. Partiyamız özü seçməlidir. Bütün hallarda mənim təşəbbüsüm yoxdur. Mən dövlətçiliyə ali təhsil ocağının Kadr siyasəti və dövlət qulluğu kafedrasında professor kimi xidmət edirəm. Orada gənclərə dərs deyir, onları yetişdirirəm, kitab yazıram, təcrübəmi paylaşıram. Bundan artıq nə lazımdır...
Amma əlbəttə ki məsləhətçi kimi də işləyə bilərəm.


- Yəni sizə vəzifə verilməsini istəyirsiniz?


- Səhərlər idman edirəm. Görkəmimdə qocalıq yoxdur. Dilim topuq vurmur, qulağım yaxşı eşidir. Sağlamlığımla bağlı hər şey qaydasındadır. Fayda verməyə həmişə hazıram. Vəzifə üçün isə xüsusi təşəşbbüsüm yoxdur. Lakin yenə deyirəm ki, xidmət etməyə hazıram. Nə tapşırıq verilsə, onu da icra edəcəm.


- Vaxtilə təmsil etdiyiniz seçki dairəsi 4 ildir ki, deputatsız qalıb. Həmin dairənin seçiciləri problemlərini kimə deyir, yenə də sizə müraciət edənlər varmı?


- İnandırım sizi ki, bu gün də həmin insanlar problemlərini mənə deyirlər. Mən bu gün də onların məsələləri ilə məşğulam. Həmin seçicilərin çoxu hələ də bilmir ki, mən deputat seçilməmişəm. Təkcə orada elə bimirlər. Mən bu gün cəmiyyət içərisində müxtəlif tədbirlərdə çıxış edirəm. Bu yaxınlarda tədbirlərdən birində Ziyafət Əsgərovla birgə iştirak edirdim. Çıxış edənlər dönə-dönə dedilər ki, “iki deputatımız da bu gün bizimlədir”. Çünki mənim qayğım, diqqətim, onlarla görüşlərim yerində qalır. İnsanlara şərəflə xidmət edirəm. Onlar da məni qəbul edir. Buna da sevinirəm.


- Qarabağ işğaldan azad olunduqdan sonra o yerlərə səfər etmisiniz?


- Səfərim olmayıb. Amma mən o qrup insanlarla daim təmasda olmuşam, görüşlərdə iştirak etmişəm. İnşallah ki, gedəcəm. Mən oralara getməsəm də, oralarla yaşayıram.


- Lənkəranın Veravul kəndindənsiniz. Son günlər bu kənd mətbuatın diqqət mərkəzinə düşüb. Bu da həmin kənddən olan azyaşlı qızın qızılcadan ölməsiylə bağlıdır. Qızılca ilə bağlı Azərbaycandakı panika barədə nə deyə bilərsiniz?


- Sovetlər dövründə hamı məcburən peyvənd olunurdu. İndi isə deyirlər ki, “kim peyvənd olunmaq istəyirsə, gəlsin”. Peyvəndi məcburi etmək lazımdır. Düzdür, peyvəndlə bağlı da problemlərin olduğu deyilir. Ola bilsin ki, sovet dövründə də ölüm halları vardı, amma biz bilmirdik. İndi bir ölüm olanda bilirik. Bəzən bu hadisələr bir az qabarıq görünür.



- Bəzi insanlar ahıl yaşına çatanda Həcc ziyarətinə gedirlər. Sizin də bu ziyarətə getmək planlarınız varmı?



- Mənim ümumiyyətlə, Həccə getmək istəyim var. Mənim yoldaşım da hacıxanımdı, 4 dəfə Ümrə ziyarətində olub. Qızlarımın hər ikisi 3 dəfə Ümrə ziyarətinə gedib. Özüm ümumilli liderimizlə birgə Kəbə evinin içərisində olmuşam. Bizim nəslimizdə nənəm, ulu babam dinə bağlı olub. Mən Şəkidə birinci katib işləyəndə ilk növbədə məscidi təmir elətdirmişəm, qəbristanlığın hasarını düzəltdirmişəm. Sovet dönəmində Şəkinin birinci katibi işləyəndə oruc tuturdum. Allaha bağlılıq milli-mənəvi dəyərlərə bağlılığın parçasıdır. Həyat yoldaşım bu gün də namaz qılır. Orucluq başlayanda mən də oruc tutacam. Bu ənənələri davam etdirmişəm. Ancaq bütün bunları qabartmamışam.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir