Modern.az

Üçüncü Dünya müharibəsinə qədəm qoymuşuq! - MÜSAHİBƏ

Üçüncü Dünya müharibəsinə qədəm qoymuşuq! - MÜSAHİBƏ

Müsahibə

21 Fevral 2024, 15:08

Modern.az saytı politoloq Elxan Şahinoğlu ilə qlobal təhlükəsizlik, Üçüncü Dünya müharibəsinin başlayıb-başlamayacağı, Azərbaycan və Türk dünyasının beynəlxalq müharibə fonunda necə davranmalı olduğu kimi məsələlər barədə söhbətləşib.

Siyasi ekspertlə müsahibəni təqdim edirik:
 

- Elxan müəllim, ümumi qlobal təhlükəsizlik mühitini necə dəyərləndirirsiniz?


- Yenə də, Üçüncü Dünya müharibəsi haqqında danışırlar. 10-12 il əvvəl Suriyada müharibə başlayanda da belə söhbətlər gedirdi. Hətta mən xatırlayıram, Roma papası da demişdi ki, Suriyada Üçüncü Dünya müharibəsi başlayıb. Bəli, həqiqətən də böyük təhlükə vardı. Suriyadakı vətəndaş müharibəsində böyük dövlətlərin - İran, ABŞ, Türkiyə və Rusiyanın maraqları toqquşurdu. Münaqişənin üstündən 10-12 il keçəndən sonra Suriya təhlükəsi sovuşdu.

Lakin hazırkı durumda başqa təhlükələr mövcuddur. Rusiya-Ukrayna, İsrail-"Həmas" münaqişələri yaşanır. Bu münaqişələr artıq lokal miqyası aşıb. Məsələn, Rusiya-Ukrayna müharibəsini götürsək, sanki iki dövlət savaşır. Lakin münaqişənin arxasında başqa dövlətlərin də maraqları var. Rusiya ilə NATO üz-üzə qalıb.

Ya da Yaxın Şərqə baxaq, görürük ki, İsrail "Həmas"la döyüşür. Amma orada da böyük dövlətlərin maraqları var. Məsələn, İran orada proksiləri silahlandırır. Qırmızı dənizdəki vəziyyət də Yaxın Şərqlə əlaqəlidir. Qırmızı dənizdəki vəziyyətlə əlaqəli olaraq gəmilər artıq Suveyş kanalından istifadə etmir. Uzun yolla, Afrikanı tam dolaşaraq ünvana gedirlər. Bu, həm yanacaq, həm də ərzaq məhsullarının dünyada bahalaşmasına səbəb olur.

Bir sözlə, dünyada xaos hökm sürür. Keçən əsrdə iki qütb vardı: ABŞ və SSRİ. Bu ölkələr arasında "soyuq müharibə" gedirdi. "Soyuq müharibə"nin öz qanunları vardı. Hər iki dövlət bu qaydalara müəyyən şəkildə əməl edirdi. Dünya da iki hissəyə bölünmüşdü. Bir qrup ABŞ-ni, digəri SSRİ-ni müdafiə edirdi. 1991-ci ildə SSRİ dağılandan sonra nizam pozuldu. Düzdür, ABŞ qələbə qazandığını elan etdi və birqütblü dünyanı formalaşdırmağa çalışdığını söylədi. Lakin bunun üzərindən uzun müddət keçib. Daha Amerikanın bütün məsələlərə reaksiya verməyə potensialı çatmır. Birqütblü dünya zəifəyib. İndi Çinlə Rusiya Amerikaya qarşı müqavimət göstərir. Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi müxtəlif təşkilatlar, formatlar yaradırlar. Lakin bunlar dünyaya nizam gətirmir. Çünki Rusiya və Çinin də çox dağıdıcı maraqları var. Biz görürük ki, Çin hərbi gücünü artırır və qonşu dövlətlərə narahatlıq yaradır. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparır, Baltik ölkələrinə hədə-qorxu gəlir. Dövlətlər mövcud xaosdan necə çıxmaqla bağlı planlar hazırlamaqda çətinlik çəkirlər.                                                                                                                                                              



- Bütün bunları nəzər alıb Üçüncü Dünya müharibəsinə az qaldığını deyə bilərikmi?
                                                                                                                            

- Bəzi rəylərə görə, hazırda faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir. Keçmişdə biz Üçüncü Dünya müharibəsinin nüvə silahları ilə aparılacağını düşünürdük. Məşhur alim Albert Eynşteyn də deyirdi ki, “Üçüncü Dünya müharibəsini bilmirəm, ancaq Dördüncü Dünya müharibəsi daşlarla olacaq”.
Doğrudur, hazırda bir çox nüvə dövlətləri var. Lakin Üçüncü Dünya müharibəsinin nüvə silahları ilə aparılması vacib deyil. Hazırda baş verənlər elə onun başlanğıcıdır. Tədricən Üçüncü Dünya müharibəsinə qədəm qoyuruq. Müharibələri dayandırmaq olmur. BMT-nin, ATƏT-in heç bir nüfuzu qalmayıb. Elə bir beynəlxalq təşkilat yoxdur ki, məsələləri nizamlaya bilsin.              

      

- Bu hadisələrin fonunda Azərbaycan nə etməlidir?          
                                                                   

- Biz öz milli və təhlükəsizlik maraqlarımızı qorumalıyıq. Azərbaycan kiçik dövlətdir. Böyük oyunlarda biz iştirak etmirik. Bizim məqsədimiz ərazi bütövlüyümüzü təmin etmək idi. Allaha şükür, Qarabağı işğaldan azad etdik. Ətrafda bizə qarşı təhlükələr isə hələ də qalır. Qonşu dövlətlərlə normal əlaqələri saxlamalıyıq. Çünki müəyyən təhlükələrlə üz-üzəyik.

Ermənsitanla hələ bütün məsələləri həll etməmişik. Sərhədlərin delimitasiya və demarkasiyası baş tutmayıb, sülh sazişi ilə bağlı sənəd imzalanmayıb. Amma əsas odur ki, Ali Baş Komandanın, qəhrəman Ordumuzun və cəmiyyətimizin sayəsində 100 illik problemi - Qarabağ məsələsini həll etdik. Buna görə də sülh sazişinin olmamasını, kommunikasiyaların açılmamasını özümüzə dərd etməməliyik.

Bəli, müəyyən çağırış və təhlükələr var. Söhbət tək Ermənistandan getmir. Ermənistanla 100 dəfə də savaşsaq, qalib gələcəyik. Lakin şimal və cənubdan müəyyən təhlükələr qalır. Qərbin Rusiya və İrana sərt sanskiyaları mövcuddur. Sanksiyalar gələcəkdə İranla Rusiyanı sarsıda və mərkəzdənqaçma meyilləri yarana bilər. Bunun Azərbaycana müsbət və mənfi təsirləri mümkündür. Təhükələrdən qorunmalıyıq. Ona görə Azərbaycan Prezidentinin ilk xarici səfərini Türkiyəyə etməsi çox önəmli idi. Çox vacib məsələlər müzakirə edildi. Hərbi əməkdaşlıq və digər texniki vasitələrin inkişafı kimi məsələlər masaya yatırıldı. Türkiyə bizim üçün çox vacib dövlətdir. Bizim strateji maraqlarımız üst-üstə düşür. Türkiyə ilə ittifaqın möhkəmləndirilməsi bizə qarşı təhlükə yaratmaq istəyən dövlətlərə mesajdır. Yəni Azərbaycana qarşı təhlükə yaratsanız, qarşınızda böyük Türkiyəni görəcəksiniz.        

                                                         –

- Bəs Türk Dövlətləri Təşkilatı (TDT) hansı yolu izləməlidir?                                                          


- Bu gün Türk Dövlətləri Təşkilatı da güclənib.Təsadüfi deyil ki, İlham Əliyev andiçmə mərasimində xarici siyasətin əsas istiqaməti kimi Türk dünyasına inteqrasiyanı göstərdi. Türk dünyasının nüvəsini isə Türkiyə və Azərbaycan təşkil edir. Arzumuz odur ki, Mərkəzi Asiya dövlətləri də burada mühüm rol oynasın. Misal üçün,  Türkiyə prezidenti ilə birgə mətbuat konfrasında İlham Əliyev dedi ki, iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısı keçiriləcək. Kıbrıs Türk Cümhuriyyətinin dövlət başçısı dəvət olunacaq.

Azərbaycan Kıbrısla bağlı çox cəsarətli addımlar atır. Ərdoğan çox istəyirdi ki, digər türk dövlətləri Kıbrısı tanımasa da, heç olmasa müəyyən əlaqələr saxlasınlar. Azərbaycan bu əlaqələri qurur və heç nədən qorxmur. Çünki daha Qarabağ məsləsini həll etmişik. Heç kəs bizi nədəsə şantaj edə bilməz. İlham Əliyev bu istiqamətdə çox fəal və cəsur addımlar atır. Lakin Mərkəzi Asiyanın türk dövlətləri də bu prosesə qoşulmalıdır. Onlar da Kıbrıs məsələsində cəsarətli addımlar atmalıdır.

Şuşa Bəyannaməsi gələcək nəsillər üçün bir çağırışdır. Gələcəkdə bəyannamə daha da inkişaf edəcək. Yenə də sözümə qayıdıram ki, artıq Azərbaycana kim təhlükə yaratmaq istəsə, qarşısında Azərbaycan-Türkiyə ittifaqını görəcək. Ona görə də heç kəs riskə gedib Azərbaycana qarşı təhlükə yaratmaz. 2020-ci ildə Putinə Türkiyənin rolu barədə sual ünvanladılar. O dedi ki, "Türkyə artıq Cənubi Qafqaza - Azərbaycana daxil olub. Buna mane ola bilmərik". Yəni Rusiya özü Türkiyənin bölgədəki varlığını qəbul edir. Bu, Azərbaycanın təhlükəsiziliyini artırmaq üçün çox vacib haldır.          

                                                                                      

- Böyük toqquşmaların qarşısını almaq üçün hansı ölkələr hərəkətə keçməlidir?                                                                     

- ABŞ zəifləsə də, onun bu məsələlərdə rolu böyükdür. Vaşinqton müxtəlif ittifaqlar yaradır. Məsələn, Çin və Rusiya Şanxay Əməkdaşlıq Təşkilatının, BRİCS üzvlərinin sayını artırırsa, ABŞ onlara qarşı başqa formatlar yaradır. NATO və Yaponiya ilə ABŞ-nin ittifaqları var. Hindistan, Avstraliya və Yeni Zellandiya ilə başqa ittifaqlar qurulur.  Onu da qeyd edim ki, bizim bölgədə də ABŞ-nin fəallığı var. ABŞ ilə münasibətlərimizdə zaman-zaman ciddi suallar yaranır, narazılığımız var. Ancaq enerji və təhlükəsizlik sahəsində çox sıx əlaqələrimiz var. Bu günlərdə Azərbaycanın enerji naziri ABŞ-də səfərdədir. Dövlət başçısı İlham Əliyev Münhen Təhlükəsizlik konfransında ABŞ dövlət katibi Entoni Binkenlə fikir mübadiləsi apardı. Biz ABŞ ilə münasibətləri korlaya bilmərik. ABŞ hər halda Fransa deyil. ABŞ-də ermənipərəst dairələr olsa da, dövlət Azərbaycanın önəmini anlayır. Biz heç kimlə qarşıdurma istəmirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir