Modern.az

Ölkəmiz Fransanı müdafiə etsə, qarşı çıxacam - Latviyanın azərbaycanlı deputatı ilə MÜSAHİBƏ

Ölkəmiz Fransanı müdafiə etsə, qarşı çıxacam - Latviyanın azərbaycanlı deputatı ilə MÜSAHİBƏ

Müsahibə

29 Mart 2024, 11:39

Dünyanın siyasi tribunalarda, ali kürsülərdə Azərbaycanı təmsil edən soydaşlarımızdan biri də Latviya parlamentinə deputat seçilən Amil Səlimovdur.

 

Hər iki valideyni azərbaycanlı olan soydaşımız 1985-ci ildə anadan olub. O, ötən ay Latviya parlamentinə deputat seçilib. Amil Səlimov “Sabitlik!” siyasi partiyasını təmsil edir. O, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi olub.

 

Modern.az Amil Səlimovla həmsöhbət olub.

 

— Amil bəy, Sizi yaxından tanımaq olarmı?

 

14 oktyabr 1985-ci ildə Latviyada dünyaya gəlmişəm. Tarixi vətənim Azərbaycandır. Valideynlərim Nəzarət Səlimov və Narıngül Səlimova əslən Azərbaycanın Ucar rayonunun Alı kəndindəndirlər. 1987-ci il təvəllüdlü Fatimə Kərimova (ailəlidir) adlı bacım var.
 

Özüm ilk təhsilimi Latviyada Riqa şəhərində 72 nömrəli məktəbdə almışam. Latviya Nəqliyyat və Rabitə İnstitutunun iqtisadiyyat və biznesin idarə edilməsi ixtisasını bitirmişəm.

— Latviyadakı siyasi fəaliyyətiniz bizə maraqlıdır. Necə oldu ki, Latviyada ictimai-siyasi fəaliyyətə başladınız?

 

2016-cı ildən Latviyada siyasətlə məşğul olmağa başlamışam. 2020-ci ildə “Alternativ” adlı siyasi partiya ilə Riqa şəhər bələdiyyə sədrliyinə namizədliyimizi vermişdik, lakin qalib ola bilmədik. Bu, bizim üçün böyük təcrübə oldu. 2021-ci il  fevralın 9-da Latviya gəncləri ilə birlikdə öz gücümüzə “Sabitlik” adlı siyasi partiya yaratdıq və onu rəsmi olaraq qeydiyyatdan keçirdik. Latviya cəmiyyəti üçün faydalı sosial işlər, xeyriyyə işləri görməyə başladıq, insanlara hüquqi dəstək göstərirdik. Gördüyümüz işlərə görə tanındıq, rəğbət qazandıq və seçicilərimizin dəstəyi ilə qalib olduq və 2022-ci ildə parlamentə seçildik. “Sabitlik” adlı partiyamız parlamentdə 11 nəfərlə təmsil olunur. 1 nəfər partiyamızı tərk etdiyinə görə 10 deputatla qaldıq. Parlamentə mən də öz namizədliyimi irəli sürmüşdüm. Qloriya Qrevtsovanın mandatı ləğv edildiyi üçün 2024-cü ilin 22 fevralında namizədlər arasından deputat seçildim.

— Bir azərbaycanlı üçün Latviyanın aktiv siyasətində olmaq necə bir hissdir? Bu, sizə hansısa üstünlüklər, yaxud çətinliklər yaradır?

 

Latviya əhalisinin çox hissəsi yerli millət - latışlardan ibarətdir.  Təxminən 30%-i rusdillilərdir. Mən nə rusam, nə də latış. Bir azərbaycanlı kimi siyasətdə özümə yol açmaq istəyəndə həddindən artıq çox çətinliklərlə qarşılaşdım. Latışlar parlamentdə başqa millətin nümayəndəsinin olmasını çox xoş qarşılamırlar. Amma sosial media hesablarımızda gördüyümüz işlər haqqında paylaşım edəndə görürəm ki, latviyalılar arasında işimizi həm müsbət qarşılayanlar, həm də əleyhinə olanlar var.

 

— Azərbaycan-Latviya münasibətlərinin inkişafında indiyə kimi hansı uğurlu fəaliyyətləriniz olub? Hansı yeniliklərə imza atmısınız?

 

Latviya parlamentinin deputatı olmaqla yanaşı, burada “AZƏRİ” Gənclər Cəmiyyətinin sədriyəm və Azərbaycanın diaspor fəalı kimi fəaliyyət göstərirəm. 2006-cı ildən bəri Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyərlərini Latviyada geniş təbliğ etməklə məşğulam. Latviyada deputat seçilənə kimi uzun illər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etmişəm. 2018-2022-ci illər ərzində Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi olmuşam. Birlikdə müxtəlif layihələr həyata keçirmişik. Məslən, ötən il bizim təşkilati dəstəyimizlə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş Karate üzrə Avropa Çempionatı keçirildi. Azərbaycanın adını ucaltmaq üçün çalışıram ki, burada belə tədbirlərimiz çox olsun. Azərbaycan-Latviya münasibətlərinin parlament və ümumi ölkə səviyyəsində daha da möhkəmləndirilməsi üçün səylərim davamlı olacaq.

 

 

— Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü olmağı düşünürsünüzmü?

 

Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun artıq üzvüyəm və Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Komissiyasına öz namizədliyimi vermişəm.

 

— Deputat kimi qarşıdakı hədəfləriniz hansılardır? Azərbaycan-Latviya arasındakı münasibətlərə necə və hansı  töhvələri verməyi düşünürsünüz? Yeni səlahiyyətlərimizdən istifadə edərək Azərbaycan üçün diasporumuz adına hansı işləri görməyi planlaşdırırsınız?

 

- Qarşımızda hədəflər çoxdur. İlk növbədə burada Azərbaycan mədəniyyətini ən yüksək səviyyədə təbliğ etməliyik. Azərbaycanın turizm potensialı yüksəkdir və Azərbaycanda bu sahəni daha da inkişaf etdirmək, mədəniyyətini nümayiş etdirmək üçün Latviyadan Azərbaycana turislər cəlb etməliyik. Latviyalıların çoxu Gürcüstana gedir. Mən bilirəm ki, Azərbaycan oradan daha gözəldir, daha maraqlıdır, amma burada təbliğat zəifdir və biz bu istiqamətdə işlər görməliyik. Azərbaycan diaspor fəalı kimi buradayam, Avropaya, Latviyaya investisiya yatırmaq istəyən soydaşlarımız olarsa hər sahədə kömək etməyə hazırıq. Məsələn, kimsə Latviyada Azərbaycan mətbəxini təbliğ edən milli kafe və  ümumi mədəniyyətimizi yüksək səviyyədə tanıtmaq üçün Azərbaycan restoranları, müxtəlif mərkəzlər açmaq istəsə, öz dəstəyimizi göstərməyə hazırıq.

 

— Üzv olduğunuz “Sabitlik” partiyası, Latviya parlamentində erməni həmkarlarınız varmı? Varsa, onlarla münasibətləriniz necədir?

 

Bizim ermənilərlə münasibətimiz yoxdur. Çünki onlar Latviya parlamentində, dövlət qurumlarında, digər dövlət səviyyəli qurumlarda təmsil olunmurlar. Seçilmiş 100 deputatdan yeganə azərbaycanlı mənəm, qalan 99 deputat latışdır.

 

— Latviya Seymində Azərbaycanın haqq savaşı olan Vətən müharibəsinə, Qarabağ məsələsinə münasibət necədir? Həmkarlarınız kimi dəstəkləyir?

 

Latviya Seymi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir. Azərbaycana qarşı parlamentdə heç bir etiraz yoxdur. Əgər Latviya parlamentində Azərbaycana qarşı təhdidlər, sanksiyalar və ya əks fikirlər olarsa, və ya Azərbaycana qarşı Fransa siyasətinə qoşulmaq istəsələr, parlamentdəki çıxışlarımda etirazımı bildirəcəyəm və bir Azərbaycanlı kimi Azərbaycan qarşısında olan borcumu mütləq yerinə yetirəcəyəm.

 

— Qarabağ işğaldan azad olunduqdan sonra burada səfərdə olmusunuzmu?

 

Azərbaycan diasporunun fəal üzvü olduğum üçün Şuşada keçirilmiş “Dünya Azərbaycanlılarının Qurultayı”nda iştirak etmişəm. Həyatımda ilk dəfə yeni ili, yəni bu ili (2024) Bakıda qarşıladım. Ailəmlə birlikdə öz kəndimi də ziyarət etmişəm. Vaxt olan kimi Azərbaycana gəlməyə çalışıram. Azərbaycana səfərlərimizin çox olmasını arzulayıram.

 

— Bəs, Latviyalı iş adamlarını Qarabağa investisiya yatırmağa necə cəlb etmək olar?

 

Turizm sahəsi ilə yanaşı Azərbaycanın iqtisadiyyatının inkişafına da dəstək olmalıyıq. Araşdırma aparıb ən uyğun sahələrə investisiya yatırmaq olar. Qarabağa investisiya cəlb etməklə burada turistik obyektlər, istirahət mərkəzləri(otel, spa mərkəzi və s.) tikmək olar. Latviyadakı tikinti şirkətlərini, yaxşı mütəxəssisləri də bu işə cəlb edə bilərik.

 

— Son zamanlar Latviyaya təhdidlər artmaqdadır. Məsələn, Rusiya ilə münasibətləri fərqli fazaya keçir. Bütün bunlar Latviyanı hara aparır?

 

Rusiya ilə dövlət səviyyəsində rəsmi iqtisadi və diplomatik əlaqələri zəiflətmək fikrindəyik. Latviyada səfirliyin nümayəndəsi olsa da, ümumən Rusiya səfirliyinin fəaliyyəti zəifləyib. Amma artıq qərar verilib, aprelin 10-na kimi Rusiyanın nümayəndəsi Latviyanı tərk etməlidir.

 

Təhdidlərə gəldikdə isə Latviya NATO-nun üzvüdür. Latviyaya qarşı hər hansı hücum, təhdid olarsa, NATO bizə öz dəstəyini göstərəcək.

 

Könül Fətullayeva

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda dərc olunub

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir