Modern.az

Azər Kərimli: Bu gedişat Ermənistana yaxşı heç nə vəd etmir - MÜSAHİBƏ

Azər Kərimli: Bu gedişat Ermənistana yaxşı heç nə vəd etmir - MÜSAHİBƏ

Müsahibə

24 Fevral 2024, 12:09

Millət vəkili Azər Kərimlinin Modern.az saytına müsahibəsini təqdim edirik:
 

- Azər müəllim, bəlli olduğu kimi Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı və “Franca 24” telekanalına müsahibəsində yenidən ölkəmizin əleyhinə bir sıra ittihamlar səsləndirib. Sizcə Almaniya baş kanslerinin ev sahibliyi ilə Münhendə keçirilən ikitərəfli görüşdən sonra Nikol Paşinyanın yenidən ənənəvi ritorikaya qayıtmasının səbəbi nədir?
 

- Ermənistanın baş nazirinin və digər rəsmi şəxslərinin tez-tez ziddiyyətli, bir çox hallarda bir-birini təkzib edən fikirlər səsləndirmələri bu ölkənin kənardan ötürülən təlimatlara uyğun və situativ xarici siyasət yürütdüyündən xəbər verir. Ermənistanın vahid xarici siyasət strategiyasının olmaması, tamamilə xarici amillərdən asılılığı, onun müxtəlif qütblərin konkret vəziyyətlərdə və maraqları çərçivəsində ötürdüyü tezslər əsasında mövqe sərgiləməsinə, əslində isə tamamilə mövqesizlik nümayiş etdirməsinə zəmin yaradır.  Paşinyan Münhendə keçirilən ikitərəfli görüşdən sonra sülh mesajları verir, 1991-ci ilin Alma-Ata bəyannaməsinə  istinad edərək, İrəvanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinə sadiq qaldığını bəyan edir, elə həmin gün erməni diasporu ilə görüşündə ölkəsinin Azərbaycanın Qarabağ bölgəsinə iddiasından danışır,məhz bu iddianın beynəlxalq dəstək qazanmadığına görə əl çəkdiyini bildirir. Yaxud, ölkəsində bir tərəfdən, separatçıların fəaliyyətinə qarşı guya maneə yaratmaq niyyətində olduğunu görüntüləməyə çalışır, digər tərəfdən isə ləğv edilmiş separatçı rejimin paytaxt İrəvanda öz qondarma atributları ilə fəaliyyət göstərməsinə şərait yaradır, onların Azərbaycana qarşı ərazi iddialarını açıq müstəvidə davam etdirmələrinə göz yumur. Və yaxud bir yandan davamlı  sülhdən, təhlükəsizlikdən, hətta silahlar üzərində nəzarətə imkan verən hansısa absurd mexanizmlərdən söz açır, başqa bir yandan Fransa ilə bölgədə davamlı sülhün təmin olunmasına maneə yaradacaq, münaqişəni yenidən alovlandıracaq hərbi işbirliyinə gedir. Bütün bunlar və digər amillər sübuta yetirir ki, Ermənistan bölgədə hətta öz maraqlarının da təmsilçisi deyil, sadəcə regiona xarici müdaxilələrə yol açmasına xidmət edən ssenarilərin icraçısıdır.
 

- Nikol Paşinyanın Münhendə keçirilən görüşdən sonra dərhal Fransaya səfər etməsini, yaxud çağırılmasını necə izah edərdiniz? Təsadüfdürmü?
 

- Təbii ki, təsadüf deyil. Bu Fransanın Ermənistanı özünün bu və ya digər şəkildə iştirak etmədiyi hər hansı bir dialoq formatında, prosesə hətta Avropa İttifaqına üzv olan hər hansı bir ölkənin ev sahibliyi etməsində belə maraqlı olmadığını göstərir. Həmçinin sübuta yetirir ki, rəsmi İrəvan sülh müqaviləsi də daxil olmaqla heç bir məsələdə söz sahibi deyil. Paşinyanın Parisə səfərindən sonra Fransanın müdafiə nazirinin Ermənistana səfəri çərçivəsində imzalanan hərbi müqavilə də sübuta yetirir ki, Makron hökuməti Cənubi Qafqazı, daha dəqiq desək Ermənistanı öz maraqlarının plasdarmına çevirmək niyyətindən əl çəkməyib. Bütün bu addımlar Fransanın Cənubi Qafqazda hərbi-siyasi iştirakının təmin edilməsinə xidmət edir. Hədəf isə bütün bölgə dövlətləri, o cümlədən İrandır. Məlum olduğu kimi, Ermənistanın Türkiyə və İranla olan sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycanla sərhəddə isə, artıq “Avropa İttifaqının missiyası” adı altında Fransa hərbiçilərinin və xüsusi xidmət orqanlarının təmsilçiləri yerləşdirilib və bu missiya de-fakto hərbi missiyadır. Hazırda proses ona yönəlib ki, İran və Türkiyə sərhədlərindəki Rusiya hərbçiləri də ərazidən sıxışdırılaraq çıxarılsın və buraya müxtəlif adlar altında Fransanın və yaxud eyni qütbü təmsil edən ölkələrin hərbi qüvvələri yerləşdirilsin. Şübhəsiz ki, yaranmış vəziyyət təhlükəli hal alacağı təqdirdə, adekvat addımların atılması ilə nəticələnəcək. Bu gedişat isə Ermənistana yaxşı heç nə vəd etmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir